“...Ötən günlərimi qaytaraydılar”

 

Musiqi və melodiyanın  öz sirri, qəribə qüdrəti var. Ən kədərli anında sevinc bəxş edir, ümidini itirdiyin məqamda həmdəmin olur. Bir melodiyanın təsirilə ən ülvi duyğular doğulur, yaşanır. Əslində isə həvəslə qulaq asdığımız mahnıların necə yaranmasının fərqinə varmırıq. Görkəmli bəstəkarımız,  xalq artisti, əməkdar incəsənət xadimi Elza İbrahimovanın təbirincə desək: “Gözəl musiqi insanı ovsunlamağa qadirdir.Bəzən insan qəlbində elə hisslər oyadır ki, sanki Allah dərgahına yüksəlirsən”.

 

Elə Elza İbrahimovanın yaradıcılığına nəzər yetirsək görərik ki, onun bəstələri arasında dinləyicilərin rəğbət və maraqla qarşıladığı, aradan illər keçməsinə baxmayaraq, nostalji hisslərlə dinlədiyi mahnılar az deyil. Elza xanım o bəstəkarlardandır ki, o daim  öz qəlbini ovsunlayan melodiyaları notlara çeviribmusiqinin gücünə inanıb. Neçə-neçə bəstələri hələ də yaddaşlarda öz təravətini qoruyub saxlayır. Bu il  görkəmli bəstəkar Elza İbrahimovanın anadan olmasının 75 illiyi tamam olur. Amansız ölüm ona bu yubileyi yaşamağa imkan verməsə də,  bəstəkarın xatirəsi tək yaxınları tərəfindən deyil, bütün musiqisevərlər tərəfindən daim əziz tutulur.

Əslən Dərbəndli olan Elza İbrahimova 1938-ci il yanvarın 10-da atasının o zaman işlədiyi Hacıqabul şəhərində dünyaya göz açıb. Uşaqlıqdan musiqiyə olan həvəsi onu Bakıdakı 8 ¹li  musiqi məktəbinə gətirdi. Daha sonra–1957-ci ildə A.Zeynallı adına Orta ixtisas musiqi məktəbinin bəstəkarlıq sinfini bitirdi.  Ü. Hacıbəyov adına  Azərbaycan Dövlət Konservatoriyasında təhsil alması, xüsusilə də dahi bəstəkar Qara Qarayevin kompozisiya sinfində oxuması onun bir bəstəkar kimi daha da püxtələşməsində mühüm rol oynadı. Tanınmış bəstəkarımız Cövdət Hacıyev Elza xanımın konservatoriyada ilk müəllimi olub. Hələ musiqi məktəbində oxuyan illərdə kompozisiya müəllimi Boris Yermolayev Elzanın qeyri-adi istedadını  duymuş, onun gələcəkdə bəstəkar olacağını proqzonlaşdırmışdı. Müəllim yanılmamışdı, çünki Elzanın içindən  gələn fitri  istedad və musiqi duyumu gec-tez özünü büruzə verməli idi. Bəlkə elə nənəsinin vaxtilə qarmonçu kimi məşhur olması da nəsildən-nəslə ötürülən bir istedadın nümunəsi idi. Onun bəstələdiyi mahnılar  məzmununa uyğun melodiyası,  qəlbləri fəth etməsi, ən qatı duyğuları da ülvi hisslərə çevirməsi ilə seçilir. Bəstəkarın  bəstələdiyi ilk nəğmə 1969-cu ildə korifey sənətkarımız Şövkət Ələkbərovanın  ifa etdiyi “Yalan ha deyil” mahnısı oldu. Sözləri xalq şairi Məmməd Rahimə məxsus olan mahnı Şövkət xanımın özünəməxsus ifasıyla musiqi aləminə qədəm qoydu. Bu həm də gələcəkdə meydana gələcək neçə-neçə fərqli və sevilən mahnılardan xəbər verirdi. Vaxt gələcək, Elza xanım artıq tanınmış bir musiqiçi kimi ilk mahnısının yaranma tarixindən söhbət açacaqdı: “Bu mahnını necə yazdığımı  yəqin ki, heç vaxt izah edə bilməyəcəyəm. Fikirli idim, əyləşib radioda səslənən musiqilərə qulaq asırdım. Birdən beynimdə yeni bir melodiya səslənməyə başladı. Piano arxasına keçib həmin havanı çaldım. Qardaşım Çingiz kimin musiqisini ifa etdiyimi soruşdu. “Öz mahnımdır”– deyəndə o,  musiqiyə uyğun sözlər seçməyi təklif etdi. Ondan bir gün əvvəl musiqi və poeziya vurğunu olan anam Məmməd Rahimin şeirlər kitabını almışdı. Oradan musiqiyə uyğun gələn “Yalan ha deyil” şeirini seçdim. Bu, əvvəlcə musiqisini yazıb,  sonradan sözlərini seçdiyim ilk və sonuncu əsərimdir”. Bəstəkar ilk mahnıdan sonra dinləyicilərə “Yoxluğunu bilə-bilə”, “Gecələr bulaq başı”, “Qurban verərdim”, “Ümid bağışla”,  “Gəl, barışaq”, “Ey Vətən” kimi mahnıları təqdim etdi. Hər mahnı dinləyicini fərqli duyğular aləminə bəstəkarın musiqi dünyasına  aparır. Nədənsə, adıçəkilən mahnılardan Akif İslamzadənin ifasında səslənən “Qurban verərdim” mahnısında keçmişdə qalmış  ən acılı-şirinli günlərin həsrətini yaşayan bir insanın, Rəşid Behbudovun oxuduğu “Ey Vətən” mahnısında isə Vətənin gözəlliklərini və ona olan səmimi sevgisini musiqi dili ilə tərənnüm edən bəstəkarın ürək döyüntülərini eşidirəm. Görünür, bunun səbəbi  bəstəkarın bütün əsərlərinə ürəyinin işığından  “əbədi həyat” bəxş etməsidir. Ümumiyyətlə Elza İbrahimovanın mahnıları Şövkət Ələkbərova, Rəşid Behbudov, Sara Qədimova, Lütfiyar İmanov, Gülağa Məmmədov, Oqtay Ağayev, İlhamə Quliyeva, Mübariz Tağıyev, Leyla Şərifova, Flora Kərimova, Yalçın Rzazadə kimi sənətkarlar tərəfindən sevilə-sevilə ifa edilib. Onların ifalarında həmin mahnılar sevilib, bu gün də sevilir. Səbəb isə sadə idi; bəstəkar daim Azərbaycan klassik musiqi ənənələrindən, muğamdan ilham alırdı. Elza İbrahimovanın yaradıcılığında mahnılarla yanaşı, operalar da yer alır. “Afət” (Hüseyn Cavidin pyesi əsasında), “Yanar laylalar” (librettonun müəllifi Ramiz Heydər) və tamamlanmamış “İmam Şamil” əsəri bu qəbildəndir.

Qarabağ müharibəsinin ağrı-acısı bəstəkarın yaradıcılığından yan keçməyib. O, “Yanan laylalar”dan başqa Azərbaycanın Milli Qəhrəmanları – Salatın Əsgərova və Təbriz Xəlilbəylinin xatirəsinə rekviyem əsərləri də bəstələyib.

Elza İbrahimovanın yaradıcılığının əsas xarakterik cəhətlərindən biri də onun sərbəstliyi, yenilikçi olması  idi. Odur ki, o, dövrün qınaqlarını belə göz önünə almağı bacarırdı. Hələ sovet dövründə— 70-ci illərdə tanqo ritmini Azərbaycan estradasına gətirən ilk bəstəkarlardan biri kimi onun bu addımı tənqid edilir, tanqonunburjua ahəngi”nin sovet ruhuna uyğun gəlmədiyi vurğulanırdı.  Məsələn, Rəfiq Zəkanın sözlərinə bəstələnmiş və tanqo ritmlərinin də olduğuQurban verərdim” mahnısı televiziya bədii şurası tərəfindən tənqid edilmişdi. Lakin bu, bəstəkarı həvəsdən salmamış, əksinə, silsilə tanqolar bəstələmişdi. Şövkət Ələkbərovanın ifa etdiyi “Sən mənə lazımsan” (sözləri Əlağa Kürçaylı), Leyla Şərifovanın oxuduğuBağçadan keçmisən” (sözləri Ənvər Əlibəyli) kimi mahnılar bu səpgilidir. Elza xanımın arzusu idi ki, “Yanan laylalartamaşaya  qoyulsun.  Qarabağa həsr edilmiş əsəri səhnədə  görməyi hər şeydən çox istəyirdi.

Həm də Dağıstanın xalq artisti olan Elza İbrahimovanın mahnılarındakı doğmalıq və ritmlərin ürəklərə yol tapmasının nəticəsidir ki, bu gün  onun mahnılarının əksəriyyəti xalq mahnıları qədər  doğmadır. 2012-ci il fevralın 11-də  görkəmli bəstəkar, gözəl pianoçupedaqoq Elza İbrahimova həyatla vidalaşsa da,  musiqisevərlərə zəngin musiqi irsi qoyub getdi. Təəssüf ki, zaman axarını saxlamaq olmur. Odur ki, bu axarda Elza xanımın adı çəkiləndə istər-istəməz beynimdə melodik olaraq bu misralar səslənir: “...Ötən günlərimi qaytaraydılar, Gələn günlərimi qurban verərdim”.

 

 

Əfsanə Bayramqızı

 

 Xalq qəzeti.- 2013.- 13 yanvar.- S. 7.