Qələmlə qazanılan nüfuz

 

İkinci  Dünya  müharibəsinin  veteranı  Xankişi  İsmayılov  zabitəli görkəmi,  möhkəm  iradəsi  ilə Qələbədən sonrakı  illərin Ağdamında seçilən,  xüsusi  hörmət göstərilən  adamlardan  biri   idi. O,  ədalətli,  intizamlı olması ilə  ətrafdakılara  ciddi, sirayətedici  təsir  göstərirdi. Xankişi  müəllim  özünə  qarşı   tələbkar  olduğu kimi,  başqalarına da   güzəştə getmirdi.  1948-ci  ildə belə bir ailədə  dünyaya  göz açan  Eldar ağlı söz  kəsib,  dili  söz  tutandan atası ilə öyündü,  onun  kimi olmağa  çalışdı.

 

O illərin  yadigarı olan  bir fotoşəkildə  əsgər şineli  geyinmiş əzəmətli kişiyə sığınmış  4 yaşlı  oğlanın öyünclü  baxışı  hər  şeydən  çox diqqəti  cəlb edir. Bu,  tanınmış  söz  adamı,  əməkdar  jurnalist,  Azərbaycan İdman  Jurnalistləri  Assosiasiyasının  prezidenti  Eldar  İsmayılovun  61  ilin   o  başından  məchul,  amma  inamlı  bir  gələcəyə  baxan  işıqlı  çöhrəsidir.  Onun  zəngin    mənalı ömür  yoluna  da elə  bu  məqamdan  nəzər salaq.

O illərdə  yeni  nəslin  elmi-mədəni  inkişafında  rus  dilinin  əhəmiyyətini  yaxşı  anlayan  Xankişi müəllim Eldarın ana  dili  ilə  yanaşı,  bu  dili    mükəmməl öyrənməsinin qayğısına  qaldı.  Atanın  ictimai  düşüncə  sahibi, cəmiyyətə  faydalı adam  nümunəsi  oğlunu da  orta  məktəb illərində  əla  oxumaqla  yanaşı, bir  sıra sahələrdə  bacarıqlı  olmağa  yönəltdi.   Eldar  yaxşı  rəsm    fotolar  çəkir, divar  qəzeti buraxır,  rayon  qəzetinə  məqalələr yazır, idman, musiqi    poeziya   ilə  məşğul olur, texniki  yaradıcılığa və bədii  tərtibat   məsələlərinə  həvəs  göstərirdi.  Artıq  o,  rayonun ən istedadlı  yeniyetmələrindən  biri  kimi  tanınır, hər yerdə  onumüxbir” deyə çağırırdılar.  Müəllimləri  deyirdilər ki,  Eldar  hansı  peşəni  seçsə  onun kamil  bilicisi olacaq.

1966-cı  ildə orta  məktəbi  bitirib  Saratov  Hüquq  İnstitutuna daxil  olsa da,   jurnalistikaya  olan qarşısıalınmaz maraq 18 yaşlı Eldarı Ağdamda  çıxan “Lenin yolu”  qəzetinə  çəkib  gətirdi.  Həyat  universitetinin yetişdirdiyi gənc  yazar  qəzetdə  fotomüxbir kimi  işə  başladı.  Tezliklə  yazıları  nəinki yerli qəzetdə,   hətta Bakıda,  Moskvada çıxan  nəşrlərdə göründü.  Respublika teleradiosunun  çoxsaylı tapşırıqlarını yerinə yetirdi.  Məktəblilər  üçün  foto-kino yaradıcılığı  dərnəyi yaratdı.  Az vaxtda   rayonun  ictimai-mədəni  həyatında  aparıcı  rol oynayan  ziyalılardan  birinə  çevrildi.

Bütün  bunlarla yanaşı, Eldar Bakı  Dövlət  Universitetində qiyabi  jurnalistika  təhsili    aldı.  O, rayonun  rəhbər  nüfuzlu  adamlarının  rəğbətini  qazandığı  kimi, ali  məktəb  müəllimlərinin   sevimlisi oldu. Çoxsahəli  fəaliyyəti,  qazancını  artıran yüksək qonorarları ilə Ağdam  şəhərində  özünə  yaxşı  güzəran  quran, yaraşıqlı  ev tikən  Eldar  rayona  gələn ziyalı  qonaqların üz tutduqları  işıqlı  ünvanlardan  biri  idi.

Yaradıcılığının  ilk   illərindən  Eldar Azərbaycanda  milli-mədəni  aləmin  tanınmış simaları  olan Bəxtiyar  Vahabzadə,  Hüseyn  Arif,  Xudu  Məmmədov, Nurəddin  Rzayev, Zeynal  Məmmədov, Yusif  Əhmədov, Xəlil Rza,  Məmməd Araz, Famil Mehdi, Cabir Novruz, Tofiq Bayram,  Şahmar  Əkbərzadə, Əbülfət Əliyev, Arif  Babayev,  Qədir  Rüstəmov  kimi  insanlarla təkcə   müsahib  deyil,   həm də dost-yoldaş  oldu. O illərin    görüşlərin  unudulmaz  xatiratına  Eldar  müəllimin  professionallıqla  çəkdiyi  çoxsaylı  fotolar  işıq salır.

Eldar İsmayılov aranlı-dağlı Qarabağın həyatı ilə  bağlı   mövzuları  dərindən  bildiyinə    mərkəzi  KİV-də  geniş işıqlandırdığına  görə  1979-cu  ildə  Dövlət Teleradiosunun  rəhbərliyi  bölgəyə  yeni  müxbir  təyin  edəndə onun  namizədliyinə üstünlük  verdi. O bu məsul  işi Ağdamın işğalınadək  uğurla  yerinə  yetirdi.  Bu  müddətdə  Eldarın Dağlıq Qarabağda  milli  maraqlarımıza  ayıq yanaşması  tez-tez  ermənilərin gizli  niyyətləri ilə  toqquşmuşdu.  Münaqişə    müharibə  dövründə isə  o  həmişə  qaynar  nöqtələrdə olmuş,  dəfələrlə  həyatı təhlükədə qalmışdı.

1993-cü  ildən məcburi köçkünlük  taleyi yaşayan,  doğma  Ağdamından  perik düşən  jurnalist  qələmini  yerə  qoymamış,  erməni xəyanətlərini    təcavüzün   ağır nəticələrini  ölkəmizdən  kənarda  da açıb  göstərmək üçün  mübarizəsini  davam etdirir. Bu  işdə  1995-ci ildə  Eldar  İsmayılovun  təşəbbüsü ilə yaradılmış  və o vaxtdan  onun  rəhbərlik  etdiyi  Azərbaycan  İdman  Jurnalistləri Assosiasiyasının fəal  beynəlxalq əlaqələri  geniş  imkanlar yaradır.

Həmyerlimiz  Dünya və Avropa idman jurnalistləri  təşkilatlarının  rəhbər qurumlarındakı  təşəbbüskar  fəaliyyəti ilə  ölkəmizin  idman uğurlarının  artmasına çalışır.  Onun   təklifi ilə  Bakıda  bir sıra beynəlxalq  idman   media  tədbirləri  keçirilmişdir.  Bu  sıradan  Beynəlxalq  İdman  Mətbuatı Assosiasiyasının  90 illiyinə  həsr olunacaq 77-ci  konqresinə    paytaxtımız  ev  sahibliyi  edəcək.

65 yaşın  tamamında tanınmış  Azərbaycan  jurnalistinin  ən  böyük  arzusu  torpaqlarımızın  işğaldan  azad olunması, özünün isə doğma  yurda  qayıdıb  sönmüş ata-baba çırağını yenidən yandırmasıdır.  Həmkarımıza  səmimi  təbrikimizə  bu  arzusuna  qovuşmasını  da əlavə  edirik.

 

 

Tahir Aydınoğlu

 

 Xalq qəzeti.- 2013.- 13 yanvar.- S.7.