İqtisadiyyatın şaxələndirilməsi sənayenin inkişafını sürətləndirir

 

Ölkəmiz üçün yüksək nailiyyətlərlə, əlamətdar hadisələrlə zəngin olan daha bir il təqvimin yaddaşına köçdü. Yola saldığımız 2012-ci ildə Azərbaycan  Respublikasının  dinamik inkişafı davam etmiş, ölkəmiz sosial-iqtisadi inkişaf sahəsində qazandığı yeni nailiyyətlərə görə regionda liderlik mövqeyini qoruyub saxlamışdır. Dünyanın əsas enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı olan Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı rolu bir qədər də artmışdır.

 

Ötən il Azərbaycan bir neçə il öncə hədəflədiyi iqtisadiyyatın şaxələndirilməsi sahəsində yeni uğurlar qazandı. Artıq qətiyyətlə söyləmək olar ki, iqtisadiyyatımızın şaxələndirilməsi təmin olunmuşbu sahədə uğurlarımız ilbəil artır. Elə yola saldığımız 2012-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunda qeydə alınmış  artım  da buna əyani sübutdur. Bu tendensiya, heç şübhəsiz, əvvəlki illərdə aparılan məqsədyönlü islahatların məntiqi nəticəsidir. Bütövlükdə isə  ölkəmizin  sosial-iqtisadi inkişafını xarakterizə edən  bütün statistik göstəricilər çox uğurludur. Təsadüfi deyil ki, dövlətimizin başçısı İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi GünüYeni il münasibətilə xalqımıza ünvanladığı təbrikdə bu barədə demişdir: “ 2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatda yenə də inkişaf özünü göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Bu onu göstərir ki,   bizim iqtisadi islahatlarla bağlı siyasətimiz çox uğurludur, çox təsirlidir. İqtisadiyyatımız çoxşaxəli iqtisadiyyatdır. Əminəm ki, gələcək illərdə ölkəmizin dayanıqlı iqtisadi inkişafı üçün əlavə imkanlar yaranacaqdır”.

 Ötən il nüfuzlu  beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinə görə dünya üzrə 46-cı yerdə göstərilməsi, bir daha təsdiq edir ki,  ölkəmiz artıq yeni dövrün tələbinə uyğun sürətli bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, hazırda bu mərhələnin ilk illərini yaşayan ölkəmizin strateji valyuta ehtiyatları  artıq 50 milyard dollara çatmışdır. Həmin ehtiyatların isə  təqribən 38 milyard dolları neft-qaz sektorundan əldə olunan gəlirlərdir. Ötən il Azərbaycan Mərkəzi Bankının strateji valyuta ehtiyatları isə 11 milyard 694,8 milyon dollar təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 11,6 faiz çoxdur.  Heç şübhəsiz, ölkəmizin valyuta ehtiyatlarının ildən-ilə artması qarşıya qoyulan istənilən məsələnin həllinə imkan yaradır. Təsadüfi deyil ki, son illər ölkə iqtisadiyyatına milyardlarla dollar investisiya qoyulurbu proses getdikcə sürətlənir. Elə 2012-ci ildə sosial-iqtisadi həyatda dinamik inkişaf prosesinin  davam etməsi, istehsal və xidmət sahələri üzrə qazanılmış çoxsaylı uğurlar da Azərbaycanın güclü maliyyə ehtiyatlarına əsaslanır. Məhz bunun nəticəsidir ki, ötən il  həm dövlət investisiyaları, həm də özəl sektorun fəaliyyəti nəticəsində ölkəmizdə nəhəng inftrastruktur layihələrinin icrası davam etdirilmişdir.

Ötən il bir sıra istehsal sahələrində məhsul buraxılışının həcminin artması,  investisiya fəallığının daha da güclənməsi, sahibkarlığın stimullaşdırılması və təşəbbüskarlığa geniş meydan verilməsi ölkənin iqtisadi dayaqlarını bir qədər də möhkəmləndirmişdir."Azərbaycan Respublikası regionlarının  2009-2013-cü illərdə sosial-iqtisadi  inkişafı Dövlət Proqramı"nın icrası bölgələrdə iqtisadi fəallığı xeyli artırmış, yeni istehsal sahələrinin yaradılması prosesini bir qədər də sürətləndirmişdir.  Bu da bölgələrin inkişafı üçün əlverişli imkan yaratmışdır.  Dövlət Statistika Komitəsinin 2012-ci ilin yanvar-noyabr aylarının sosial-iqtisadi inkişafına dair məlumatında bildirilir ki, hesabat dövründə  Azərbaycanda 48,2 milyard manat həcmində ümumi daxili məhsul istehsal olunmuşdur. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz  çoxdur. Ölkə üzrə istehsal olunmuş ümumi daxili məhsulun  50,5 faizi sənayenin, 9,9 faizi inşaat kompleksinin, 5,7 faizi kənd təsərrüfatının, 4,8 faizi nəqliyyatın, 8,2 faizi ticarət və pullu xidmət sahələrinin, 1,8 faizi rabitənin, 12,7 faizi isə sosial və digər xidmətlərin payına düşmüşdür. Göründüyü kimi, əvvəlki dövrlərdə olduğu kimi, 2012-ci ildə də Azərbaycanda sosialiqtisadi həyatın bütün sahələrində inkişaf tendensiyası davam etmişdir.

İl ərzində  ölkə iqtisadiyyatının əsasını təşkil edən  sənaye sahəsində neft və qaz hasilatının bir qədər aşağı düşməsi ilə əlaqədar olaraq azalma müşahidə edilmişdir. Bununla belə, mühüm malların istehsalının davam etdirilməsi ölkə sənayesinin iqtisadiyyatda ən böyük xüsusi çəkisini qoruyub saxlamışdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ilin on bir ayı ərzində sənaye müəssisələri, fərdi sahibkarlarev təsərrüfatları tərəfindən 31 milyard  manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Sənaye məhsulunun 23 milyard 489,2 milyon manatlığı və ya 75,7 faizi mədənçıxarma, 5 milyard 845,6 milyon manatlığı və ya 18,8 faizi emal, 1 milyard 523,1  milyon manatlığı və ya 4,9 faizi isə elektrik enerjisi, qaz, buxar    kondisiyalaşdırılmış  hava ilə təchizat bölməsində, 173,5 milyon manatlığı və ya 0,6 faizi su təchizatı bölməsində yaradılmışdır. Bütövlükdə isə, ötən il sənaye sahəsində qismən azalma müşahidə olunsa da, son 5-6 ildə onun real həcmi təqribən 3 dəfəyə yaxın  artmışdır. Bu da son illər Azərbaycanda həyata keçirilən uğurlu sənayeləşmə siyasətinin məntiqi nəticəsidir.

Yeri gəlmişkən, ölkə sənayesinin real həcminin artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış uğurlu neft strategiyası mühüm rol oynamışdır. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin transmilli şirkətləri ilə bağlanmış sazişlər Azərbaycanda neftqaz sənayesinin sürətli inkişafını təmin etmiş, adıçəkilən sahələrdə hasilatın rekord səviyyəyə çatmasına səbəb olmuşdur. Müqayisə üçün deyək ki, 2003-cü ildə Azərbaycanda 15 milyon 381,1 min ton neft və 5 milyard 518,9 milyon kubmetr qaz hasil edilmişdisə, 2012-ci ildə bu göstəricilər müvafiq olaraq 43,9 milyon tona və 27,9 milyard  kubmetrə çatmışdır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də digər nəql marşrutlarının uğurlu fəaliyyəti Azərbaycanın ixrac imkanlarını da xeyli artırmışdır. Bu da ölkəmizin Avropa və dünyanın enerji təhlükəsizliyinin təminatında daha yaxından iştirakına imkan yaratmışdır.

Ötən il qeyri-neft sənaye bölməsinin əksər sahələrində istehsalın həcmi 7 faizdən çox artmışdır.  Bu da son illər ölkəmizdə iqtisadiyyatın neft-qaz amilindən asılılığının azaldılması istiqamətində həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev bu vacib məqama toxunaraq demişdir: “Əsas məqsədimiz sənaye istehsalını artırmaq, neft amilindən asılılığı azaltmaqqeyri-neft sektorunu inkişaf etdirməkdir. Bu istiqamətdə böyük nailiyyətlər əldə edilibdir. Qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz, qeyri-neft sənayemiz isə 7-8 faiz artmışdır. Bu, əvvəlki dövrdə sənayeləşmə istiqamətində görülmüş tədbirlər nəticəsində mümkün olmuşdur”. Yeri gəlmişkən, son illər dövlətimizin iqtisadi strategiyasının prioritetinə çevrilmiş iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına nail olmaq məqsədilə ölkənin ayrı-ayrı yerlərində yeni istehsalemal müəssisələri yaradılır. Ötən il Bakı şəhərində istifadəyə verilmiş metal konstruksiyalar zavodu, “Holcim Azərbaycan”ın yeni sement istehsalı müəssisəsi, Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi  və yandırılması zavodları, Sumqayıt şəhərində “Azgüntexzavodu, Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal mərkəzləri zavodları, eləcə də ölkənin ayrı-ayrı bölgələrində açılmış istehsal təyinatlı bir sıra müəssisələr qeyri-neft sənayesinin inkişafına mühüm töhfə sayıla bilər. Onu da deyək ki, son illər ölkəmizdə idxalı əvəzləyən rəqabətə davamlı məhsul buraxılışının həcmi getdikcə artır. Artıq Azərbaycan istehsalı olan mallar dünya bazarlarında öz yerini getdikcə möhkəmləndirir.

İl ərzində ölkə üzrə istehsal olunmuş sənaye məhsulunun 81 faizindən çoxu özəl bölmənin payına düşmüş, ümumi istehsalın 92 faizi sənaye mallarının, 8 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranmışdır.  Göründüyü kimi, ölkədə sərbəst istehsal fəaliyyəti üçün yaradılmış əlverişli şərait və azad sahibkarlığa geniş meydan verilməsi nəticəsində sənayedə qeyri-dövlət bölməsinin payı artmaqdadır. Onu da deyək ki, bir vaxtlar dövlət mülkiyyətində olmuş sənaye obyektlərinin bazasında bazar iqtisadiyyatı prinsiplərinə uyğun yaradılmış yeni istehsal sahələri də hazırda uğurla fəaliyyət göstərir.  Beynəlxalq iqtisadi fəaliyyət növlərinin təsnifatına gəlincə isə,  mədənçıxarma  ya  hasilat  sənayesi Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olaraq qalmışdır.  Belə ki, bu sahənin əsas məhsulu sayılan xam neftqaz ötən il ölkə üzrə ümumi sənaye istehsalının təqribən 76 faizini təşkil etmişdir. Yeri gəlmişkən, son illər  aşkar edilən yeni qaz yataqları  Azərbaycanda qaz hasilatını xeyli  artırmışdır. Bu isə ölkəmizin ixrac potensialının da artmasına inkan yaratmışdır. 2012-ci ildə imzalanmış  tranzit müqavilələri  Azərbaycan qazını dünyaya müxtəlif yollarla nəql etməyə hesablanmış əhəmiyyətli sənədlər kimi diqqəti cəlb edir. Həmin sənədlər, eyni zamanda, Azərbaycanın etibarlı tərəfdaş kimi regiondakı mövqeyini bir qədər də möhkəmləndirir.

 Son illər dünya bazarında qızılın getdikcə bahalaşması bu qiymətli metala marağı xeyli artırmışdır. Ölkəmizdə qızıl istehsalının ilbəil artmasını da bu baxımdan əlamətdar hesab etmək olar. Azərbaycan  Beynəlxalq  Mədən  Şirkəti  tərəfindən ötən ilin on bir ayı ərzində   1,4 ton qızıl hasil  edilərək  təmizlənməyə  göndərilmişdir. Göründüyü kimi, dünya bazarında qızılın qiymətinin kəskin bahalaşdığı hazırkı şəraitdə mədənçıxarma bölməsinin bu sahəsinin inkişaf etdirilməsi ölkə iqtisadiyyatı üçün xüsusi əhəmiyyət daşıyır.

Ölkə  sənayesində  ikinci  böyük  xüsusi  çəkiyə malik olan  emal  bölməsinin  müəssisələri və fərdi sahibkarları (ev təsərrüfatlarının  sənaye  istehsalı  da  nəzərə  alınmaqla) tərəfindən 5 milyard 845,6 milyon  manatlıq  məhsul  istehsal  olunmuş,  sənaye  xarakterli  xidmətlər göstərilmişdir. İstehsalın çox  hissəsi isə qida  məhsullarının  payına  düşmüşdür. Belə ki, il ərzində mühüm növ  qida  məhsullarından  sayılan ət, kolbasa,  kərə  yağı, marqarin, təmizlənmiş duru bitki yağları, qənd və şəkər tozu istehsalı  xeyli  artmışdır. Bundan əlavə, il ərzində ölkədə üzüm şərabı, pivə, şampan şərabı və alkoqolsuz içkilərin istehsalında da yüksək artım qeydə alınmışdır.

Emal  sənayesinin  toxuculuq,  tikiş,  dəri,  dəridən məmulatlar  və ayaqqabı  istehsalı  ilə məşğul olan  müəssisələr  tərəfindən 99,9 milyon manatlıq məhsul istehsal  olunmuşdur. İl ərzində pambıq lifi, pambıq iplik, xalça və xalça məmulatları, pambıq yataq ağları, kişilər üçün palto, gödəkçə və plaş, eləcə də corab məmulatları  istehsalında daha  çox  artım qeydə  alınmışdır.

Emal sənayesində xüsusi çəkiyə  malik olan  neft  məhsullarının  istehsalı sahəsində  isə  təqribən 1 faiz artım müşahidə olunmuşdur. İlin on bir ayı ərzində ölkədə 1,2 milyon  ton  avtomobil   benzini,  579  min  ton  ağ neft,  2,2 milyon ton dizel  yanacağı, 269  min  ton  neft  bitumu və 60,1 min ton sürtkü yağları  istehsal  olunmuşdur.

Adıçəkilən  bölmənin  kimya  sənayesində, rezin    plastmas   məmulatlarının, həmçinin əczaçılıq məhsullarının  istehsalı ilə məşğul olan  müəssisələr isə on bir  ay ərzində 196,9 milyon  manatlıq  məhsul  istehsalına  nail olmuşlar.  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə rezin və plastmas məmulatlarının istehsalı 2,5 dəfə artmış, kimya sənayesində və əczaçılıq məhsullarının istehsalında isə azalma qeydə alınmışdır.

Tikinti  materialları sənayesində on bir ay ərzində 286,5 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,1 faiz çoxdur.  Bu sahədə fəaliyyət göstərən müəssisələr  tərəfindən 1,8 milyon ton  sement, 131,8 min ton tikinti gipsi, 1,1 milyon ton hörmə üçün hazır beton qarışığı, 39,8 min kubmetr  betondan  yığma-tikinti  konstruksiyaları, 487,1 min ton asfalt , 227,4 min kubmetr tikinti kərpici və s. istehsal olunmuşdur.

Emal bölməsinin metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahəsində  on bir ay ərzində 409,8 milyon  manatlıq  məhsul  istehsal  edilmiş    xidmətlər göstərilmişdir.  Adıçəkilən bölmənin metallurgiya sahəsində məhsul istehsalı 17,6 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 60,4 faiz artım baş vermişdir. Azərbaycanda kompüter, elektronoptik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul buraxılışının həcmi 275,8 milyon manat, maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehaslı sahəsində isə 137,2 milyon manat təşkil etmişdir.

Bu il  ölkəmizdə  sənayeləşmə  tendensiyası  daha  da  sürətlənəcək.  Elə Azərbaycanın  yeni  neft strategiyasının uğurla reallaşdırılması, qeyri-neft seftorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, ikinci  regional  inkişaf  proqramının uğurla başa çatdırılması, eləcə də yerli  istehsalın  stimullaşdırılması üçün görülən işlər və s. amillər ölkə   iqtisadiyyatının  əsasını təşkil  edən  sənayeyə  daha  yüksək  inkişaf  perspektivləri  vəd edir.

 

 

Mirbağır Yaqubzadə

 

 Xalq qəzeti.- 2013.- 13 yanvar.- S. 1.