Kulturologiya, təhsil
və milli inkişaf
(əvvəli qəzetin
11 yanvar tarixli sayında)
Mədəniyyəti bəşəriyyətin tərəqqisinə
xidmət edən amillərin məcmusu kimi nəzərdən
keçirən V. Ostvald, sivilizasiyalarda baş verən real
prosesləri öyrənəcək mədəniyyət
haqqında elmin yaradılması zəruriliyi haqqında elan
etdi.
Biologiyanın tipik olmayan tarixi hadisəsi olaraq, cəmiyyət
haqqında elmin psixofiziologiyadan az fərqləndiyini hesab edərək,
1915-ci ildə V. Ostvald
XX əsrin elmlər sistemində kulturologiyanın yerini
müəyyən etdi. Bütöv müstəqil elm olan
müasir kulturologiyanın banisi amerika antropoloqu, 1949-cu ildə
dərc edilmiş məşhur “Mədəniyyət
haqqında elm” kitabının müəllifi Lesli Alvin Uayt (1900-1975) hesab
edilir. Uayt, insanın enerjisi ilə şərtlənən
mədəniyyəti, cəmdə insanın həyat fəaliyyətini
təmin edən, texnoloji (aparıcı), sosial və ideoloji
altsistemlərdən ibarət bütöv, mütəşəkkil,
qarşılıqlı əlaqəli və inteqrasiya
edilmiş sistem kimi nəzərdən keçirir. Kulturologiyanın yaradılmasında və
inkişafında L.A. Uaytın əsas töhfəsi
kulturologiya anlayışının yeni konsepsiyasının
yaradılması, mədəniyyətin təkamülü
konsepsiyasının yenidən mənalandırılması və
onun bəşəriyyət mədəniyyətinin təhlili
üçün tətbq edilməsi, həmçinin
kulturologiyanın mədəniyyət haqqında elm kimi əsaslandırılması
olmuşdur. Amerika alimi ilk dəfə
yalnız “kulturologiya” terminini əsaslandırıb və
kuturologiyanın predmet sahəsini müəyyən etməyib,
həm də mədəniyyətin tədqiqi üçün
mədəni inkişaf qanunauyğunluqlarını meydana
çıxarmağa imkan verən sistemli yanaşmanı təklif
etmişdir. O göstərdi ki, elmlərin inteqratoru olan kulturologiya tədqiqin yeni məntiqini
və yeni keyfiyyətini verir.
Tədqiqatlarının
pioner xarakteri həm də onunla şərtlənmişdir ki,
etnologiya, antropologiya, tarix, fəlsəfə, sosiologiya,
bihevioral psixologiya və psixiatriyanı Luizian, Kolumbiya və
Çikaqo universitetlərində öynərərək,
sonralar Miçiqan Universitetinin professoru olaraq, o, mədəniyyətin
təkamülü problemlərinin sistemli təhlili məqsədilə
bu elmlər tərəfindən əldə edilmiş bilikləri
ilk dəfə olaraq sintezləşdirmişdir. Uayta
görə, mədəniyyətin və sivilizasiyanın hər
bir mərhələsi əvvəlki tarixi pillənin əsasında
inkişaf edir. Bu zaman, əsası E. Taylor, L.Morqan və
digər alimlər tərəfindən qoyulmuş mədəni
antropologiyanı yenidən həyata dirçəldərək
L.A.Uayt göstərdi ki, mədəni təkamül nəzəriyyəsi
Darvinin bioloji təkamül nəzəriyyəsi ilə əlaqəli
deyil, lakin öz kökləri ilə Horasiya və İbn
Halduna, Yuma, Kondorseyə, Kanta, Herderə, Baxofenə, Konta və
biologiya ilə əlaqəsi olmayan bir çox digər alimlərə gedib
çıxır. O göstərdi ki, əgər heyvanlarda
bioloji orqanizm davranış determinantı kimi
çıxış edirsə də, insanın
davranışı “ekstrasomatik amilin, yəni onun mədəniyyətinin
dəyişilmələri ilə bərabər şəklini
dəyişir.Alim insanın fikirləri, hərəkətləri,
əşyaları və işarələri simvolik olaraq qəbul
etmək kimi unikal qabiliyyətinə diqqət yetirirdi. O
göstərirdi ki, əgər psixologiya
simvollaşdırılmış əşyaları “somatik”
ölçüdə, yəni insanın bioloji orqanizmi ilə
qarşılıqlı əlaqədə görürsə, onda ekstrasomatik
(qeyri-bioloji- F.M.) obyektiv aləm
haqqında elm kimi, kulturologiya insanın həyat fəaliyyəti
ilə əlaqəli olan simvolik əşyalar və təzahürlərin
bütün tamlığını öyrənməlidir.
Maddi əşyaları mədəniyyətin komponentləri qismində
qəbul etməyən antropoloqların yanaşmalarını,
maddi mədəniyyətin inkarını absurd hesab edən
etnoqrafların və arxeoloqların yanaşmaları ilə
sintezləşdirərək, ideya və münasibətləri,
xarici təsir və maddi əşyaları daxil edən ruhi və
maddi reallıq olan mədəniyyət haqqında bütöv
təsəvvür vermək, ilk dəfə olaraq Uayta nəsib
oldu. Bununla yanaşı, belə yanaşma insanın
davranışının mahiyyət və xarakterini onun mədəniyyətindən
asılı olaraq aşkar etməyə imkan verdi.
Təəssüf ki, hətta Amerika kimi mütərəqqi
bir ölkədə təfəkkür ətaləti və
elmi cəmiyyətin yeni olana qarşı qısqanc münasibəti
səbəbindən, ilk əvvəl alimin kulturoloji tədqiqatlarının
nəticələri həmkarlarının anlaması və dəstəyinə
rast gəlmədi. Hətta kulturologiyanın elm kimi təşəkkül
tapması müqavimət və əks təsirlə
qarşılaşdı. Bununla bərabər,
kulturologiyaya ekstrasomatik kateqoriya kimi baxan və insanların
davranışının nə ilə müəyyən edilməsi
sualına cavab tapmaq məqsədi qoyan Uayt, çox gözəl
qanunauyğunluq aşkar etdi ki, ona uyğun olaraq, “insanın
davranışı onun mədəniyyətinin dəyişməsi
ilə dəyişilir.” Uayt tərəfindən mədəniyyətin
düzgün anlamının aşkar edilməsi elmdə ciddi
addımlardan biri oldu. Bu onun tərəfindən
“elm tarixində nə vaxtsa Kopernikin heliosentrik sistemi və ya
bütün həyat formalarının hüceyrə əsasının
kəşfi ilə bir sıraya qoyulacaq” tək qiymətləndirildi.
Uaytın mühakimələrinin ədalətliliyi və
məntiqiliyi, sosiologiyanın atası, qanunauyğun olaraq
görkəmli kulturoloq adlandırmaq mümkün olan, orta əsrlər
müsəlman alimi İbn Haldunun baxışları ilə təsdiqlənir. İbn Haldun
qeyd edirdi ki, insana düşünmək qabiliyyəti bəxş
edərək, (intellekt - F. M.) Allah onu
insanın kamilliyinin başlanğıcı və nəcibliyinin
və hər şey üzərində
üstünlüyünün ən yüksək zirvəsi
etdi. “Əgər heyvanlar ətraf aləmi yalnız hisslər
- eşitmə, görmə, qoxubilmə, dad və toxunma vasitəsilə
qavrayırlarsa, insan isə öz ağlı sayəsində
“bundan əlavə,
ondan kənarda olanı hissi qavramanın ardınca
gələn təfəkkürü vasitəsilə mənimsəyir...”. Bu təfəkkür üç
növdə ola bilər.
Birinci, özünüidarə məqsədilə təbii
təzahürlərin və cəmiyyətdə müəyyən
edilmiş adi şeylərin insan tərəfindən dərk
edilməsi, yaşamaq üçün vəsait əldə
etmək, faydalı və zərərli olanı ayırd etmək
bacarığını ifadə edən “fərqləndirici
qabiliyyətdir” (adi təfəkkürdür - (F.M.)). İkinci,
insanların həyatında praktik fayda verən sosial təcrübənin
mənimsənilməsinə əsaslanan təfəkkür -
“təcrübəli şüurdur”. Üçüncü,
hissi qavrama ilə bilavasitə əlaqədar olmayan, elmi dərk
etmə və yeni elmi biliklərin əldə edilməsi sayəsində
mövcud olan haqqında ümumi və xüsusi təsəvvürlərdə
şüurun kamilliyi ilə xarakterizə edilən “mücərrəd
və ya “təmiz” şüurdur. “Beləliklə, burada
insanın əqli, intellektual mədəniyyətinin
başlıca əhəmiyyəti onun “kamilliyi, nəcibliyi və
üstünlüyünün başlanğıcı kimi”
göstərilmişdir”.
Müasir kulturologiya insanın yaradıcı həyat fəaliyyəti
haqqında, onun mahiyyətini, tarixini, nailiyyətlərini,
inkişaf qanunlarını, texnologiyalarını və dəyişdirici
imkanlarını aşkar edən elmdir. Bu, insanın,
cəmiyyətin və dövlətin inkişaf prosesi
qanunauyğunluqları haqqında fasiləsiz olaraq
yaradıcı surətdə zənginləşən biliklər
sistemidir. O, tədqiqat anlayışı,
metodologiyası və universal metodlarını işləyib
hazırlayır, insanın tarixi inkişaf təcrübəsini,
dövlət quruculuğu və idarəçiliyi
praktikasını öyrənir, nəticələr
çıxarır və ümumiləşmələr
edir, insanın kamilləşməsinə
səbəb olan yeni strategiyalar və modellər, ictimai tərəqqini
təmin edən rəqabət qabiliyyətli və təhlükəsiz texnologiyalar yaradır.
Kulturologiya dərk etməyə və insan
şüurunun dəyişilməsinə yardım edir ki, onsuz
insanların effektiv idarə edilməsi mümkün deyil. Bu səbəbdən
dünya mədəniyyəti tarixinin, sivilizasiyanın
inkişaf qanunları və texnologiyalarının, fərdi və
beynəlxalq münasibətlər mədəniyyətinin, təfəkkürün
və ictimai rəyin formalaşması proseslərinin sistemli
kulturoloji təhlili müasir sosial mühəndisliyin, tarixi
proseslərin düzgün başa düşülməsi və
effektiv idarəetmə qərarlarının qəbulu, gələcəyin
proqnozlaşdırılması və qurulmasının əsasını
təşkil edir.Dünya mədəniyyəti və
sivilizasiyasının aparıcı ideoloji və elmi-maarifləndirici
inkişaf amilinə çevrilərək, kulturologiya,
insanların yaradıcılığının artmasına
imkan yaradır. Sosial-iqtisadi tərəqqi, rifah və həyat
keyfiyyəti mənbəyi olan “biliklər cəmiyyətinin”
formalaşdırılması şəraitində, elmi-tədqiqat
yolu ilə əldə edilən kulturoloji bilik, getdikcə daha
çox insanın, cəmiyyətin və dövlətin təşkiledici
inkişaf prinsipinə çevrilir, yaradıcı fəallığın
inkişafına müsbət təsir göstərir. Toronto
universiteti nəzdində “Martin Prosperity İnstitute” Kanada
institutunun direktoru Riçard Florida və Alberta Kanada
universitetinin professoru, kulturoloq Niko Şter əmindirlər ki,
bəşəriyyətin gələcəyi “biliklər cəmiyyətinin”
və “yaradıcı sinfin” - “gələcəyi dəyişən
insanların” ardıncadır. Niko Şter “bilik cəmiyyətində”
elmin aparıcı rolunu qeyd edərək, haqlı olaraq
göstərir ki, “elmdə və onun vasitəsilə yeni
dünya əmələ gəlir ki, orada bilik bütün sahələrdə
(tərəfimizdən qeyd edilmişdir - F.M.) və getdikcə
daha artan ölçüdə insan fəaliyyətinin əsas
və rəhbər prinsipinə çevrilir.”
Dünya sivilizasiyasının müasir inkişaf mərhələsində
kulturologiya mədəniyyət haqqında elm kimi, XXI əsrin
aparıcı elmi paradiqması olmuşdur. Özünün
universal xarakteri sayəsində o, çox böyük tədqiqat
imkanlarına malikdir ki, bu da onu müasir “elmlər şahzadəsi”
edir. Kulturoloji biliklər, səriştəlilik
və məsuliyyət müvəffəqiyyətli və
davamlı inkişafın şərtidir. Elmin
və texnologiyanın, tibbin və ekologiyanın, dövlət
idarəçiliyi və hüquq sisteminin inkişaf tələbatlarının
təmin edilməsi üçün zəruri olan təhsilin
yüksək keyfiyyətini, universal kulturoloji biliklər
olmadan, bu gün təsəvvür etmək çətindir.
Kulturoloji biliklər bu gün sənaye və kənd
təsərrüfatı istehsalı, tikinti və nəqliyyat,
ticarət və xidmətlər sahəsindəki ehtiyaclar
üçün ixtisaslaşdırılmış
işçi qüvvəsi resurslarının
formalaşdırılması üçün də
lazımdır. Həmçinin, əmək
bazarı tələbatlarına uyğun olaraq, mütəxəssislərin
yenidən hazırlanması da, müxtəlif peşə və
maraqları olan insanların universal kulturoloji biliklərinin
formalaşdırılmasını tələb edir. Akademik A.S. Zapesotski qeyd edir ki, “son zamanlar getdikcə
daha artıq dərəcədə hüquqi elm
kulturologiyanın xüsusiyyətlərini əldə edir.
Son illər iqtisadiyyat sahəsində Nobel mükafatlarının
əksəriyyəti açıqca ifadə edilmiş
kulturoloji aksentlərdən ibarət işlərə görə verilmişdir”.
Kulturologiyanın geniş diapazonu onun fənlərarası
xarakteri ilə şərtlənmişdir. Bu fundamental
elm bir çox sosial, humanitar və təbiət elmlərini
özündə birləşdirir. Bu - tarix və fəlsəfə,
antropologiya və psixologiya, sosiologiya və politologiya,
iqtisadiyyat və hüquqşünaslıq, coğrafiya və
ölkəşünaslıq, tibb və ekologiya, diplomatiya və
dinşünaslıq, filologiya və dilçilik, sənətşünaslıq
və pedaqoqikadır. Bu zaman elmin ənənəvi
sahələrini dəyişməyərək, o
özünün xüsusi metodologiyasına, tədqiqat obyekti
və predmetinə malikdir. Kulturologiyanın
obyekti -yaradıcı insan fəaliyyəti, onun tarixi və
pozitiv nailiyyətləridir. Kulturologiyanın predmeti - cəmiyyət,
dövlət, elm, təhsil, idarəetmə, siyasət, beynəlxalq
münasibətlər, incəsənət, iqtisadiyyat, etika,
hüquq, həyat tərzi, həyat təminatı sistemləri,
din, şəxsiyyət, ailə münasibətləri,
informasiya və mətbuat, qeyri-hökumət təşkilatları,
muzey işi və digərləridir.
Kulturologiyanın
nəzəri və metodoloji
instrumentariləri insana xas
mədəniyyətin dərin qatlarını meydana
çıxarmağa, müxtəlif mədəniyyətlərdə
ümumi və fərqli olanı müəyyən etməyə,
həm eyni bir mədəniyyətdə, həm də dünya
mədəniyyəti və sivilizasiyasının polietnik sahəsində
insanlar arasında müvəffəqiyyətli strateji
kommunikasiyaya daha optimal yolları və yanaşmaları
aşkar etməyə imkan verir. Kulturologiya nəinki
bəşəriyyət tərəfindən əldə edilən
tarixi nailiyyətlərlə insanın zənginləşməsinə,
həm də insanın inkişaf vasitələri və məqsədləri
kimi ruhi mədəniyyətin mahiyyəti, xüsusiyyətləri,
inkişaf qanunları, texnologiyaları və yeni
imkanlarının düzgün dərk edilməsinə kömək
edir. O, şəxsiyyət, ailə, şəxsiyyətlərarası
və beynəlxalq münasibətlər mədəniyyətindən
- cəmiyyət, dövlətçilik mədəniyyəti,
siyasi və idarəetmə mədəniyyətinədək
müxtəlif hədəf təyinatlarını
hazırlamağa qadirdir. Bunun sayəsində kulturologiyanın
fundamental nailiyyətlərinin öyrənilməsi və
şüurlu, yaradıcı istifadəsi, insana xas təbiətin, insan cəmiyyətinin
inkişaf qanunlarının, insanların xarakterləri və
davranışının daha yaxşı başa
düşülməsinə, gələcəyin
proqnozlaşdırılmasına və insan xoşbəxtliyi
üçün yeni imkanların açılmasına
yardım edir. Bu səbəbdən müasir
kulturologiya elminin nailiyyətlərinin təhsil və maarif
sistemi vasitəsilə yayılması obyektiv tələbat
olur. Bu tələbatın təmin edilməsi bəşəriyyətin
həyat fəaliyyətinin müxtəlif sahələrinin
mahiyyəti, xüsusiyyətləri, tarixi və nailiyyətləri
haqqında Azərbaycan cəmiyyətinin biliklərinin
inkişaf etməsinə, insanın inkişaf qanunları və
texnologiyalarının düzgün dərk edilməsinə,
mütəxəssislərin, vətəndaşların və
idarəçilərin inkişafı üçün zəruri
olan faktların, hadisələrin və insanların elmi əsaslandırılmış
qiymətləndirilməsinə, yeni imkanları görməyə
və təhlükəsiz gələcək
qurmağa imkan yaradır.
Fuad MƏMMƏDOV,
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının
professoru, kulturoloq, “Simurq” Azərbaycan
Mədəniyyət
Assosiasiyasının prezidenti
Xalq qəzeti.- 2013.- 13 yanvar.- S. 6.