Adı Bəxtiyar,
taleyi Azərbaycan.
(əvvəli qəzetin
12 yanvar tarixli sayında)
Bəxtiyar
Vahabzadə Azərbaycanı - onun dünəni, bu günü
və sabahının bütövlüyündə
görür. Keçmişimizdən gələcəyimizə
uzanan yolda milli-ictimai ideallarımızın varisliyinə sadiqliyi vətəndaş
əxlaqının ən yüksək örnəyi sayır. Hamıdan öncə o özünü - Vətəninin
şair oğlunu bu əxlaqın
daşıyıcılığı missiyasında təqdim
edir. “Şair kimdir?” - sualına
da ustadın cavabı belədir:
Şair -
fikirlərin çırpınan seli,
Şair - həqiqətin müğənnisidir.
Şair -
təbiətin danışan dili,
Şair - cəmiyyətin üsyan səsidir.
Şair -
zəmanənin, əsrin vicdanı,
Şair - tarixlərin şərəfi, şanı.
Şair -
bu dünyada zamanın sözü,
Şair -
həqiqətin, haqqın güzgüsü!
Məhz
belə bir həqiqətsevərlik mövqeyinin getdikcə dərinləşməsi
Bəxtiyar Vahabzadə
yaradıcılığında fəlsəfi poeziya
janrını ön plana çıxarır. Azərbaycan ədəbiyyatında
zəngin ənənələri olan fəlsəfi
poeziyanın müasir dövrümüzdə ən
böyük ustadı sayılan Bəxtiyar Vahabzadə
“İnsan - Zaman - Dünya” münasibətlərini poetik
yaradıcılığının əsas mövzusuna
çevirir. Bəxtiyar Vahabzadənin fəlsəfi poeziyasında da onun lirik “mən”i özünün fəal vətəndaş
mövqeyini, mübariz həyat
mövqeyini olduqca qabarıq ifadə edir:
Ürəyimin
tellərini
qasırğada
daramışam.
Qışda çiçək, yayda qaram.
Zamanın
baş küçəsiylə addımlaram...
Bəxtiyara görə, həyat yollarının
“gündüzündə”, rahatlığında
addımlamağa nə var?! Müdrik insan, mübariz insan odur ki,
qaranlıqları yarıb keçsin, qaranlıqda həqiqətin
toxumlarını tapa bilsin:
Yolumu
azmadım, fəhmimdə tapdım,
Çökəndə cığıra, izə
qaranlıq.
Yananda
idrakın gur çıraqları,
Ən parlaq işıqdır bizə qaranlıq.
Ulduzlardan
ötən o sonsuzluğu
Sığdırır ikicə gözə qaranlıq.
Həyatın yolları qaranlıq da olsa, işıq da
olsa, o, bütün pillələrində sual doğurur. Bu suallara cavab verilə-verilə,
İnsan - Zaman - Dünya münasibətlərinin dərinlikləri
açılır, problemlərə aydınlıq gətirilir,
insan öz şəxsiyyətinin sığa bildiyi
ölçülərini tapır:
Sualdan tor atdıq ulduza, aya.
Zülməti işığa çevirir onlar.
Sualımız
yoxsa əgər dünyaya,
Nə özümüz varıq, nə də dünya
var.
Şəxsiyyətin
özünütəsdiqində tərəddüdlərdən,
şübhələrdən, sarsıntılardan,
yıxılıb-durmalardan keçən bütün yollar, nəhayət
ki, onu dünyanın gerçək mahiyyətini dərk etməyə,
dünyanın nüvəsindəki həqiqətlə
göz-gözə qalmağa yönəldir:
Sən
yolçu... Dünyasa məchul bir ada.
Keçə bilərsənmi fırtınalardan?
Dünyanın
sirrini gəzmə dünyada,
İçində
axtarıb, qəlbinə saplan!
Acizsən,
oldunsa qulu dünyanın,
İçindən başlanır yolu dünyanın.
Mahiyyəti dərk etmək həm də
özünüdərketmənin elə bir yoludur ki, bu mütləq
insanı özünün və dünyanın sonsuz dərinliyinə
doğru aparır. Şairin poetik-fəlsəfi yozumuna görə, həyatın
mənası da ömrün “boyunda” - uzunluğunda deyil, dərinliyindədir:
...Yaşayan
görmüşəm yüz, yüz əlli il,
Qovuq tək
boş qalıb qəlb də, beyin də,
Ömrün
mənasını boyunda deyil,
Gərək axtarasan dərinliyində.
Bəxtiyar
Vahabzadənin fəlsəfi poeziyasının ən
sanballı nümunələrindən biri onun “Allah”
şeridir:
İdrakda
yol açmış
gecədən
gündüzə allah,
Güldürməsən
öz könlünü,
gülməz
üzə allah.
Dünyaya
şəfəqlər kimi
tanrım
səpələnmiş,
Qəlbin
gözü yanmazsa,
görünməz
gözə allah.
Allah!
Bilirik, cism deyil,
bəs
nədir allah?
Ən
yüksək olan, haqda,
həqiqətdədir
allah.
Dondunsa təkamül
və
gözəllik
qabağında,
Dərk et, bu təəccübdə,
bu
heyrətdədir allah.
Bildik,
bilirik, gizlidir
insandakı
qüdrət,
Hər kəs
onu fəhm etməsə,
acışdır
o, əlbət.
İnsanın
öz borcudur
insanlığa
hörmət,
İnsanlığa
hörmətdə,
ləyaqətdədir
allah.
Azərbaycan klassik mədəniyyətinin ideya cövhərini
özünə toplamış bu lirik əsərdə
böyük şair heç bir dini doktrinaya
sığışmayan ümumbəşəri bir mövqedən
çıxış edir. İnsan
varlığının fəlsəfi mahiyyətini
açıqlayan şair göstərir ki, Allah insanı
hansısa fövqəltəbii qüvvənin iradəsini bir
qul itaətkarlığı ilə həyata keçirən
aciz bir bəndə kimi yaratmayıb. İlahi qüdrət insan
idrakında məhz bu həqiqəti
işıqlandırır: Allahın yaratdığı insan
öz dünyasını və bu dünyanın insanlıq dəyərlərini,
meyarlarını özü yaratmalı və elə bu dəyər-meyarlara
uyğun da yaşamalıdır. Başqa
sözlə, insanlığın əxlaq qanunlarına əsaslanan
yaşam tərzi elə varlığın ilahi qanunlarına əsaslanan
həyat deməkdir. Bu həyat heç zaman passiv ola bilməz. Çünki insan
varlığını nizamlayan həmin əxlaq qanunları
onun mənəviyyatının elə bir
bütövlüyünü yaradır ki, bu sarsılmaz təməl
üzərində dayanmaq və ədalətli dünya
uyğunda mübarizə aparmaq artıq çətinlik və
məşəqqət olmur, həyat amalına çevrilir.
Şəxsiyyətin bütövlüyü idealı - məhz
bu mübarizə səylərinin birləşdirilib
özünüyaratma iradəsini ortaya qoymasında və həyata
keçirməsində doğrulur:
Bir
böyük amala vurulan zaman
Özünü yenidən yaradır insan.
O
böyük amalın çağırış səsində
Qayğılar əriyir, məqsəd doğulur.
Özünü
yaratma mərtəbəsində
İnsan kamilləşir, şəxsiyyət olur.
Bu ideya şairin “Zərrə - dünya” əsərində
ən yüksək poetik təcəssümünə
çatır. Şairin düşüncəsinə
görə, həyatdan gedən insan-zərrələr sanki elə
bu dünyanı da özləri ilə aparırlar... Yerin
altında cəsədlər deyil, zərrə-dünyalar yatır...
Şəxsiyyət ucalığında kamilləşmiş
insanların yaratdığı dünya bir ömür sərhədlərinə
sığmır. Ona görə də bizim adi təsəvvürlərimizin
əksinə olaraq, insan həyatı “əbədiyyət
nöqtəsindən” baxılanda, həm
varlığının, həm yoxluğunun vəhdətində ölümsüzlük mənasına
yüksəlir:
...Batıb
doğmasıyla günəşin hər gün
Min günəş doğulur, min günəş
batır.
Yerə
ayağını asta bas, düşün
Torpağın
altında dünyalar yatır...
...Gəldiyi
kimi də getmir gedənlər,
Vəhdətdir
həm məndə, həm səndə dünya,
Deməyin
qonşuda öldü bir nəfər,
Gələndə - zərrəydi, gedəndə -
dünya.
Bəxtiyar Vahabzadə yaradıcılığında
xüsusi yer tutan təbiət lirikası İnsan-Dünya
münasibətlərini daha dərin
bağlılığında görməyə imkan verir. Şair təbiəti yalnız insanı əhatə
edən obyekt, qidalandıran mənbə kimi deyil, onun
varlığının kökləri kimi təsvir edir. Bəxtiyar
poeziyasında təbiət insan tək canlandırılır:
təbiətləşən insanın və insanlaşan təbiətin
harmoniyası yaradılır. Bu lirikanın zəngin
palitrasında təbiət min bir rəngində, dəyişən
fəsillərinin dürlü mənalar daşıyan
çalarlarında təsvir edilir. Payızdan
qışa doğru addımlayan təbiət sanki bu fəsil
dəyişmələrini ilk dəfə
görürmüş kimi yaşayır:
...Azalır
günəşin odu günbəgün
Soyudur torpağı, daşı təbiət.
Şaxtanı,
soyuğu hiss eləməkçün
Çılpaq qarşılayır qışı təbiət.
Burada təbiət
metaforası öz mənasını çox dərinlikdə
gizlədib: Üşüdən qış sanki özü də
üşüyür ki, soyuğu-sazağı insanla,
bütün canlılarla birlikdə hiss etsin, canında
duysun... Təbiəti hiss edən insansa, öz
duyğularının ən şahanə hissini məhəbbəti
elə təbiətin ruhunda görür:
...Eşqdir
yaşadan təbiəti də,
Çiçəklər torpağın min bir rəngidir.
Böcəklə
çiçəyin məhəbbəti də
Ana təbiətin öz ahəngidir."
İnsan
- Təbiət münasibətlərindəki doğmalıq bu
təmasın hər pilləsində dərinləşir və
bu dərinləşmə insan idrakını yüksəldən
qatları yaradır:
Ana təbiətlə
yaxınlaşdıqca
Hisslə, həyəcanla yaşayırıq biz.
Göylərin
dibinə yollar aşdıqca
Artır idrakımız, artır əqlimiz.
Elm və
texnika əsrinin nailiyyətləri ilə yanaşı, insanla
təbiət arasında çat yaradan prosesləri də
şairin həssas poeziyasının mövzu çevrəsindədir.
İnsan idrakına təbiətin sirləri
açıldıqca, onun fəaliyyət imkanları, təbii
ki, genişlənir. Elmi idrakın rasional
ölçüləri onun tərəqqisinin şərti
olur. Şair bu mütərəqqi istiqamətləri
“Qaliley”, “Pirqulu rəsədxanası haqqında şeirlər”ində
dəyərləndirir. Lakin həmin
ölçülər itiriləndə, ifrata varılanda, tənəzzül
və deqradasiya başlayır. Elmi-texniki tərəqqinin
əks-nəticələri İnsan - Təbiət münasibətlərinin
harmoniyasını pozur. Şairin bir
çox əsərlərində məhz bu harmoniyanın
pozulmasından yaranan narahatlıq və dağıdıcı
fəaliyyətlərə müqaviməti əsaslandıran
mövqe ifadə olunur. Ustadın “Elm - əxlaq” şeri
bu cəhətdən olduqca ibrətlidir: insan təbii
dünyasından üz döndərdikcə, özünü
ona qarşı qoyduqca, elmlə əxlaq, eksperimentlə
canlı həyat ziddiyyətə gəlir. Şair insana və
onun doğma təbiət dünyasına sarmaşıb
onların iliyini qurudan bütün süni fəaliyyətlərə
kəskin etiraz duyğusunu dilə gətirir:
Bu nədir? Gerimi qalmışam yoxsa?
Mən ki, güvənmişəm hər zaman elmə.
Əxlaqa,
qaydaya toxunandasa,
Mən
üsyan edirəm, mən üsyan, elmə...
Müasirliyin
bütün mədəni-estetik dəyərlərini, ideya-fəlsəfi
trayektoriyalarını özündə birləşdirən,
müasirləşməni həm ayrıca bir insan, həm cəmiyyət,
həm dövlət, həm də dünya üçün zəruri
sayan Bəxtiyar Vahabzadənin ulu keçmişə, milli
köklərə bağlı poeziyası, təbii ki, beynəlxalq
həyatda baş verən mütərəqqi dəyişikliklər
kontekstində türk dünyasının birliyi probleminə də
öz fəal münasibətini bildirməli idi. Əslində,
Bəxtiyar Vahabzadə Azərbaycanın milli müstəqillik
hərəkatının önündə gedən, onun məfkurə
bayraqdarlarından, türk birliyi ideyasının
çağdaş yaradıcılarından olan bir mücahid-sənətkar
kimi bu proseslərin
içərisində idi. Ona görə də
böyük şairin bu mövzuda yazdığı əsərlərini
yaxın tariximizin özündən yoğurulan poetik salnamə
kimi qəbul etməliyik. Bəxtiyar Vahabzadə hələ
sovet dönəmində o nadir şəxsiyyətlərdən
idi ki, “sətir altında” türkçülük ruhu gizlənən əsərlər
yazırdı. Lakin bir Qafqaz türk dövlətinin - Azərbaycanın,
dörd Orta Asiya türk dövlətinin-Qazaxıstan, Özbəkistan
Qırğızıstan və Türkmənistanın müstəqilləşməsindən
və onların Türkiyə ilə çiyin-çiyinə
türk dünyasını bir bütövlük halına gətirməsindən
sonra Bəxtiyar Vahabzadənin bu birliyin “poeziyasını” yaratması
xüsusi əhəmiyyət kəsb edir. Şairin “Mən
Türkəm”, “Hun səsləri”, “Türkiyə havası”,
“Atatürk” və s. əsərləri təkcə bu
böyük ideyanı daşımır, həm də sənətkarlıq
baxımından klassik ümumtürk ədəbiyyatının
seçkinliyini yaşadır:
Yuxu
qaçır gözlərimdən... Alır məni
Qulağımda pıçıldaşan dan səsləri.
Sükutdakı
savaşa bax... Çox sirlidir
Səhərin ilk, gecəninsə son səsləri.
Bu
savaşdan qan çilənir dan yerinə,
İşıq
- zülmət! Diş qıcadır bir-birinə.
Qalib gəlir
gecənin də kədərinə
Al səhəri
həyat dolu şən səsləri..
Şair sanki bütün türk dünyasının
adından “Mən kiməm?” - sualına
sözü, fikri azdırmadan, birbaşa cavab verir:
Əslimi,
nəslimi tanıyıram mən,
Qarışıq deyiləm, özümdən hürkəm.
Sən
kimsən, sən nəsən, özün bilərsən,
Mən
ilk qaynağımdan Türk oğlu Türkəm!
Hər
şeydən öncə, Bəxtiyar Vahabzadə bir Azərbaycan
vətəndaşı olaraq, türk dünyasının vəhdətə
gəlməsini özünün tale yolu, böyük tarixinin
gəlib çatmalı olduğu bir zirvə məqamı kimi
görür:
...Nədir
arzum, diləyim tanrıdan
imanla
bu gün?
Talanan,
bağrına dağlar
çəkilən
xalqım üçün:
Yeni fikrin
küləyindən
qoca
millət darana,
Bizi birləşdirəcək
bir
Atatürküm yarana!
Bəxtiyar
Vahabzadənin son dövr yaradıcılığı, bir
filosof-sənətkar olaraq, zəmanəsinin hadisələrinə
onun daha miqyaslı və çoxqatlı, bir qədər də
əsəbi-toxunaqlı münasibətini təzahür etdirən mükəmməl
və cilalı əsərlər yazması ilə səciyyələnir.
Bu yaradıcılığın əvvəli ilə sonunu birləşdirən
bir dəyişməz amal isə hər zaman Azərbaycan və onun
istiqlalı olaraq qalır.
Babaların milli müstəqilliyə qovuşan yolunu nəvələr
- istiqlal çağında doğulan və doğulacaq
yeni-yeni nəsillər davam etdirir:
Nəvəm
beşiyində mışhamış yatır,
Yatır çəkdiyimiz dərddən bixəbər.
Birimiz əvvəlik,
birimiz axır,
Mən batan günəşəm, o, doğan səhər.
Nəvəm yavaş-yavaş böyüyür hələ.
Bizim istiqlalın həmyaşıdır o.
Bizim
ay-ulduzlu bayrağımızla
Mənim
nəzərimdə yanaşıdır o...
Müstəqillik
dövrümüzün “poetik tarixini” yaradan Bəxtiyar
Vahabzadənin poeziyası bu mərhələdə yetərincə
müdrikləşir, həm də əzəl mahiyyətinin
yeni görsənişləri kimi, daha da inqilabiləşir,
misraları qığılcım saçır...
Çünki hələ Azərbaycan torpağının
Qarabağ ürəyi düşmənin
caynağındadır!.. Ona
görə də ölkəmizin müstəqilləşməsi
ilə Qarabağın işğal edilməsi - bir-birini inkar
edən iki tarixi fakt kimi Bəxtiyar poeziyasında Azərbaycanın
tarixi taleyinin ən böyük təzadı olaraq təqdim
edilir. Bu dramatik situasiyanı şair
boş bəlağətlə ört-basdır etmək istəmir.
Alovlu sözü ilə istiqlal şairi Vətən
torpağının bir parçasını itirmiş azərbaycanlının
ürəyində və yaddaşında tufan qoparır.
Onu bu fikrin həqiqətinə səsləyir ki, müstəqillik
ideallarının tam qələbəsi - Qarabağın
qaytarılması ilə, ölkəmizin ərazi
bütövlüyünün təmin olunması ilə öz təntənəsinə
çatacaq.
Milli-ideoloji başlanğıcı həmişə
qüvvətli olmuş Bəxtiyar Vahabzadə
yaradıcılığı ideya-məzmun dərinliyi ilə
yanaşı, həm də yüksək poetik sənətkarlıq
keyfiyyətlərinə malikdir. Azərbaycan
poeziyasının elə bir janrı yoxdur ki, Bəxtiyar
Vahabzadə həmin janrda yazmasın və o janrı təzələməsin.
Bu sənət dünyasında söz də,
fikir də, janr da, bədii formanın bütün komponentləri
də yeni və orijinaldır. Əlbəttə, mahiyyətcə,
Bəxtiyar
poeziyası ən
kiçik janrlarından ən böyük janrlarına qədər
ideyalı poeziyadır. Bəxtiyar
yaradıcılığına məxsus seçkin poetik
xüsusiyyətlərdən başlıcası budur: əsərin
əvvəlindən sonuna doğru ideya “hərəkət
edir”; bu ideyanın sözbəsöz, sətirbəsətir
inkişafı son bənddə tam dolğunluğunda, həm də
çox zaman paradoksal poetik nəticə ilə başa
çatır. Buludlar
arasından şəfəqləri sızan günəşin
birdən bütün parlaqlığı, əzəməti
ilə görünməsi kimi! Əsərin son akkordunun
novellaya xas belə gözlənilməz və cazibədar
şəkildə bitməsi güclü poetik effekt yaradır və onun
ideya-tapıntısı yaddaşlarda özünə əbədi
məskən tapır. Məsələn, ustadın
böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə
həsr etdiyi, romantik duyğuların selində
yaradılmış “Şəbi-hicran” poemasının “hərəkət
edən” ideyası poema boyunca davam edir, yalnız son bənddə, birdən-birə
günəş parlaqlığında aşağıdakı
kimi açılır:
...Gələndə
Məhəmməd gəldin cahana,
Gedəndə:
Füzuli getdi - dedilər.
Bəxtiyar
Vahabzadə yaradıcılığında
orijinallığı yaradan digər xüsusiyyət burada poetik təzadlardan bir sənətkar
məharəti ilə istifadə edilməsidir (Müəllifin
“Təzadlar” adlı ayrıca poeması da vardır). Şair sanki zidd dünyaları “toqquşdurur” ki,
qopan “qığılcımları” - “ideya toxumlarını”
yığıb-toplaya bilsin. Ona görə
də Bəxtiyar poeziyasının ümumi arxitektonikasına
gərilmiş bir ruh - dramatizm hakimdir. Bu dramatizm onun
süjetli lirik şerlərində də, epik-monumental
poemalarında da (“Əbədi heykəl”, “İztirabın
sonu”, “Gülüstan”, “Etiraf”, “Ağlar güləyən”, “Həyat
- Ölüm”, “Qəm içində sevinc”, “Dörd yüz on
altı”, “Vətən mənəm, mən Vətənəm”,
“Muğam”, “Atılmışlar”, “Ləyaqət”, “İki
qorxu”, “İstiqlal”, “Şəhidlər”...) olduqca
qabarıqdır. Ancaq ümumiyyətlə,
şairin yaradıcılığında lirizmdən dramatizmə,
dramatizmdən lirizmə keçid çox ahəngdar və
yumşaqdır. Ustadın lirik poeziyasında dil o qədər axıcı,
üslub o qədər bənzərsiz, duyğu o qədər əlvandır
ki, bu biçimdə olan əsərlərə zaman-zaman musiqi
bəstələnməsi də Azərbaycan incəsənətinə
yeni ifadə tərzi, yeni
ifaçılıq maneraları gətirə bilmişdir. Bu gün artıq Azərbaycan musiqisini Bəxtiyar
lirikası, Bəxtiyar qəzəlləri olmadan təsəvvür
etmək mümkün deyil.
Şair elə “Muğam” poemasını da Azərbaycan
klassik musiqi mədəniyyətinin dəyərlərinə
sadəcə ehtiram bəsləməyin gərək
olduğunu göstərmək üçün qələmə
almamış, həm
də muğam sənətini dünya mədəniyyətinin
zirvə qatına yüksəltmək məramı ilə
yazmışdır. Bəxtiyar Vahabzadənin Azərbaycan
teatr səhnəsində oynanılan dram əsərləri də
bizim müasir milli mədəniyyətimizin ən seçkin
nümunələridir. Onun “İkinci səs”,
“Yağışdan sonra”, “Dar ağacı”, “Hara gedir bu
dünya”, “Atamın kitabı”, “Fəryad”, “Rəqabət” kimi
əsərləri yalnız şair qələmindən
çıxmış, tarixin və müasirliyin canlı
obrazlarını, personajlarını təqdim edən dramatik
pyeslərdir. Bunların içərisində tarixi sənədlər
əsasında yazılmış “Özümüzü kəsən
qılınc” (“Göytürklər”) xüsusilə fərqlənir.
Əsərdə eramızın 630-cu ilində Çin
imperiyasının dağıtdığı, lakin 50 ildən
sonra yenidən özünü bərpa etmiş Göy
Türk xaqanlığının istiqlal uğrunda
apardığı mübarizə tarixindən bəhs edilir.
Göytürklər Avrasiyada elə bir etnik xəritənin əsasını
qoymuşlar ki, 1500 il keçməsinə
baxmayaraq, bu gün türk dünyası əsasən məhz
həmin coğrafiyada yaşayır. Mütəfəkkir sənətkarın
əsas qayəsi də budur: Göytürklər tarixdə inqilab edib,
böyük türk birliyinə təməl qoyduqları kimi,
bu gün də Avrasiyanın türk xalqları öz əcdalarından
ibrət götürərək, müasir tarixin türk
birliyini gerçəkləşdirməlidirlər.
Azərbaycanın tarixi və müasir mədəniyyətinin
elə bir mühüm hadisəsi yoxdur ki, Bəxtiyar Vahabzadə
ona öz münasibətini orijinal bir refleksiyada bildirməmiş
olsun. Eləcə də
müasir Azərbaycan mədəniyyətinin öndə olan
yaradıcılarından, demək olar, bir kimsə yoxdur ki, Bəxtiyar
haqqında söz deməsin.
Bəxtiyar Vahabzadənin təqribən 60 ili
əhatə edən zəngin yaradıcılığı Azərbaycanda
və xaricdə, xüsusilə Türkiyədə çox
geniş şəkildə öyrənilir, haqqında dəyərli
tədqiqat əsərləri yazılır. Bəxtiyar
Vahabzadənin poeziyası, dramaturgiyası, ədəbi-siyasi
publisistikası, klassik ədəbiyyatımız haqqında tədqiqatları,
çıxışları və müsahibələri
müasir Azərbaycan mədəniyyətinin daim öyrənilməyə
layiq zəngin irsidir.
Milli-mədəni
irsimizə və bu irsin yaradıcılarına dərin ehtiram
hissi ilə,
Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 13 yanvar.- S. 6.