Xanlığın süqutu ilə erməni işğalının əsası qoyuldu

 

İrəvan xanlığının işğalından 185 il keçir

 

Ermənilərin Qərbi Azərbaycan ərazisində məskunlaşmaları 1441-ci ildə erməni katolikosluğunun Kilikiya ərazisindən Qərbi Azərbaycan ərazisində Qaraqoyunlu dövlətinin torpaqlarına-Üçkilsəyə köçürülməsindən sonra başlamışdır. İrəvan xanlığı ərazisindəki Azərbaycan torpaqlarının ermənilər tərəfindən hansı yolla ələ keçirilməsi  Mateadaranda qorunan 1687-ci ilə aid sənəddə də öz əksini aydın şəkildə tapmışdır.   Sənəddə göstərilir: “... Biz (yəni ermənilər nəzərdə tutulur) bu xanlığın ərazisindəki torpaqları ya satın alır, ya işğal edir, ya da sahibin əlindən çıxarır, ya rüşvət verib alır, ya bəxşiş kimi əldə ediryaxud zorla ələ keçiririk. İrəvan xanlığının başçısı Hüseynəli xanın hakimiyyəti vaxtında (1762-1783) xanlığın sərhədləri daha da böyüyərək Şorayel bölgəsinə qədər uzanmışdır.

 

Həmin vaxt İrəvan şəhəri-şimaldan Qırxbulaq, qərbdən və cənub tərəfdən Zəngibasar mahalları, şərqdən Qərbibasar (Körpübasar) mahallarından ayıran Oxçubert dağının daşlı pillələri ilə həmsərhəd idi.

Rus çarizminin İrəvan xanlığını zəbt etdiyi dövrdə yalnız İrəvan şəhərində 8 məscid var idi. 1804-cü ilin mayında rus qoşunu ordu komandiri general Pavel Sisiyanovun başçılığı ilə İrəvan xanlığının ərazisinə hərəkət etdi. Ruslar xanlığın ərazisində  12 top, 3572 piyada, 3 eskadron, 300 nəfər kazak və knyaz Orbelinin başçılığı ilə 200 nəfər gürcü knyazı və əyanlardan ibarət qüvvə cəmləşdirdilər.

1804-cü il iyul ayının 24-də rus qoşunları İrəvana hücuma keçdilər. İrəvan qala qarnizonu 60 topu və 7 min əsgərə malik qüvvə ilə rus döyüşçülərinə qarşı kəskin mübarizəyə qalxdı. Tarixi mənbələrin yazdığına görə, İrəvan qalasının birinci mühasirəsi vaxtı Rusiya tərəfi 2 minə qədər döyüşçü itirdi. Həmin  mənbələrdə,  həmçinin göstərilir ki, rusların İrəvan xanlığına ikinci yürüşü qraf Qudoviçin başçılığı ilə 1808-ci il oktyabr ayının 30-da də başladı. İrəvan xanı Hüseynqulu xan  Gərniçay sahilində gedən döyüşdə rus ordusuna məğlub oldu. Qudoviçin qoşunları oktyabrın 3-də Zəngi çayını keçərək İrəvan xanlığını mühasirəyə aldılar. Bu zaman İrəvan xanlığının komendantı Həsən xan Qacardan təslim olmağı tələb etdi. 1808-ci il noyabrın 17-də rusların İrəvan qalasına hücumu zamanı döyüşçülərin sayı 3 min  nəfərə yaxın idi. Buna baxmayaraq, min nəfərə qədər itki verən ruslar döyüşü dayandırmağa məcbur oldular. Mənbələrin məlumatından aydın olur ki, rus qoşunundan 17 zabit, 269 əsgər öldürülmüş, 829-u isə  yaralanmışdır. 1808-ci il  noyabrın 30-da Qudoviçin komandanlığı altında ruslar Tiflisə qayıtmağa məcbur oldular.

1809-cu ilin fevralında Qudoviç erməni mənşəli Tormosovla əvəz olundu. Tormosovun  1808-ci il noyabr ayının 17-də İrəvan xanlığını son dəfə almaq cəhdi də baş tutmadı. Rus çarı Nikolay çarizmə sadiqliyi ilə seçilən  general İ. Paskeviçi (1827-1831) Qafqazda yerləşən rus ordularının baş komandanı vəzifəsinə  təyin etdi. İrəvan qalasının üçüncü mühasirəsi zamanı qala qəhrəmanları 1827-ci il aprelin 27-dən   iyunun 23-dək  təslim olmadılar, mübarizələrini davam etdirdilər. Üçkilsədə yığılan rus qoşunları 1827-ci il oktyabrın 29-da Sərdarabad qalasını tutmağa və ələ keçirməyə çalışdılar.

İrəvan xanlığının müdafiəsini Hüseynqulu xan və qardaşı Həsən xan öz qüvvələri ilə təşkil edirdilər. Xanlığın qala hissəsi 1827-ci il  sentyabr ayının 15-dən topa tutuldu. Həmin ayın 20-də rus qoşunları qalaya girə bilmədilər. Ruslar qalada hərbi sursat və ərzaq, 13 top, 14 minçetvertbuğda ilə dolu anbar, pambıq parça ələ keçirdilər. “İrəvan xanlığı” kitabında (Bakı-2010) Paskeviçin törətdiyi azğınlıqlar, dağıntılar, eləcə də şəhərin divarlarının dağıntıları ətraflı  şəkildə verilmişdir.

Rus qoşunlarının komandiri Paskeviç 1827-ci il sentyabrın 21-də artilleriya birləşmələrini Üçkilsəyə tərəf yönəltdi. Qalanın müdafiəsinə xanın qardaşı Həsən xan Qacar başçılıq edirdi. İrəvanın rus orduları tərəfindən yenidən mühasirəsi isə 1827-ci il sentyabr ayının 24-də başladı. Üç gün ərzində qala artilleriya atəşinə tutuldu, qala bürcləri dağıldı. Ordu generalı Paskeviçin əmri ilə İrəvan qalasına 40 top, mindən artıq mərmi yağdırıldı. Belə bir şəraitdə qalada olan ermənilərin satqınlıq edərək düşmənlə əlaqəyə girmələri vəziyyəti daha da çətinləşdirdi. Erməni çavuşları generalla əlaqəyə girərək qalada yerləşən müdafiəçilərin mövqeyini, sayını, topların olduğu yerləri və hərbi sursatın yerini onlara bildirdilər.

Qalada xanın təcrübəli topçularının olmadığı üçün atılan toplar başqa əraziyə düşürdü. Digər tərəfdən, bəzi topların arxasında ermənilər dururduonlar topları rus qoşunlarına deyil, boş yerlərə atırdılar. Kənarda olan ermənilər isə qalanın tutulması üçün ruslara hər vasitə ilə kömək göstərirdilər.

Erməni satqınları oktyabrın 1-də yenidən işğalçı rus qoşunu ilə əlaqə yaradaraq qiyama qalxdılar. Onlar Həsən xandan tələb edirdilər ki, qalanı ruslara təslim etsin.

Xanlığın ərazisindən kənarda yaşayan ermənilər də  dəridən-qabıqdan çıxaraq qalanın işğalı üçün rus qoşununa yardım göstərir və qala divarlarının üstünə qalxıb papaqlarını çıxarıb yellədərək təslim olduqları barədə işğalçılara işarə verirdilər. Buna baxmayaraq, qalanın müdafiəsinə qalxan azərbaycanlı əhali öz qədim torpaqlarını qəhrəmanlıqla müdafiə edirdi.

Altı günlük mühasirədən sonra qalanın bu hissədən qalan divarları dağıdıldı və 6 qvardiya alayı şəhərə girdi. Xəyanətkar ermənilər xanlığın şimal qapılarını rus ordularının üzünə açdılar. Darvazaların açıldığını görən rus qoşunu qalaya soxuldu. Bu zaman Həsən xan özünün sadiq  adamları ilə məsciddə müdafiə olunurdu. Həsən xan Qacarla bərabər qalanın komendantı Sübhanqulu xan, Təbrizli Əlimərdan xan, xüsusi tabor komandiri Qasım xan və başqaları tutuldu. Ruslar İrəvan qalası darvazasının açarlarını, qala divarlarından ələ keçirilmiş dörd bayrağı şəhərin böyük küçələrində nümayiş etdirdilər.

İrəvan qalasının ələ keçirilməsi xəbərini eşidən çar I Nikolay Riqadan tələsik Peterburqa döndü. O, noyabrın 8-də qalanın işğalı münasibətilə bütün ailə üzvləri ilə birlikdə Qış sarayı kilsəsində dua oxuma mərasimi keçirdi. Erməni satqınlığının, xəyanətinin nəticəsində Qalanı işğal edən ordu generalı Paskeviç isə qraf titulu ilə mükafatlandırıldı.  1827-ci il  oktyabrın 2-də Paskeviçin əmri ilə  İrəvan qalasının  işğal olunması ilə bağlı rus qoşunlarının “qələbə” paradı keçirildi. Parad keçirilən zaman İrəvanın qala divarlarının böyük bir hissəsi, sanki, tarixin bu ədalətsizliyinə tab gətirməyib uçduonun dağıntıları altında qalan çoxlu sayda işğalçı rus döyüşçüsü  məhv oldu.

1828-ci il martın 1-də çar I Nikolayın xüsusi fərmanı ilə rus işğalçıları qədim Azərbaycan torpağı olan İrəvan və Naxçıvan xanlıqlarının  ərazisində “Erməni vilayəti” adlı qondarma qurum yaratdılar. Bununla da, tarixi  torpaqlarımızda erməni dövlətinin yaradılmasının, eləcə də Cənubi Qafqaz bölgəsində yeni münaqişə ocağının yaradılmasının əsası qoyuldu. İrəvan xanlığının süqutu ilə Şimali Azərbaycan çar Rusiyasının, Cənubi Azərbaycan torpaqları isə Qacarlar İranının əsarəti altına düşdü.

Hazırda dünyada ikili standartların, ayrıseçkilik siyasətinin davam etdiyi bir şəraitdə  bir milyon nəfərdən çox azərbaycanlı hələ də  qaçqın və məcburi köçkün həyatı yaşayır. Bütün bunlara baxmayaraq, xalqımız işğal olunmuş torpaqlarımız azad olunanadək şanlı və haqlı mübarizəsini davam etdirəcəkdir.

 

 

 Firudin CÜMŞÜDLÜ,

ADPU-nun Azərbaycan tarixi 

kafedrasının dosenti,

tarix elmləri namizədi

 

Xalq qəzeti.- 2013.- 13 yanvar.- S. 5.