Azərbaycan-NATO əlaqələrinin Qərb təhlükəsizlik sistemində yeri

 

Qərb dövlətlərinin hərbi-siyasi bloku kimi meydana gəlmiş Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) 1949-cu ildə ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Kanada, Belçika, Niderland, Lüksemburq, Portuqaliya, Norveç, Danimarka və İslandiya arasında bağlanan müqavilə əsasında yaradılmışdır. 1952-ci ildə Türkiyə və Yunanıstan, 1955-ci ildə AFR, 1982-ci ildə isə İspaniya bu bloka qoşulmuşdur. 1997-ci ildə NATO keçmiş sosialist düşərgəsinin üzvü olan Macarıstan, Çexiya və Polşanın da öz sıralarına daxil olması haqqında qərar qəbul etmiş və bu qərar 1999-cu ildə qüvvəyə minmişdir. Bir neçə il sonra isə 2004-cü ildə Rumıniya, Bolqarıstan, Slovakiya, Sloveniya və keçmiş Sovet respublikaları – Litva, Latviya və Estoniya da bloka qoşuldular. Bununla da Alyans üzvlərinin sayı 26-ya çatdı.

 

Beynəlxalq təşkilat olaraq NATO müasir dünyada siyasi vəziyyətə getdikcə daha ciddi təsir göstərir. Təşkilatın keçmiş SSRİ məkanında hadisələrə müdaxilə etməsi əsasən onunla bağlıdır ki, burada yaranmış yeni dövlətlərdə baş verən milli, etnik, ərazi münaqişələri bütövlükdə beynəlxalq münasibətlər sistemi üçün təhlükə mənbəyidir. Hərbi- siyasi təşkilat kimi isə NATO bütün dünyada, o cümlədən postsovet məkanında münaqişələrin ləğv edilməsində öz rolunu artırmağa, bu ölkələrdə siyasi və iqtisadi böhranın aradan qaldırılmasına, demokratik islahatlar keçirilməsinə zəruri kömək göstərməyə çalışır. NATO şəraitə uyğun olaraq vəzifələrini yenidən müəyyənləşdirir, dünya siyasətində öz təsirini və xüsusi çəkisini artırmağa səy göstərir.

NATO-nun dünyanın nəhəng hərbi bloku olaraq beynəlxalq siyasətdə iştirakı, xüsusilə Avropa və ABŞ-ın təhlükəsizlik maraqlarını ifadə etməsi onu istər-istəməz bölgə dövlətləri ilə də yaxınlaşdırmış, xüsusilə Avropa Şurasına üzv olan dövlətlərlə əməkdaşlığını sürətləndirmişdir. Şübhəsiz ki, NATO kimi ciddi və təhlükəsizliyin tam təmin olunduğu bir blokda olmaq əksər dövlətlərin marağındadır. Azərbaycan birbaşa olaraq xarici siyasətini bu qurumda təmsil olunmağa yönəltməsə də, təşkilatla etibarlı tərəfdaşlıq edən ölkələrdəndir. Bu baxımdan hüquqi-demokratik dövlət kimi inkişaf istiqamətlərindən birini Qərbə inteqrasiya olaraq götürən ölkəmiz bu qütbün təhlükəsizlik sistemində də təmsil olunmağı vacib görür və bunun üçün NATO ilə əməkdaşlığını sürətləndirir.

Azərbaycanla NATO arasında qarşılıqlı münasibətlərin ilk təzahürləri 1992- ci ilin oktyabrında özünü göstərdi. O zaman suveren dövlətimizin nümayəndə heyəti NATO-ya üzvü olan ölkələrin Türkiyədə təşkil olunmuş seminarında iştirak edirdi. Seminar zamanı Azərbaycan nümayəndələri NATO-nun Baş katibi M. Vernerlə görüşmüşlər. Burada qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmiş, ikitərəfli əməkdaşlığın zərurəti qeyd olunmuşdur.

1994- cü ilə qədər Azərbaycan- NATO münasibətləri, demək olar ki, epizodik və səthi xarakter daşıyırdı. Lakin getdikcə ərazisində separatçı qüvvələrin ciddi hərbi əməliyyatlar keçirdiyi, torpaqlarının 20 faizinin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edildiyi Azərbaycanın qüdrətli beynəlxalq təşkilatlarla, xüsusən NATO ilə əməkdaşlığa daha böyük ehtiyac hiss edilirdi.

Azərbaycan — NATO əməkdaşlığı həm də respublikamızın xarici siyasət strategiyasının bir neçə amili baxımından qiymətləndirilməlidir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmlə təmasda olsun və onu müstəqillikdən sonra yaranan problemlərimizin həllinə daha çox cəlb etsin. Bu üç faktor Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynamışdır.

NATO ilə əməkdaşlıq Azərbaycan üçün bir sıra başqa mühüm sahələrdə də cəlbedici perspektivlər açır. Azərbaycan Respublikasının NATO ilə strateji təhlükəsizlik, demokratik təsisatların, azad bazar iqtisadiyyatının inkişafı, yeni texnologiyaların respublika həyatına cəlb edilməsi və s. sahələrdə əməkdaşlığa xüsusi ehtiyac duyulur. NATO-nun bu sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açan bir sıra komitələri — mədəniyyət və informasiya, elmi məsələlər, müasir cəmiyyət, mülki cəmiyyət məsələləri üzrə fövqəladə planların işlənib hazırlanması bürosu, boru kəmərlərinin çəkilməsi və istismarı və s. mövcuddur.

Ümummilli liderimiz Heydər Əliyev NATO - nun beynəlxalq münasibətlərdə rolunu və dünya siyasətində yeni meyillərini nəzərə alıb, NATO proqramında iştirak etmək  haqqında prinsipial qərar çıxardı. Öz potensialını və mənafelərini əsas tutaraq, Azərbaycan dövləti 1994-cü il mayın 4-də suveren dövlət kimi, “Sülh naminə tərəfadaşlığ”ın çərçivə sənədini imzaladı. Azərbaycan Prezidenti Heydər Əliyevin NATO baş katibinin müavini S.Balansino ilə görüşü zamanı tərəflər belə bir yekdil fikrə gəldilər ki, silahlı münaqişələrin dayandırılması və sülhün bərqərar olması üçün “Sülh naminə tərəfdaşlıq” Proqramı mühüm rol oynaya bilər.

Əlbəttə, Azərbaycanın bu proqramı imzalaması NATO ilə əməkdaşlıqda ilk addım idi. Proqramın gələcəkdə Şimali Atlantika bloku ilə əməkdaşlıq sahəsində açacağı imkanları və bu əlaqələrin geniş parametrlərini nəzərə alsaq, atılmış addımın əhəmiyyətinə düzgün qiymət vermək olar.

Azərbaycan Prezidenti tərəfindən imzalanmış “Sülh naminə tərəfdaşlıq” Proqramının çərçivə sənədinin birinci müddəasında göstərilir ki, NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1994-cü il yanvarın 10 – 11-də keçirdikləri görüşdə qəbul etdikləri qərara əlavə olaraq, bu sənədi imzalamış, Avropa-Atlantika regionunda siyasi və hərbi əlaqələri dərinləşdirmək, təhlükəsizliyin daha da möhkəmlənməsinə kömək etmək əzmində olduğunu bəyan etmiş Şimali Atlantika İttifaqının üzvü olan dövlətlər və sənədə imza atmış digər dövlətlər Şimali Atlantika Əməkdaşlığı Şurası əsasında “Sülh naminə tərəfdaşlıq” Proqramını təsis edirlər.

1995- ci ildə NATO Verifikasiya Komitəsinin sədri Necil Nədimoğlunun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər zamanı NATO ilə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilmiş, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin və bölgədə sülh yaradılmasının vacibliyi vurğulanmışdır.

1996-cı il aprelin 22- də Azərbaycan Respublikası və Avropa İttifaqı arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında müqavilənin imzalanmasının NATO ilə əlaqələrin dərinləşməsində çox böyük əhəmiyyəti olmuşdur. Azərbaycanın xarici siyasətinin parlaq səhifələrindən biri kimi qiymətləndirilən və müstəqil dövlətimiz üçün tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə (Avropa Birliyi, Avropa Şurası, NATO və b.) əlaqələrinin genişlənməsi və dərinləşməsi üçün hüquqi baza rolunu oynayır.

1997-ci ilin əvvəllərində NATO baş katibinin Bakıya səfəri NATO- Azərbaycan əlaqələrinə xüsusi təkan verdi və təşkilatın ölkəmizlə bağlı niyyətlərinin ciddi olduğunu sübut etdi. Havyer Solana səfər ərəfəsində jurnalistlər qarşısında bəyan etdi ki, Azərbaycan Prezidenti ilə görüş zamanı Dağlıq Qarabağ probleminin həlli yollarının araşdırılmasına səy göstəriləcək. Azərbaycanın hərbi potensialının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bəzi danışıqlar aparılacaq. NATO baş katibi həmçinin blok ölkələrinin Madrid sammitinə qədər Qafqaz dövlətləri ilə əməkdaşlığın gücləndirilməsi imkanları, NATO- nun genişlənməsi əleyhinə Rusiyanın mövqeyinə region ölkələrinin münasibətini öyrənmək istəyirdi.

Azərbaycan- NATO əlaqələrinin mahiyyəti və xüsusiyyətlərinə qiymət vermək baxımından 1997 - ci ilin iyulunda Prezident Heydər Əliyevin Avropa - Atlantika Əməkdaşlıq Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının sammitindəki çıxışı xüsusi əhəmiyyət kəsb edir. Həmin çıxışda Azərbaycan Prezidenti yeni müstəqil dövlətlərlə NATO arasında əməli dialoqa və əməkdaşlığa böyük əhəmiyyət verdiyini xüsusi vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan bölgədə silahlı münaqişənin aradan qaldırılmasında həmçinin NATO - nun Avropa Atlantika Əməkdaşlıq Şurasının fəal roluna ümid bəsləyir. Onlar Qafqazdakı silahlı münaqişələri kənardan müşahidə etməməlidirlər.

Azərbaycan – NATO əlaqələri qarşılıqlı təhlükəsizlik maraqları çərçivəsində cənab İlham Əliyev Prezident seçildikdən sonra da davam etmişdir. 2004-cü ilin 28 iyununda Prezident İlham Əliyevin NATO-nun İstanbul Zirvə Toplantısında iştirak etməsi buna əyani sübutdur. Elə həmin ilin noyabrın 4-də NATO-nun Baş katibi Yaap de Hoop Sxefferin Bakıya rəsmi səfərə gəlməsi, Prezident və xarici işlər naziri ilə görüşlər keçirməsi, NATO ilə əməkdaşlıq komissiyasının toplantısında iştirak etməsi bu qurumun ölkəmizə verdiyi önəmi yenidən təsdiqlədi.

2006-cı ilin iyulunda NATO-nun Sülh və Təhlükəsizlik Naminə Elm Proqramının dəstəyi ilə Azərbaycanda kəskin formada zəhərli maddə olan melanjın gübrəyə çevrilməsi ilə bağlı zavod fəaliyyətə başlayır. 2009-cu ildə Azərbaycanın Əfqanıstanda hərbi kontingenti iki dəfə artırması ölkəmizin bu sahədə ciddi tərəfdaş olduğunu göstərdi. 2008-ci il aprelin 2–4-də Prezident İlham Əliyev NATO-nun Buxarest Zirvə Toplantısında iştirak etdi. NATO-nun üzv dövlətləri Buxarest Zirvə Toplantısında birgə bəyannamə qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədilər. Eyni cür dəstək təşkilatın 2009-cu ilin 3-4 aprelində Strasburq şəhərində keçirilmiş Zirvə Toplantısındada edilir. Əlbəttə ki, bütün bunlar təsüdüfi deyildir. Ermənistandan fərqli olaraq Azərbaycanın müstəqil xarici siyasət yeritməsi və beynəlxalq terrorizm, dövlətlərin ərazi bütövlüyü və strateji müttəfiqlik amillərində etibarlı partnyorluğa hörmətlə yanaşması ölkəmizə göstərilən etimadı xeyli yüksəltmişdir. Biz bunu beynəlxalq qurumlar və güc strukturları ilə tərəfdaşlıqda da aydın hiss edirik.

Ümumiyyətlə NATO-Azərbaycan əlaqələrinin əsas istiqamətlərini aşağıdakı prinsiplər təşkil edir:

Siyasi dialoq. Azərbaycan - NATO dialoqu ilk günlərdən dərin məzmunlu və sıx olmuşdur. Siyasi dialoq Azərbaycan və NATO rəsmilərinin davamlı təmasları zirvə toplantılarında iştirak və NATO + 1 formatında aparılan müntəzəm müzakirələri ilə həyata keçirilir. Hazırki siyasi dialoq zamanı Avro-Atlantika məkanında təhlükəsizlik, Cənubi Qafqaz regionunda vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi, Əfqanıstan məsələsi, enerji təhlükəsizliyi kimi aktual məsələlər müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir.

Praktiki əməkdaşlıq. Azərbaycan-NATO tərəfdaşlığının əsas sütunlarından praktik əməkdaşlığın istiqamətləri sırasına aşağıdakılar daxildir:

Müdafiə və təhlükəsizlik sektoru islahatları. Bu sahədə islahatlarda əsas məqsəd NATO standartlarının tətbiqi ilə mülki-demokratik nəzarət altında, effektiv və ölkənin ehtiyaclarına uyğun ölçüdə müdafiə və təhlükəsizlik  sektorunu inkişaf etdirməkdir.

Fövqəladə hallara hazırlıq. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yaradılmasından sonra NATO ilə geniş mülki fövqəladə planlaşdırma sahəsində əməkdaşlıq genişlənməyə başlamışdır. Bu sahədə əməkdaşlığın əsas istiqamətini fövqəladə hallara hazırlıq sahəsində milli imkanların artrırılmasına NATO-nun ekspertiza yardımının əldə edilməsidir.

Terrorizmə qarşı mübarizə. Azərbaycan  Terrorizmə qarşı Tərəfdaşlıq Fəaliyyət Planının məqsədlərinin yerinə yetirilməsinə töhfə məqsədi ilə NATO ilə əməkdaşlıq edir və AATŞ çərçivəsində müvafiq tədbirlərdə iştirak edir. Azərbaycan tərəfdaş ölkələr arasında bu sahədə öz fəallığı ilə seçilir.

Elm, ekologiya humanitar məsələlər. Dolğun xarakterə malik Azərbaycan-NATO tərəfdaşlığı sırf hərbi məsələlər ilə yanaşı, elm, təhsil, ekologiya humanitar məsələləri əhatə edir. 2006-2008-ci illərdə NATO maliyyəsi ekspertizası ilə Mingəçevir Ələt ərazisində keçmiş sovet ordusundan qalma 1400 ton vaxtı keçmiş, yüksək zəhərli raket yanacağının zərərsizləşdirilməsi üzrə 2,2 milyon avro məbləğində layihə həyata keçirilmişdir. Bundan savayı, NATO-nun Xəzər dənizinin digər su hövzələrinin öyrənilməsi elmi həlli yollarının hazırlanması üzrə layihələr həyata keçirilir.

İctimai diplomatiya. Azərbaycan hökuməti Avro-Atlantik inteqrasiya strateji məqsədlərin, o cümlədən, NATO ilə tərəfdaşlığına ictimaiyyətin dəstəyinin əldə edilməsinə həmişə böyük əhəmiyyət vermişdir. Bu sahədə dövlət gənclərimizin təşəbbüsü ilə yaranan Azərbaycan - NATO Beynəlxalq Məktəbinin (NİSA) fəaliyyətini dəstəkləyir.

Spesifik əməkdaşlıq layihələri. Çevik əməkdaşlığa imkan verən FTƏP vasitəsilə hazırda NATO ilə bir neçə spesifik əməkdaşlıq layihələri üzərində aparılır. Hazırda bu, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə Azərbaycan Diplomatik Akademiyanın imkanlarının genişləndirilməsinə yönəlmişdir.

Göründüyü kimi, Qərb Təhlükəsizlik sisteminə inteqrasiya prosesində Azərbaycan-NATO əlaqələri olduqca mühüm yer tutur. Bu, Azərbaycan dövlətçilik institutunun möhkəmləndirilməsi təhlükəsizlik tədbirlərinin görülməsi, hərbi-ekoloji fəlakətlərin aradan qaldırılması, beynəlxalq terrorizmə qarşı birgə mübarizə tədbirlərinin  təşkil edilməsində xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan ciddi etibarlı tərəfdaş olaraq, sabit siyasətə malik, terrorla mübarizədə koalisyon qruplarda fəallığı ilə seçilən ölkə kimi NATO-nu cəlb edir bu, həm dövlətimiz, həm xalqımız üçün yalnız faydalı xarakter daşıyır.

 

 

Anar Turan

 

 Xalq qəzeti.- 2013.- 13 yanvar.- S. 3.