Paris Milli
Kitabxanasında saxlanılan Azərbaycan mədəniyyətinə
aid əsərlərin surəti ölkəyə
gətirilmişdir
AMEA-nın Əlyazmalar İnstitutu
Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə, mədəniyyətinə
dair 200-dən artıq materialın surətlərini, elektron
variantlarını əldə etmişdir. Bu barədə
APA-ya institutun direktor əvəzi Paşa Kərimov məlumat
vermişdir.
Onun sözlərinə görə, gətirilən materialların içərisində XX əsrin əvvəlində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə dair xəritələr və planlar, orta əsr əlyazmaları, müğənnilərin ifasında Parisdə patefona yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri var. Xəritə və planlardan XVIII əsrə dair Bakı şəhərinin planı, həmin dövrdə tərtib edilmiş Bakı körfəzinin xəritəsi və şəhərin planı, Abşeron yarımadasındakı neft quyularını göstərən xəritə, XVIII əsrdə çəkilmiş Xəzər dənizi, Volqa, Kür çayları və Xəzəryanı sahillərin xəritəsi, 1872-ci ildə Sankt-Peterburqda çəkilmiş Qafqaz bölgəsinin xəritəsi, 1724-1729-cu illərə aid Xəzər dənizinin şərq və qərb sahillərinin xəritəsi, 1721-ci ilə aid Xəzər dənizinin xəritəsi, əlyazmalardan 1467-ci ildə Təbrizdə Nəsrullah Münşi adlı katib tərəfindən köçürülmüş “Kəlilə və Dimnə”, cığatay dilində yazılmış, oğuz türklərindən bəhs edən “Oğuznamə”, təbabətə dair XVI əsrə aid “Əlacnamə” əsəri, Ə.Nəvainin əsərləri və s. böyük maraq doğurur.
P.Kərimov
deyib ki, Parisdən gətirilən sənədlər
arasında Avropa səyyahlarının Azərbaycanla
bağlı müşahidələrindən ibarət kitablar
da var: “XVII əsrdə İran və Azərbaycanda olmuş
Rafael dü Manın 1890-cı ildə çapdan
çıxmış kitabında Səfəvilər dövlətindən,
Şah İsmayıl Xətaidən, övladlarından,
İsfahandakı sarayda Azərbaycan türkcəsinin
mövqeyindən, ölkəmizin şəhərlərindən
və təbii sərvətlərindən bəhs olunur. Avropa
səyyahları Öjen Flandən və Paskal Kostun 1851-ci ildə
çapdan çıxmış “İrana səyahət” əsərində
Azərbaycan barədə geniş söhbət
açılır”.
Paris
Milli Kitabxanasından əldə edilmiş materiallar içərisində
Azərbaycan xalq mahnılarının XX əsrin əvvəllərinə
aid patefon yazılarının surətləri də var. Məşədi Hilal Zeynalovun ifasında Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasından bir parça, “O xal nə xaldı” mahnısı, Mahmud Behbudovun ifasında
“Dəsmalın, yar”, “Var
bir incəbel”, Məhəmməd
Zeynalın ifasında “Şikəstə”, Şövkət Məmmədovanın
ifasında “Sən ki”, “Mən bir güldüm”, “Mən görməzdim” adlı mahnılar
kifayət qədər aydın səslənir. Xalq
mahnılarının bir hissəsi erməni
ifaçılarının ifasında yazıya
alınmışdır. Anna Poqosova “İrəvanda xanın səsi”, “Qara gözüm”, Muxtar Ter Akopov
“Bəri bax”, “Şüştəri”, “Qarabağ şikəstəsi” havalarını
təmiz Azərbaycan dilində ifa
etmişlər.
Xalq qəzeti.- 2013.- 13 yanvar.- S. 3.