Məramı
xeyirxahlıq olan insan
1962-ci ildə Azərbaycanın Bərdə
rayonunda anadan olmuşdur. 1999-cu ildə Türkiyə vətəndaşlığına
qəbulu ilə Bərdəli soyadını
almışdır. 1979-1985-ci illərdə Azərbaycan Tibb
Universitetinin pediatiriya fakültəsində təhsil
almış, sonra Moskva şəhərində Rusiya Səhiyyə
Nazirliyinin Uşaq Xəstəlikləri
İnstitutunda təcrübə keçmişdir. Türkiyə
Respublikasında 28 yaşında tibb elmləri doktoru adına
yiyələnmişdir.
Professor Afiq Bərdəli Türkiyənin
İzmir şəhərində “Şəfa Özəl Xəstəxanalar”
şəbəkəsinin Genetik Diaqnostika Mərkəzini
qurmuş və rəhbəri olmuşdur. O, eyni zamanda, Egey
Universitetində kök hüceyrəsi kafedrasının
qurucusu və professorudur, Türkiyə Egey Universiteti tibb
fakültəsində molekulyar tibb laboratoriyasının
müdiridir. Beynəlxalq dərəcəli tibbi nəşrlərdə
dərc olunmuş 25 elmi və araşdırma istiqamətində
olan yüzlərlə məqalənin müəllifidir. Tibb
sahəsində fəaliyyətinə və tədqiqatlarına
görə onlarca sertifikata və 23 medala layiq
görulmüşdür. İngiliscə, italyanca, rusca mükəmməl
bilir. Evlidir, 2 övladı var.
Haqqında ilk dəfə “Ankara” tibb mərkəzinin
baş həkimi Zülfüqar Yusifovdan eşitmişdim. Zülfüqar həkim onun təkcə
elmindən yox, həm də qardaş Türkiyədə azərbaycanlıların
himayədarı olduğunu söyləmişdi. İzmirin
elitar mühitində, elmi mərkəzlərində onun
yaxşı tanınması məni də sevindirirdi. Bircə cümlədən ibarət olan təqdimat
da bu alimin kimliyini söyləməyə imkan verir: tibb elmləri
doktoru, professor Afiq Bərdəlinin
(Hüseynov) yaratdığı molyekulyar tibbi laboratoriya
bütün Türkiyədə ilk və tək, dünyada 3
elmi mərkəzdən biridir!
Mən onunla Türkiyənin 55 min nəfərə
qədər tələbəsi olan Egey Universitetinin tibb
fakültəsinin dəhlizləri ilə addımladıqca,
burada çalışanların-həkimlərin və tibb
bacılarının ona necə ehtiram göstərdiklərinin
əyani şahidiyəm. Xarakterindəki
ilahi səmimiyyət, münasibətlərindəki sadəlik,
təmiz və çılğın uşaq təbbəssümü
ilə dolu qayğı və davranışı,
aurasındakı müsbət enerji onu işindən-gücündən,
vəzifəsindən və tutduğu mövqeyindən
asılı olmayaraq hər kəsə sevdirir.
Universitetin
uşaq xəstəxanasının 2-ci mərtəbəsində,
sağ tərəfdəki qapının üstündə
“Afiq Bərdəli” lövhəsini görəndə “baş qərargaha”
(onun kabinetini belə adlandırırlar)
çatdığımızı anladım. Qapıda qələbəlik
idi. Növbə ilə sıralanmış adamlara həkimin gəlişi
əvəzsiz bir sevinc gətirmişdi. Otaqda divarlardan
asılmış sertifikat və diplomları gözucu
saymağa başladım. Heç 10-a
çatmamışdım ki, fikrimi başa düşən
professor: “Özünü yorma, - dedi. - Burada onların sayı
yüzdən çoxdur. Mənə “bir Azərbaycan çayı
iç, özünə gəl”, -söyləyən molyekulyar
tibb laboratoriyasının qurucusu prof. Afiq Bərdəli
“Avropada çox yüksək bir bal alaraq akkreditə olmağa
haqq qazandıq. Bu,
bir molekulyar tibb laboratoriyası üçün böyük
bir uğurdur”, - dedi. Əlavə etdi ki,
Türkiyədəki bütün universitet və dövlət
xəstəxanalarından xəstə qəbul edən
laboratoriyamız “Genetik böyrək narahatlıqlarının
diaqnozu”nu qoyan yeganə mərkəzdir. Ayrıca
olaraq tiroid xərçənginin molekulyar erkən diaqnozunu ilk
qoyan mərkəz də bizik.
Professor Afiq Bərdəli Türkiyə Respublikası Səhiyyə
Nazirliyi tərəfindən verilən “Genetik xəstəliklər
mütəxəssisi”, “Uşaq xəstəlikləri mütəxəssisi”,
“Revmatoloji xəstəliklər mütəxəssisi” kimi 3
diplomun, İtaliyanın Milan Universiteti tərəfindən
verilən molekulyar genetika sahəsində fəlsəfə
doktoru alimlik dərəcəsinin sahibidir.
Professorun
elmi fəaliyyətinə nəzər saldıqca, onun dünya
tibb elmindəki uğurları haqqında aydın təsəvvür
yaranır: ingiliscə nəşr olunan SCI indeksli jurnallarda 145
məqaləsi yayımlanmışdır. Dünya ədəbiyyatında
ən çox xəstə qrupu olan nefrotik sindrom və FMF
genetik çalışma işləri birmənalı olaraq professor Afiq Bərdəliyə
aiddir. Onun SCI indeksli jurnallarda 62 elmi tezisi dərc
olunmuş, professor beynəlxalq
konfrans və simpoziumlarda 172 elmi məruzə ilə
çıxış etmişdir.
Türk dilində nəşr olunan 34 məqalənin
müəllifidir və Türkiyədəki konfranslarda 191 elmi
təqdimatı vardır. Ümumiyyətlə isə,
onun 603 elmi məqaləsinə dünya tibb ədəbiyyatında
dərc olunan 1700 elmi işdə
istinad edilmişdir. Dünyanın 230 müxtəlif elmi qurumları tərəfindən
təsdiqlənmiş genetik layihənin müəllifidir. O,
indiyədək 92 elmlər namizədi və tibb elimləri
doktoru yetişdirmişdir. Təkcə bu fakt 50
yaşı yenicə tamam olan professor A.Bərdəlinin səhiyyə
elmi qarşısında uğurlu xidməti kimi təqdim oluna
bilər.
Professor Afiq Bərdəlinin işlədiyi
və dəvət aldığı ölkələrin
siyahısını təqdim etmək bəs edir ki, onun
dünyada çox böyük nüfuz sahibi olduğunu
görəsən: ABŞ, Kanada, Avstraliya, Almaniya, Fransa,
Hollandiya, İspaniya, Avstriya, Rusiya, Lüksemburq... Üstəlik,
İtaliyanın Genova, Milan, Triest, Pisa, Bolonya kimi məşhur
universitetləri ilə dörd il işləmişdir.
Rəhbərlik etdiyi laboratoriya Türkiyədə EMQN
(European Molecular Genetic Quality Network) akredetasiyasını
almış ilk və tək laboratoriyadır. Nefrotik Sendrom geni dunya tibb ədəbiyyatında
Berdeli geni (Turkish Gen)
olarak tanınır. Ümumiyyətlə
isə, müxtəlif tibbi və elmi tədqiqatların nəticəsi
olan və müxtəlif səhiyyə reyestrlərində Bərdəli
adı ilə qeydiyyatdan keçən bu cur layihələrin
sayı onlarcadır. Toplam olaraq, dünya
tibb elmində 315 müxtəlif genetik xəstəliyin
molekulyar diaqnostikasının hərtərəfli və elmi cəhətdən
əsaslandırılmış tədqiqatları bilavasitə
professor Afiq Bərdəlinin adı və elmi fəaliyyəti
ilə bağlıdır. Yeri gəlmişkən,
qeyd edilməlidir ki, səhiyyə sahəsindəki fəaliyyətinə
və elmi uğurlarına görə professor 24 nominasiyada
müxtəlif elmi mükafatlara layiq
görülmüşdür.
Professor
Afiq Bərdəli azərbaycanlı iş adamı Adil Pənahov
və onun doğmaları üçün ən xeyirxah
insandır. Adil belə deyir və davam edir:
- Məni,
eləcə də bütün ailəmizi onunla taleyin çox
amansız bir hökmü tanış edib
və dostlaşdırıb. Daha doğrusu, bu
tanışlıq qızım Səbinənin ağır xəstəliyə
düçar olması və müalicəsi üçün
hər yerdən əlimiz-əlacımız kəsiləndən
sonra ona müraciət etməyimizlə başladı. Ağırlığı və
amansızlığı sözlə ifadə edilə bilməyən
ağır günlərimizin iztirabına son qoyan bu insan indi
bizim ailənin ən əziz bir adamıdır. Hərdən fikirləşəndə onun bu əvəzsiz
xidməti önündə həmişə
özümüzü borclu bilirik. Bu insan
haqqında söhbət düşəndə Şəmkirdə
yaşayan bütün nəslimizin – atam Şəmistan
kişinin, anamın, qardaş-bacılarımın
üzünə xoş bir təbbəssüm gəlir. Mənim nəzərimdə professor Afiq Bərdəli
kimi həkim və insanın varlığı təkcə Azərbaycan
xalqı və türk dünyası üçün yox, həm
də bütün bəşəriyyət üçün
bir ərmağandır. Allah onu qorusun!
Adil Pənahovun bu fikirləri ilə şərik
olanların sayı, bəlkə də, yüzlərcədir. İndi Azərbaycanda,
İranda, İraqda, Suriyada, Misirdə, eləcə də
Türkiyənin hər bir məkanında professor Afiq Bərdəlini
yaradanın onlara tuş etdiyi bir xilaskar kimi dəyərləndirən
insanlar yaşayırlar. Egey Universitetinin Uşaq
xəstəxanasında yaradılan bu laboratoriya bütün
Türkiyənin səhiyyə sistemində barmaqla göstərilən
və istinad edilən bir elm mərkəzidir. Bu günə qədər 30 mindən çox xəstə
burada müayinədən keçmişdir.
Bərdəlilər
isə professor Afiq Bərdəlini ilk növbədə
Tapdıq kişinin oğlu kimi, öz soykökünə
görə tanıyırlar. Arabaçılar kəndində
dünyaya göz açan balaca Afiq 8-ci sinfə kimi doğma kəndlərində,
sonra isə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü
məktəbdə oxuyub. Atası Tapdıq
kişini erkən vaxtlarında itirib. Bu
itki uzun illər onun yaddaşında silinməz və
ağrılı izlər buraxsa da, yeniyetmə Afiqin öyrənmək,
yaratmaq eşqini söndürə bilməyib. Bəlkə də, bu itki ona həyatın vəfasız
və amansızlığını göstərməklə
yanaşı, həm də onun mübarizə meydanı
olduğunu da anlada bilib.
Professor Afiq Bərdəli deyir ki, ümummilli liderimiz Heydər
Əliyev Türkiyə Respublikasına səfəri zamanı
burada yaşayan azərbaycanlılarla görüşməyə
vaxt ayırdı. Ümummilli liderimiz Heydər Əliyev bizə belə
söylədi: “Bu çətin günlərdə fərqli
yerlərdə ola bilərsiniz, ancaq harada
olursunuzsa-olun, bir azərbaycanlı olduğunuzu unutmayın, bu
ada layiq olun”. Bu sözlər məni o illərdə
çox təsirləndirdi. O illərdə dünyada
genetika sahəsində ağlasığmaz məlumatlara yol
açan bir layihədən ciddi söhbətlər gedirdi. Bu, 21-ci əsrin ən əhəmiyyətli müvəffəqiyyəti
olaraq qəbul edilən və bu gün dünyaya
açıqlanan insan gen layihəsi idi. Belə
əhəmiyyətli təklifi həyata keçirmək,
genetika sahəsində insanlığa xidmət vermək qərarına
gəldim. 2000-ci ildə dünyanın
lider ölkələri tərəfindən bütün
dünyaya elan olunan bu layihə 2003-ci ildə tamamlandı və
insanın DNT-genetik şifrəsi həll edilmiş oldu. 3.250 000 000 000 hərfdən ibarət (nukletit) bu
şifrə 30.000 gendən meydana gəlməklə və təxminən
50 000 zülal kodlamkala qəbul edilməkdədir. Genetikanın 21-ci əsrin fərqli bir elm sahəsi
olduğunu hər kəs qəbul edir. Bu
layihənin nəticələri digər biotexnoloq sahələr
ilə yanaşı, tibb sahəsində də yeni diaqnoz və
müalicə imkanları ortaya qoymuşdur.
Təkcə
həyat bəxş etdiyi insanlar və iş yoldaşları
yox, həm də dostları, həmkarları da onu çox
sevir, haqqında doymadan danışırlar. Tibb elmləri
doktoru, ümumi və laparoskopik cərrah Qurbanxan Müslümov professor
Bərdəli haqqında deyir:
- Mən
onu genetikanı öyrənən və bu sahədə
böyük uğurlar qazanmış yenilikçi alim kimi
tanımışam. Düzdür, elə yaxın və
işgüzar əlaqələrimiz olmayıb, amma
hal-hazırda Azərbaycanın ən məşhur
klinikalarında və səhiyyə ocaqlarında
çalışan, Türkiyədə təhsil almış
onlarca həkim tanıyıram ki, onların hər biri Afiq Bərdəli
haqqında fəxrlə və ürəkdolusu
danışır. Onların hər biri
üçün Afiq Bərdəli öz
xeyirxahlığı ilə, dəyərli məsləhət
və əməli köməyi ilə yaddaqalan bir insandır.
Hər dəfə tanışlarım, həkim
dostlarım Afiq Bərdəli haqqında danışanda tibb
elminin modern bir sahəsi olan genetikanı öyrənən və
bu sahədə böyük uğurlar qazanan Afiq Bərdəlinin
etdiyi həyati xeyirxahlıqlar bu söhbətlərin fövqündə
durur. Təkcə bu xeyirxahlıqlarına görə o,
çox böyük
insandır, adamların ürəyində və həyatında
illər boyu yaşamağa layiqdir.
Məşhur
ürək-damar cərrahı Rəşad Mahmudov deyir:
- Professor Bərdəlinin tibb elmi sahəsində
qazandığı uğurlar bu elm sahəsində əvəzi
olmayan bir xidmətdir. El arasında “falçılıqla”
müqayisə edilən bu sahə, tibb elminin modern bir qolu
olmaqla bütün dünyanın diqqət mərkəzindədir.
Böyük fəxrlə qeyd etmək istəyirəm
ki, bu modern sahənin həm bütün dünyada, həm də
elm və səhiyyənin tərəqqi etdiyi Türkiyədə
inkişafı bizim hər birimizin müəllimi olan professor Bərdəlinin
adı ilə çox sıx bağlıdır.
İndi bu barədə danışdıqca yadıma
Türkiyənin İzmir şəhərində təhsil
aldığım günlər düşür. Keçən
əsrin sonlarına təsadüf edən bu dövr təkcə
çətinlikləri ilə yox, həm də böyük
bir əzmkarlıq tarixi kimi yaddaşımızda
yaşayır. İndi mənim dediyim bu fikirlərlə tanış olanlar üçün ola bilsin ki,
çox təəccüblü görünəcək, amma o
dövrdə — 90-cı illərdə Azərbaycanı
tanıyanlar heç barmaqlarımızın sayı qədər
də deyildi. İnanın ki, onda eşitsəydik
ki, Türkiyənin 3-cü böyük şəhəri olan
İzmirə Azərbaycandan kimsə gəlib, bəlkə də,
şəhərin bu başından o başına payi-piyada
getməyə hazır idik. Belə bir məqamda
Türkiyənin ən ünlü universitetlərindən biri
olan Egey Universitetində professor Afiq Hüseynovun işlədiyini
eşitmək dünyaya sahib çıxmaq kimi bir fakt idi.
Dünyaca şöhrəti olan bu insanı tanıdıqca adam onun sadəliyinə, qayğıkeşliyinə,
elminə, əqidə və əməllərinə vurulur, bu
böyük insana və nəcib həkimə özünü
borclu bilir.
İzmirdə
yaşayan iş adamı, iqtisadçı alim Asif Qurbanov
üçün də professor Afiq Bərdəli əziz
adamlardan, həm də dostlardan biridir. O deyir:
- Elə
adamlar var ki, onlar haqqında düşünəndə
insanın üzü gülür. Afiq müəllim
məhz belələrindəndir, onun haqqında
düşünəndə pozitiv enerji alırsan, onu şəxsən
tanıyanlar bu xoş əhval-ruhiyyəni hiss edirlər.
Neçə illər əvvəl – hələ
İzmirdə tələbə olduğum vaxtlarda Afiq həkimi
tanımışam. İlk ünsiyyətdə
olduğum anlardan da onun böyük bir insan və vətənpərvərliyinin
şahidi olmuşam.
Afiq müəllimi istər mənə,
istərsə də başqalarına sevdirən və dost edən
onun səmimiyyəti, əqidəsidir, gördüyü
işlərdir... Heç yadıma gəlmir ki, onunla tanış olduğum 20 ilə yaxın bir
müddətdə Afiq Bərdəli öz şəxsi bir
işi üçün kiməsə ağız
açsın, ya da bir xahiş etsin. Amma İzmirə gələn
hər bir azərbaycanlı gənc və ya xəstə
üçün Afiq Bərdəli ərki
çatıb-çatmasa da, qapılar döyüb, xahişlər
edib... Afiq Bərdəlinin məşğul
olduğu elm sahəsi ilə bağlı tibb mütəxəssisi
olmadığımdan yaxın tanışlığım
yoxdur. Amma onun elmi axtarışları və
əldə etdiyi uğurlar haqqında bütün Türkiyənin
necə maraq və şövqlə
danışdığının dəfələrlə
şahidi olmuşam. Həmişə yenilikçi alim
kimi tanınan və bütün Türkiyədə, o cümlədən
İzmirdə elmi uğurları ilə ad çıxaran
professorun uğur və qələbəsi, təkcə Afiq
müəllimin deyil, bütövlükdə Azərbaycan
elminin uğuru kimi böyük dəyərə malikdir. Həmişə
bu cür nurlu, dəyərli olasan, Afiq xocam!
Namiq Əhmədov
Xalq qəzeti.- 2013.- 13 yanvar.- S. 7.