2012-ci ilin
yekunları: dayanıqlı iqtisadi inkişaf və yeni
gözləntilər
Azərbaycan iqtisadiyyatı daha
uğurlu bir ili arxada qoydu. Ötən ilin iqtisadi nəticələri
sadəcə makroiqtisadi göstəricilərlə
müşahidə edilən artım deyildir. Bu, həm də
ölkə iqtisadiyyatında dayanıqlı inkişafın
qorunub saxlanılması və ümumi daxili məhsuldakı
(ÜDM) artımın qeyri-neft sektorundakı inkişaf
hesabına formalaşmasıdır. Belə vəziyyət ölkə iqtisadiyyatının
neft sektorundan asılılığının aradan
qaldırılmasından və dayanıqlı iqtisadi artım
tempinin formalaşmasından xəbər verir.
Ölkə
Prezidenti cənab İlham Əliyevin Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il bayramı münasibəti
ilə ötən il dekabrın 31-də Azərbaycan
xalqına ünvanlanan təbrikində qeyd edilir ki, 2012-ci ildə
Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir:
“İqtisadiyyatda yenə də inkişaf özünü
göstərir. Ən sevindirici hal ondan ibarətdir ki, qeyri-neft
iqtisadiyyatımız təxminən 10 faiz artmışdır.
Bu, onu göstərir ki, bizim iqtisadi islahatlarla bağlı
siyasətimiz çox uğurludur, çox təsirlidir”.
Ölkə
Prezidenti daha sonra bildirmişdir ki, iqtisadiyyatımız
çoxşaxəli iqtisadiyyatdır. Gələcək illərdə
ölkəmizin dayanıqlı iqtisadi inkişafı
üçün əlavə imkanlar yaranacaqdır.
Bütün iqtisadi göstəricilər çox yüksək
səviyyədədir. Yoxsulluq 6 faizə
düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100
mindən artıq, son doqquz il ərzində isə 1 milyon 100
mindən çox iş yeri açılmışdır.
İş yerlərinin açılması bilavasitə
işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir.
İqtisadi sahədə aparılan islahatlar,
düşünülmüş siyasət imkan verir ki, sosial məsələlərin
həllində də böyük nailiyyətlərə imza
ataq. 2012-ci ildə maaşlar, pensiyalar
qaldırılmışdır, ünvanlı sosial yardım
on minlərlə ailəni əhatə edir. 2012-ci ildə sovet
əmanətlərinin qaytarılması prosesi
başlamışdır. Bu il bu proses başa
çatacaqdır. MDB məkanında Azərbaycanda bu sahədə
aparılan siyasət ən yüksək qiymətə malikdir.
Çünki bu əmanətlərin ən yüksək əmsalla
və ən qısa müddət ərzində
qaytarılmasına nail olunacaq. Bütün bu məsələlər
onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə
düşünülmüş siyasət konkret nəticələrini
verməkdədir.
Dayanıqlı iqtisadi inkişaf: yaxın
tarixə baxış
Ölkə
Prezidentinin qeyd etdiyi kimi, 2012-ci
ildə Azərbaycan iqtisadiyyatındakı inkişaf
bütün sahələrdə müşahidə
edilmişdir. Avropa Birliyində maliyyə böhranının
daha da dərinləşdiyi və qlobal iqtisadiyyatda
durğunluğun davam etdiyi 2012-ci ildə ölkə
iqtisadiyyatının dinamikasına nəzər saldıqda gələcək
iqtisadi strategiyanın inkişafı üçün əhəmiyyətli
addımların atıldığı bəlli olur. Ötən il ÜDM-in həcmi real
bazar qiymətləri ilə 43,5 milyard manat olmaqla 2,2 faiz,
qeyri-neft sektorunun payı isə 24,9 milyard manat olmaqla 8,6 faiz
artıb.
2012-ci
il əhalinin gəlirlərində 7,4 faiz, orta aylıq əmək
haqqında 5,7 faiz həcmində real artımın olması və
bu zaman inflyasiyanın təxminən 1,3 faiz mövcudluğu milli rifahın
yüksələcəyini deməyə əsas verir. Bunula da əhalinin
gəlirləri 34,5 milyard manata qədər artıb.
Digər
tərəfdən, ÜDM-də gözlənilən 2,2 faizlik
artımın faktiki olaraq neft hasilatının azalması
fonunda baş verməsi qeyri-neft sektorundakı canlanmadan xəbər
verir. 2012-ci ildə
qeyri-neft sektorunda 10 faizə yaxın real artım əldə
edilib. Bu isə onu deməyə əsas verir ki,
qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində
görülən işlər fayda verməkdədir. Yeri
gəlmişkən, xatırladaq ki, 2012-ci ilin on bir ayı ərzində
qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 24,665 milyard manat
olmaqla 2011-ci ilin eyni dövrü ilə müqayisədə
9,7 faiz artıb.
İqtisadiyyatın,
xüsusilə, sənayenin qeyri-neft sektoruna diversifikasiyası
hazırda əsas prioritet məsələ olaraq
qalmaqdadır.Onu da qeyd etmək lazımdır ki, ötən
ilin 11 ayı ərzində qeyri-neft sektorunda 9,7 faizlik
artımın olması müsbət hal olmaqla yanaşı, 2012-ci
ilin iqtisadi yekunlarının daha
dayanıqlılığına imkan yaradıb.
2005-ci ildən etibarən qeyri-neft sektorunun bir qayda olaraq
artdığını görmək olar.Məhz bu prizmadan
yanaşdıqda, sektorun 2020-ci ilə qədər ÜDM-dəki
payının 75 faizə yüksələcəyini proqnozlaşdırmaq
olar. 2012-ci ildə isə 2011-ci illə müqayisədə
təqribən bu sektorda 7 milyard manat əlavə ÜDM-in
yaradılacağı proqnozlaşdırılır ki, bu tempi
saxlamaq ölkənin gələcəyi baxımından
çox mühümdür. 2012-ci ilin on bir ayında
yaradılan əlavə dəyərin 50,5 faizi sənayenin, 9,9
faizi tikintinin, 5,7 faizi kənd təsərrüfatının,
8,2 faizi ticarət və xidmət sektorunun, 1,8 faizi rabitənin,
12,7 faizi isə digər sektorların payına
düşüb.
Dövlət büdcəsinin
icrası: uzunmüddətli profisit
2012-ci ilin dövlət büdcəsinin gəlirləri
17,038 milyard manat olmaqla 2011-ci ildən 1,338 milyard manat, xərcləri
isə 17,672 milyard manat olmaqla 2012-ci ildən 2,276 milyard manat
artıq proqnozlaşdırılıb. 2012-ci il
büdcə kəsiri 634 milyon manat məbləğində
hesablanmışdı.
2012-ci il
büdcə gəlirlərinin tərkibində gömrük
rüsumlarının xüsusi çəkisində 2012-ci illə
müqayisədə 4,8 dəfə
artım gözlənilir. Ölkə
iqtisadiyyatı inkişaf etdikcə büdcə gəlirlərinin
neft sektorundan asılılığının
azaldılması və vergi yükünün
artırılması əsas hədəf hesab olunur ki,
göründüyü kimi, bu sahədə son illər hiss
edilən uğurlar əldə edilmişdir. 2012-ci ilin on
ayı ərzində dövlət büdcəsinin gəlirləri
14,2257 milyard manat və yaxud 2011-ci illə
müqayisədə 34,9 faiz
artıq, xərcləri isə
12,2096 milyard manat və yaxud 2011-ci illə müqayisədə
23,4 faiz artıq yerinə yetirilib. On ayın nəticələrinə
görə dövlət büdcəsində 2,016 milyard manat
profisit yaranıb.
Cənubi
Qafqaz dövlətlərinin 2012-ci il üçün ümumi
büdcə gəlirləri 26,6 milyard
manat, büdcə xərcləri isə 26,7 milyard manat
proqnozlaşdırılıb. Azərbaycanın Qafqaz dövlətlərinin
ümumi büdcə gəlirlərindəki payı 19,9 milyard manat və yaxud 74,8 faiz, ümumi
büdcə xərclərindəki payı isə 19,5 milyard
manat və yaxud da 73 faizdir.
Xarici ticarət dövriyyəsi:
dayanıqlı ixrac imkanları
Dövlət Gömrük Komitəsinin məlumatına
görə, 2012-ci ilin 11 ayı ərzində ölkənin
ümumi ticarət dövriyyəsi 30,538 milyard dollar olub. İdxal-ixrac əməliyyatları
154 ölkə ilə həyata keçirilib.Xarici ticarət
dövriyyəsində ixracın məbləği 22,094 milyard
dollar olub.
Hesabat dövrünə
ixracın ümumi həcminin 93 faizi və yaxud
20,563 milyard dolları xam neft, neft məhsulları və təbii
qazın satışından formalaşıb. 2011-ci
illə müqayisədə 2012-ci ildə xam neftin ixracı 12
faiz, neft məhsullarının ixracı isə 15 faiz
azalıb. Lakin təbii qazın ixracı 7 faiz artıb. Nəticədə
təbii qaz ixracının ümumi ixracdakı xüsusi
çəkisi artaraq 2,54 faiz olub.Yeri gəlmişkən, ötən
ilin ən mühüm hadisələrindən biri Azərbaycan
və Türkiyə arasında Trans-Anadolu qaz kəməri
(TANAP) üzrə müqavilənin imzalanması olub. İlkin
olaraq 16 milyard kubmetr qazın Türkiyə və Avropa
bazarlarına ixrac edilməsinə imkan verən, dəyəri
7 milyard dollar qiymətləndirilən TANAP 2018-ci ilin ortalarında istifadəyə
veriləcək ki, nəticədə ölkəmiz neft ilə
paralel olaraq qaz ixracatçısına çevriləcək. Bu isə neft hasilatının azalmasından
qaynaqlanan iqtisadi geriləmənin müəyyən qisminin
kompensasiya edilməsinə imkan verəcək.
İdxalın
ümumi ticarət dövriyyəsindəki xüsusi çəkisi
ötən illərlə müqayisədə artaraq, 28 faiz olub. 2011-ci
ilin müvafiq dövrü ilə müqayisədə 0,76 faizlik azalmanın olmasına baxmayaraq,
idxalın xüsusi çəkidə artması ixracda baş
verən azalma ilə bağlıdır.
Əhalinin gəlirləri: Azərbaycan
regionda liderdir
Bu
mövzuda əsas məqsədimiz ölkənin 2012-ci il ərzində iqtisadi mənzərəsini dəyərləndirmək
olduğu üçün əhalinin gəlirlərində və
məşğulluqda baş vermiş dəyişmələrə
diqqət etməyimiz vacibdir. Ötən il qeyri-neft sektorunda
9,7 faizlik artım, yeni iş yerlərinin açılması
və əhalinin gəlirlərinin çoxalması ilə
müşayət olundu.Belə ki, 2012-ci ilin 9 ayı ərzində
92 mindən artıq yeni iş yerləri açılıb. Həmçinin
yanvar-noyabr ayları ərzində əhalinin gəlirləri
ötən ilin eyni dövrü ilə müqayisədə
13,7 faiz artaraq 29,9 milyard manat, adambaşına düşən
gəlir 12,2 faiz artaraq 3260 manat, orta aylıq nominal əmək
haqqı isə 9 faiz artaraq 390,2 manat olub. 2012-ci ildə əhalinin
gəlirlərinin 8,3 faizi vergilər, sosial
sığorta və üzvlük haqlarına, 1,6 faizi isə
kreditlər üzrə faizlərin ödənilməsinə sərf
edilib. 27,4 milyard manat isə əhalinin sərəncamında
qalıb ki, bu da ötən illə müqayisədə 14 faiz
artıqdır. Nəzərə alsaq ki, bu il istehlak
mallarında inflyasiya 1,2 faiz olub
bu zaman demək olar ki, adambaşına düşən gəlir,
yəni 3260 manat əvvəlki illə müqayisədə təxminən 11 faiz bəndi daha dəyərli olub
(xatırladaq ki, faktiki artım 12,2 faizdir).
Orta
aylıq əmək haqqının səviyyəsinə
görə, Azərbaycan Qafqazda birinci yerdədir. Bu isə onu deməyə əsas verir ki, ölkəmizdə
əhalinin sosial həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində həyata
keçirilən kompleks tədbirlər öz səmərəsini
verməkdədir.
2012-ci ildə
Azərbaycan vətəndaşları üçün baş
verən daha bir mühüm hadisə isə ölkə
Prezidentinin 14 mart 2012-ci il tarixli fərmanı ilə keçmiş SSRİ
dövründən qalan əmanətlərin dəyərinin
müəyyən indeksləşmə qaydası ilə ödənilməsinə
başlanılması oldu. Bu məqsədlə əmanətçilərə
500 milyon manat vəsait ödənilib. Nəzərə
alsaq ki, qaytarılacaq əmanətlərin məbləği təxminən
bir milyard manat hesablanır, deməli 2013-cü il
ərzində də bu yolla 500 milyon manat vəsait əhalinin
ailə büdcəsinə daxil olacaq.
Pul-kredit siyasəti: möhkəm
valyuta xətti
Mərkəzi
Bankın 2012-ci il üçün əsas
pul-kredit siyasəti əvvəlki illərdəki kimi,
inflyasiyanın birrəqəmli olmasının təmin edilməsi,
manatın məzənnəsinin möhkəmləndirilməsi,
həmçinin banklar və digər maliyyə-kredit təşkilatlarının
fəaliyyət mexanizmlərinin daha da təkmilləşdirilməsidir.
Görülən tədbirlər nəticəsində Azərbaycan
manatı 0,2 faiz
möhkəmlənərək 1,283 ABŞ dolları olub.
Bu isə manata inamı daha da artırıb və
milli valyutamızın yığıma yönləndirilməsini
sürətləndirib.
2012-ci il inflyasiya 1,3
faiz qiymətləndirilir ki, nəticədə Mərkəzi
Bank uçot dərəcələrində 0,25 faizlik azaltma
etməklə pul-kredit siyasətini yumşaltmaq istiqamətində
addım atıb. Həmçinin 2011-ci ildə Mərkəzi Bank bank
sisteminin daha dayanıqlı və kapitaltutumlu olması məqsədi
ilə 2014-cü il yanvarın birindən etibarən nizamnamə
kapitalının 50 milyon manata çatdırılması haqqında
qərar verdi. Beləliklə, Azərbaycanda bank
sektorunun daha güvənli olması və sağlam təməlinin
təmin edilməsi istiqamətində vacib olan daha bir addım
atılıb.
Mərkəzi Bankın həyata keçirdiyi pul-kredit
siyasəti nəticəsində 2012-ci ildə ölkə
üzrə bank aktivlərinin rentabelliyi artıb, həmçinin
aktivlərin likvidlik göstəriciləri müsbətə
doğru inkişaf edib. Belə ki, ilin sonuna olan nəticələrdə
bankların likvid aktivlərinin həcmi ümumi aktivlərin
12,8 faizinə bərabər olub.Bu isə əhalinin
il ərzində banklara yerləşdirdiyi əmanətlərin
təxminən 50 faizinə uyğun gəlir. Eyni zamanda, 2012-ci
ildə bankların məcmu kapitalının ümumi həcmi
30 faiz artıb və 11 ayın
nəticələrinə görə kapitalın gəlirliliyi
9 faiz, bank aktivlərinin anoloji göstəricisi isə 1 faiz
olub.Ümumilikdə isə kapitalın adekvatlıq göstəricisi
15,7 faiz olub. Xatırladaq ki, bu göstərici 12
faiz olduqda normal hesab edilir.
Bu ilin
sonuna bank resurslarında xarici borc öhdəliklərinin
xüsusi çəkisi 15,5 faiz olub ki, bu
da normal hesab edilir.
Strateji valyuta ehtiyatları: MDB-də ən
yaxşı göstərici
2012-ci
ilin yanvar-noyabr aylarında Azərbaycanın strateji valyuta
ehtiyatlarının həcmi təxminən 6 milyard dollar və
yaxud da 14,7 faiz artıb. Hazırda ölkəmizin
valyuta ehtiyatları 46,5 milyard dollardır. Qeyd edək ki, Azərbaycanın strateji valyuta
ehtiyatları Dövlət Neft Fondunun aktivlərindən,
hökumətin depozitlərindən və Mərkəzi
Bankın sərəncamında olan valyuta ehtiyatlarından ibarətdir.
ARDNF-nin valyuta ehtiyatları strateji valyuta
ehtiyatlarının əsasını təşkil edir və
fondun təsis edildiyi 2001-ci ildən bu günədək fondun
aktivləri 70 dəfə artıb.
Ötən
il Dövlət Neft Fondu vəsaitlərinin
həcmi 4 milyard dollardan çox artmışdır. 27 oktyabr 2011-ci ildə ARDNF-nin vəsaitlərinin idarə
edilməsinə dəyişikliklər olunduqdan sonra 2012-ci ildə
fond ilk dəfə London, Paris və Moskva şəhərlərində
daşınmaz əmlak-mülklər alıb.
Strateji valyuta ehtiyatı nə qədər çox
olarsa, əlbəttə, ölkəmizin maliyyə
dayanıqlığı və xarici investisiyaların cəlb
edilməsində etibarlı tərəfdaş statusu güclənir. Həmçinin ölkəmizin
müharibə şəraitində olması valyuta
ehtiyatlarının əhəmiyyətini daha da önəmli edir. Hazırda
Azərbaycanın strateji valyuta ehtiyatları ÜDM-in 70 faizinə
bərabər olmaqla ölkənin xarici borcundan 9 dəfə
artıqdır.
Valyuta ehtiyatlarının artım dinamikasına diqqət
etdikdə görmək olar ki, 2011-ci və 2012-ci illərdə
neft hasilatının azalmasına baxmayaraq, bu sahədə
artım davam edib. Bu isə onu deməyə əsas verir ki,
zaman keçdikcə ölkəmiz öz maliyyə-kredit siyasətinin
həyata keçirilməsində daha çox təcrübə
qazanır.
Azərbaycan dövlət rezervlərinin ÜDM-də
payına görə, MDB-də ən yaxşı göstəriciyə
malikdir. Bu isə ölkə iqtisadiyyatı üçün
sığorta yastığı rolunu oynayır.
Xarici borcların ÜDM-də
payı: MDB-də alternativsiz mövqe
Hazırda
respublikamızın xarici borclarının məbləği 4,5 milyard dollardır. Bu isə ÜDM-in 7,1 faizi deməkdir.
Bu göstərici üzrə MDB-də heç bir
ölkə Azərbaycan ilə rəqabətə girmir. Respublikamızda xarici
borcların ÜDM-də payının az
olması ölkənin iqtisadi təhlükəsizliyi
baxımdan olduqca əhəmiyyətli məqamdır.
Avropa
Birliyində böhranın müşahidə olunmasına
baxmayaraq, 2012-ci ildə ÜDM-in təxminən 2 faiz artması və ən əsası
qeyri-neft sektorunda 9,7 faizlik artımın olması, həmçinin
inflyasiyanın 1,3 faiz təşkil etməsi, büdcənin kəsirlə
proqnozlaşdırıldığı halda profisitlə yerinə
yetirilməsi, strateji valyuta ehtiyatlarının 46,5 milyard
dollara kimi artması, əhalinin gəlirlərində 13,7
faiz və orta aylıq əmək
haqqında 9 faizlik artımın müşahidə edilməsi,
20 ildən sonra SSRİ dövründən qalan əmanətlərin
qaytarılmasına start verilməsi deməyə əsas verir
ki, Azərbaycan istənilən şərtlər daxilində
qarşıda duran vəzifələri reallaşdırmağa
qadir ölkədir.
2013-cü il: yeni
nikbin gözləntilər
Azərbaycanda
2013-cü ili
iqtisadi artımın
sürətlənəcəyi, qeyri-neft sektorunun
inkişafına yönələn
dövlət siyasətinin davam etdiriləcəyi və ölkəni
bütövlükdə əhatə edən iri infrastruktur
layihələrinin həyata keçiriləcəyi ilə
xarakterizə etmək olar. Bunlarla yanaşı, ölkənin
beynəlxalq statusunun möhkəmləndirilməsi və
Ümumdünya Ticatət Təşkilatına (ÜTT) üzv olmaq
üçün səylər davam etdiriləcək.
Bu il əhalinin
gəlirləri ötən illə müqayisədə 9,1 faiz artaraq 39,7 milyard manat, xərcləri isə
8,5 faiz artaraq 28,5 milyard manat olacaq.
Həmçinin orta aylıq əmək
haqqının əvvəlki ilə nisbətən 10 faiz
artıq olacağı, yoxsulluğun səviyyəsinin isə
5 faizə enəcəyi ehtimal edilir. 2013-cü ildə
ölkə iqtisadiyyatına cəlb edilən investisiyaların
həcmi 18 milyard manat proqnozlaşdırılır ki, bu vəsaitlərin
69,4 faizi qeyri-neft sektoruna yönəldiləcək.
2013-cü
ildə dövlət büdcəsinin gəlirləri 19,154
milyard manat, xərcləri isə 19,810 milyard manat həcmində
təsdiq edilib ki, bu da ötən illə müqayisədə
12,4 faiz artıqdır.Həmçinin bu il dövlət
büdcəsinə Neft Fondundan transfertin məbləği 11,5
milyard manat olacaq ki, bu da adıçəkilən fondun
2013-cü ilə proqnozlaşdırılan gəlirinə bərabərdir.
Ümumilikdə isə 2013-cü ildə
iqtisadiyyatın bütün sahələrində, o cümlədən
əhalinin sosial rifahının yaxşılaşdırılması
istiqamətində aparılan işlər davam etdiriləcək.
Vüqar BAYRAMOV,
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin sədri,
iqtisad elmləri namizədi
Xalq qəzeti.- 2013.- 15 yanvar.- S. 4.