Ötən il Azərbaycan iqtisadiyyatının beynəlxalq
reytinqləri yüksəlmişdir
Ölkə
başçısı İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi strategiya nəticəsində 2012-ci il Azərbaycan iqtisadiyyatının
inkişafı və şaxələnməsində mühüm illərdən biri
olmuş, qeyri-neft sektoru yüksək templə artmış,
ölkə orta gəlirli dövlətlər
qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir.
Əhalinin rifah
halının yüksəlməsi prosesi
sürətlənmiş, milli
iqtisadiyyatın beynəlxalq reytinqləri yüksəlmiş, strateji valyuta ehtiyatları
artmışdır. Çevik makroiqtisadi siyasət, o
cümlədən Mərkəzi Bankın pul
siyasəti nəticəsində 2012-ci ildə qiymətlərin
sabitliyi qorunmuş, inflyasiya birrəqəmli səviyyədə
olmuşdur. Bank sektorunda maliyyə sabitliyi
və dayanıqlıq təmin olunmuş,
sektorun iqtisadiyyatda
maliyyə vasitəçiliyi rolu daha da yüksəlmişdir.
2013-cü
ilin pul və maliyyə sabitliyi siyasətinin başlıca
istiqamətləri 2012-ci ilin sosial-iqtisadi və makroiqtisadi nəticələri,
xarici və daxili iqtisadi mühit üzrə gözləntilər
və proqnozlar, qlobal risklər və milli iqtisadiyyatın
qarşısında duran yeni inkişaf
çağırışları nəzərə
alınmaqla formalaşdırılmışdır. Qeyri-neft
sektorunun iqtisadi artımın, məşğulluğun,
büdcə və valyuta gəlirlərinin əsas mənbəyinə
çevrilməsi iqtisadi strategiyanın başlıca
prioritetidir. Bu prioritetin həyata keçirilməsi tarazlı
və dayanıqlı iqtisadi artıma nail olunmasında, nəticədə
“inklüziv” inkişafın təmin edilməsində və
yüksək gəlirli iqtisadiyyatın formalaşmasında
strateji amildir.
Son
onillikdə əldə olunmuş nailiyyətlər təsdiq
edir ki, Azərbaycan yeni çağırışları
qarşılamağa hazırdır və bunun
üçün adekvat inkişaf strategiyasına malikdir.
2012-ci
ildə Azərbaycan iqtisadiyyatı qeyri-sabit qlobal iqtisadi
mühitdə öz inkişafını uğurla davam
etdirmişdir. Ölkənin xarici iqtisadi mövqeyi əlverişli
olmuş, iqtisadiyyatın şaxələnməsi və yeni
iş yerlərinin açılması prosesi sürətlənmiş,
dövlətin sosial-iqtisadi inkişafa aktiv dəstəyi
iqtisadi artımda mühüm rol oynamışdır.
Ötən
il cari əməliyyatlar balansında iri həcmli profisit
yaranmışdır. Bu profisitin ümumi daxili məhsulda
xüsusi çəkisinə görə (20 faizdən
çox) Azərbaycan MDB ölkələri arasında liderdir.
İxracı
təşkil edən məhsulların qiymətləri
idxalı təşkil edən məhsulların qiymətləri
ilə müqayisədə daha sürətlə
artmışdır. Keçən il
ixracın həcmi idxalın həcmini 2,6 dəfə üstələmiş,
qeyri-neft əmtəə ixracı 22 faiz artmışdır. Qeyri-neft
ixracının artması xarici tələbin
iqtisadi artıma müsbət təsirini təmin
edir. Ötən ilin eyni dövrü ilə
müqayisədə ölkə iqtisadiyyatına qoyulan xarici
investisiyaların həcmi 29 faiz
artmışdır.
Strateji
valyuta ehtiyatları 11 ayda 14,7 faiz artmış və 46,5
milyard dolları ötmüşdür. Bu,
3 illik idxalın maliyyələşdirilməsi
üçün kifayət edir və xarici dövlət
borcunu 9 dəfə üstələyir. Strateji ehtiyatlar ümumi daxili məhsulun
70 faizinə çatır və bu
göstərici üzrə ölkəmiz dünyada
ilk 15-likdədir.
Mərkəzi
Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 14
faiz artaraq 12 milyard dollara yaxınlaşmışdır. 2013-cü
ildə Mərkəzi Bank özünün
valyuta ehtiyatlarının idarə edilməsinin
yeni strategiyasını
formalaşdırmışdır. Bu strategiya mövcud qlobal iqtisadi şəraitdə
ehtiyatların maliyyə alətlərinin və coğrafi strukturunun
diversifikasiyasını nəzərdə tutur.
2012-ci
ilin 11 ayında ümumi daxili məhsul (ÜDM) 1,2 faiz, o
cümlədən qeyri-neft sektorunda 9,7 faiz
artmışdır. İqtisadi aktivliyin dövlət tərəfindən
dəstəklənməsi qeyri-neft
iqtisadiyyatının artım dinamikasına müsbət təsir
göstərmişdir. Ümumilikdə il ərzində
iqtisadi aktivlik gözləntiləri
optimist olmuş,
istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayı
artmışdır.
Daxili tələb, o cümlədən son istehlak xərcləri və investisiyalar iqtisadi artımda mühüm amil olmuşdur. Ötən ilin 11 ayında əhalinin adambaşına düşən nominal pul gəlirləri 12,2 faiz, son istehlak xərcləri isə 6,5 faiz artmışdır. Mərkəzi Bankın real sektorun 350-yə qədər müəssisəsi üzrə apardığı monitorinqə görə ticarət şəbəkəsində əmtəə ehtiyatlarının azalması istehlak tələbinin yüksəldiyini təsdiq edir.
Məcmu
tələbin artmasında investisiya aktivliyinin yüksəlməsi
də mühüm rol oynamış, ötən ilin 11 ayında qeyri-neft
iqtisadiyyatına investisiyalar 26 faiz artmışdır. Dövlət
büdcəsinin xərcləri daxili
investisiyaları artıran əsas amillərdən biri olmuşdur. Dövlət
investisiyalarının 16 faiz artması qeyri-neft sektorunda investisiya fəallığını daha da yüksəltmişdir.
Qeyri-neft
sektorunda yüksək iqtisadi aktivlik ölkədə məşğulluğun
artmasına şərait yaratmışdır. Ötən ilin təkcə 9 ayında 92 mindən
çox yeni iş yerləri açılmışdır.
Ölkə
iqtisadiyyatının beynəlxalq reytinqləri daha da
yaxşılaşmışdır. Dünya
İqtisadi Forumunun Qlobal Rəqabətlik hesabatında Azərbaycan
daha 9 pillə irəliləmişdir. Makroiqtisadi dayanıqlıq üzrə ölkə
dünyada ilk 20
dövlət sırasındadır. Aparıcı beynəlxalq
reytinq agentlikləri Azərbaycanın kredit reytinqini “stabil” olaraq qiymətləndirirlər.
2012-ci
ildə Mərkəzi Bank fəaliyyətini inflyasiyanın birrəqəmli
səviyyədə saxlanması, manatın məzənnəsinin
sabitliyi, maliyyə sabitliyinin möhkəmləndirilməsi
kimi hədəflərin həyata keçirilməsinə
yönəltmiş, həmçinin maliyyə vasitəçiliyinin
inkişafını təşviq etmişdir.
İqtisadiyyatın
“təbii məşğulluq həddi”nə
yaxınlığı şəraitində istehlak qiymətlərinin
artım tempində 2011-ci ilin ikinci yarısından başlanan
enmə 2012-ci ildə də davam etmişdir. Keçən
il inflyasiya birrəqəmli
səviyyədə olmuş, orta illik inflyasiya
11 ayda cəmi 1,2 faiz
təşkil etmişdir. Bu,
2011-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz bəndi aşağıdır. Ölkədə
əmək haqqının artım tempi inflyasiya tempini 7,3 faiz üstələmişdir.
Ticarət tərəfdaşı olan
ölkələrdəki orta inflyasiya tempi Azərbaycandakı
inflyasiyanı 5 faiz bəndi üstələmişdir.
Müqayisə üçün, BVF 2012-ci
ildə inkişaf etməkdə olan ölkələrdə orta
inflyasiyanın 6,1 faiz təşkil edəcəyini
proqnozlaşdırır.
Ötən ilin 11 ayında kənd təsərrüfatı istehsalçılarının qiymət indeksi 0,3 faiz azalmışdır. Bu, əsasən bitkiçilik məhsulları üzrə müşahidə olunmuşdur. Həmçinin, qeyri-neft sənayesinin əksər sahələrində qiymət azalması (qida, metallurgiya, kimya, ağac emalı və.s.) baş vermişdir. İstehlak bazarı ilə yanaşı, daşınmaz əmlak bazarında da qiymətlər əsasən sabit qalmışdır.
Ötən
il ölkənin tədiyə balansında iri həcmli
profisitin mövcud olması ilə əlaqədar valyuta
bazarında təklif tələbi üstələmişdir. Bu şəraitdə
məzənnənin əhəmiyyətli möhkəmlənməsinin
qarşısını almaq və bununla qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri neytrallaşdırmaq üçün cari ildə
Mərkəzi Bank tərəfindən 1,5 milyard ABŞ
dolları həcmində valyuta
sterilizasiyası həyata keçirilmişdir.
Nəticədə dövr ərzində
manatın ABŞ dollarına qarşı məzənnəsi
ümumən sabit qalmış və cəmi
0,2 faiz
möhkəmlənmişdir.
Ümumilikdə
son 15 ildə manatın ABŞ dollarına qarşı məzənnəsinin
orta illik dəyişməsi tempi 1 faizdən az olmuşdur. Məzənnənin
sabitliyi ölkədə makroiqtisadi
və maliyyə sabitliyinə, milli valyutaya inamın möhkəmlənməsinə
və dollarlaşmanın azalmasına müsbət təsir
göstərmişdir. Manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi ötən ilin 11 ay ərzində 4,3 faiz ucuzlaşmışdır. Bu,
bir tərəfdən, manatın məzənnəsinin
əlverişli səviyyədə saxlanması, digər tərəfdən
isə tərəfdaş ölkələr ilə müqayisədə
daxili inflyasiyanın aşağı səviyyəsi
hesabına baş vermişdir.
Real effektiv məzənnənin
ucuzlaşması son nəticədə qeyri-neft sektorunun rəqabət
qabiliyyətini (xarici bazarlarda
qiymət üstünlüyünü)
yaxşılaşdıran mühüm amildir.
2012-ci
ildə bank aktivlərinin keyfiyyətinin, likvidlik və
rentabellik göstəricilərinin yaxşılaşması
müşahidə olunmuş, bank sektoru üzrə kapital
adekvatlığı yüksək səviyyədə
olmuşdur. Real sektorun
və əhalinin bank sisteminə vaxtı keçmiş borclarının kredit portfelində xüsusi
çəkisi cəmi 6,4 faiz olmuşdur ki, bunun da yarısı banklar tərəfindən yaradılmış
ehtiyatlarla örtülür.
Sektorun kapital mövqeyi qənaətbəxş səviyyədədir.
Kapitalın adekvatlıq göstəricisi 12 faizlik
normaya qarşı 15,7 faiz
təşkil edir. Məcmu kaptalın həcmi
ötən ilin 11 ayında 30 faiz artmışdır.
Ötən
il əhalinin bank sisteminə etimadı daha da güclənmiş,
əmanətlər 15,6 faiz
artaraq 4,8 milyard manata
çatmışdır. Müddəti 1 ildən
yuxarı olan əmanətlərin həcmi
17,4 faiz artmışdır. Manatla əmanətlərin artım tempi (23 faiz) xarici valyutada əmanətlərin
artım tempini (6,5 faiz)
əhəmiyyətli üstələmişdir. Regionlarda əmanətlərin həcmi 16 faiz artmışdır. Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli
Fərmanına uyğun olaraq
keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikasının vətəndaşları
olan əmanətçilərinə fərdi
birdəfəlik ödəmələrin verilməsinə
başlanmışdır.
2013-cü
ildə xarici tələbin və əsas ixrac əmtəələrinin
dünya qiymətlərinin ölkənin tədiyə
balansına müsbət təsir edəcəyi
proqnozlaşdırılır. Eyni zamanda qeyri-xammal əmtəə
və xidmət ixracının artması gözləntiləri
də yüksəkdir. Bu amillər 2013-cü ildə tədiyə
balansının cari əməliyyatlar
hesabında ümumi daxili
məhsulun 15-18 faizi səviyyəsində profisitin olacağını gözləməyə
əsas verir. Ölkənin kredit reytinqinin yüksəlməsi
isə qeyri-neft iqtisadiyyatına xarici investisiyaların artması üçün əlverişli şərait
yaradır. Bütün bunlar son nəticədə
növbəti ildə də ölkənin strateji
valyuta ehtiyatlarının artmasını
təmin edəcəkdir. Tədiyə balansının
proqnozlaşıdırılan vəziyyəti manatın məzənnəsinə
təsir edən fundamental makroiqtisadi
amil olacaqdır.
Rəsmi
proqnozlara görə, 2013-cü ildə ölkədə
iqtisadi artımın 5,3 faiz, o cümlədən qeyri-neft
sektorunda 11,7 faiz olacağı gözlənilir. Beynəlxalq
maliyyə-kredit təşkilatları da
növbəti ildə ölkədə iqtisadi
artımın davam edəcəyini
proqnozlaşdırırlar. Qeyri-neft sektorunda artımın 2013-cü ildə də
əsasən daxili tələbdən təsirlənəcəyi
gözlənilir.
Orta
və uzunmüddətli dövrdə iqtisadi artımın
daxili və xarici mənbələri arasında optimal
tarazlığı təmin etmək, şaxələnmiş
struktura malik rəqabətli ixrac sektorunu inkişaf etdirmək,
bu əsasda iqtisadi artımın, məşğulluğun,
büdcənin və tədiyə balansının
dayanıqlığına nail olmaq strateji prioritetlərdir. Azərbaycan
Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli sərəncamına
uyğun olaraq hazırlanmış “Azərbaycan - 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası bütün bu
prioritetləri əhatə edir.
Bu
strateji prioritetlərin həyata keçirilməsinin təməl
şərtlərindən biri makroiqtisadi sabitlikdir. Belə
ki, daxili inflyasiya tempinin tərəfdaş
ölkələrdəki orta çəkili
inflyasiya tempinə nəzərən
aşağı olması ixrac
bazarlarında qeyri-neft məhsullarının
qiymət üstünlüyünü təmin
edir. Bu baxımdan tədiyə
balansının profisiti şəraitində
inflyasiyaya təsir etmək üçün pul
kütləsinin artım templərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda,
manatın məzənnəsi də ixracın beynəlxalq rəqabət
qabiliyyətinə təsir edir.
Bütövlükdə,
2013-cü ildə Azərbaycan qlobal iqtisadi mühitdən gələ
biləcək riskləri və daxili inkişaf
çağırışlarını qarşılamaq
üçün kifayət qədər manevr imkanlarına və
adekvat strategiyaya malikdir.
Xalq qəzeti.- 2013.- 15 yanvar.-
S. 1.