Tərtər: uğurlu nəticələr daha böyük vəzifələrə ruhlandırır

 

Yola saldığmız 2012-ci il Tərtər rayonu üçün daha çox nə ilə yaddaqalan olmuşdur? Ötən müddət ərzində iqtisadi, sosial və mədəni sahədə əldə edilən uğurlar barədə nə demək olar? Qarşıda duran konkret vəzifələr nədən ibarətdir? Həllini gözləyən vacib problemlər hansılardır?

 

Tərtərə bu dəfəki səfərimizdə bizi daha çox maraqlandıran məhz bunlar idi. Bizə verilən arayışlarla, idarə, müəssisə və təşkilatların fəaliyyəti ilə tanışlıq, fakt, rəqəm və göstəricilərin müqayisəli təhlili göstərdi ki, ötən il Tərtər üçün, hər şeydən əvvəl, ölkə Prezidenti İlham Əliyevin rayona tarixi səfəri, iri layihələrin reallaşması, iqtisadi, sosial və mədəni sahənin əsaslı inkişafı, genişmiqyaslı tikinti-abadlıq işləri ilə əlamətdar olmuşdur.

Ölkə Prezidenti İlham Əliyev oktyabrın 7-də Tərtərə səfəri çərçivəsində yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkı və burada yerləşən Heydər Əliyev Mərkəzi ilə tanış oldu. Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Prezident İlham Əliyevə məlumat verdi ki, Heydər Parkında 5 min kvadratmetr ərazinin döşəməsi, divarlar, giriş pilləkənləri tamamilə yeniləşdirilib. Parkdakı fəvvarələr, xidmət obyektləri, çağbənd körpülər maraqlı quruluşda tərtib olunub. İstirahət mərkəzi başdan-başa yaşıllaşdırılıb. Yay aylarında sakinlərin istirahətinin yüksək səviyyədə təşkili məqsədilə açıq havada 450 yerlik xüsusi salon yaradılıb.

Parkın ərazisində yenidən qurulan Heydər Əliyev Mərkəzi də ümummilli liderin xatirəsinə olan ehtiram nümunəsidir. Prezident İlham Əliyev Heydər Parkının və Heydər Əliyev Mərkəzinin yenidənqurmadan əvvəlki və sonrakı görüntülərini əks etdirən fotostendlərə baxdı. Milli memarlıq elementlərindən istifadə olunmaqla, müasir tikinti texnologiyalarına uyğun inşa olunan 2 mərtəbəli mərkəzin tikinti sahəsi 432 kvadratmetr təşkil edir. Mərkəzin ikinci mərtəbəsində ulu öndərin  büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş muzey fəaliyyət göstərir.

Prezident İlham Əliyev səfər zamanı Tərtərdə Dövlət Bayrağı Meydanı ilə də tanış oldu. Şəhərin Bərdə istiqamətindəki girişində 1 hektara yaxın ərazidə yaradılan Bayraq Meydanı yüksək səviyyədə inşa edilib. Burada quraşdırılan bayrağın eni 7, uzunluğu isə 14 metrdir. Prezident İlham Əliyevə məlumat verildi ki, bayraq 65 metr hündürlüyündə dirək üzərində dalğalanır. Bu isə bayrağın rayonun bir çox yerindən aydın görünməsinə imkan yaradır. Meydanda geniş abadlıq-quruculuq işləri həyata keçirilib, yaşıllıq zolaqları salınıb. Sakinlərin istirahəti üçün ətrafda  hər cür şərait yaradılıb. Burada 2 müasir fəvvarə, köşklər quraşdırılıb, “Ana və uşaq” istirahət mərkəzi inşa edilib.  Müasir işıqlandırma sistemi axşamlar ərazini daha da cəlbedici edir.

Oktyabrın 7-də Prezident İlham Əliyev Tərtər rayonunda yeni inşa edilən Gənclər Mərkəzinin açılışında da iştirak etdi. Dövlət başçısına məlumat verildi ki, burada tikinti işlərinə 2012-ci ilin mayında başlanılıb. Ümumi sahəsi bir hektar olan 2 mərtəbəli mərkəzin inşası maksimum sürət və keyfiyyətlə həyata keçirilib. Mərkəzdə rahat gənclər kafesi yaradılıb. İclas salonu da müasirdir,  112 nəfərlik zalda əlamətdar hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür. Stendlərdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna tarixi səfərləri, rayon əhalisi ilə görüşləri, həmçinin gənclərə göstərdikləri diqqəti əks etdirən fotolar yer alıb.

Ölkə Prezidenti rayonda olarkən Buruc kəndi ərazisində “Gilan” MMC tərəfindən inşa olunan süd emalı zavodunda da olmuşdur. Zavodun gündəlik emal gücü 20 tondur. Ətraf kəndlərdə 5 südtoplama məntəqəsi fəaliyyət göstərir. Burada 100 nəfər daimi işlə təmin olunmuşdur. Zavodda pendir, ayran, kəsmik və digər süd məhsulları istehsal olunur.

Əlimizdə dəqiq statistika var: Ölkə Prezidentinin səfərindən keçən müddət ərzində bütün sahələrdə işlərin gedişi sürətləndirilmiş əlavə imkan və səylər hərəkətə gətirilmişdir.  Nəticədə, əvvəlki aylarla müqayisədə göstəricilər  xeyli artmışdır. Məsələn, ötən il ümumi məhsul buraxılışının həcmi 80 milyon 587,4 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 15,7 faiz çoxdur. Rayonda sənaye məhsullarının həcmi 75,5 faiz,  əsas kapitala yönəldilən investisiyaların həcmi 80 faiz, orta aylıq əmək haqqı 8,8 faiz artmışdır.  Ümumiyyətlə, son üç ildə rayonda 1115-i daimi olmaqla, iş yerlərinin sayı 2819-a çatmışdır.

Kənd təsərrüfatı rayon iqtisadiyyatının əsasını təşkil edir.  2012-ci ilin məhsulu üçün 30388 hektar sahədə əkin aparılmış, onun 17342 hektarında taxıl əkilmişdir. Taxıl sahələrinin hər hektarından orta məhsuldarlıq 31,9 sentner olmuşdur. Başqa sözlə desək, 2011-ci ilin müvafiq dövrünə nisbətən hər hektardan 2,6 sentner çox məhsul istehsal olunmuşdur. Digər kənd təsərrüfatı məhsulları istehsalı da xeyli çox olmuşdur.

Heyvandarlığın inkişafına xüsusi önəm verilməsi, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması nəticəsində müqayisə olunan dövrdə iri malın sayı 344 baş, xırda mal 1498 baş, ət istehsalı 468,9 ton, süd 1042,8 ton,  yun 2,1 ton, yumurta 1 milyon 465 min ədəd artmışdır.

Tərtər Elektrik Şəbəkəsinin Tərtər və İsmayılbəyli yarımstansiyalarında əsaslı təmir işləri aparılmışdır. Əhalidən və digər sahələrdən enerji haqlarının yığımı 100 faiz icra edilmişdir.  Qaz İstismarı Sahəsi 2012-ci ildə 5985 əhali, 98 qeyri-əhali abonentinə xidmət göstərmişdir. Rayonun Qaraağacı, Qaradağlı, Qapanlı kəndlərində müxtəlif diametrli küçə xətləri çəkilmiş, 552 abonent təbii qazla təmin olunmuşdur. Səhləbad, Əskipara kəndlərində 18367 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və küçə xətləri çəkilmişdir.

Təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyətinə də diqqət artırılmış, sahənin maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Belə ki, şəhər 1 saylı tam orta məktəbi üçün 960 yerlik, Seydimli kənd tam orta məktəbi üçün 160 yerlik, Kəngərli kənd tam orta məktəbi üçün 220 yerlik yeni binalar tikilib istifadəyə verilmişdir. Seydimli kəndində körpələr evi-uşaq bağçası yerli büdcə vəsaiti hesabına əsaslı təmir olunmuşdur. Bala Kəngərli kənd orta məktəbinin və təhsil şöbəsinin inzibati binaları da ötən il istifadəyə verilmişdir. Qapanlı kəndində 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanmışdır.

Lakin bütün bunlarla yanaşı, təhsil şöbəsinin fəaliyyətində bir sıra ciddi nöqsanlar hələ də qalmaqdadır. 2011-2012-ci tədris ilində attestat alan 562 məzundan 348-i ali məktəblərə sənəd vermiş, onlardan 118 nəfəri, yəni 30 faizi tələbə adını qazanmışdır. Təəssüflər olsun ki, Səhləbad, Xoruzlu, Sarov, Buruc, Şıxarx 1 və 2 saylı məktəblərindən 1 nəfər də olsun tələbə adını qazanmamışdır. Acınacaqlı haldır ki, son 4 ildə Seydimli kənd tam orta məktəbi üzrə 34 nəfər ali məktəbə sənəd versə də 1 nəfər də qəbul olmamışdır. 2011-ci tədris ilində 2 məzun 600-dən yuxarı, 15 məzun 500-dən yuxarı bal topladığı halda, ötən  il 600-dən yuxarı bal olmamış, 5 nəfər isə 500-dən yuxarı bal toplamışdır.

Məktəblərdə nizam-intizam aşağı səviyyədədir. Dərslər müasir tələbələr səviyyəsində qurulmur. Məktəb – valideyn əlaqələri zəifdir.Gənc müəllimlərlə, istedadlı şagirdlərlə lazımi səviyyədə iş aparılmır. Qabaqcıl təcrübənin öyrənilməsi lazımi səviyyədə deyildir.  Yaranmış vəziyyət ən əvvəl rayon təhsil şöbəsinin müdiri Aydın Qarayevi ciddi narahat etməli, nəhayət, işin gedişində əsaslı dönüş yaranmalı, müvafiq tədbirlər işlənib həyata keçirilməlidir.  Son vaxtlar geniş vüsət almış tikinti-quruculuq-abadlıq işləri ötən il də uğurla davam etdirilmişdir. Şəhərin Bərdə istiqamətindəki girişində əzəmətli Dövlət Bayrağı meydanının tikintisi yüksək səviyyədə başa çatdırılmışdır.

Heydər Əliyev prospektində, Nizami və E.Hüseynov küçələrində istinad divarlarında təmir işləri aparılmış, 3200 kvadratmetr divar səthinə rəngli bəzək daşları vurulmuşdur, asfalt-beton örtük salınmışdır.  Bayraq Meydanından Bərdə istiqamətində magistral yolun hər iki tərəfi ilə səki daşları düzülmüş, yaşıllıq zonaları yaradılmış, yüzlərlə ağac və gül kolları əkilmişdir.

Rayon icra hakimiyyətinin, onun yerli strukturlarının iş üslub və metodları daha da təkmilləşdirilmiş, bütün sahələrdə ciddi intizam və tələbkarlıq yaradılmışdır. İnsan amili, onların vacib sosial ehtiyaclarının vaxtında yerinə yetirilməsi diqqət mərkəzindədir. Müntəzəm keçirilən qəbul günləri, xüsusilə yerlərdə təşkil olunan səyyar qəbullar, zəhmətkeşlərin ərizə, şikayət və məktublarına həsas münasibət öz müsbət nəticələrini verir. Belə ki, hazırda ötən ilin eyni dövrünə nisbətən rayon icra hakimiyyətinə və respublika təşkilatlarına göndərilən ərizə və şikayətlərin sayı xeyli azalmışdır.

Göründüyü kimi, ötən il Tərtərdə inkişaf və yüksəliş bütün sahələri əhatə etmiş, ardıcıl və sistemli xarakter almışdır. Rayon icra hakimiyyətinin rəhbərləri ilə görüş, idarə, müəssisə və təşkilatların işi ilə yaxından tanışlıq, ağsaqqallarla, ziyalılar və gənclərlə söhbətlər  bir daha göstərdi ki, ölkə Prezidenti İlham Əliyevin Tərtərə növbəti səfəri iqtisadi, sosial və mədəni sahədə işlərin gedişinə güclü təkan vermiş, bütün imkan və səylər bu istiqamətə səfərbər olmuşdur. Deməli, ilk həftələrini yaşadığımız 2013-cü ildə Tərtər öz inkişafının yeni, daha məsul mərhələsinə qədəm qoymuşdur.

 

 

Ziyəddin Sultanov

 

 Xalq qəzeti.- 2013.- 16 yanvar.- S. 8.