20 Yanvar faciəsi barədə ən dəqiq və
rəsmi sənədlərlə hamının tanış
olması mümkündür
Bu cinayət hadisəsi
bütün dünyaya tarixi faktlar və həqiqətlər əsasında
çatdırılır. Azərbaycan gənc müstəqil
dövlət olduğuna görə
ötən əsrin 90-cı illərində bizim səsimizi
bir çox dairələrdə bilərəkdən, əksər
ünvanlarda isə müxtəlif səbəblərdən
“eşitmirdilər”.
Heydər
Əliyev siyasəti və
xüsusən, ulu öndərin maneə tanımayan
diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın
səsi dünyanın ən müxtəlif guşələrində
eşidilməyə başladı.
Bizim beynəlxalq aləmdə daha çox eşitdirməli
olduğumuz Dağlıq
Qarabağ münaqişəsi,
20
Yanvar faciəsi, Xocalı soyqırımı, tarixi ərazilərimizin
böyük əksəriyyətinə sahib çıxa bilməməyimiz
və bu kimi digər məsələlər artıq
planetimizin bütün guşələrində hamı
üçün eşidilən olub.
Ulu
öndər Heydər Əliyevin bütün xarici səfərlərində
və beynəlxaq tədbirlərdəki
çıxışlarında
olduğu kimi Prezident
İlham Əliyevin də istənilən dostumuz və bədxahımız olan siyasətçilərlə
görüşlərində bu məsələlər
çox böyük ustalıqla gündəliyə gətirilir
və Azərbaycanın mənafeyi baxımından müzakirəsinə
nail olunur. Bu sahədə Heydər Əliyev Fondunun təşəbbüsü
ilə reallaşdırılan layihələrin əhəmiyyətini
xüsusilə qeyd etmək zərurəti var. Bununla belə,
bütün yaradıcı qurumlar və dövlət
orqanları Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə
məhz olduğu kimi çatdırılmasında özünəməxsus
uğurlara imza atırlar. Azərbaycan
Respublikası Prezidentinin İşlər İdarəsinin
Prezident Kitabxanasının
(preslib.az ) işləyib hazırladığı elektron
layihələr də bu
baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Kitabxananın
20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində
daha da təkmilləşdirilmiş variantda oxuculara təqdim
etdiyi “Təcavüz: 20 Yanvar. Bakı, 1990” adlı elektron layihə
tariximizin qanlı və şanlı səhifələrindən
olan həmin qara gün barədə nəyisə öyrənmək
və ya dəqiqləşdirmək istəyən hər kəs
üçün çox dəyərli vəsaitdir. Bəlkə
də hansısa oxucu belə düşünə bilər ki,
23 il əvvəl baş vermiş bir faciə barədə nəyin
dəqiqləşdirilməsi mümkündür? Bu suala cavab
olaraq bir məsələni yada salmaq lazımdır. Belə
ki, 20 Yanvar faciəsi ilə bağlı son 15 ildə
dünyanın müxtəlif ölkələrində
keçirilən anım tədbirlərinin, az qala, hərəsində
bu faciə zamanı həlak olan insanların sayı fərqli
göstərilir. 122-dən (Rusiya) 177-yə qədər olan
(ABŞ) bu rəqəmlərin
heç biri imperiya ordusunun Azərbaycan azadlıqsevərlərinin
başına gətirdiyi müsibətin miqyasını
kiçiltmək iqtidarında deyil. Ancaq ulu öndər Heydər
Əliyevin bizə tövsiyə etdiyi kimi biz bütün hadisələri
adıyla qeyd etməli, bütün faktların ən həqiqi
variantını tapmalı, rəqəmlərin isə ən dəqiqini
göstərməliyik. Prezident kitabxanasının qeyd etdiyimiz
elektron layihəsində hadisələr, faktlar və rəqəmlər,
sanki, mikroskopla öyrənilmiş kimi dəqiqləşdirilib.
Aşağıda həmin faktları və rəqəmləri
oxuculara təqdim edəcəyik.
“Azərbaycana
qarşı cinayət”, “Rəsmi sənədlər”, “Elektron
resurslar” və “Fotoarxiv” adlı
Azərbaycan, ingilis və rus dillərində tərtib
olunmuş bu layihənin sənədləri arasında akademik Ramiz Mehdiyevin 2000-ci ildə işıq
üzü görmüş “Azərbaycana qarşı
soyqırımı gerçəkləri” adlı
kitabının 20 Yanvar faciəsinə həsr olunmuş fəsli (“Facıənin analitik təhlili” )
verilib. Bu sənəddə
qanlı faciədə dini amil, Qafqaz amili, milli amil, 20
Yanvarın geosiyasi aspekti, 20 Yanvar və Dağlıq
Qarabağ münaqişəsi tarixi gerçəkliklərlə
üz-üzə qoyulur, Qanlı yanvarın ibrət dərsləri
və bu kimi məsələlər analitik şəkildə təhlil
olunur. “Xronologiya – 20. Yanvara
aparan yol” adlı bölmədə isə ermənilərin hələ 1987-ci il oktyabrın 18-də
İrəvan şəhərinin ekoloji cəhətdən
çirklənməsinə etiraz bəhanəsiylə təşkil
etdikləri mitinqdə Dağlıq Qarabağ Muxtar Vilayətinin
Ermənistana birləşdirilməsi haqqındakı
çağırışlarından başlayaraq, bu faciə
ilə bilavasitə bağlı olan bütün məqamlar
öz əksini tapıb.
Bu
yazının qələmə alınması zərurətini
yaradan bəzi məqamları xüsusilə yada salaq. Əvvəla,
20 Yanvar şəhidlərinin sayı barədə.
Adını çəkdiyimiz internet materialında oxuyuruq
ki, Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin 17 yanvar
2000-ci il (137 nəfər), 28 yanvar 2002-ci il (2 nəfər), 27
sentyabr 2003-cü il (2 nəfər) və Prezident İlham Əliyevin
6 fevral 2008-ci il tarixli (6 nəfər) fərman və sərəncamları
ilə “20 Yanvar şəhidi” fəxri adı verilmiş
soydaşlarımızla birlikdə
faciənin qurbanları 147 nəfərdir. Yəni bu barədə indiyə kimi səsləndirilən
rəqəmlər faciədən sonrakı illərdə
komissiyalar tərəfindən göstərilən ilkin rəqəmlər idi.
İnternet materialındakı “Rəsmi sənədlər”
bölməsində faciə ilə bağlı parlament qərarları
( 14 sənəd), fərman, sərəncam və tədbirlər
planları (34 sənəd) və eləcə də
görüşlər, qəbullar, çıxışlar,
müsahibələr, bəyanatlar (22 sənəd) öz əksini
tapır. Həmin sənədlərin hər biri müasir
tariximizin daha dəqiq öyrənilməsi baxımından
xüsusi əhəmiyyət kəsb edir.
Yaxud bir məqama diqqət yetirək. Faciədən on ay sonra – 1990-cı il dekabrın 5-də
ölkə Prezidentinin
fərmanıyla
20 Yanvar Azərbaycanda ümumxalq hüzn günü elan edilib. Cəmi 47 gün
sonra isə məhz həmin prezidentin başqa bir fərmanı ilə Azərbaycanda hüzn günü elan edilməsi ilə bağlı fərman ləğv olunub. Nə üçün? Bəhanə
belə olub ki, ölkədə “Şəhidlər Günü”
elan olunduğuna görə hüzn gününə ehtiyac yoxdur. Əslində isə söhbət Moskvanın diqtəsi ilə atılan addımlardan – 20 Yanvar faciəsinin yaddaşlardan
silinməsi üçün
edilən cəhdlərdən gedirdi. Yeri gəlmişkən, adı
çəkilən internet materialında 20 Yanvar faciəsindən sonra ölkədə mövcud
olmuş hər üç iqtidarın bu ümumxalq hüznünə olan münasibəti çox aydın şəkildə,
konkret sənədlərin
dili ilə öz əksini tapır. Bircə məqamı yada salaq. Ulu öndər Heydər Əliyevin 1994-cü il yanvarın 5-də imzaladığı fərmanla
yaradılmış Dövlət
Komissiyasına qədər
bu istiqamətdə heç bir ciddi addım atılmamışdı. Doğrudur, bir
neçə xüsusi
komissiya formalaşdırılmışdı.
Ancaq onların da adı xüsusi idi. Özləri isə ümumi
söhbətlərlə fəaliyyətlərini
bitmiş hesab etmişdilər.
Bir sözlə,
ötən əsrin sonlarında özünün
tarixi haqqı olan dövlət müstəqilliyinə qovuşmaq
üçün mübarizəyə
qalxmış Azərbaycan
xalqı bu yolda ilk böyük zərbəni 1990-cı ilin
yanvar ayında almışdı. Həmin faciənin milli yaddaşımızda
əbədiləşdirilməsi üçün atılan
istənilən addım
yüksək qiymətləndirilir
və dəstəklənir. Ən başlıcası,
bu qanlı və şanlı səhifə hər bir soydaşımızın
yaddaşına əbədi
yazılıb.
İttifaq Mirzəbəyli
Xalq qəzeti.- 2013.- 16 yanvar.- S. 8.