“Naxçıvan tarixiçoxcildliyinin nəşrinə hazırlıq müzakirə edilmişdir

 

Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması sahəsində görülən işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasına gedən yol 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” Beynəlxalq Simpoziumundan başlanır. Bu simpoziumda Naxçıvan tarixinin dərindən araşdırılması və əhatəli öyrənilməsi məsələsi gündəliyə çıxarılmış, 2002-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin yaradılması isə bu istiqamətdə görülən işlərə əlavə stimul vermişdir.

Ali Məclisin sədri demişdir ki, ötən 10 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi mühüm bir elmi-tədqiqat müəssisəsi kimi formalaşmış, Naxçıvan tarixi ilə bağlı elmi araşdırmalar konkret istiqamətə yönəldilmiş, xarici ölkələrin tanınmış mütəxəssislərinin də iştirakı ilə geniş tədqiqat işləri aparılmışdır. Ötən dövrdə minə yaxın kitab, monoqrafiya, dərslik və elmi məqalə, o cümlədən “Naxçıvan Abidələri Ensiklopediyası”, “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan tarixi atlası” hazırlanaraq nəşr edilmişdir.  Həmin nəşrlərdə və aparılmış tədqiqatlarda Naxçıvanın bəşər sivilizasiyasının mühüm ocaqlarından biri olduğu öz təsdiqini tapmışdır.

Naxçıvan tarixinin öyrənilməsində və bu sahənin yenidən elmi düşüncənin məhsuluna çevrilməsində 2009-cu ildə keçirilən “Nuh peyğəmbər: Dünya tufanı və Naxçıvan”,  2011-ci ildə keçirilən “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə keçirilən “Naxçıvan: ilkin şəhər və Duzdağ” mövzularındakı beynəlxalq simpoziumlar mühüm mərhələ təşkil etmişdir. Bu simpoziumlarda tarixi mənbə və qaynaqlara bir daha nəzər salınmış, Naxçıvan tarixinə əhatəli yanaşılmış, yeni elmi istiqamətlər müəyyənləşdirilmişdir. Naxçıvan tarixinin müxtəlif dövrlərinə və problemlərinə dair xeyli sayda elmi-tədqiqat materialların nəşr olunması və keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində yeni materialların əldə edilməsi “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması üçün əsas yaratmışdır.

Ali Məclisin sədri demişdir: “Bütün bunlar nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2012-ci il 6 avqust tarixli sərəncamı ilə “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması qərara alınmış, bu iş Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə və Naxçıvan Dövlət Universitetinə tapşırılmışdır. Sərəncamın icrası ilə əlaqədar ötən dövr ərzində bir sıra işlər görülmüş, “Naxçıvan tarixi” çoxcildliyinin strukturu və planı hazırlanmış, redaksiya heyəti və müəlliflər qrupu təsdiq olunmuşdur”.

Müşavirədə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması istiqamətində görülən işlər və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, “Naxçıvan tarixi” çoxcildliyində Naxçıvan tarixinin ən qədim dövrdən başlayaraq günümüzədək olan bütün mərhələləri xronoloji ardıcıllıqla veriləcək, tarixi dövrləşmə gözləniləcəkdir.

Girişdən, 17 fəsildən, ədəbiyyat siyahısından və əlavələrdən ibarət olacaq çoxcildliyin 3 cilddə yazılması nəzərdə tutulur. Birinci cild qədim dövrlərdən XVIII əsrin ortalarınadək, ikinci cild XVIII əsrin ortalarından XX əsrin 30-cu illərinin sonunadək, üçüncü cild isə müasir dövrü əhatə edəcəkdir. Çoxcildlikdə əksini tapmalı olan məsələlər dəqiqləşdirilmiş, redaksiya heyəti və müəlliflər müəyyənləşdirilmişdir. Materiallar işlənilərkən elmi prinsiplərin gözlənilməsi, yazılış forması, mənbə və ədəbiyyatlardan istifadə qaydaları, onların kodlaşdırılması diqqət mərkəzində saxlanılacaqdır.

Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasını Naxçıvanda 1995-ci ildən ötən dövrdə aparılan elmi-tədqiqat işlərinin uğurlu davamı kimi dəyərləndirmiş, çoxcildliyin nəşr olunmasının Azərbaycanın elm və ictimai fikir tarixində böyük əhəmiyyətə malik olacağını vurğulamışdır.

İsa Həbibbəyli demişdir ki, “Naxçıvan tarixi” çoxcildliyi hazırlanarkən Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan məsələsinə, Gəmiqaya həqiqətlərinə, Duzdağ mədəniyyətinə, Naxçıvanın elm, təhsil və incəsənət tarixinin yazılmasına da xüsusi diqqət yetiriləcək, Naxçıvanın müasir tarixinə dair əsərlərin çoxcildliyə daxil edilməsi üstün istiqamət kimi götürüləcəkdir. İstər Naxçıvan Dövlət Universitetində, istərsə də Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində çalışan əməkdaşlar bu istiqamətdə səylərini birləşdirərək lazımi nəticəni ortaya qoyacaqlar. 

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru Fəxrəddin Səfərli demişdir ki, muxtar respublika ərazisində 1200-dən artıq tarixi abidə mövcuddur. Bu abidələrin tədqiqində Ali Məclis sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında”  2005-ci il 6 dekabr tarixli sərəncamı böyük əhəmiyyətə malik olmuş, tarixi abidələr qeydiyyata alınaraq pasportlaşdırılmışdır.  Bu gün tarixi abidələrin bərpa edilməsi, qorunması ilə yanaşı, onların öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. Muxtar respublikada yaradılan zəngin elmi-tədqiqat bazası və kadr potensialı “Naxçıvan tarixi” çoxcildliyinin yüksək səviyyədə hazırlanmasına və nəşrinə imkan verir.

Müşavirədə aidiyyəti təşkilatlara konkret tapşırıqlar verən Ali Məclisin sədri demişdir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universiteti 2013-cü ildə “Naxçıvan tarixi”nin birinci cildinin çapa hazırlanmasını təmin etməli, “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin hazırlanması ilə yanaşı, 2014-cü ildə ikinci, 2015-ci ildə isə üçüncü cildinin nəşr edilməsi ilə bağlı da lazımi təşkilati tədbirlər görülməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə “Naxçıvan tarixi” çoxcildliyinin birinci cildinin hazırlanması və nəşri üçün tələb olunan vəsait və avadanlıqlar barədə təkliflərini təqdim etməlidir.

Ali Məclisin sədri Naxçıvan Muxtar Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə “Naxçıvan tarixi” çoxcildliyinə daxil ediləcək xəritələrin yüksək səviyyədə hazırlanmasını tapşırmış və qeyd etmişdir ki, “Naxçıvan tarixi” çoxcildliyində yalnız etibarlı mənbələr və öz elmi təsdiqini tapmış nəticələrə istinad olunmalı, tariximizi təhrif edən mənbə və materiallardan istifadə edilməməlidir. Yaradıcı heyət məsuliyyətlə çalışmalı, lazım gələrsə, müəlliflərin arxiv, kitabxana və muzeylərdə işləmələri, yaradıcılıq ezamiyyətlərinə göndərilmələri təmin olunmalı, “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanması ilə bağlı heç bir maneə yaradılmamalı, problemlər yerindəcə həll olunmalıdır.

“Naxçıvan tarixi” çoxcildliyinə daxil olan kitablar ciddi elmi redaktə edilməli, bununla əlaqədar tarixçi və dilçi alimlərdən ibarət ayrıca qrup yaradılmalıdır.  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı “Naxçıvan tarixi” çoxcildliyinə daxil olan kitabların yüksək səviyyədə nəşr olunması üçün müvafiq tədbirlərin görülməsini təmin etməlidir.

Qazanılan təcrübənin və əldə olunan elmi nəticələrin “Naxçıvan tarixi” çoxcildliyinin yüksək səviyyədə hazırlanmasına imkan verdiyini bildirən natiq müşavirə iştirakçılarına “Naxçıvan tarixi” çoxcildliyinin hazırlanmasında uğurlar arzulamışdır.

 

 

Xalq qəzeti.- 2013.- 16 yanvar.- S. 7.