Şəhidlərimizin qanı yerdə qalmayacaq

 

1988 -ci ildə Azərbaycanda baş verən ictimai-siyasi hadisələr  xalqın əsəblərini tarıma çəkirdi. SSRİ rəhbərliyinin milli ayrı - seçkiliyi, ölkəmizə qarşı ədalətsizliyi vəziyyəti getdikcə daha da mürəkkəbləşdirirdi. Həmin dövrdə milli siyasət sahəsində buraxılan kobud səhvlərdən və ermənilərin açıq şəkildə himayə olunmasından  faydalanan Ermənistan Respublikası məkrli niyyətini - Azərbaycana qarşı ərazi iddiasını və  Dağlıq Qarabağın öz ölkələrinə birləşdirilməsi  istəyini açıq şəkildə bəyan etdi.  SSRİ rəhbərliyindəki havadarlarına arxalanan erməni separatçıları getdikcə daha da azğınlaşırdılar.

 

Onlar  dinc əhaliyə qarşı  hazırladıqları dəhşətli cinayət planını həyata keçirmək üçün geniş imkanlar qazanmışdılar. Ermənilər min hiylə və məkrlə Qarabağda münaqişəni  getdikcə qızışdırdı və Ermənistandakı tarixi torpaqlarımızdan azərbaycanlıların növbəti deportasiyası başlandı. Qabaqcadan düşünülmüş şəkildə   hazırlanmış Sumqayıt hadisələri baş verdi.1988-ci ilin noyabr-dekabr aylarında  Azərbaycan xalqının haqlı olaraq hiddətinə səbəb olan təxribat xarakterli bu hadisələr, xalqın ümumxalq mitinqlərinə başlamasına təkan verdi.  Xalq hərəkatının keçirdiyi kütləvi  mitinqlər SSRİ rəhbərliyini qorxuya saldı  və ölkəmizə qarşı hərbi təcavüz planı hazırlandı. Buna qədər müxtəlif ölkələrdə baş vermiş etiraz aksiyalarını ordu gücünə, qan tökülməsi hesabına yatızdıran keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçov növbəti məkrli planını  Azərbaycanda həyata keçirməyi qərara almışdı.

Getdikcə alovlanan etiraz dalğaları geniş vüsət alırdı. 1990-cı ilin əvvəllərində  bu hadisələr artıq özünün pik nöqtəsinə çatmışdı. Mitinqlər isə səngimək bilmirdi. 1990-cı il yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyi  hüququ tapdalanmış xalqımızı sakitləşdirmək üçün onlara yalan vədlər verdilər və qəzəblənmiş  xalqı əmin edirdilər ki, Bakıda fövqəladə vəziyyət tətbiq edilməyəcək. Ancaq bu vaxt ərzində DTK-nın diviziyasının və desant hissələrinin-cəmi 35 min nəfərin Bakıya yerləşdirilməsi artıq başa çatmaqda idi.

Yanvarın 19-da axşam Azərbaycan televiziyasının enerji bloku partladıldıqdan sonra  sanki müharibə başlandı. Heç bir xəbərdarlıq edilmədən şəhərə daxil olan sovet qoşun hissələri imperiyanın hazırladığı “UDAR” adlı əməliyyat planını həyata keçirməyə başladı. Dinc əhali pulemyotlardanavtomatlardan atəşə tutuldu. Silahsız insanların üzərinə şığıyan tanklar rəhm etmədən onları tırtılların altına aldı.

Bu qətliamda 147 nəfər, o cümlədən qoca, uşaq, qadın amansızcasına qətlə yetirildi. 1000-ə qədər  dinc əhali  yaralandı. 600-dən artıq insan itkin düşdü. Bu qanlı faciə Azərbaycan xalqından, həmçinin beynəlxalq təşkilatlardan gizli saxlanıldı. Hadisənin baş verməsindən bir gün sonra ulu öndər Heydər Əliyev sovet ordusunun Azərbaycanda törətdiyi dəhşətli qətliam barəsində  beynəlxalq aləmə məlumat verdi. Həmin vaxt Moskvada ciddi nəzarət altında  yaşayan, xalqına son dərəcə sadiq olan ümummilli lider Heydər Əliyev təqiblərə məruz qaldığı bir dövrdə, heç bir təhlükəyə baxmayaraq, böyük bir cəsarətlə baş verən hadisəyə qarşı etiraz səsini ucaltmaq üçün  Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəldi və orada mətbuat konfransı keçirdi. Ulu öndər SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı faciə barəsində ətraflı məlumat verərək demişdir: “...Azərbaycanda baş verən hadisələrə gəlincə, onları antihüquq, demokratiyaya yad, humanizm prinsiplərinə tam zidd hesab edirəm. Yanvarın 19-dan 20-nə keçən gecə Bakıya Sovet Ordusunun iri kontingenti və SSRİ DİN-nin qoşunları yeridilib. Bunun hansı faciə ilə nəticələndiyi indi bizə yaxşı məlumdur. Belə qərar qəbul etmiş insanların hərəkətlərini siyasi səhv hesab edirəm. Kobud siyasi səhvə yol verilmişdir”.

Ümummilli liderimiz Heydər Əliyev elə həmin mətbuat konfransında başda Mixail Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar adlandırdı.

Dünyanın aparıcı  KİV təmsilçilərinin qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu. Bu sərt bəyanat xalqımızın özünə olan inamını artırdı,  böyük ruh verdi. İmperiya ordusu xalqımızın azadlıq, müstəqillik arzusunu boğa bilmədi. Faciə baş versə də, mərd oğul və qızlarımız mübarizələrini sona qədər davam etdirdilər.  20 Yanvar azərbaycanlılara qarşı planlı şəkildə aparılan  soyqırımı kampaniyası idi. Lakin sovet hərb maşınının  qorxunc qaragüruhuna qarşı sinəsini sipər edən  xalqımız təsdiq etdi ki, özgürlük mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpa olunması uğrunda savaşmaq əzminə malikdir.

Sabiq SSRİ prezidenti M.Qorbaçov Azərbaycan xalqının bu əzmkarlığı, cəsarəti,  mübarizliyi qarşısında həm silahlı ordusunun, həm də  mənəviyyatının nə qədər cılız olduğunu dərk etdiyindəndir ki, 1995-ci ilin aprel ayında Türkiyə səfərində 1990-cı ilin yanvar qırğınından bəhs edərkən: “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi” - deyərək, öz günahını etiraf etmişdi.

Qan yaddaşımıza silinməz faciə kimi yazılan 20 Yanvar Azərbaycanın istiqlaliyyət yolunda apardığı mübarizənin ilk şəhidlik zirvəsi idi. Bu vəhşilikdən, yüzlərlə günahsız insanın axıdılan  qanından xalqımızın iradəsi qırılmadı, qüruru itmədi. Tökülmüş qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının birliyini daha da möhkəmləndirdi, müstəqillik uğrunda apardığı mübarizəni daha da artırdı. Həmin günlər dünya informasiya mərkəzləri Azərbaycan xalqına qarşı törədilən bu qətliamı, soyqırımı əks etdirdikcə, bəşəriyyətə xalqımızın Vətəninə, torpağına sədaqəti, azadlıq uğrunda mübarizə əzminin böyüklüyü  bir daha bəyan edildi.       

Ərazi bütövlüyü pozulmuş, hüquqları tapdanmış xalqımız bu qanlı təcavüzü  Kremlin cavabı kimi qiymətləndirdi və tezliklə SSRİ-nin  tərkibindən çıxmaq məsələsini qaldırdı. Azərbaycan xalqı ciddi təzyiqlərlə üzləşməsinə  baxmayaraq, yenə də öz beynəlmiləlçiliyini bir dəyər kimi qorumaqla siyasi sayıqlıq nümayiş etdirdi.     

20 Yanvar faciəsində  qətlə yetirilmiş insanlar dinindən, dilindən asılı olmayaraq bir yerdə-Şəhidlər Xiyabanında torpağa basdırıldı. Bu, ermənipərəst sovet rəhbərlərinin məntiqini alt-üst etdi. Qarabağda guya hüquqları tapdalanan ermənilərin yalan və uydurmaları puça çıxdı.

Bu faciənin bu cür həlli monoton xalq olmayan Azərbaycan xalqının milli və dini ədavətdən uzaq olmasını, bu torpaqda yaşayan bütün xalqların nümayəndələrini özündən ayırmadığını, onları özlərinin milli sərvəti hesab etməsini təsdiqlədi.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra, 1990-cı il yanvar hadisələrinin səbəbləri daha dəqiq araşdırıldı və 1994-cü ildə 20 yanvar faciəsinə hərbi təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymət verildi. Bu hadisələrin təşkilatçıları Mixail Qorbaçov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov, Vaqif Hüseynov və başqalarının cəzalandırılması tələb olundu.

 “Qara yanvar” indiyədək özündə çox sirlər saxlamışdı. 100 cildlik istintaq materialının 69 cildi Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılmış və bu günədək onlardan  hələ də bir xəbər yoxdur.  Elə bu səbəbdən də Azərbaycan xalqına qarşı törədilən soyqırım və terror aktının əsil səbəbləri və günahkarları bəşəriyyətdən gizli qalmışdı. Totalitar rejimin xalqımızın başına gətirdiyi bu qanlı faciə, dünya birliyi tərəfindən beynəlxalq müstəvidə layiq olduğu hüquqi-siyasi qiymətini hələ almamışdır.      

20 Yanvar ağır cinayət hadisəsidir. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair Beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdur. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da öz əksini tapıb.       

Bu gün ulu öndər Heydər Əliyevin siyasi xəttini böyük ustalıqla davam etdirən möhtərm Prezidentimiz İlham Əliyev Azərbaycanın regiondakı, qitədəki, dünyadakı mövqeyini daha da  gücləndirməyə nail olub. Ölkə başçısı 20 Yanvar hadisələrinin beynəlxalq müstəvidə  siyasi -hüquqi qiymətini alması üçün əlindən gələni edir. Azərbaycan  Prezidenti İlham Əliyev 20 Yanvar faciəsini  xalqımıza qarşı törədilən qətliam  kimi qiymətləndirərək, bunun məqsədli qırğının bir halqası olduğunu beynəlxalq təşkilatların diqqətinə çatdıraraq demişdir: “20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda  Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq”.

 Bəli, biz 1990-cı il yanvarın 20-də şəhid verdik! Lakin, nə əyildik, nə də sındıq! Biz qanımız bahasına müstəqillik qazandıq! Biz hər dəfə Şəhidlər Xiyabanını ziyarət edərkən onların qəhrəmanlığından  güc, qüvvət, əzəmət alırıq. Şəhidlərimizin ruhu bizə vətəni canımız kimi sevməyi, göz bəbəyi kimi qorumağı öyrətdi.     

İndi hər bir Azərbaycan vətəndaşı, Azərbaycan ordusunun hər bir əsgər və zabiti yaxşı başa düşür və dərk edir ki, şəhidlərimizin qanı bahasına müstəqillik əldə etmiş ölkəmizin bir qarış torpağı da  erməni  tapdağı altında qalmayacaq. Bu gün yüksək döyüş hazırlığına, silahların və  hərbi texnikanın sirlərinə mükəmməl yiyələnmiş, intizamlı, mənəvi-psixoloji cəhətdən dözümlü,  ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin qisasını almağa tam hazır olan Azərbaycan Ordusu var.     

Qeyd etmək istəyirəm ki,  xaricdə yaşayan azərbaycanlılar 20 Yanvar hadisəsi haqqında dünya ictimaiyyətini daha geniş məlumatlandırmaq üçün çox işlər görür. ABŞ - Azərbaycan şəbəkəsi TexasNyu-York ştatlarının parlamentində 20 Yanvarla bağlı 2 rəsmi qətnamənin qəbul edilməsinə artıq nail olub. Qətnamə “Qara yanvarla bağlı   Amerika ictimaiyyətini və ölkə qanunvericiliyini bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən sənəd qəbul etməyə çağırır. Bundan əlavə, Benilüks Azərbaycanlıları Konqresinin Avropa Parlamentinə və Benilüks ölkələrinin qanunverici qurumlarına ünvanlanmış müraciətində deyilir ki, 1990-cı il yanvarın 20-si hüzn günü olmaqla yanaşı, eyni zamanda Azərbaycanda sovet  hakimiyyətinin sona çatması günüdür. Müraciətdə Avropa qanunvericiləri bu qeyri-insani aksiyanı rəsmi şəkildə pisləyən qətnamə qəbul etməyə çağırılır.

 Əsrlər keçsə də, Qara Yanvar faciəsinin Azərbaycanın və azərbaycanlıların qanlı tarixi olduğunu dünyaya tanıtmalıyıq. Dünya ictimaiyyəti də bilməlidir ki, bu qan heç vaxt yerdə qalmayacaq!

 

 

Fatma ƏLİYEVA,

Demokratik Azərbaycan 

Dünyası Partiyasının sədri

 

Xalq qəzeti.- 2013.-  17 yanvar.- S. 6.