Ordu, media, cəmiyyət münasibətləri bu gün

 

Dünən  Beynəlxalq Mətbuat Mərkəzində Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyi  “Ordu, media, cəmiyyət münasibətləri bu gün” mövzusunda “dəyirmi masa” keçirmişdir. Tədbiri giriş sözü ilə açan Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli ordumuzun son illərdəki inkişafından danışaraq bildirdi ki,  hər bir dövlətin silahlı qüvvələri həmin cəmiyyətin çox mühüm tərkib hissəsini təşkil edir.

 

 Media isə həm orduya, həm də ümumən cəmiyyətə, dövlətə münasibətində müəyyən prinsiplərə əsaslanaraq, öz mövqeyini ortaya qoyur. Amma silahlı qüvvələr elə sahədir ki,  onların fəaliyyətini işıqlandırarkən xüsusi yanaşma tələb olunur. Əvvəla, silahlı qüvvələr hər bir dövlətin ərazisinin, müstəqilliyinin, suverenliyinin qorunmasının təminatçısıdır. Hər hansı bir dövlətin ordusu nə qədər güclüdürsə, həmin dövlət də bir o qədər güclüdür. Ordu cəmiyyət içində bir cəmiyyətdir. Orada ciddi nizam-intizam, qaydalar hökm sürür. Burada bəzi psixoloji-mənəvi nüansları nəzərə almaq lazımdır. Torpaqlarımızın 20 faizinin işğal edilməsini də əlavə edəndə orduya yanaşmada son dərəcə həssas və diqqətli olmaq zərurəti ortaya çıxır. Əks halda düşmən ölkənin kəşfiyyat orqanlarının  “dəyirmanına su tökmək” ilə nəticələnir. Müharibə şəraitində olan ölkənin ordusu ilə bağlı məlumatların yayılmasında həmişə ehtiyatlı olmaq lazımdır”.

Qurumun sədri çıxışında bəzi KİV-lərin fəaliyyətinə münasibət bildirərək dedi: –Təəssüflər olsun ki, bizdə bəzi KİV-lərin fərqli istiqamətdə fəaliyyətinə də rast gəlinir. Bəzən müəyyən mətbu orqanları və ictimai qurumların əsas işi Azərbaycan Ordusu ilə bağlı yanlış informasiyalar yaymaq, orduya qara yaxmaq, kiçik bir faktı, hər hansı hadisəni şişirtməklə  ictimaiyyətdə yanlış fikir formalaşdırmaq istəyi nəzərə çarpır. Müharibə şəraitində olan bir ölkənin mətbu orqanlarında gedən orduya yönəlik neqativ yazılar, yayılan çaşdırıcı xəbərlər öz ziyanımıza işləyir. Əslində isə KİV bu sahədə fəaliyyəti tam fərqli şəkildə qurmalı, ordu ilə cəmiyyət arasında körpü rolunu oynamalı, vətəndaşlarımıza ordu ilə bağlı lazımi informasiya çatdırılmasına çalışmalı, Silahlı Qüvvələrin nüfuzunun daha da artırılması istiqamətində işləməlidir.

Milli Məclisin deputatı, təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədr müavini Aydın Mirzəzadə çıxış edərək,  Milli Ordumuzun kifayət qədər güclü və daim inkişafda olduğunu bildirdi. O, bəzi neqativ hadisələrə də toxundu. A. Mirzəzadə Milli Ordumuzun birbaşa Ali Baş Komandan, Prezident İlham Əliyevin ciddi nəzarəti və qayğısı ilə əhatə olunduğunu qeyd etdi. Bildirdi ki, bu il Azərbaycan Ordusuna 3,7 milyard dollar vəsait ayrılıb və bu, yeni silahların alınmasına, ordunun müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə və s. işlərə xərclənəcək. Bununla da Azərbaycan dövləti özünün müdafiə qabiliyyətini maksimum səviyyədə gücləndirəcək.

O, əlavə etdi ki,  Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında cənab Prezident İlham Əliyev ordu ilə bağlı əhəmiyyətli məqamlara toxundu. Ali Baş Komandan bildirdi ki, dövlət ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordunun qüdrətlənməsinə böyük diqqət yetirir.

Şübhəsiz ki, Azərbaycanın bu uğurları, hərbi qüdrəti ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tez-tez informasiyalar yayırlar. Çox təəssüf,  bunların arasında qarayaxmalar da olur. Millət vəkili mövcud hadisənin də yalnız təəssüf doğurduğunu və bu hadisədə təqsirkar olanların artıq cəzalandırıldığını da qeyd edərək bu işdə ictimai dəstəyin də vacib olduğunu vurğuladı.

“Azərbaycan bu gün necə inkişaf edirsə,  bütövlükdə ordumuzda o cür inkişaf edir. Neqativ hallardan sui-istifadə etməyə çalışanlar, müsbətləri də görməyi bacarsınlar”-deyə deputat əlavə etdi.

Daha sonra ehtiyatda olan general Məmmədhüseyin Sariyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və digər ictimaiyyət nümayəndələri çıxış edərək mövzunun əhəmiyyəti və Azərbaycan Milli Ordusunun inkişafından, neqativ hallara qarşı birgə mübarizədən söhbət açdılar.

 

 

Anar, Turan.

 

Xalq qəzeti.- 2013.- 17 yanvar.- S. 5.