Azərbaycan Silahlı Qüvvələri gündən-günə daha da müasirləşir, daha da güclənir

 

Böyük və şərəfli yol keçən müstəqil Azərbaycan Respublikası iqtisadi inkişaf templərinə görə təkcə Qafqaz regionunda deyil, dünya miqyasında lider dövlətlərdəndir. Bu gün bölgənin güc mərkəzinə çevrilən ölkəmizin mövqeyi, xüsusilə, regional məsələlərdə həlledici rol oynayır.  Azərbaycan dünya birliyi tərəfindən bərabərhüquqlu və etibarlı tərəfdaş kimi tanınır. Respublikamız bütün sahələrdəki inkişafıyla bir çox dünya dövlətləri üçün nümunə təşkil edir.  Bütün məsələlərin həllində təqdirəlayiq uğurlar əldə etməyimiz, o cümlədən yüksək döyüş qabilliyətinə malik müasir silahlı qüvvələrə malik olmağımız rəsmi Bakının təşəbbüsləri ilə həyata keçirilən dünya miqyaslı layihələrin reallaşdırılması nəticəsində böyük gələcək vəd edən Cənubi Qafqazda sülhün, təhlükəsizliyin davamlı olacağına ümidləri artırır.

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, güclü dövlətin güclü ordusu olmalıdır. İnamla deyə bilərik ki, Azərbaycanın qüdrətli, güclü, nizami ordusu vardır. Sevindirici haldır ki, Vətənimizin dayağı, düşmənə göz dağı olan ordumuza cəmiyyətdə də böyük rəğbət bəslənilir. Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissədə vəfat edən Ceyhun Qubadovun ölümü ətrafında bəzi qüvvələrin ajiotaj yaratmağa çalışmasının səbəbi də, əslində silahlı qüvvələrimizi gözdən salmağa istiqamətlənmişdi. Lakin dövlətimizin əlaqədar strukturları  əsgərin  vəfatı ilə bağlı məsələyə yüksək səviyyədə reaksiya verdi və baş vermiş ölüm faktı ilə bağlı istintaqın gedişatı xüsusi nəzarətə götürüldü. Hadisə ilə əlaqədar qısa zamanda 4 nəfər həbs olundu. Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun rəhbər əməkdaşları müvafiq araşdırmaların aparılması məqsədilə bölgəyə ezam olundular. Buna görə də cəmiyyətdə belə bir əminlik yarandı ki, cinayət işi üzrə istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində tam, hərtərəfli istintaq aparılmaqla təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması təmin olunacaqdır.

Bundan başqa, müdafiə nazirinin müvafiq əmri ilə Şəmkir Hərbi Birləşməsinin bir neçə yüksək rütbəli zabiti yol verdikləri qüsurlara və nöqsanlara, şəxsi heyətə nəzarəti düzgün təşkil etmədiklərinə görə intizam qaydasında ciddi şəkildə cəzalandırıldılar. Eyni zamanda, bəzi zabitlər tutduqları vəzifədən azad olundular. Araşdırmalar nəticəsində başqa şəxslərin də təqsiri aşkar edilərsə, onlar da cəzalandırılacaqlar. Bu, Azərbaycan dövlətinin hər bir əsgərin taleyinə biganə qalmadığını göstərən əsaslı faktdır. Məsələyə təkcə bir nazirlik və ya hüquq-mühafizə orqanları reaksiya vermədi, dövlətimizin əlaqədar bütün strukturlarının diqqəti bu məsələyə yönəldi, Yeni Azərbaycan Partiyası və partiyanı parlamentdə təmsil edən deputatlar ciddi reaksiya verdilər.  Onlar hadisəsi ilə bağlı Hərbi Prokurorluğa müraciət ünvanlayaraq baş vermiş ölüm hadisəsindən narahatlıq ifadə etdilər. Hərbi qulluqçuların hüquqlarının daha etibarlı təmin edilməsi və gələcəkdə bu kimi halların baş verməsinin qarşının alınması məqsədilə əsgər Ceyhun Qubadovun ölüm faktının səbəblərinin, habelə ekspertizanın nəticələrinin tam və hərtərəfli yoxlanılması, ölümün səbəbi kimi zorakılıq halı təsdiqləndikdə müvafiq tədbirlərin görülməsi və günahkarların qanunun tələblərinə uyğun cəzalandırılmasını xahiş edib.

Təbii ki, bu kimi azsaylı hallar  silahlı qüvvələrimizdə ruh yüksəkliyinə mənfi təsir göstərə bilməz. Fakt budur ki, ordumuzun döyüş qabiliyyəti günbəgün artır. Ötən illər ərzində Azərbaycanda hərbi xərcləri 20 dəfədən çox artırılmış, ordunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də böyük işlər görülmüşdür. Hərbçilərin sosial müdafiəsi məsələləri  daim Azərbaycan dövlətinin diqqət mərkəzində saxlanılır, onların sosial-məişət problemləri öz həllini tapır, əmək haqları yüksəldilir. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, keçən il Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncama əsasən hərbi qulluqçuların və hərbi sistemdə çalışan mülki işçilərin vəzifə maaşları müvafiq olaraq  25 və 10 faiz artırılmışdır.

Bu gün NATO standartlarına uyğun yenidən qurulan silahlı qüvvələrimizi ən müasir silah, hərbi texnika, sursat və s. təmin etmək üçün yeni istehsal sahələrinin yaradılması istiqamətində  işləri uğurla həyata keçirilir. Respublikamızda  “Qaranquş” və “Şahin” müasir pilotsuz uçuş aparatlarının istehsal edilməsi hər birimizdə böyük qürur hissi doğurur. Kifayət qədər geniş ərazidə mühüm obyektlərin kəşfiyyatını aparmağa imkan verən bu aparatların silahlı qüvvələrimizin sərəncamına verilməsi o deməkdir ki, bəzi mənəm-mənəm deyən dövlətlərdən fərqli olaraq Azərbaycan 21 illik müstəqillik dövründə  özünün nəhəng   hərbi sənayesini, hərbi potensialını formalaşdırmağı, gücləndirməyi bacarmışdır.

Onu da vurğulamaq istərdim ki, bir çox  ölkələr hələ də “Qaranquş” və “Şahin” kimi pilotsuz uçuş aparatlarını istehsal etməyin arzusu ilə yaşayırlar. Ona görə ki,  bu, ancaq inkişafının ən yüksək mərhələsinə qədəm qoyan ölkələrə xas olan istehsal sahəsidir. Cənubi Qafqaz regionunda özünün iqtisadi inkişafı, nüfuzu, geostrateji əhəmiyyəti və diplomatik çevikliyi ilə xüsusi seçilən ölkə olan Azərbaycan öz imkanları ilə pilotsuz təyyarələri istehsal edərək hərbi arsenalına qəbul etməsi bir daha sübut etdi ki, artıq o, dünya gücləri sırasına da yüksəlməyə qadirdir. Bu gün Azərbaycanda müxtəlif hərbi texnika, döyüş sursatlarını istehsal edən çox güclü hərbi sənaye kompleksinin  yaradılması, ən əsası isə ölkəmizin hərbi potensialını ilk növbədə  daxili imkanlar hesabına gücləndirməsi və hazırda respublikamızda  700  adda müdafiə təyinatlı məmulatın istehsal edilməsi dediklərimizi bir daha təsdiq edir.

Azərbaycanda bəzi silahların müasir tələblər səviyyəsində modernləşdirilməsi də uğurla reallaşdırılır. Ölkəmizdə yüksək dəqiqliklə aparılmış modernləşdirmə nəticəsində “Kaman” zenit-raket kompleksinin maksimal vurma qabiliyyəti 35 kilometrə çatdırılmışdır. Yüksək hündürlükdə uçan sürətli təyyarələri, qanadlı raketləri vurmaq üçün təyin edilmiş “Qalxan” zenit-raket kompleksinin hədəfi məhvetmə imkanları üfiqi və şaquli məsafələrə müvafiq olaraq 255 və 40 kilometrə çatdırılmışdır. “Favorit” zenit-raket sistemi isə eyni anda saniyədə 2 min 800 metr sürətlə uçan 6 müxtəlif hədəfə qarşı atəş əməliyyatı aparır və 27 min metrədək hündürlükdə hədəfləri məhv edir. “ARI-1T” mobil avtonom zenit-raket kompleksinin ölkəmizdə modernləşdirilməsi nəticəsində 12 kilometr məsafədə və 7 kilometr hündürlükdə hədəfi məhv etmək imkanına malik olmuşdur.

 Ötən ayların ümumi mənzərəsinə nəzər yetirsək görərik ki,  ölkəmizdəki hərbi təyinatlı müəssisələrdə istehsal olunmuş məhsulların ümumi həcminin 74 faizini müdafiə və xüsusi təyinatlı, 26 faizini isə mülki təyinatlı məhsullar təşkil etmişdir.  “Matador” və “Marauder” tipli zirehli maşınların istehsalı və onların silahlanması tam mənimsənilmiş və kütləvi istehsalı uğurla həyata keçirilir.  Yüksək manevr imkanına malik olan bu maşınlar tank əleyhinə minaların təsirinə davamlılığı ilə seçilirlər və iriçaplı müasir silahlarla komplektləşdirilmişdir. Ölkəmizdə istehsal edilən xüsusi təyinatlı “Gürzə” patrul maşını müsbət keyfiyyətləri ilə diqqəti cəlb edir. O,  2,5 ton yükgötürmə qabiliyyətinə malikdir. Ən son yeniliklərlə təchiz olunan bu maşın “Toyota HİLOYX 12" modelinin bazasında yaradılmışdır və yalnız Azərbaycanda yığılır.

Göründüyü kimi, qısa müddətdə rəqabətə davamlı müdafiə sənayesini formalaşdıran Azərbaycan artıq NATO standartları səviyyəsində məhsullar istehsal etmək iqtidarındadır. Prezident, Ali Baş Komandan İlham Əliyevin ordumuzun yeni növ silah, hərbi texnika və döyüş sursatları ilə təmin edilməsi üçün bütün lazımi işlərin görülməsi barədəki tapşırıq və tövsiyyələri dəqiqliklə yerinə yetirilir. Məhz bunun nəticəsində daim bir sıra yeni layihələrin reallaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparılır. Hazırda üzərində işlənilən yeni layihələr müxtəlif çaplı uzaq məsafəli artilleriya minalarını və onların barıt atımlarını, müxtəlif növ artilleriya mərmiləri üçün partladıcıları, zirehli nəqliyyat vasitələri üçün döyüş modullarını, atıcı silahların və onların döyüş sursatlarının daşınması və saxlanılması üçün müasir qablaşdırma qutularını və s. istehsalını göstərmək olar. Bütün bunlar Azərbaycanın yeni yaradılmış müdafiə sənayesinin inkişafının real nümunəsidir.

Bütün bu reallıqları nəzərə alan beynəlxalq hərbi ekspertlər və tanınmış siyasətçilər Azərbaycan Silahlı Qüvvələrinin regionun ən güclü ordusu olduğunu bəyan edirlər.  Yuxarıda qeyd etdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun dünyanın müasir ordularının sahib olduğu ən son hərbi texnika ilə təmin edilməsi də ölkə rəhbərinin diqqəti sayəsində mümkün olmuşdur. Bu işdə ölkə başçısının həyata keçirdiyi tədbirlər, tez-tez ön cəbhədə zabit və əsgərlərlə görüşməsi, onların hazırlıq səviyyəsi, döyüş bacarıqları, sosial təminat məsələləri ilə maraqlanması,  bu sahəyə qayğı və diqqətlə yanaşması öz sözünü deyir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bəyan etmişdir ki, ölkəmizin hərbi gücünün artırılması istiqamətində bundan sonra da lazımi tədbirlər görüləcəkdir. Çünki biz müharibə şəraitində yaşayırıq. Müharibənin birinci mərhələsi başa çatsa da, hələ bitməyib. Bu şəraitdə yaşayan bir ölkə, ilk növbədə, ordu quruculuğuna diqqət yetirməlidir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir və torpaqlarımız işğaldan azad olunmayanadək bu, belə olacaqdır. Artım tempinin davamlı xarakter alması da belə deməyə əsas verir. 2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, 2011-ci ildə  3 milyard 413 milyon dollar, 2012-ci ildə  isə  3 milyard 474 milyon dollar olmuşdur.  Bu gün Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın dövlət büdcəsindən 50 faiz artıqdır.  Bu, bizim uğurumuzdur, qələbəmizə inamı artıran ciddi amildir. Əminik çox qısa zamanda  Cənubi Qafqazın  ən qüdrətli, ən peşəkar, ən mübariz ordusu olan Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında da bu arzumuzu reallığa çevirəcəkdir.

 

 

Rauf Kəngərli

 

Xalq qəzeti.- 2013.- 17 yanvar.- S. 4.