Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv olması demokratik proseslərin inkişafında yeni mərhələnin əsasını qoydu

 

Azərbaycanın Avropa Şurasına üzvlüyündən 12 il ötür. Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də Strasburqda keçirilmiş iclasında Azərbaycanın bu təşkilata üzv olmaq haqqında müraciətinə baxılmış və səs çoxluğu ilə Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü qəbul olunmuşdur.

 

Dünya birliyində aparıcı mövqeyə, söz sahibliyinə malik olan bu nüfuzlu beynəlxalq təşkilata  ölkəmizin tamhüquqlu üzv olması   ulu öndər Heydər Əliyevin düşünülmüş xarici siyasətinin bəhrəsidir.

 SSRİ-nin süqutundan sonra müstəqillik qazanmış Azərbaycanda  ilk illər xaos və anarxiya  hökm sürürdü, respublikamız gündən - günə məhvə doğru gedirdi. Vəziyyət o həddə çatmışdı ki,  Azərbaycanla nəinki Avropa, hətta  qonşu dövlətlər belə  əlaqələr yaratmaq, iqtisadi və siyasi sahələrdə əməkdaşlıq etmək istəmirdi.  Qeyri - qanuni silahlı dəstələrin özbaşınalığı, hakimiyyətdə təmsil olunanların siyasi səbatsızlığı və dövlət idarəçiliyindəki səriştəsizliyi, bəzi hallarda isə milli maraqlara zidd addımları Azərbaycanı uçurumun astanasına gətirib çıxarmışdı.

Lakin  xalqımız qədim dövlətçilik təcrübəsinə əsaslanaraq belə vəziyyətlə barışmaq niyyətində deyildi. Ona görə də ziyalılar, ictimaiyyətin nümayəndələri ayağa qalxaraq  ömrünü Azərbaycan xalqına və dövlətinin inkişafına həsr etmiş Heydər Əliyevin  hakimiyyətə qayıtmasını təkidlə tələb etdilər. 1993-cü ilin iyununda Heydər Əliyev Naxçıvandan Bakıya qayıtdı. Məhz bu qayıdış Azərbaycanın gələcək inkişafı və dünyada layiqli yerini tutması üçün yol açdı. Zəngin dövlətçilik təcrübəsinə malik olan ulu öndər ilk növbədə silahlı dəstələri zərərsizləşdirdi, nizami ordu yaradıldı, dövlət qurumları təsadüfi adamlardan təmizləndi, təxribatçılıqla məşğul olan müxtəlif qruplar üzə çıxarılaraq ifşa edildi və ən əsası Azərbaycanda silah gücünə hakimiyyət dəyişikliyi ənənəsinə son qoyuldu.

Ölkə iqtisadiyyatını böhrandan çıxarmaq üçün Heydər Əliyev neft strategiyasını reallaşdırmağa nail oldu. 1994-cü ildə xarici dövlətlərin iri neft şirkətləri ilə Azərbaycan arasında “Əsrin müqaviləsi” imzalandı, bununla da ölkə iqtisadiyyatı inkişaf yoluna qədəm qoydu.

 Azərbaycanda demokratiyanın, vətəndaş cəmiyyətinin qurulmasına və inkişafına nail olmaq üçün bir sıra siyasi islahatların keçirilməsi zərurəti meydana çıxdı. Heydər Əliyev müasir dünya siyasətinə yaxından bələd olduğu üçün ölkədə demokratiya, insan hüquqlarına, söz və fikir azadlığına geniş şərait yaradılması yolunda qətiyyətli addımlar atdı. Həmin islahatların tərkib hissəsi kimi ölkədə çoxpartiyalı parlamentin yaradılmasının əsası qoyuldu.

Prezident Heydər Əliyevin Azərbaycanın beynəlxalq aləmdə etibarlı dövlət kimi tanınmasında ən böyük xidmətlərindən biri də ondan ibarətdir ki, məhz onun rəhbərlik etdiyi komissiya Konstitusiya layihəsini hazırlayaraq ictimai müzakirəyə təqdim edib. Avropa Şurası müsbət rəy verdikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən yeni Konstitusiyanın maddələrinin 40-dan çoxu insan hüquq və azadlıqlarına həsr edilib. 1995-ci ilin noyabr ayında müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq sərbəst parlament seçkiləri keçirildi. Ölkədə fəaliyyət göstərən bütün siyasi qüvvələr seçkilərdə iştirak edərək cəmiyyətdəki nüfuzlarına görə parlamentdə yer qazandılar.

Azərbaycan Avropanın bir hissəsi olaraq dünyada gedən demokratik proseslərdən kənarda qala bilməzdi. Ümummilli lider Heydər Əliyev siyasi islahatları heç də Avropa Şurasına üzv olmaq üçün həyata keçirmirdi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqının müstəqillik əldə edərək demokratik və azad cəmiyyətdə yaşamaq istəyi var idi. Heydər Əliyev bu islahatlarla xalqın iradəsinə uyğun siyasət aparırdı. Bu da Avropanın diqqətini cəlb etməyə bilməzdi. Bu islahatlardan sonra Azərbaycan dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilirdi. Ulu öndər ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığına və mötəbər qurumların üzvü olmasına böyük əhəmiyyət verirdi. Müstəqillik əldə etdikdən sonra  Azərbaycan dövləti  qarşıya çıxan bir sıra mühüm problemlərin, ilk növbədə dövlət müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll olunması, zəruri  islahatların həyata keçirilməsi və dünya inteqrasiya prosesinə sıx cəlb olunmasında beynəlxalq təşkilatların çox böyük  rolu var idi. Ümumilli lider müstəqil dövlət quruculuğu prosesində ölkəmizin  üzləşdiyi problemlərin aradan qaldırılmasında beynəlxalq təşkilatların potensialından  yararlanmağı zəruri hesab edirdi.

1996-cı ilin iyul ayında Prezident Heydər Əliyev Avropa Şurasının Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqqında Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirdi.

1996-cı ilin iyununda Avropa Şurası Parlament Assambleyasının  Bürosu rəsmi Bakının demokratik istiqamətdə atdığı addımları dəyərləndirərək Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusu verilməsi haqqında qərar qəbul etdi. Azərbaycan bununla da bu qurumun sessiyalarında iştirak edərək Dağlıq Qarabağ problemini oradan qaldırmaq imkanı qazandı. Həmin  il iyunun 28-dən etibarən Azərbaycan Respublikasının Avropa Şurasında xüsusi dəvət olunmuş qonaq statusunda iştirakı milli qanunvericiliyimizin Avropa standartları səviyyəsinə yüksəldilməsinin işlək mexanizmini hazırlamağa imkan verdi. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1996-cı il iyulun 8-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri haqqında”, 1998-ci il yanvarın 20-də “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il mayın 14-də “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” imzaladığı sərəncamlar ölkəmizin Avropa Şurasına qəbul edilməsi üçün səylərin artırılmasına və məqsədyönlü fəaliyyətə zəmin yaratmış oldu. Bu sərəncamlarda Avropa ölkələrində hamılıqla qəbul edilmiş standartlara və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında Cinayət, Cinayət-Prosessual, Mülki və Mülki-Prosessual məcəllələrinin, respublikamızın Avropa Şurasının  bir sıra konvensiya və sazişlərinə qoşulması məsələsinin öyrənilməsi tövsiyə olunmuşdur. Həmin tövsiyələrə uyğun olaraq qısa zamanda bu məcəllələr və hüquq-mühafizə orqanları ilə bağlı qanunların, demək olar ki, hamısı Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunmuşdur. “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Polis haqqında” qanunlar və digərlər mühüm qanunlar buna misaldır. Mövcud məhkəmə təsisatı tamamilə yenidən qurularaq üçpilləli məhkəmə sistemi yaradıldı.

Azərbaycan Avropa ailəsinin üzvü olmaq istiqamətində tədricən uğurlu addımlar atırdı. Bəzi hallarda ikili standartlarla üzləşən ölkəmiz xüsusi statusundan istifadə edərək bu maneələri keçirdi. 1997-ci ilin oktyabrında Azərbaycan Prezidenti Heydər Əliyev Strasburqda Avropa Şurasına üzv olan ölkələrin hökumət və dövlət başçılarının zirvə görüşündə iştirak etmiş, Avropa Şurası rəhbərləri ilə Azərbaycanda demokratik proseslərin gedişi, ölkəmizin Avropa strukturları ilə əlaqələri barədə fikir mübadiləsi aparmış, Dağlıq Qarabağ münaqişəsində rəsmi Bakının mövqeyini bəyan etmişdir. Ulu öndərin  bu mötəbər qurumun  tədbirində iştirakı, söylədiyi nitqi və keçirdiyi görüşlərindən sonra Avropanın Azərbaycana marağı daha da artmışdı.

Avropa Şurasına  üzv olmaq üçün Azərbaycan Respublikası müxtəlif sahələrdə çox ciddi addımlar atmışdır. Bu addımlardan biri də ölkədə ölüm cəzasının ləğvi və cəza siyasətinin humanistləşdirilməsi sahəsində görülən tədbirlər idi.. 1998-ci il fevral ayının 3-də ümummilli lider  Heydər Əliyev Milli Məclisə ölüm cəzasının ləğv olunması ilə bağlı müraciət etmişdir. Müraciətdə cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş və bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Parlament ölüm cəzasının ləğvi ilə bağlı ölkə prezidentinin təklifini dəstəkləmişdir. Beləliklə, ulu öndər Heydər Əliyev Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğv olunması ilə bağlı qətiyyətli və humanist qərar qəbul etmişdir.

1998-ci ildə keçirilmiş prezident seçkiləri, 1999-cu ilin dekabrında “Kütləvi informasiya vasitələri  haqqında” Qanunun qəbul olunması və bu qanunla KİV üzərində dövlət senzurasınin aradan qaldırılması və  2000-ci ildə keçirilən parlament seçkiləri Azərbaycanın artıq demokratik ölkə olduğunu bütün dünyaya göstərdi. Avropa Şurasının müşahidəçiləri seçkilərin demokratik şəraitdə keçirildiyini bəyan etdilər. Beləliklə, Azərbaycan Avropada mövcud olan demokratik cəmiyyətlərdən faydalanaraq, milli dəyərlərini qorumaqla Avropa məkanına inteqrasiya istiqamətində irəliləyirdi. 2001-ci ilin yanvar ayı Azərbaycanın Avropaya doğru irəliləyişinin zirvə nöqtəsi oldu. Yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın bu quruma tamhüquqlu üzv olması haqqında qərar qəbul etdi. Bu qərarla Azərbaycan  diplomatiyası Avropaya inteqrasiya proseslərinə qoşulmaq uğrunda mübarizədə böyük qələbə əldə edərək Avropanın üzvü olmasını  işdə sübut etmişdir. O dövrdən başlayaraq ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurlar bir - birini əvəz etmişdir.

Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini özünəməxsus şəkildə davam etdirən möhtərəm  Prezidentimiz İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının reallaşması nəticəsində  2011-ci ilin sonunda, müstəqilliyimizin 20 illik yubileyi ərəfəsində  Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, Azərbaycanın dünya siyasətində tutduğu möhkəm mövqeyin, qazandığı nüfuzunun bəhrəsidir.

 

 

Əliqismət Bədəlov

 

Xalq qəzeti.- 2013.- 17 yanvar.- S. 4.