Prezident İlham ƏLİYEV:
“Bizim düşünülmüş iqtisadi siyasətimiz
artıq öz gözəl nəticələrini verməkdədir”
2012-ci
il ölkəmizin sosial-iqtisadi sahələrində əldə
edilən mühüm
uğurlarla yadda qaldı. Dövlət
başçısının elmi əsaslarla
yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində
cəmiyyətin ümumi potensialının milli məqsədlər
naminə səfərbər olunması inkişaf prosesində
yüksək dinamizmi və
məqsədyönlülüyü təmin etdi. Paytaxtın və regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
görülən kompleks tədbirlər ölkəmizin
uğurlarını şərtləndirdi.
Həyata keçirilmiş məqsədyönlü
iqtisadi siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq
təhlükəsizliyinin təmin edilməsi ilə
bağlı mühüm uğurlar əldə edildi. Kənd təsərrüfatında məhsul
istehsalının stimullaşdırılması, əhalinin ərzaq
məhsullarına olan tələbatının yerli istehsal
hesabına ödənilməsi istiqamətində dövlət
tərəfindən həyata keçirilən tədbirlər
də regionların iqtisadi mənzərəsinin dəyişməsində əhəmiyyətli rol
oynadı. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü
ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında bütün bunlar barədə ətraflı
danışılmışdır.
Dövlət başçısı nitqində
vurğulamışdır ki, 2012-ci ildə ümumi daxili məhsul
2,2 faiz, qeyri-neft sektoru 9,7 faiz, qeyri-neft sənayesi təxminən 8 faiz, kənd təsərrüfatı
təxminən 6 faiz artmışdır. Makroiqtisadi vəziyyət
çox müsbətdir. İnflyasiya cəmi 1,1 faiz həddindədir ki, bu, son illərdə ən
aşağı səviyyədir. Əhalinin pul gəlirləri
isə 13,8 faiz artmışdır. Yəni inflyasiya ilə pul
gəlirləri arasında fərq 10 faizdən çoxdur. Bu
da dünya miqyasında ən yüksək göstəricilərdən
biridir.
Ölkə
başçısı nitqində ötən ilin
uğurları ilə bağlı digər göstəricilərə
də toxunmuşdur:“Keçən il investisiya xərcləri
rekord səviyyədə olmuşdur. Rəsmi statistik məlumatlara görə,
keçən il investisiyalar 22 milyard
dollardan çox olmuşdur. Bunun 13 milyardı,
bir qədər ondan çoxu daxili, 9 milyard dollara
yaxını isə xarici investisiyalardır. Bu da çox müsbət göstəricidir. İlk növbədə onu göstərir ki, daxili
investisiyalar artıq bir neçə ildir ki, ümumi investisiya
portfelində üstünlük təşkil edir. Digər
tərəfdən, 9
milyard dollara yaxın xarici sərmayənin
qoyulması da onu göstərir ki, Azərbaycan xarici investorlar
üçün çox etibarlı tərəfdaşdır,
çox cəlbedici ölkədir. Ölkəmizdə
aparılan iqtisadi islahatlar, iqtisadi liberallaşma, dünya
iqtisadiyyatına inteqrasiya siyasətimiz 9 milyard dollara yaxın
xarici sərmayənin qoyulmasına gətirib
çıxarmışdır. Əlbəttə, bu məsələdə
beynəlxalq kredit agentliklərinin reytinqləri də az rol oynamır. Çünki dünyanın
aparıcı kredit reytinq agentlikləri keçən il Azərbaycanın kredit reytinqlərini
artırmışlar. Bu da, deyə bilərəm
ki, müasir dünya üçün çox nadir bir məsələdir.
Çünki inkişaf etmiş ölkələrin bəzilərinin
reytinqləri aşağı salınır, Azərbaycanın
kredit reytinqləri isə yuxarı qaldırılır və
bu da aparılmış iqtisadi islahatların nəticəsidir”
İclasda
bildirilmişdir ki, qeyri-neft sektoru üzrə artım 9,7 faiz təşkil etmiş, ümumi daxili məhsulda
onun payı artaraq 52,7 faizə
çatmışdır. İnformasiya və rabitə xidmətləri
15,9 faiz, nəqliyyatda yük
daşımaları 3,5 faiz, o cümlədən qeyri-neft
yükdaşımaları 7,5 faiz, pərakəndə ticarət
dövriyyəsi 9,6 faiz artmışdır.
On bir ay ərzində
152 ölkə ilə xarici ticarət dövriyyəsi 39,5
milyard ABŞ dolları, xarici ticarət saldosu isə müsbət
22,6 milyard dollar təşkil etmiş, qeyri-neft ixracı 11,2
faiz artmış, strateji valyuta ehtiyatları 46 milyard dollar
olmuşdur. Bu da xarici dövlət borcundan təxminən
10 dəfə çoxdur.
Ötən
il dövlət büdcəsinin icrası ilə əlaqədar
vurğulanmışdır ki, icmal büdcənin gəlirləri
22,1 milyard manat və ya 101 faiz, xərcləri isə 19,6 milyard
manat və ya 93,9 faiz icra olunmaqla 2,4 milyard manatdan çox
profisit yaranmışdır. Dövlət büdcəsinin gəlirləri
17,3 milyard manat və ya 101,4 faiz icra
olunmuş, bu da əvvəlki illə müqayisədə 10,1
faiz çox, xərcləri isə 17 milyard manat və ya 96,2
faiz icra edilsə də, əvvəlki illə müqayisədə
10,4 faiz çox olmuşdur.
İclasda
ötən il ərzində sənayeləşmə siyasətinin
uğurla reallaşmasından danışılmış, bu istiqamətdə
həyata keçirilən tədbirlərdən bəhs
edilmişdir. Bildirilmişdir ki,
2012-ci ildə Sumqayıt
Texnologiyalar Parkında ağır maşınqayırma və
dəqiq emal mərkəzləri zavodları, Gəncədə
alüminium, Naxçıvan və Qaradağda sement
zavodları, bərk məişət tullantılarının
çeşidlənməsi və yandırılması
zavodları da daxil olmaqla, 100-dək sənaye müəssisəsi
istifadəyə verilmişdir. Hazırda isə 90-dan artıq sənaye müəssisəsinin
inşasının davam etdirilməsi qeyri-neft sektorunun
inkişafında mühüm rol oynayır. Növbəti
illərdə də sənayeləşmə siyasəti
çərçivəsində zəruri işlər, o
cümlədən yeni neft-qaz və neft-kimya kompleksi, gəmiqayırma,
gübrə zavodları və polad istehsalı kompleksinin
yaradılması davam etdiriləcəkdir.
Ölkədə
elektrik enerjisi istehsalı 6,9 faiz artmış, elektrik verilişi
xətlərinin çəkilişi davam etdirilmiş,
yaşayış məntəqələrinə qaz xətlərinin
çəkilişi və ya əsaslı təmiri
aparılmış, alternativ və bərpa olunan enerji ilə
təminat sahəsində “Azgüntex” günəş panelləri,
“Füzuli” və “Qusar-1" su elektrik stansiyaları istifadəyə
verilmişdir.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində
zəruri infrastrukturun qurulmasından danışılarkən
qeyd edilmişdir ki, ötən il nəqliyyat, qaz, enerji, su,
meliorasiya layihələri və təhsil, səhiyyə, mədəniyyət,
idman və digər sosial sahələrdə layihələr həyata
keçirilmişdir. Hazırda nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə
magistral yolların, körpülərin, dəmir
yollarının, yeni metro stansiyalarının, hava və dəniz
limanlarının tikintisi davam etdirilir.
Kənd
yolları üzrə əsasən ötən il
18 layihə üzrə işlərə
başlanılmış və cari ildə bu işlərin tam
başa çatdırılması nəzərdə
tutulmuşdur. Bunun nəticəsində 634 kilometr kənd
yollarının və 42 körpünün təmir-tikintisi
başa çatdırılacaqdır ki, bu da respublikanın 18
rayonunun 450 min nəfər əhalisi olan 400 yaşayış
məntəqəsini birləşdirir. Bununla
yanaşı, 61 şəhər və rayon mərkəzində
su təchizatı və kanalizasiya sistemlərinin yenidən
qurulması layihələri həyata keçirilir və cari
ildə bu layihələrdən bir neçəsinin başa
çatdırılması nəzərdə tutulur.
İclasda
vurğulanmışdır ki, ölkə Prezidenti ötən il ərzində
250-dək müxtəlif təyinatlı obyektlərlə
şəxsən tanış olmuş, hər bir rayonun
inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri
müəyyənləşdirmiş, verdiyi tapşırıq
və tövsiyələr isə regionların tarazlı
inkişafının təmin edilməsində müstəsna
rol oynamışdır. Bütövlükdə, 2012-ci il ərzində regionlarda 410-dan çox sənaye,
kənd təsərrüfatı, xidmət və ticarət
müəssisəsi fəaliyyətə başlamış,
400-dən çox müəssisənin isə tikintisi davam
etdirilir.
Ölkədə
insan kapitalının inkişafı, əhalinin keyfiyyətli
tibbi xidmətlə təmin olunması və digər sosial sahələr
üzrə işlər diqqət mərkəzində
saxlanılmış, il ərzində 268 məktəb, 62
bağça, 40 səhiyyə, 27 idman, 29 mədəniyyət
və digər sosial obyekt tikilmiş və ya əsaslı təmir
olunmuşdur. Hazırda 420-dən çox sosial
obyektin təmir-tikintisi davam etdirilir.
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının uğurlu icrası paytaxt qəsəbələrinin
inkişafını sürətləndirmiş, əhalinin həyat
səviyyəsi daha da yüksəlmişdir. Qaz, su,
kanalizasiya, enerji təminatı sahəsində mühüm
işlər görülmüş, yaşayış
binaları istifadəyə verilmiş, sosial obyektlərin
istilik sistemi yenidən qurulmuş, qəsəbələrarası
yollar təmir olunmuş, rayon və qəsəbədaxili
yollara asfalt örtüyü salınmışdır.
Proqram çərçivəsində 134 məktəb və
71 uşaq bağçası, 27 səhiyyə, 9 mədəniyyət
və idman obyektində tikinti və əsaslı təmir
işləri başa çatdırılmış, hazırda
85 sosial obyektin təmir-tikintisi isə davam etdirilir.
Əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramının icrası da 2012-ci ildə davam etdirilmiş, hesabat
dövründə kənd təsərrüfatı sahəsində
5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli
kreditlərin, vergi güzəştlərinin, subsidiyaların
verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi
və digər dövlət dəstəyi tədbirləri
reallaşdırılmışdır. Quşçuluq,
heyvandarlıq, taxılçılıq,
üzümçülük təsərrüfatları, kənd
təsərrüfatı məhsullarının istehsalı, tədarükü,
saxlanması, emalı və satışı kompleksləri,
aqroservislər yaradılmış, su təminatı və
meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq
məhsulları üzrə daxili istehsal artmış,
mövsümlə əlaqədar istehlak qiymətləri kəskin
dəyişməmiş və bu sahədə sabitliyə nail
olunmuşdur.
İri
özəl taxılçılıq təsərrüfatlarının
yaradılması ilə bağlı dövlət
başçısının tapşırığına əsasən
Ağcabədi və Beyləqan rayonlarında pilot
taxılçılıq təsərrüfatı
yaradılmış, bu mövsüm təsərrüfatda
yüksək məhsuldarlıq əldə olunacaqdır. Bu layihə çərçivəsində həm də
taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları
istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə
tutulur və layihələrdə əsasən məcburi
köçkün və yerli sakinlər işlə təmin
olunur. Növbəti addım olaraq Cəlilabad,
Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da
taxılçılıq təsərrüfatlarının
yaradılması məqsədi ilə zəruri işlərə
başlanılmışdır.
İclasda bildirilmişdir ki, müəyyən edilmiş
siyasətə uyğun olaraq sahibkarlığın
inkişafı daim diqqətdə saxlanılmışdır. İqtisadi
İnkişaf Nazirliyi tərəfindən sahibkarlara göstərilən
xidmətlər tamam elektronlaşdırılmış, o
cümlədən lisenziya və sertifikatların verilməsi və
bu xidmətlərə görə dövlət
rüsumlarının və haqların online rejimində
elektron qaydada ödənilməsi təmin edilmişdir. Ötən ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən
fərdi sahibkarlarla yanaşı, hüquqi şəxslərin
də qeydiyyatı elektron qaydada həyata keçirilir. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə
əsasən fiziki şəxslərin gəlir vergisi üzrə
vergi dərəcələri azaldılmış, sənaye və
texnologiyalar parklarına vergi güzəştləri nəzərdə
tutulmuşdur.
Sahibkarlığın maliyyə təminatı
yaxşılaşmış, güzəştli kreditlərin
həcmi artmışdır. Ötən il Sahibkarlığa
Kömək Milli Fondunun vəsaitləri hesabına 2400
sahibkara 218 milyon manat güzəştli kredit verilmişdir ki,
bunun da 128 milyon manatı və ya təqribən 60 faizi qaytarılan vəsaitlər
hesabınadır. Kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye
və turizmin inkişafına ayrılmışdır. Bu
kreditlər hesabına 9100-dək yeni iş yerinin
yaradılması nəzərdə tutulur.
Bakı və onun qəsəbələri üzrə
müvafiq proqramın qəbulundan ötən dövr ərzində
400 investisiya layihəsinin maliyyələşdirilməsinə
72 milyon manat güzəştli kredit verilmişdir. Ümumilikdə, ötən
il ərzində fond tərəfindən maliyyələşdirilmiş
94 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə
başlamışdır ki, bunun da 84-ü aqrar sənaye
kompleksləri, o cümlədən 15 quşçuluq, 7
heyvandarlıq, 4 ət emalı, 9 istixana, 11 kənd təsərrüfatı
məhsullarının tədarükü, saxlanması və
satışı kompleksi, 11 çörək zavodu, 7
üzümçülük, 2 iri taxılçılıq və
5 meyvə-tərəvəz emalı müəssisəsi, 10-u
isə digər sənaye sahələri - metal konstruksiyalar
zavodu, toxuculuq, parça boyama, tikiş, kağız və
karton məhsulları istehsalı müəssisələridir.
Ölkədə
istehsal olunan rəqabətqabiliyyətli qeyri-neft məhsullarının
mövcud və potensial xarici bazarlara ixrac imkanlarının
daha da genişləndirilməsi məqsədi ilə ötən
il yerli və xarici iş adamlarının
və beynəlxalq tərəfdaşların iştirakı ilə
107-si xaricdə, 201-i isə daxildə olmaqla 308 tədbir
keçirilmişdir.
Azərbaycan
İnvestisiya Şirkətinin iştirakı ilə ötən
il ərzində Hövsanda süd emalı zavodu, “Holcim-Azərbaycan”
yeni sement zavodu və Ağstafa aqroservis müəssisəsi fəaliyyətə
başlamış, Səngəçal neft və qaz
terminalının və duz istehsalı zavodunun uğurlu fəaliyyətləri
nəzərə alınaraq şirkət öz sərmayə
payını digər tərəfdaşlara satmaqla bu layihələrdə
missiyasını başa çatdırmışdır.
İstehlak
bazarında keyfiyyətsiz və təhlükəli malların
satışının və süni qiymət
artımının qarşısının alınması məqsədi
ilə həyata keçirilmiş nəzarət tədbirləri
nəticəsində insanların həyat və
sağlamlığı üçün təhlükəli
olan 80 tondan artıq ərzaq malları dövriyyədən
çıxarılmış, qanun pozuntusuna yol vermiş 2030 təsərrüfat
subyektinə inzibati cərimə kəsilmiş, haqsız rəqabətə
yol vermiş 72 təsərrüfat subyektinə qarşı
qanuna - müvafiq tədbirlər görülmüş,
istehlakçıların və sahibkarların maarifləndirilməsi
məqsədi ilə müvafiq tədbirlər həyata
keçirilmişdir.
Qazanılmış
sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq
agentliklərinin hesabatlarında da öz əksini
tapmış, “Doing Business-2013" hesabatında Azərbaycanın
mövqeyi yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun hesabatında Azərbaycan
dünyanın 50 ən rəqabətqabiliyyətli
iqtisadiyyatları qrupuna daxil olmuş və son üç ildə
olduğu kimi, MDB ölkələri arasında birincilik
mövqeyini saxlamışdır.
Həyata keçirilən ardıcıl və sistemli
sosial-iqtisadi islahatların nəticəsi olaraq, sabit və
dinamik inkişaf edən, etibarlı tərəfdaş bir
ölkə kimi Azərbaycanın nüfuzu daha da
artmışdır. Dövlət başçısı tərəfindən
təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə
baxış” İnkişaf Konsepsiyasında müəyyənləşdirilmiş hədəflər bir daha göstərir
ki, ölkə Prezidentinin rəhbərliyi ilə bütün
sahələri əhatə edən irimiqyaslı tədbirlərin
həyata keçirilməsi bundan sonra da ölkəmizin
davamlı inkişafını, onun dünyada mövqeyinin daha
da möhkəmlənməsini və xalqımızın
sosial-iqtisadi vəziyyətinin davamlı olaraq
yaxşılaşmasını təmin edəcəkdir.
İclasda yuxarıda qeyd edilənlərlə
yanaşı, qaçqın və məcburi
köçkünlərin sosial problemlərinin həlli istiqamətində
həyata keçirilən tədbirlər, İKT və
telekommunikasiya sektorunda görülən işlər, sosial
müdafiə sisteminin beynəlxalq standartlar əsasında
keyfiyyətcə yenidən qurulması barədə də ətraflı
danışılmışdır.
Ölkə Prezidenti yekun nitqində 2012-ci ildə
qarşıda duran vəzifələrə də toxunmuş, həyata
keçiriləcək tədbirlərlə bağlı
tövsiyələrini vermişdir.
Dövlət
başçımız yekun nitqinin sonunda demişdir:"Bu
müstəqillik dövründə doğrudan da, biz elə
böyük uğurlara imza atmışıq ki, hər bir Azərbaycan
vətəndaşı bununla fəxr edə bilər. Onların içində peykin buraxılması
xüsusi yer tutur. Bu, həm böyük məna
daşıyır, həm də bunun böyük rəmzi mənası
vardır. Əminəm ki, bu hadisə gələcəkdə
müasirliyə, inkişafa doğru atılan
addımlarımızı artıracaqdır. Bu hadisəni və ümumiyyətlə, İKT sahəsinə
verilən diqqəti və bu sahədə əldə
edilmiş uğurları nəzərə alaraq mən
2013-cü ili “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan
edirəm və hesab edirəm ki, 2013-cü ildə bu sahədə
biz daha da böyük nailiyyətlərə
çatmalıyıq”.
Vaqif Bayramov
Xalq qəzeti.- 2013.- 17 yanvar.- S. 3.