Qanlı Yanvar – xalqımızın qan
yaddaşı
Azərbaycan xalqının
azadlığı və ölkəmizin ərazi
bütövlüyü naminə mübarizə tarixinə
1990-cı il 20 yanvar gecəsi daha bir şərəfli gün
kimi daxil oldu. Ölkəmizə
qarşı əsassız ərazi iddiaları ilə
çıxış edən Ermənistanın təcavüzkar
siyasətinə qarşı kəskin etiraz
bildirən və SSRİ rəhbərliyinin ermənilərə
haqsız olaraq himayədarlıq etməsinə
hiddətlənən xalqımız paytaxt
Bakının küçə və meydanlarına
çıxaraq tapdalanmış hüquqlarını tələb
etməyə başladı.
Etiraz dalğası ölkəmizin, demək olar ki, bütün regionlarını əhatə etməyə başlamışdı. Əsas 11 rayonda izdihamlı mitinqlər təşkil edildi. Dağlıq Qarabağın Ermənistana birləşdirmə cəhdləri, erməni terror və quldur birləşmələrinin Azərbaycan kəndlərinə vəhşicəsinə basqını, silahsız və günahsız soydaşlarımızın qətlə yetirilməsi, yüzminlərlə soydaşımızın öz qədim yurdundan - Qərbi Azərbaycan torpaqlarından işgəncələrlə qovulması xalqımızın “səbrini daşdırmış” və insanlar meydanlara axın etmişdilər.
SSRİ rəhbərliyi yerli əlaltılarının köməyi ilə radikallaşmağa məcbur etdiyi xalqa divan tutmaq üçün münasib şəraiti tapa bildi. 1990-cı il yanvarın 19-da SSRİ Ali Soveti Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 24-dən “ Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında” fərman verdi. Xalqı qəfildən yaxalamaq, ona divan tutmaq, qırğın törətmək məqsədi ilə qoşunlardan istifadə etmək niyyəti, heç kəsə aman verilməyəcəyi elan edilmədi. Fövqəladə vəziyyətin başlanma vaxtı gizli saxlanıldı. Fövqəladə vəziyyətin, komendant saatının vaxtında elan edilməsi Moskvanın qanlı planlarını poza bilərdi. Ona görə də AXC İdarə Heyəti komendant saatı tətbiq olunduğu təqdirdə orduya müqavimət göstərmədən piketləri götürmək haqqında qərar qəbul etmişdi. Lakin eyni zamanda, piketçilər Moskvanın və respublika rəhbərliyinin səlahiyyətli nümayəndələrinin ordunun şəhərə girməyəcəyi haqqında dəfələrlə təkrar etdikləri vədlərə inanmışdılar. Xalqın məlumatlandırılmaması üçün yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladılaraq sıradan çıxarılmışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də gecəyarıdan başlayacağının elan olunmasına baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. “Bakı əməliyyatı” kimi həyata keçirilən bu qanlı hərbi plana SSRİ müdafiə naziri D.Yazov birbaşa özü rəhbərlik edirdi. Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Əskərlər gözyaşardıcı qazdan istifadə edir, eyni zamanda adamları avtomat silahdan atəşə tuturdular. Adamların gizlənməsi üçün bir sıra yerlərdə elektrik stansiyalarının işçiləri küçə fənərlərini söndürmüşdülər. Lakin qaçıb müxtəlif sığınacaqlarda gizlənən adamlar döyüş texnikasının projektorlarının köməyi ilə tapılır, atəşə tutulurdular. Şəhərin küçələri yüzlərlə ölmüş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Sovet hərbçiləri təsadüfən yola çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Onlar tibb müəssisələrini dövrəyə alaraq yaralı mülki şəxslərin buraya gətirilməsinə, habelə tibbi personalın yaralılara köməyə getməsinə mane olurdular.
Bakıya
və respublikanın digər yaşayış məntəqələrinə
sovet ordusunun hücumu vaxtı 137 nəfər, o cümlədən
117 azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar
öldürülmüş, 744 nəfər
yaralanmışdı. 400 nəfərdən
çox insan həbs olunmuş, 4 nəfər itkin
düşmüşdü. Evlər
yandırılmış, ictimai və
şəxsi nəqliyyat vasitələrinə böyük
maddi ziyan dəymişdi. Fövqəladə vəziyyət
haqqında fərman yanvarın 20-də saat
7-də elan olunmuşdu.
Qanlı Yanvara etiraz olaraq respublikada 40 günlük ümummmilli
tətil başlandı. Azərbaycanda yüksək vəzifə
sahibi olanlar xalqa kömək etmək, ona
arxa olmaq əvəzinə,
vəzifə kürsülərini qorumaq
naminə qaçıb gizləndilər. Bir
sıra qabaqcıl ziyalılar yanvarın 20-də Elmlər
Akademiyasında etiraz mitinqi
keçirdilər. Ziyalıların səsini boğmaq,
onları qorxutmaq üçün
bu mitinqin
iştirakçısı olan iki görkəmli elm xadimi, professor işə
gedərkən tankın altına salınıb məhv edildi. SSRİ Müdafiə Nazirliyinin,
DİN və DTK-nın keçirdiyi əməliyyatda
əsas rolu xüsusi
təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat
qrupları oynayırdı.
Sovet
ordusunun böyük kontingentinin, xüsusi təyinatlı
bölmələrinin və daxili qoşun hissələrinin
Bakıya yeridilməsi qəddarlıq və görünməmiş
vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslavakiya,
Macarıstan, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Sovet İttifaqının müttəfiq
respublikalarından biri oan
Azərbaycanda da təkrarlamaqdan çəkinmədi.
Hərbi müdaxilənin daha
amansız olması üçün qoşun birləşmələrinin tərkibinə
Stavropol, Krasnodar və
Rostovdan səfərbərliyə
alınan erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən
ermənilər, hətta erməni
kursantları da daxil edilmişdi.
“Şit”
təşkilatına mənsub müstəqil hərbi ekspertlərin
hesabatından bəlli olur ki, Bakıya yeridilmiş qoşun
kontingentinin sayı 60 minə çatırdı. Onlar “döyüş
tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji
hazırlıq keçmişdilər. “Sizi
Bakıya rusları müdafiə etmək üçün
gətirmişlər, yerli əhali onları
vəhşicəsinə məhv edir,
ektremistlər Salyan kazarmalarının
(Bakıda əsas qarnizonun yerləşdiyi
ərazi) ətrafındakı evlərin damlarında snayperlər
yerləşdirmişlər. Təkcə bu
ərazidə 110 atəş nöqtəsi var;
binalar, mənzillər, Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar”-
kimi fikirlər sovet
generallarının əsgərlərə verdiyi
göstərişlər idi.
Mixail
Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi
Bakıda “rus və erməni
kartından” məharətlə istifadə etdi. Güya
Bakıya qoşun onları, hərbi
qulluqçuların ailələrini qorumaq,
“millətçi ekstremistlər” tərəfindən hakimiyyətin
zorakılıqla ələ keçirilməsinin
qarşısını almaq üçün yeridilmişdi.
Əslində hadisələrin eybəcər gedişatı onu sübut etdi ki, Sovet
rəhbərliyinin gəldiyi bu “qənaət”
tamamilə ağ yalan
və hiyləgərliyin göstəricisi idi.
Məsələ ondadır ki,
əgər sovet rəhbərliyinin
iddiaları həqiqət olsaydı belə, Bakıya 60 minlik qoşun göndərməyə
ehtiyac yox idi.Çünki, həmin vaxt
burada daxili
qoşunların 12 minlik əsgəri və
Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun
çoxsaylı hərbi hissələri, hava
hücumundan
müdafiə qüvvələri var idi. 4-cü ordunun
komandanlığı da Bakıda yerləşirdi.
Yəni bütün bunlar
Sovet rəhbərliyinin göstərdiyi
amansız şou idi və
xalqın silahsız olduğunu görəndən
sonra belə ordu öz vətəndaşlarına qarşı terror etməkdən çəkinmədi.
Həmin
gün xalqımız ən ağır günlərini
yaşayırdı. Vahimə içində
hadisələrin gedişatını həyəcanla izləyən
kütlə nə edəcəyini də doğru-dürüst
anlamırdı. Yaşanan şok
və 70 il qardaş və
xilaskar obrazı kimi xalqa təbliğ edilmiş
bir ordunun belə
qırğın törətməsi inandırıcı deyildi. Lakin fakt faktlığında qalırdı ki, Sovet İttifaqı
artıq etibarını və əvvəlki imicini
itirmişdi.
Yanvarın
21-də ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək
burada təşkil olunmuş izdihamlı yığıncaqda
iştirak etdi. Bu ağır günlərdə böyük
siyasətçi xalqla bir yerdə olduğunu bildirərək,
20 Yanvar faciəsinə siyasi qiymət verdi, əliyalın
xalqın qırılmasını hüquqa, demokratiyaya,
humanizmə zidd, Mərkəzin və respublika rəhbərlərinin günahı üzündən yol
verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Bu tarixi çıxışın mətni respublikada, bütün dünyada geniş yayıldı. Təklənən, əli heç nəyə çatmayan xalqın qəlbində ümid çırağı yandı. Xalq Heydər Əliyev kimi nüfuzlu şəxsiyyətin, doğma oğlunun onunla olduğunu, onu cəsarətlə müdafiə ediyini gördü, bir daha ürəkləndi.
Bakı
şəhəri və bütün Azərbaycan, fövqəladə
vəziyyətin olmasına baxmayaraq, yanvarın 22-də şəhidlərlə
vidalaşdı. Şəhər matəm libası
geyinmişdi. Respublikada üç gün matəm
elan olunmuşdu. “
Azadlıq” meydanında böyük
izdihamlı matəm mitinqi keçirildi.
Mitinqdə milyondan artıq insan iştirak edirdi. Bu görünməmiş
izdiham idi. Azərbaycan
xalqı ilk dəfə idi
ki, belə böyük
etiraz səsini ucaldan
izdihamın şahidi olurdu.
Tarixən böyük
dövlətlər yaratmış xalqımız sovet müstəmləkəsinə çevriləndən
sonra ilk dəfə idi ki, öz
haqq səsini belə ucaldırdı. O gün, hamı bir yumruq kimi Vətənin dərdini
bölüşmək üçün meydana axın-axın gəlirdi. Gurultulu, emosional, milləti
milli mübarizəyə səsləyən
bəyanat və çıxışlar eşidilirdi.
Küçələrdə, Azərbaycan KP Mərkəzi
Komitəsinin binasının divarlarında “Qorbaçov
cəlladdır!”, “ Rədd olsun Sov. İKP!”, “ İşğalçılar, rədd
olub gedin!” və s. kimi şüarlar
yazılmışdı. Partiya biletlərindən tonqallar
qalanırdı. Şəhidlər izdihamın müşayəti
ilə şəhərin ən hündür
nöqtəsində—Dağüstü Parkda
dəfn edildilər. Xalq dəfn mərasimində
iştirak etdi.
Hamı bir nəfər kimi
şəhidlərimizin layiqli şəkildə
torpağa tapşırılması üçün əsl milli
qeyrət nümayiş etdirdi.
Görünməmiş hadisədir ki, 40 gün ərzində xiyabanı 22 milyondan artıq insan ziyarət
edirdi. Bütün
bölgələrimizdən olan vətəndaşlarımız şəhidlərimizlə vidalaşmağa gəlmişdilər. Hətta
elə insanlarımız da var idi ki,
hər gün oranı ziyarətə gəlirdi.
Bu birlik ölkəsinin, xalqının
azadlığı, şərəf və ləyaqəti uğrunda canlarından keçən Vətən
övladlarının şərəfinə idi.
Hansı ki, bu günkü müstəqilliyimizin birbaşa səbəkarları məhz onlar idi.
Böyük
itkilərlə, günahsız insanların qətli ilə nəticələnən
20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar
imperiya rəhbərliyinin Azərbaycan xalqına qarşı xəyanətkar
siyasətinə dözməyən, öz
azadlığına, müstəqilliyinə can atan millətimizin
həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu
nümayiş etdirdi.
SSRİ
rəhbərliyi öz bədnam cinayətkar əməllərindən
peşman olmaqdansa hadisələri təhrif etmək və
dünyaya yalan informasiya çatdırmaq yolunu tutmuşdu. Yanvarın
20-də artıq bütün dünya Bakıda törədilmiş dəhşətli
qırğından xəbər tutduğu
bir vəziyyətdə o
vaxtkı sovet imperiyasının ideoloji ruporu olan “Pravda” qəzeti 22 yanvar tarixli nömrəsində
yazırdı: “Fövqəladə vəziyyət elan edilməsi üçün
görülmüş tədbirlər nəticəsində
guya qadınlar və uşaqların tələf
olması barədə bəyanatlar aşkar
fitnəkar xarakter daşıyır. Bir daha təkrar etmək
lazımdır ki, bu,
qərəzli yalandır! Ondan məqsəd
əhalini sovet ordusuna
və hüquq - mühafizə
orqanlarına qarşı qaldırmaqdır”. Bu
da öz növbəsində
Mərkəzin başında duranların və onlara canla-başla xidmət
edənlərin iç üzünü
bir daha üzə
çıxartdı.
“Qara
Yanvar”ın indiyədək özündə
saxladığı sirlər çoxdur. 100
cildlik istintaq
materiallarının 69 cildi Bakıdan Moskvaya,keçmiş SSRİ Prokurorluğuna
aparılıb və bir daha
geri qaytarılmayıb.Azərbaycan
xalqının məruz qaldığı bu
təcavüz indiyədək bəşəriyyət əleyhinə
cinayət kimi beynəlxalq müstəvidə
layiq olduğu qiyməti
almayıb. Ümumxalq matəm günü elan edilmiş hər il
yanvarın 20-də başda cənab Prezidentimiz
İlham Əliyev olmaqla
Azərbaycan rəhbərliyi, ölkədəki diplomatik korpusun təmsilçiləri,
bütün ictimai sektoru təmsil edən fəallar, vətəndaşlar
faciə nəticəsində həlak olmuş
insanların dəfn olunduğu Şəhidlər
Xiyabanını ziyarət edir.
20 Yanvar qətliamının
ildönümlərində Azərbaycanın bütün
şəhər və rayonlarında, eləcə də kənd
və qəsəbələrində dövlət bayraqları
matəm əlaməti olaraq endirilir, Bakı vaxtı ilə
saat 12.00-da ölkə ərazisində şəhidlərin
xatirəsi bir dəqiqəlik sükutla yad edilərək,
bütün gəmilər, avtomobillər və qatarlar siqnal
verir.
İstiqlal tariximizin şərəfli səhifəsi olan 20 Yanvar günü Vətənimizin azadlığı uğrunda hayqırtısı idi. Bu hayqırtını, bu səsi boğmağa çalışsalar da şəhidlərimiz buna imkan vermədilər. Azərbaycan şəhidi mərdlik, cəsarət mücəssəməsi olmasını sübut etdi. Onlar sübut etdilər ki, azadlığı heç bir xalqa qızıl nimçədə hədiyyə vermirlər. Onu qazanmaq üçün vuruşmaq, mübarizə aparmaq lazımdır. Biz bir xalq kimi öyünə bilərik ki, belə şəhidlərimiz var. Bu torpaqdan ötrü kifayət qədər canından keçən oğul və qızlarımız var. İllər keçdikcə dəyişən nəsil üçün nümunəvi vətənpərvərlik məktəbimiz var.
Anar Turan
Xalq qəzeti.- 2013.- 18 yanvar.- S. 4.