GƏNCƏ: yaddaşlara köçən 2012, ümidlərin ünvanı 2013

 

Bu gün Gəncə haqqında, burada aparılan geniş abadlıq-quruculuq, yenidənqurma işləri barədə yazmaq üçün müvafiq strukturlara baş çəkməyə, rəqəmlər, faktlar toplamağa ehtiyac qalmır. Atalar demiş “görünən dağa nə bələdçi?”

 

Sonuncu dəfə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə bir il əvvəl söhbət etmişik. O zaman başçının dediklərini, 2012-ci ildə görüləcək işlərin siyahısını dəftərçəmə köçürmüşdüm. Artıq 2013-cü il başlayıb və ilk ayın da yarıdan çoxu arxada qalıb.Yenidən şəhər icra hakimiyyətinə üz tutmaq lazımdırmı? Qətiyyən. Çünki arxada qalan il Gəncə üçün, onun sakinləri üçün o qədər yaddaqalan, uğurlu il olub ki, bu barədə yazmaq lazımdırsa, elə şəhərə çıxmaq kifayətdir. Bəri başdan belə bir faktı qeyd etmək istəyirəm ki, başçı bir il qabaq nələri sadalamışdısa, onların  hamısı həyata keçib. Hətta dəftərçəmdə olmayan obyektlərin, park və xiyabanların , binaların, məhəllələrin sayı-hesabı yoxdur.

Ümumiyyətlə, yazılarımda rəqəmlərdən istifadə etməyi sevmirəm. Səbəbi var. Əvvəla rəqəm elə rəqəm olaraq qalır. Onun arxasında olan gərgin işi çatdırmaq qeyri-mümkündür. Digər tərəfdən, o daim dəyişir. Məsələn, bu gün Gəncədə  500 yaşayış binasının dam örtüyü dəyişdirilibsə, sabah, yəni yazı çapa hazırlanana kimi onun sayı artacaq,  rəqəm dəyişəcək. Çünki bu şəhərdə elə bir sürət alıb ki, tezliklə dam örtüyü yararsız olan    bir  bina da qalmayacaq. Hara baxırsan, binaların təzə dam örtüklərinə rast gəlirsən. Özümansard formasında, gözəl görkəmdə. Əslində ağır, çoxlu vəsait tələb edən, vaxtaparan işdir. Amma şəhər ica hakimiyyəti bunu ediradamlar da hədsiz razıdırlar. Gəncənin tarixində hələ belə görülməyib. İllər uzunu bu çardaqlara əl vurulmayıb. Yağan yağışın, qarın suyu mənzillərə axıb. Digər tərəfdən, şəhərin görünüşünə xələl dəyib. İndi  baxırsan, adamın ürəyi açılır. Şəhərin müəssisə və təşkilatları da öz inzibati binalarını qaydaya salırlar, fasadlarını düzəldirlər, həyət-bacasında səliqə-sahman yaradırlar.

2012-ci ilin ən yaddaqalan tarixi günlərindən biri təbii ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də Gəncəyə səfəri günüdür. Şəhər haqqında, burada görülən işlər barədə ölkə başçısının söylədiyi fikirlər gəncəliləri ruhlandırdı, daha irimiqyaslı işlərin görülməsinə səfərbər etdi.

Həmin gün dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin və Gəncə Dövlət Filarmoniyasının təməlqoyma mərasimlərində, “Det-Al” Alüminium MMC-nin Gəncə Alüminium  Komleksinin, N.Nərimanov parkının, “Xəmsə” abidə kompleksinin, Nizami Gəncəvinin heykəlinin açılışlarında iştirak etmiş, Bayraq meydanında, Cavadxan küçəsində, “İmamzadə” dini kompleksində aparılan təmir-bərpa və tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Maraqlı, həm də fərəhli haldır ki, ölkə başçısı Gəncəyə həmin səfərindən cəmi üç gün sonra şəhərin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi ilə bağlı sərəncam imzaladı  və şəhər icra hakimiyyətinə  beş milyon manat vəsait ayrıldı. Aprel ayında “Gəncə şəhərində abadlıq və yenidənqurma  işlərinin sürətləndirilməsi ilə əlaqədar  əlavə  tədbirlər haqqında”  ölkə Prezidentinin daha bir sərərəncamı imzalandı və şəhərə beş milyon manat vəsait ayrıldı. Bir qədər sonra isə, yəni iyunun 5-də Azərbaycan Prezidentinin  “Gəncə şəhərinin sosial-iqtiasdi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamı ilə Məhsəti, Sadıllı, Natavan, Şıxzamanlı və Cavadxan qəsəbələrini birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisi məqsədi ilə ilkin olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrıldı. Eyni məbləğdə vəsait  Gəncəyə  ötən  ilin son günlərində də ayrıldı. Bütün bunları gəncəlilər ölkə başçısının qədim şəhərə və onun sakinlərinə hədsiz diqqət və qayğısının təzahürü kimi qiymətləndirirlər. Özü də bilirlər ki, bu diqqət, qayğı daim olacaq. Çünki Gəncədə gedir, sözün əsl mənasında böyük , şəhəri başdan-başa dəyişən, onun  qədimliyini qorumaqla müasirliyə qovuşduran bir . Bunu görməmək mümkün deyil. Təxminən iki il əvvəl şəhər rəhbərliyi yeni işə başlayanda bəzi üzdəniraq mətbuat orqanlarının “Elmar Vəliyev Gəncəni viran qoyur”, “İcra başçısı adamları çölə atır” və sair bu kimi ifadələri yəqin çoxlarının yadındadır.  Amma zaman keçdikcə nəyin düz, nəyin yalan olduğunu adamlar gördülər. İndi maraq üçün evləri və ya obyektləri, yaxud eybəcər hasarları sökülmüş  həmin adamlarla görüşün, görün ölkə başçısı, şəhər rəhbərliyi haqqında nələr deyəcəklər.

Geniş, yaraşıqlı, işıqlı, hər cür kommunikasiya xətləri çəkilmiş Şah İsmayıl Xətai, Nizami, Nərimanov və digər onlarla prospekt və küçələrdəki evlərin, mağaza və köşklərin, binaların sakinləri onlara yaradılan şəraitə görə necə minnətdarlıq etdiklərini gərək öz gözlərinizlə görəsiniz. Onların əksəriyyəti sadə, orta təbəqəli ailələrin nümayəndələridir.

2012-ci ildə şəhərdə yaddaqalan hadisələr çox olub. Təbii ki, Gəncənin bir ildə bir boy da yüksəlməsi adamları çox sevindirir. Şəhər hamının gözü qarşısında hər gün, hər saat dəyişir. Qəzalı evlər sökülür, onların yerində  müasir memarlıq üslubunda, tam təmirli, geniş və yaraşıqlı binalar ucaldılır.  Cavadxan  küçəsində, Atatürk, Xətai prospektlərində və digər yerlərdə hazırda qızğın gedir.

Ümumtəhsil məktəblərində aparılan təmir, tikinti və yenidənqurma işləri geniş vüsət  alıb. 2000-ci ildən üzü bəri şəhərdə cəmi 4-5 məktəbdə əsaslı təmir işləri aparılmışdısa, təkcə  2012-ci ildə Gəncədə 20-dən çox  məktəb və məktəbəqədər müəssisə əsaslı təmir olunmuşdur. Özü də zövqlə, yüksək, səviyyədə.  Zövq” sözünə bir də qayıtmaq istərdim. Gəncədə nə görülür görülsün, orada bir zövqlülük hiss olunur. İstər divara vurulmuş hər hansı bir stend, portret, şüar olsun, istərsə də bəzədilmiş yolka ağacı, zövqlülük, müasirlik, gözəllik həmin an diqqəti cəlb edir. Primitiv, köhnəlmiş nəyəsə rast gəlmək mümkün  deyil. Təbii ki, bütün bunlar şəhər rəhbərliyindən, onun işə, Gəncəyə münasibətindən, Avropaya inteqrasiyadan irəli gəlir. Sentyabrın son günlərində dahi Nizaminin 870 illiyi ilə bağlı keçirilən tədbir iştirakçıları da gördülər ki, Gəncə dünənki Gəncə deyil. Otuz il qabaq, dahi şairin 840 illik yubileyində iştirak etmiş məşhur qazax şairiictimai xadimi Oljas Süleymenovla söhbətimi olduğu kimi təqdim edirəm:

-Gəncəni tamamilə dəyişdiriblər. Şəhər mənim 1981-ci ildə gördüyüm şəhər deyil. Sizin meriniz mənə olduqca işgüzar, novator, Gəncəni, Nizamini hədsiz sevən şəxs təsiri bağışladı. Nizami prospekti elə başdan-başa ulu şairin dünyasıdır.  Divarlardakı şəbəkələr, məqbərə ətrafındakı obyektlər, yaşıllıqlar, “Xəmsə” və sair bizə çox təsir etdi. Ömür vəfa etsə, Nizaminin növbəti ad günlərində şəhəri dünyanın ən gözəl şəhərləri sırasında görəcəyimə əminəm.

Böyük qazax şairinin dediklərinə bir qədər də əlavə etsək, görərik ki, Nizami Gəncəvi ədəbi irsinin qoruması və təbliği ilə bağlı şəhərdə həyata keçirilən işlər yalnız təkcə Gəncədə deyil, onun hüdudlarından çox-çox uzaqlarda yüksək qiymətləndirilir. Gəncəyə, dahi şairin yubileyinə bu dəfə gələn xarici qonaqların sayı 150 nəfəri keçmişdi. Heç zaman bu qədər qonaq yubiley tədbirlərində iştirak etməmişdi. Yeri gəlmişkən, bu tədbirlərin şəhərdə çox yüksək səviyyədə təşkil edilməsi  onu göstərdi ki, Gəncədə ən böyük beynəlxalq tədbirlərin keçirilməsi üçün həm şərait var, həm də şəhərdə bunu bacarırlar. Elə şairin yubiley tədbirlərindən bir həftə sonra  Beynəlxalq Şərab Festifalının keçirilməsi də göstərdi ki, Gəncə təsadüfən Azərbaycanın ilk paytaxtı olmayıb. Birki, gərək hər bir işə məsuliyyət ola, qabiliyyət, bacarıq və yuxarıda qeyd etdiyim kimi zövq ola.

Nizami  Gəncəvi ilə bağlı görülən işlər haqqında bir qəzet yazısında söhbət açmaq mümkün deyil. Çünki bu işlərin miqyası olduqca genişdir. Keçən il qəzetimizdə bununla bağlı müxtəlif yazılar, səhifələr dərc olunub. Təkcə onu qeyd etmək istəyirik ki, bu gün Şeyx Nizaminin ruhu şaddır. İstər məqbərəsi, istər onun ətrafı, Nizami prospekti, inşa olunan Nizami Mərkəzi və digər yerlər şairə məhəbbətin  dərin təzahürüdür.

Tarixi abidələrə əl gəzdirmək, onlara necə dəyərlər, “ikinci həyat” vermək ənənəsi 2012-ci ildə də davam etdirilib. Böyük Vətən Müharibəsi” abidə kompleksi indi uzaqdan öz gözəlliyi, möhtəşəmliyi ilə diqqəti cəlb edir. Novruz Meydanı yenidən qurulub. “İmamzadə” tarixi memarlıq kompleksi ölkə Prezidentinin xeyir- duası və köməkliyi ilə tamamilə yenidən qurulur. Şah Abbas tarixi memarlıq kompleksi, “Çökək hamamtarixi abidəsi qonaqları heyran edir.

Maraqlıdır ki, Gəncədə 50-60 il və ya bir qədər sonralar tikilmiş iki, üç, dörd və beşmərtəbəli yaşayış binaları tarixi memarlıq abidələrinə çevrilirlər. Mən bir dəfə yazılarımın hansındasa qeyd etmişdim ki, Gəncədəki bu binalar öz memarlıq quruluşuna, milli ornamentlərinə və naxışlarına görə heç də Bakının Neftçilər prospektindəki binalardan geri qalmır.

Şəhərdə işıq sistemi tamamilə yenidən qurulur. İndi bir çox küçələrdə gecələr sərbəst gəzmək mümkündür. Ən müasir, milli ornamentli işiq dirəkləri quraşdırılıb. İşıqların yandırılıb keçrilməsinə xüsusi nəzarət olunur. Bir vaxtlar bu küçələrdə adamlar gecələr əl fonarlarından istifadə edirdilər, avtoqəzalar olurdu.

Şəhərə giriş avtomobil yolları genişləndirilib, yaşıllıqlar salınıb, yeni müasir obyektlər tikilib. Avtovağzalın şəhərdən kənara köçürülməsi və tamamilə yeni bir kompleksin tikintisi aparılır ki, bu da adamların razılığına səbəb olub. Hazırda 5 hektara yaxın ərazidə inşa işləri sürətlə gedir. Avtovağzal üçmərtəbəli olmaqla, sahəsi 3 min kvadratmetrə çatacaq, sərnişinlərin rahatlığı üçün anauşaq, tibbi xidmət, ibadət otaqları, iaşə və ticarət obyektləri xidmət göstərəcəkdir. Eyni zamanda burada 4 mərtəbəli mehmanxana  və ticarət mərkəzi ucaldılır.

Şəhərdə elə bir sahə yoxdur ki, unudulsun, diqqətdən kənarda qalsın. Vətənimizin azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalan 49-u naməlum olmaqla 367 şəhidin uyuduğu məzarlar vahid formada qara mərmərdən düzəldilmiş, “Şəhidlər” Memorial Kompleksində əzəmətli, monumental abidə ucaldılmışdır.

Məcburi köçkünlərin mənzil-məşiət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində 25 hektar sahədə yaşayış şəhərciyinin salınması həm soydaşlarımıza böyük dayaq olacaq,  həm də şəhərin ümumi ansamblına bir yenilik gətirəcəkdir.

Gəncədə su sarıdan qıtlıq olmayacaq. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində təməli 2011-ci ilin sentyabrın 8-də qoyulmuş “Gəncə şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi  çərçivəsində nəzərdə tutulan işlər keçən il də, bu il də yüksək sürətlə davam etdirilir. Çox keçməyəcək ki, Gəncə sakinləri mənzillərində 24 saat ərzində fasiləsiz su alacaqlar.

Qaz, elektrik enerjisində problemlər  aradan qaldırılıb. Eybəcər şəkildə az qala yolun ortasına çıxan qaz borularından, hörümçək toruna bənzəyən elektrik naqillərindən indi əsər-əlamət yoxdur. Ən ağır işlər, yəni bu boruların yerin altına salınması, asfaltlanması, bardürlərin düzəldilməsi, səkilərin qaydaya salınması, demək olar ki, arxada qalıb. Amma bu işlər hələ davam edir. Nə qədər ki, inkişaf, yenilənmə var, təmir-bərpa işləri də labüddür və sakinlər bundan narahat olmur, əksinə, sevinirlər. Sevinirlər ona görə ki, onlara şərait yaradılır, doğma şəhərləri gözəlləşir, müasirləşir.

Şəhərdə yeni tikililərin sayı həddindən artıq çoxdur. Az idarə, müəssisə və təşkilat tapılar ki, onun üçün ayrıca inzibati bina inşa olunmasın və ya tikintisi nəzərdə tutulmasın. Bu yaxınlarda onların sırasına daha biri - Nizami Rayon Məhkəməsinin binası da daxil olundu. Şəhərin mərkəzində ucaldılan bu  bina öz orijinallığı ilə seçilirümumi ansambla uyğunlaşır. Gəncə Filarmoniyasının, Heydər Əliyev Mərkəzinin tikintisində, Nizami Muzeyinin tikintisində qızğın gedir. Digər tikililər, o cümlədən Mətbuat Evinin də inşası maraq doğurur.

Küçə və prospektləri tanımaq olmur. Ən diqqət çəkən məqam odur ki, onlar genişləndirilir, yəni əsl prospektə çevrilir, bütün kommunikasiyaları ilə birlikdə. Artıq şəhər sakinləri də bu işlərə hədsiz maraqla və razılıqla yanaşırlar.

Şəhərin Baş meydanı, onun ətrafi tamamilə dəyişib. Şəhər icra hakimiyyətinin inzibati binasının istər xarici görünüşü, istərsə də daxili, burada çalışanlar üçün yaradılmış nümunəvi şərait görənləri valeh edir. İnzibati binadakı böyük iclas zalı tamamilə yenidən qurulubburada ən yüksək səviyyədə beynəlxalq tədbirlər keçirmək olar və artıq bir neçəsi də keçirilib.

2012-ci il Gəncə və gəncəlilər üçün bir də onunla yadda qalıb ki, həmyerliləri, Gəncə İdman Məktəbinin yertirməsi Toğrul Əsgərov Olimpiya çempionu olub. Qeyd edək ki, bununla bağlı şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə şəhər ica hakimiyyətinin başçısı Elmar Vəliyev Toğrul Əsgərova üçotaqlı mənzilin, onun məşqçisi Elçin Zeynalova isə “Niva” markalı maşının açarlarını təqdim etmişdir.

Ümumiyyətlə, şəhərdə idmanın kütləviliyini artırmaq üçün böyük işlər görülür, idman meydançaları istifadəyə verilir, movcud qurğularda təmir-bərpa işləri aparılır, müxtəlif yürüşlər,yarışlar təşkil olunur.Yaxın vaxtlarda şəhərdə Olimpiya kəndinin inşası nəzərdə tutulub. ...Bakı istiqamətindən Gəncəyə daxil olduqda ( şəhərin ərazisi xeyli genişləndirilib və bu, rəsmən təsdiq olunub) qarşına əzəmətli qoşa qala divarları çıxır. Artıq burada son tamamlama işləri görülür. Hiss edirsən ki, çox qədim, möhtəşəm bir şəhərə qədəm qoyursan. Yolun hər iki tərəfindəki şəbəkəli, ornamentli divarlar uzandıqca uzanır. Bürclər, qülləli tikililər, Nizami Gəncəvinin “Xəmsə”sindəki əsərlərinin illüstrasiyaları və uzaqdan gümbəzi bərq vuran Şeyxin məqbərəsi səni heyran edir, sanki ovsunlayır. Ətrafdakı yaşıllığa, genişliyə, səliqə - sahmana baxdıqca ürəyin açılır.

...Qədim şəhər 2012-ci ili qürurla yola saldı. Bəs onu 2013-cü ildə nələr gözləyir? Bu sualın cavabı indidən məlumdur: yenə inkişaf, tərəqqi,  müasirllik, bir sözlə, hər bir işdə canlanma.  Uğur olsun, Gəncə!

 

 

Hamlet Qasımov

 

Xalq qəzeti.- 2013.- 19 yanvar.- S. 6.