Azərbaycan
Ordusu qarşıya qoyulan bütün vəzifələri
yüksək səviyyədə yerinə yetirməyə tam
hazırdır
İqtisadi inkişaf göstəricilərinə
görə dünya miqyasında lider dövlətlər
sırasına yüksələn Azərbaycan
Respublikasının hərbi gücü, müdafiə
qüdrəti ildən-ilə artır. Xarici siyasətdə
böyük uğurlar qazanan, BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü kimi dünyanın təhlükəsizlik
siyasətinin müəyyənləşdirilməsində
yaxından iştirak edən, qlobal əhəmiyyətli
problemlərin müzakirə olunduğu parlaq məkana
çevrilən ölkəmiz ordu quruculuğu prosesində
ardıcıl nailiyyətlərə imza ataraq Cənubi Qafqaz
regionunun ən qüdrətli, mütəşəkkil, nizami və
peşəkar silahlı qüvvələrinə malik
güclü dövlətə çevrilmişdir. Yüksək
maddi-texniki təminatla diqqətləri üzərinə cəlb
edən, müasir texnika və silahlarla tam təchiz olunan
ordumuz artıq qarşıda duran bütün vəzifələri
yerinə yetirməyə tam hazırdır.
Bu
gün Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi öz ədalətli həllini
tapmadığına, ölkəmizin beynəlxalq ictimaiyyət
tərəfindən tanınan ərazi bütövlüyü
təmin edilmədiyinə görə hər an müharibə
başlaya, Azərbaycan Silahlı Qüvvələri müqəddəs
missiyasını yerinə yetirə bilər. Yəni bizim
ölkəmiz müharibə şəraitində
yaşayır və bu, o deməkdir ki, bizə düşmən
kəsilən xarici və daxili qüvvələr istənilən
vaxt istənilən hadisədən istifadə etməklə,
Azərbaycan Ordusuna qara yaxmağa, kölgə salmağa cəhd
göstərə, təxribat xarakterli addımlar atmağa, məsələləri
siyasiləşdirərək şişirtməyə
çalışa bilərlər. Belələri
xalqımızın, Vətənimizin müdafiəçisi, ərazi
bütövlüyümüzün təminatının
qarantı rolunda çıxış edən silahlı
qüvvələrimizin imicinə zərbə vurmaqla, əslində,
bizim müstəqil dövlətimizin gələcəyinə,
milli maraqlarımıza zərbə vurmuş olurlar. Bu mənada,
səbəb nə olursa-olsun, Azərbaycan Ordusu haqqında
yalan, böhtan və şayiə xarakterli məlumat yayanlar ilk
növbədə düşmən dəyirmanına su tökənlərdir.
Son günlərdə biz bunun bir daha şahidi olduq. Müdafiə
Nazirliyinin Daşkəsən rayonunda yerləşən “N”
saylı hərbi hissəsində əsgərimiz Ceyhun Qubadovun
vəfatı xəbərindən istifadə edən daxilimzdəki
antimilli, antiAzərbaycan qüvvələr bu faktı əllərində
bayraq edərək əks-təbliğat kampaniyasına
başladılar. Onlara ən layiqli cavabı isə Azərbaycan
cəmiyyəti verdi. İctimaiyyət
məsələdən öz çirkin siyasi məqsədləri
üçün istifadə edərək, ölkədə hərc-mərclik
yaratmaq niyyətində olanların mənfur
çağırışlarına əhəmiyyət vermədi.
Çünki hər kəs gördü ki, hadisə
baş verəndən dərhal sonra Azərbaycan dövləti
və hökuməti vəziyyətə operativ müdaxilə
etdi, məsələ araşdırıldı. Dövlətimizin bütün əlaqədar
orqanları vahid mexanizm şəklində fəaliyyət
göstərərək hadisəyə aydınlıq gətirilməsində
və günahkarların cəzalandırılmasında səylərini
əsirgəmədi. Ona görə ki, öz Vətənini
qoruyan, xidmət edən, dövlətinin sərhədlərində
keşik çəkən hər bir Azərbaycan əsgəri
bu xalqın, bu məmləkətin əziz övladıdır
və Azərbaycan dövləti onların hər birinin taleyi
ilə yaxından maraqlanır.
Yanvarın
15-də keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin
sosial-iqtisadi inkişafının yekunlarına və
2013-cü ildə qarşıda duran vəzifələrə həsr
olunmuş iclasındakı çıxışında Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyev qeyd etmişdir ki,
bu gün Azərbaycan Ordusu Cənubi Qafqazda aparıcı hərbi
qüvvədir və Azərbaycan cəmiyyəti silahlı
qüvvələri ləkələməyə
çalışanların hansı məqsədə xidmət
etdiyini bilir: “Bizim ordumuz böyük nailiyyətlərə
çatıb. Biz heç vaxt imkan verə bilmərik
ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər,
ordumuza kölgə salsınlar. Biz buna
heç vaxt imkan vermərik. Mən də
Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm.
Azərbaycan xalqı da buna imkan verməyəcək,
ordumuza kölgə salmaq istəyən ünsürlərə
öz layiqli cavabını verəcək və verir”.
Dövlət başçısı ordunun maddi-texniki təminatının
xeyli gücləndirildiyini, dövlət büdcəsində
bu sahəyə ayırmaların ilbəil
ardığını vurğulayaraq demişdir: “Bu il büdcəmizdə
hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın
ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır.
Biz bu imkanlardan da istifadə edəcəyik”.
Ölkə başçısı ordu quruculuğu
işində təkcə maddi-texniki təchizatın rol
oynamadığını, eyni zamanda, peşəkarlıq və
nizam-intizamın da əhəmiyyətli olduğunu demişdir. Qeyd
etmişdir ki, silahlı qüvvələrdə həm peşəkarlıq,
həm nizam-intizam artmalıdır. Ordu cəmiyyətin
bir parçasıdır. Orduda xidmət edən
vətəndaşlar cəmiyyətin üzvləridir. Hər
bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ
ondan ibarətdir ki, bu nöqsanlar və qüsurlar vaxtında
aşkarlanır və dövlət tərəfindən ciddi
ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki
bazasının möhkəmləndirilməsi, peşəkarlığın,
nizam-intizamın artırılması istiqamətində siyasətimizi
aparacağıq.
Digər tərəfdən, bunu da unutmamalıyıq ki,
Azərbaycan Ordusu daim atəşkəs rejimini pozmağa
çalışan hiyləgər düşmənlə
üz-üzə dayanıb. Azərbaycan Milli Məclisinin
sədr müavini Bahar Muradovanın qeyd etdiyi kimi, Azərbaycan
Ordusu 20 ildən artıqdır səngər həyatı
yaşayır ki, bunun özü də bir sıra problemlər
yaradır. Adi şəraitdə orduda xidmətlə səngər
şəraitində xidmət tamamilə fərqli
nüanslardır: “Bu mənada Azərbaycan ordusundakı vəziyyətlə
dinc şəraitdə yaşayan ölkələrin
orduları müqayisəyə gəlməyəcək dərəcədə
fərqlidir. Çox təəssüf ki, Ceyhun Qubadov
kimi əsgərlərimizin ölümü baş verir. Hər dəfə də bu hallar baş verdikcə
müqəssirlər cəzalandırılır, lakin bu
hallardan istifadə edib, bunu şişirdib, tamamilə başqa
bir yöndən cəmiyyətə təqdim edənləri
başa düşə bilmirəm. Bu,
heç kimə haqq vermir ki, baş verən hadisəni tamamilə
başqa bir səmtə yönəltsin və bundan da siyasi məqsədlər
üçün istifadə olunsun”.
Yeni Azərbaycan Partiyasının İcra katibinin
müavini, millət vəkili Mübariz Qurbanlı da qeyd
etmişdir ki, bəzi radikal müxalifət dairələri və
onların tabeliyində olan mətbuat orqanları baş
vermiş hadisədən Azərbaycanın əleyhinə
istifadə etməyə çalışdılar. Ordu hamı
üçündür və hərbi xidmət ümummilli vəzifəmizdir.
Ordumuzun güclənməsi, qüdrətlənməsi
və psixoloji-mənəvi durumunun yüksək olması
düşmən Ermənistan üzərində uğurlu qələbəmiz
üçün vacibdir. Azərbaycan ordusu
Cənubi Qafqazın ən güclü ordusudur. Buna görə də ordumuzda baş verən bu
cür xətaları, belə faciəvi hadisələri
şişirtmək və kütləviləşdirmək
kiçik təfəkkürlü, aşağı səviyyəli
insanların işidir. Belə faciəvi
hadisələrdən siyasi kapital qazanmaq istəyənlər
var. Bu cür faciələri bütövlükdə orduya
qarşı yönəltmək və ordunun nüfuzuna xələl
gətirən çağırışlar etmək yolverilməzdir.
Xüsusilə Azərbaycan gəncliyində
ordudakı vəziyyət və əsgərlərlə bağlı
xof hissi yaratmaq çox təhlükəlidir.
Bu gün Azərbaycan gəncləri könüllü
şəkildə ordu sıralarına yollanır, orduda
böyük cəsarət və qətiyyətlə xidmət
edirlər. Həmçinin ordumuzda böyük qəhrəmanlar
yetişir. Belə olan şəraitdə
faciəvi hadisəni şişirdərək onu
bütövlükdə orduya və Azərbaycana qarşı
çevirmək doğru deyil. Erməni mətbuatı
bu tipli yazılar verir. Azərbaycan
müxalifəti də buna oxşar yazılar yazır. Bu, bir daha onu göstərir ki, Azərbaycan
müxalifəti ümumilli maraqlarda yanlış yoldadır.
Ümummilli maraqları qorumaqla bağlı
addımlar atmır və yaranmış vəziyyətdən
məqamçı olaraq sui-istifadə etmək istəyir.
Azərbaycan xalqı bunu qəbul etmir.
Gözlənilməz və ya təsadüfi bədbəxt
hadisələr dünyadakı bütün dövlətlərin
ordularında baş verə bilər. Bu gün ABŞ kimi
supergücün ordusunda da neqativ hallara rast gəlinir. Məsələn,
“Reuters” agentliyinin yaydığı məlumatlara görə,
keçən il ərzində Amerika Silahlı Qüvvələrinin
Piyada qoşununda 182, Hərbi Dəniz Qüvvələrində
60, Hərbi Hava Qüvvələrində 59, dəniz
piyadaları korpusunda isə 48 nəfər olmaqla , ümumilkdə
349 hərbçi bilinməyən səbəblərdən
özünə qəsd edib. Müqayisə üçün
qeyd edək ki, ötən il Əfqanıstanda
keçirilən hərbi əməliyyatlarda ABŞ Ordusu 237 nəfər
itki verib. “Reuters” bildirir ki, hətta Əfqanıstan
hüdudlarından kənarda hərbi əməliyyatlar
zamanı həlak olanların sayını da əlavə
etdikdə, ümumi itkilərin sayı yenə də intihar
hadisələri qədər çox olmur. Bəzi hesablamalara görə, ABŞ Ordusundan tərxis
olunmuş şəxslər arasında intihar halları daha
geniş yayılıb. İndi bu və digər
faktları əsas götürüb hansı ağlı
başında olan bir insan deyə bilər ki, Amerika Ordusu zəifdir
və ya bu orduda hərc-mərclik baş alıb gedir?
Düşmən ölkənin ordusundakı vəziyyət
isə daha da dəhşətlidir. Ermənistan silahlı
qüvvələrində cinayət hadisələri gündən-günə
artır, intizamsızlıq baş alıb gedir,
qeyri-döyüş şəraitində ölüm
halları sürətlə artıb, fərarilik son həddə
çatıb. Məsələn, 2005-ci ildə erməni
silahlı birləşmələrində 1597 cinayət hadisəsi
baş vermişdisə, 2006-cı ildə 1702, 2010-cu ildə 2
min 157, 2011-ci ildə 2 min 216, keçən il isə 2 min 500-dən
çox dəhşətli hadisə baş vermişdir. Bu isə bir daha göstərir ki, Ermənistan rəhbərliyi
orduda nizam-intizamın möhkəmləndirilməsi və
şəxsi heyətin tərbiyəsi ilə bağlı
işlərə barmaqarası yanaşır, ümumiyyətlə,
əsgər və zabitlərin taleyi onları
maraqlandırmır. Məhz buna görə
də erməni hərbi ekspertlər belə hesab edirlər ki,
son dövrlər ordu Ermənistanın hərbi-siyasi rəhbərliyinin
şəxsi maraqlarının qurbanına çevrilib.
Ermənistanda ana müxalifəti sayılan Erməni
Milli Konqresi həmişə ordudakı vəziyyətdən
ciddi narahatlığını ifadə edib. Konqresdə
belə hesab edirlər ki, bu, Serj Sarkisyan hakimiyyətinin
apardığı yarıtmaz siyasətin nəticəsidir.
EMK-nın koordinatoru Levon Zurabyan bildirib ki, Ermənistan
ordusunda vəziyyət çox dözülməzdir. Azərbaycanla Ermənistan arasında 1994-cü ildə
atəşkəs elan edilən vaxtdan bu günə kimi Ermənistan
minlərlə hərbçisini qeyri-döyüş şəraitində
itirib. Zurabyan bu vəziyyətin
yaranmasına səbəb kimi isə ordu rəhbərliyinin
özbaşınalığını göstərib.
Ordu generallarının yüz min dollarlıq ciplərdə gəzdiyi,
rüşvətxorluqla və şəxsi varidatını
artırmaqla məşğul olduğu bir vaxtda ordu sağlam ola bilməz.
Maddi-texniki təminatdan məhrum olan erməni ordusunda
yoluxucu xəstəliklər də geniş yayılıb. Erməni əsgərləri
arasında xüsusən qarın yatalağı adlı xəstəliyin,
dizinteriyanın, vərəmin geniş yayıldığı
verilən məlumatlar arasında yer alır. Elə bu günlərdə ön mövqedə
yoluxucu xəstəliklərin yayılması nəticəsində
adı çəkilməyən hərbi hissənin karantinə
alındığı bildirilir. Əsgərlərin bir
qisminin həyatı xilas edilsə də ölənlərin
olduğu barədə məlumatlar var. Gorusda yerləşən
1-ci ordu korpusunda, Karçaxpyur rayonundakı 2-ci,
Vanadzordakı 3-cü, Yexeqnadzor rayonundakı 4-cü,
Nubaraşen rayonunda yerləşən 5-ci korpuslarda qidadan
kütləvi zəhərlənmə halları ilə
yanaşı, yoluxucu xəstəliklərin də tez-tez
yayıldığı bildirilir.
Bütün
bunları nəzərə alan beynəlxalq
ekspertlər də bu gün Azərbaycan Ordusunu Cənubi Qafqaz
regionun ən güclü silahlı qüvvələri kimi dəyərləndirirlər.
Bu işdə ölkə
başçısının həyata keçirdiyi tədbirlər,
tez-tez ön cəbhədə zabit və əsgərlərlə
görüşməsi, onların hazırlıq səviyyəsi,
döyüş bacarıqları, sosial təminat məsələləri
ilə maraqlanması, bu sahəyə qayğı və diqqətlə
yanaşması öz sözünü deyir. Bu gün Silahlı Qüvvələrimizin
dünyanın müasir ordularının sahib olduğu ən
son hərbi texnika ilə təmin edilməsi də Azərbaycan
Prezidentinin diqqəti sayəsində mümkün olmuşdur.
Ali Baş Komandanın da qeyd etdiyi kimi, Azərbaycanın
hərbi gücünün artırılması
üçün bundan sonra da lazımi tədbirlər
görüləcəkdir. Dövlət
başçısının qeyd etdiyi kimi, son 10 ildə
dövlət büdcəsindən müdafiə sektoruna
ayrılan vəsaitlər əhəmiyyətli dərəcədə
artırılmışdır. Bu dövrdə
ordunun arsenalının yeni döyüş təyyarələri,
helikopterlər, döyüş maşınları, habelə
müasir və uzaq məsafəli artilleriya sistemləri ilə
gücləndirilməsi istiqamətində bir sıra proqramlar
reallaşdırılmışdır. Azərbaycan bu sahədə,
hətta Rusiya tərəfindən təmənnasız
yardımlar alan Ermənistanla balansı
öz xeyrinə dəyişməyə nail olmuşdur.
Hərbi
ekspertlərin fikrincə, Azərbaycanın malik olduğu
“Smerç”, 2C7 “Pion”, M-46, 2A36 “Giatsin”, T-122 “Sakarya”, “Lynx LAR” və
“Lynx Extra” kimi artilleriya sistemləri işğal
altındakı torpaqlarımızda yuvalanan Ermənistan ordusu
üçün potensial təhlükədir. Bu
sistemlər gözlənilməz hücum zamanı erməni hərbi
birləşmələrinin ön və arxa eşelondakı
möhkəmləndirilmiş mövqelərini güclü zərbələrlə
sıradan çıxaracaq. Erməni
ekspertləri iddia edirlər ki, Azərbaycan tərəfi hərbi
əməliyyatların gedişində mülki əhali və
hərbçilər arasında psixoloji gərginlik yaratmaq məqsədilə
böyük dağıdıcı gücə malik uzaq mənzilli
reaktiv raketlərdən Dağlıq Qarabağda insanların
daha çox yaşadığı məntəqələrə
qarşı istifadə edəcək. Əlbəttə,
Azərbaycan dövləti humanizm prinsiplərini hər
şeydən üstün tutur və əgər hərbi əməliyyatlar
başlasa, əsas hədəf işğalçı qüvvələr
olacaq. Və əlbəttə, Ermənistan
Xocalı hava limanından təxribat xarakterli məqsədləri
üçün istifadə etməyə çalışsa,
Azərbaycan Silahlı Qüvvələrindən lazımi
cavabını alacaqdır.
Rauf Kəngərli
Xalq qəzeti.- 2013.- 19
yanvar.- S. 5.