Kanadalı qonaqlar Lənkəranda
Lənkəran Şəhər
İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov
Kanadanın Toronto Universitetinin professoru Robert Austinin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir. İcra hakimiyyətinin konfrans
zalında qonaqları salamlayan icra başçısı dünya
elminə böyük töhfələr
verən Toronto Universiteti
ilə Lənkəran Dövlət Universitetinin
əməkdaşlığının LDU-nun
gələcək fəaliyyətində mühüm
rol oynayacağını bildirib.
T.Qaraşov daha sonra qonaqlara Lənkəran şəhərinin qədim tarixi, mədəniyyəti, iqtisadiyyatı haqqında geniş məlumat verib, Lənkəranın mətbəxi, böyük ziyalı və turizm potensialına malik olması barədə danışıb, ölkəmizdə həyata keçirilən genişmiqyaslı proqram və layihələrdən, təhsil sahəsində həyata keçirilən islahatlardan söz açıb, Azərbaycanda turizmin inkişafı ilə bağlı hazırlanan proqramlardan, son 1 il ərzində Lənkəran rayonuna 10 minə yaxın xarici turistin gəlməsindən ətraflı bəhs edib.
Dövlətimizin
azərbaycanlı gənclərin bir sıra inkişaf
etmiş xarici dövlətlərin universitetlərində təhsil
almaları üçün xüsusi proqramların yerinə
yetirdiyini diqqətə çatdıran icra
başçısı Toronto Universitetində hazırda 70 nəfər
azərbaycanlı gəncin təhsil aldığını
qeyd edib, onların gələcəkdə hərtərəfli
biliyə malik olan mütəxəssislər kimi yetişəcəyinə
əmin olduğunu vurğulayıb.
Toronto
Universitetinin professoru Robert Austin öz növbəsində səmimi
qəbula və qonaqpərvərliyə görə minnətdarlığını
bildirib.Belə gözəl diyarda olmaqdan, dünya şöhrətli
Lənkəran çayını içməkdən məmnun
olduğunu söyləyən professor səfərin əsas məqsədinin
Toronto Universitetində təhsil alan tələbələrin
Azərbaycanı yaxından tanımalarına xidmət etdiyini
diqqətə çatdırıb.
Görüşdə iştirak edən əslən lənkəranlı, Kanada-Azərbaycan Araşdırmalar İnstitutunun təsisçisi, Kanadanın Vaterloo Universitetinin professoru İlham Axundov qeyd edib ki, nümayəndə heyətinə daxil olan tələbələr arasında Azərbaycan təəssüratları haqqında iyirmi səhifəlik tezislər hazırlamaq nəzərdə tutulmuşdur. Sonra nümayəndə heyətinə daxil olan bir qrup tələbə Lənkəran Dövlət Universiteti ilə tələbə mübadiləsinin aparılması, geosiyasət, Azərbaycanın mədəniyyəti, beynəlxalq turizm əlaqələri, Azərbaycanda xarici investisiya qoyuluşu, qeyri-neft sektorunun inkişafı, Azərbaycanın Avropa ölkələri ilə əlaqələri barədə suallarla müraciət edib. Tələbələri maraqlandıran suallara ətraflı cavab verilib.
Sonda qonaqlara Lənkəran
xalısı hədiyyə edilib.
Xalq qəzeti.- 2013.- 19 yanvar.- S. 3.