Cinayət var, cəza isə yoxdur
“Kiyevski teleqraf” qəzetində
Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər
İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru
Arif Cəmil oğlu Quliyevin məqaləsi dərc
edilmişdir. AzərTAc həmin məqaləni təqdim edir.
Monteskyö yazırdı: “Qanunilik pərdəsi
və ədalət bayrağı altında
çıxış edən müstəbidlik ən qəddar
müstəbidlikdir”. 20 Yanvar bütün Azərbaycan xalqı
üçün hüzn günüdür. Bu gün həmin
xalqın tarixinə “Qara Yanvar” və ya “Qanlı Yanvar” adı
ilə daxil olmuşdur. Keçmiş Sovet
İttifaqının işğalçı totalitar rejimi tərəfindən
Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş
dəhşətli cinayət, insanlığa və humanizmə
qarşı ən ağır cinayətlərdən biridir. Əhaliyə
kütləvi şəkildə divan tutulması nəticəsində
müxtəlif millətlərə və məzhəblərə
mənsub olan yüzlərlə günahsız adam
öldürülmüş və yaralanmışdır.
Hərbiləşdirilmiş
sovet ordu hissələrinin Bakıya daxil olması
görünməmiş cinayətlərlə müşayiət
olunmuş, dinc əhaliyə xüsusi qəddarlıq və
etinasızlıqla divan tutulmuşdur. Bu məqalənin müəllifi
Bakıda törədilmiş Qanlı Yanvar hadisələrinin
şahidi və iştirakçısı olmuşdur...
...
Bakı küçələrində tanklar və zirehli
transportyorlar qarşısına çıxan hər kəsi və
hər şeyi süpürüb keçir, özündən
sonra qanlı iz qoyurdu. Projektorların işığı
adamı kor edir, hər yerdə avtomat səsləri
eşidilir, insanlara yaxın məsafədən atəş
açılır, yaralıları tankların
tırtılları altında əzir, onları süngülərlə
qətlə yetirirdilər. Güllələr
vıyıltı ilə uçur, ətrafda odlu
qığılcımlar görünürdü. İnsanları
nəinki küçədə, həm də ictimai nəqliyyatda,
hətta xəstəxanalarda və öz mənzillərində
öldürürlər. “Təcili yardım”
maşınlarına, ağ xalatlı tibb işçilərinə
atəş açılırdı. Qocalara, qadınlara,
uşaqlara da rəhm etmirdilər... İnsanlar vahimə
içində qaçırlar... 1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə bakılıların
yaddaşına belə həkk olunmuşdur. Mən də
o gecəni belə xatırlayıram.
SSRİ
öz bioqrafiyasının son səhifəsini öz vətəndaşlarına
qarşı ağır cinayətlə ləkələmişdir.
Qanlı Sovet rejimi Azərbaycan əhalisinə qabaqcadan
planlaşdırılmış divan tutmaq aktını həyata
keçirdi. Bu əhalinin yeganə “təqsiri” öz ərazisinin
bir hissəsi olan Dağlıq Qarabağın zorla onun əlindən
alınmasına qarşı dinc etirazını bildirməsi
idi. Cinayət qabaqcadan düşünülmüş və hərtərəfli
planlaşdırılmışdı, çünki bu hadisələrin
törədilməsindən bir neçə gün əvvəl
rus zabitlərinin ailələri Azərbaycandan
çıxarılmış, süni şəkildə “rus
qaçqınlar” problemi yaradılmışdı. Eyni zamanda,
kütləvi informasiya vasitələrində vəd
edilmişdir ki, Bakıya heç bir hərbi hissə daxil
olmayacaq, şəhərdə fövqəladə vəziyyət
tətbiq edilməyəcəkdir. Lakin yanvarın 19-dan 20-nə
keçən gecə SSRİ-nin birinci və
axırıncı prezidenti, Ali Baş komandan Mixail
Qorbaçovun göstərişi ilə ümumi sayı 40 min
nəfər olan sovet qoşun hissələri, güc nazirləri
Dmitri Yazovun, Vadim Bakatinin və Vladimir Kryuçkovun bilavasitə
rəhbərliyi ilə heç
bir xəbərdarlıq edilmədən Azərbaycan
paytaxtına soxuldu. Qoşunların kütləvi şəkildə
müxtəlif istiqamətlərdən yeridilməsi Bakı
qarnizonunun hərbi hissələrinin və müvəqqəti
dislokasiya yerlərində olan hissələrin hərəkətə
gətirilməsi, habelə hərbi gəmilərdən desant
qoşunları çıxarılması ilə
başlandı. Bundan bir neçə saat əvvəl Azərbaycan
televiziyasının enerji bloku partladılmış, nəticədə
həm ölkə daxilində, həm də ətraf aləmlə
informasiya əlaqə kəsilmişdi. Bütün əsas
magistrallar, aeroportlar, vağzallar və dəniz limanı
bağlanmışdı.
Lakin
Bakıda fövqəladə vəziyyət yalnız ertəsi
gün, cəza dəstələri artıq öz qanlı əməllərini
törədərək şəhəri tərk edəndən
sonra elan olundu. O vaxta qədər artıq 82 nəfər
öldürülmüş, daha 20 nəfər
ölümcül yaralanmışdı. Bakıya nizami ordunun
yeni hissələri daxil oldu, lakin vəhşiliklər davam
edirdi. Əhalini vahimə içində saxlayırdılar,
insanların küçəyə çıxması
qadağan edilmişdi, özlərinin həlak olmuş və
ya yaralanmış qohumlarını tapmağa
çalışanları isə orduya tabe olmamaq və ona
müqavimət göstərmək bəhanəsi ilə
günün günorta çağı küçələrdə
güllələyirdilər. İşğalçılar
çoxsaylı təhrikçi hərəkətlər edir,
dinc əhalinin müqavimət göstərməsi mənzərəsi
yaradılırdı.
Bakı
şəhərinin hərbi komendantı general-leytenant Vladimir
Dubinyak bakılılara müraciət
hazırlamışdı. Helikopterlərdən vərəqələr
şəklində yayılan bu müraciətdə deyilirdi:
“SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə
Bakıda vəziyyəti normallaşdırmaq məqsədilə
yanvarın 20-dən fövqəladə vəziyyət tətbiq
edilmişdir. Bu qərar yalnız yaranmış mürəkkəb
şəraitlə bağlıdır. Vəziyyətin daha da kəskinləşməsi
bizim hamımız fəlakətə gətirib çıxara
bilər... Hərbi komendanta hər hansı təşkilatların,
özfəaliyyət birliklərinin bağlanması və
buraxılması da daxil olmaqla onların fəaliyyətini
dayandırmaq; nəqliyyat vasitələrinə baxış
keçirmək və vətəndaşların mənzillərində
pasport rejiminə nəzarət etmək; fövqəladə vəziyyət
rejimini pozan və ya onun yerinə yetirilməsinə mane olan
şəxslərin 30 günə qədər müddətə
inzibati həbs etmək hüququ verilir. Əmrlərə tabe
olmamaq və ya onların yerinə yetirilməməsi cinayət məsuliyyəti
doğurur. Fövqəladə vəziyyət rejimi ordu, donanma
və DİN bölmələrinə hücum ediləcəyi
halda silah tətbiq edilməsini nəzərdə tutur”.
Bundan
bir neçə saat sonra Dubinyak azərbaycanlıları orduya
və ruslara qarşı yönəlmiş əhval-ruhiyyədə,
naməlum şəxslər tərəfindən hərbi
naryadlara atəş açılması, xəstəxanaların
pəncərələrindən atəş
açılması kimi hallarda ittiham edən məlumat
yaymışdı. Bu cür təhrikçi məlumat vasitəsilə
guya azərbaycanlı ekstremistlərdən özlərini
müdafiə etməyə məcbur olan əsgərlərin hərəkətlərinə
bəraət qazandırılırdı. Eyni zamanda, hərbçilər
silahlı azərbaycanlıları aradan qaldırmaq bəhanəsi
ilə evlərə atəş açır, Bakı sakinlərinin
əmlakını qarət edir və oğurlayırdı. Bu
cür özbaşınalıqlar nəticəsində sovet hərbi
qulluqçuları 200 evi və mənzili, 80
avtomaşını, o cümlədən 7 “təcili
yardım” maşınını yandırmışdılar.
Bütün
bu faciəli hadisələr zamanı mən Bakıda
olmuşam, yaralıların küçələrdən
yığılmasına və onların xəstəxanalara
çatdırılmasına kömək etmişəm.
Onların çoxu yolda ölürdü. Yaralılar
arasında elələri vardır ki, onlara 20-dən çox
güllə dəymişdi. İnsanlara avtomat silahlardan, dəzgahlı
Kalaşnikov pulemyotlarından atəş açılır,
qadağan olunmuş və xüsusi dağıdıcı
qüvvəyə malik güllələrdən istifadə
edilirdi.
Atəşə
tutulanlar küçələrdə tankların öz
projektorlarının işığı ilə adamların
gözünü qamaşdıraraq hərəkət etməsini,
bu tankların hərəsində əllərində avtomat
silahlar olan 6-7 nəfərin olmasını söyləyirdilər.
Adamlara çatmağa təxminən 150 metr qalanda atəş
açmağa başlayır, qaçanları arxadan vurur,
sığınacaqlarda gizlənmiş vətəndaşları
döyüş texnikası üzərində
quraşdırılmış projektorların köməyi ilə
axtarıb tapır və onlara yenidən atəş
açılırdı. Tanklar onların yanından keçən
“təcili yardım” maşınlarını, yol kənarında
dayanan avtomobilləri əzib keçirdi, onlar öz yolunda hər
hansı hərəkətə şiddətli atəşlə
mane olurdu.
Sonradan
məlum oldu ki, paytaxta yaxın rayonlarda da insan tələfatı
olmuşdur. Bu qanlı qırğın 147 nəfəri həyatdan
məhrum etmiş, 800-dən çox adam yaralanmış, 841
nəfər qanunsuz həbs edilmiş, yüzlərlə adam
itkin düşmüşdür.
O
faciəli hadisələri xatırlayanda daim bir neçə
sual qarşıya çıxır. Bu cür geniş
miqyaslı və qəddar qanlı qırğını
törədənlər öz əməllərinə nə
ilə haqq qazandıra bilər? Ölkədə fövqəladə
vəziyyət tətbiq edilməsinə razılıq
vermiş və öz vətəndaşlarının mənafelərini
müdafiə etmək və qorumaq əvəzinə Moskvanın
bütün göstərişlərini
danışıqsız yerinə yetirən Azərbaycanın
o vaxtkı kommunist rəhbərliyi öz xalqına
qarşı xəyanətə nə ilə haqq qazandıra
bilər? Ölkədə vəziyyəti normallaşdırmaq
və sabitləşdirmək üçün tədbirlər
görməyin zəruri olması ilə? Məgər cinayətə
hər hansı zərurətlə haqq qazandırmaq olarmı?
Eyni zamanda, həm dövlətdə hüquqi qaydanı
müdafiə etmək, həm də onun heç bir
günahı olmayan vətəndaşlarının
qanını tökmək olmaz.
Tarixdə
bundan əvvəl Alma-Atada (1986), Tbilisidə (1989), daha sonra
Düşənbədə (1990), Vilnüsdə və Riqada
(1991) analoji hadisələr olmuş, həmin hadisələr
zamanı da dinc əhali arasında kommunist rejiminin hərbi təcavüzünün
qurbanları olmuşdur. Lakin Azərbaycan xalqına
qarşı törədilmiş cinayət özünün qəddarlığına
görə kommunist diktaturasının bütün əvvəlki
cinayətlərindən daha ağırdır.
Gürcüstanda və Litvada qanlı
qırğınların əsas cəlladı olmuş
Qorbaçov sonradan həmin ölkələrin xalqlarından
üzr istəmiş, ən qanlı cinayətin qurbanı
olmuş Azərbaycan xalqından isə üzr də istəməmişdir.
Bəs,
əlləri yüzlərlə bakılının qanına
bulaşmış keçmiş Sovet İttifaqı rəhbərlərinin
əsl niyyəti nə idi? Aşkardır ki, Qorbaçov və
onun ətrafındakılar Azərbaycanın ərazi
bütövlüyünün pozulması bahasına ermənilərin
ərazi iddialarını təmin etmək istəyir, Azərbaycana
qarşı ilk növbədə din amilinə əsaslanan qərəzli
siyasət yeridilirdi. Ermənilərin ərazi
iddialarının Qorbaçov tərəfindən dəstəklənməsinin
əsas səbəblərindən biri məhz azərbaycanlıların
İslam dininə etiqad etməsi idi. Mən Azərbaycan
dövlət aparatında rəhbər vəzifədə
işləyərkən dəfələrlə yəqin
etmişəm ki, sovet sistemi din amilindən həmişə təhrikçilik
məqsədləri üçün istifadə etmiş, mərkəzin
siyasəti islam dininə etiqad bəsləyən əhaliyə
qarşı ayrı-seçkilik üzərində
qurulmuşdur. Bir sözlə, Azərbaycanda xalq hərəkatının
boğulmasında misli görünməmiş qəddarlıq,
ilk növbədə onun vətəndaşlarının dini mənsubiyyəti
ilə şərtlənmişdi.
20
Yanvar hadisələri öz hakimiyyətini nəyin bahasına
olur-olsun möhkəmlətməyə və əldə
saxlamağa çalışan Kreml rəhbərlərinin
cinayətkar mahiyyətini ifşa etməklə bərabər
həm də Azərbaycan xalqı ilə Azərbaycanın
sovetpərəst, öz vətəndaşlarına
qarşı cinayətin birbaşa
iştirakçılarına çevrilmiş hakimiyyət
orqanları arasında böyük bir uçurum
olmasını göstərdi. Azərbaycan KP MK-nın birinci katibi
Əbdülrəhman Vəzirov başda olmaqla respublikanın
Viktor Polyaniçko, Ayaz Mütəllibov, Vaqif Hüseynov kimi
iradəsiz rəhbərləri quruculuğa və birliyə
can atan xalqın iradəsinə rəğmən hərəkət
edirdilər. Respublika üçün həlledici anda öz
iradəsini və qüvvəsini yumruq kimi toplayaraq öz
xalqının şərəf və ləyaqətini
müdafiə etmək lazım gələndə isə onlar
sadəcə olaraq Azərbaycandan qaçdılar, bununla da
ikiqat satqınlıq etdilər. İstər yanvarın 20-də
dinc vətəndaşlara atəş açmaq barədə əmr
verənlərə, istərsə də dinməzcə
razılaşaraq buna şərait yaradanlara heç cür
haqq qazandırmaq olmaz.
Azərbaycan
SSR Ali Sovetinin 1990-cı il yanvar hadisələrinin təhqiqatı
üzrə komissiyası bu faciəni Azərbaycanın
müstəqilliyi uğrunda mübarizə aparanları
qorxutmaq məqsədilə həyasızcasına həyata
keçirilmiş, qabaqcadan planlaşdırılmış cəza
aksiyası kimi qiymətləndirmişdi: “Azərbaycan SSR Ali
Soveti sovet qoşun hissələri və bölmələrinin
yeganə məqsədini SSRİ Konstitusiyasının 81-ci
maddəsinə uyğun olaraq Dağlıq Qarabağ Muxtar
Vilayəti ərazisində vəziyyəti normal hala salmaqdan və
Azərbaycan SSR-in suveren hüquqlarını təmin etməkdən
ibarət olmalı olduğunu qeyd edərək, SSRİ
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və
Dövlət Təhlükəsizliyi Komitəsi
qoşunlarının respublikanın paytaxtı Bakı şəhərində
dinc əhaliyə qanlı divan tutması, yüzlərlə
adamın öldürülməsi və yaralanması ilə əlaqədar
Azərbaycan xalqının qəzəb və hiddətini ifadə
edərək, SSRİ-nin təşkili haqqında müqavilənin
şərtlərinin və SSRİ Konstitusiyasının kobud
surətdə pozulduğunu, suveren Azərbaycan Sovet Sosialist
Respublikasının razılığı olmadan Bakı şəhərində
fövqəladə vəziyyət elan olunması və buraya
qoşun yeridilməsi haqqında qərar qəbul etmiş
SSRİ-nin hakimiyyət və idarə orqanları tərəfindən
Azərbaycan SSR-in suveren hüquqlarının
açıq-aşkar tapdalandığını təsdiq edərək
qərara alır ...”.
Yanvarın
22-də, şəhidlərin dəfn günündə Azərbaycan
xalqının birləşməsi parlaq şəkildə təzahür
etdi. Fövqəladə vəziyyət rejiminə baxmayaraq,
minlərlə insan qətlə yetirilmiş
soydaşlarının dəfn mərasimində iştirak etdi.
Bu insanlar bir-biri ilə qabaqcadan razılaşmadan meydana, sonra
isə günahsız qətlə yetirilmiş şəhidləri
son mənzilə ləyaqətlə yola salmaq
üçün qəbiristana yollandılar. İnsanlar həlak
olanların cəsədləri olan tabutları əllərində
aparır, onları həmin gündən Şəhidlər
Xiyabanı adlanan dağüstü parkda dəfn edirdilər.
Kommunist
rejiminin Azərbaycan xalqına qarşı bu cinayəti
hüquqda soyqırımı və dövlət terrorizmi kimi
tövsif edilir. Sovet İttifaqının rəhbərləri
İnsan Hüquqları Haqqında 1966-cı il
Paktının, 1975-ci il Helsinki Yekun Aktının, 1899-cu və
1907-ci illərin Haaqa konfranslarının, 1949-cu il Cenevrə
Konvensiyasının və nəhayət,
soyqırımının qadağan edilməsi və ona
görə cəza haqqında 1948-ci il konvensiyasının
silahlı qüvvələrdən dinc əhaliyə
qarşı cəza tədbirləri tətbiq edilməklə
istifadə olunmasının qadağan edilməsini nəzərdə
tutan əsas müddəalarını pozmuşlar.
Lakin
o vaxt Qərbin aparıcı dövlətləri Bakıda
baş verən faciəli hadisələrə heç bir
münasibət bildirməmiş, bu işlərə əsla müdaxilə
etməməkdə “ikili standartlar” mövqeyi tutaraq
Qorbaçovun dağıdıcı siyasətini dəstəkləmişdilər.
Həmin dövrdə ayrılıqda
götürülmüş Azərbaycan bu dövlətlər
üçün geosiyasi baxımdan maraqlı deyildi. Soyuq
müharibədə SSRİ-nin düşmənlərinin əsas
strateji hədəfi Sovet İttifaqının tamamilə
dağılması idi və Dağlıq Qarabağ
münaqişəsi, Azərbaycan xalqına qanlı divan
tutulması onların yalnız
xeyrinə idi. Qərb mətbuatı qeyri-obyektiv mövqe
tuturdu, onun dərc etdiyi xəbərlər və məqalələr
ümumiləşdirici xarakter daşıyır, bütün
sovetlər ölkəsində vəziyyət, SSRİ-də o
vaxt həyata keçirilməkdə olan yenidənqurmanın,
demokratik proseslərin gedişinə təsir baxımından
təhlil edilirdi.
Bəzi
qəzetlər Qorbaçovu açıq-aşkar dəstəkləyir,
ona rəğbət bildirir və hesab edirdilər ki, onun
respublikaya qoşun yeritməkdən qeyri çıxış
yolu yox idi. “Nyu-York Tayms” (ABŞ) qəzeti 22 yanvar nömrəsində
yazır: “...Bu respublikada etnik üsyanın hərbi qüvvə
ilə yatırılması ölkə daxilində
alqışlanmasa da, geniş dəstəklənir və qərb
hökumətlərinin təmkinli rəğbətinə səbəb
olur...”. “Sandi ekspress” qəzetində isə belə bir fikir
söylənilir: “Açığını desək,
Qorbaçovun oraya qoşun göndərməkdən başqa
çıxış yolu yox idi”.
Lakin
Bakıdakı dramatik hadisələri əsasən SSRİ-nin
daxili problemi hesab edirdilər. Qərbin kütləvi informasiya
vasitələrinin əksəriyyəti, eləcə də
Avropa və ABŞ-ın bir sıra siyasi xadimləri və təşkilatları
həmin hadisələri bu cür qiymətləndirirdi.
ABŞ dövlət departamentinin nümayəndəsi Marqaret
Tatuayler Amerika hökuməti adından çıxış edərək
bildirmişdi ki, ABŞ Azərbaycanı dəstəkləmir,
buna görə də Bakıdakı hadisələri şərh
etməyə lüzum görmür. ABŞ dövlət
departamenti Qorbaçovu açıq-aşkar dəstəkləyir,
belə hesab edirdi ki, onun səyləri iki düşmən
xalq arasında sülhün qorunub saxlanmasına yönəlmişdir.
Böyük Britaniya XİN də Azərbaycandakı vəziyyəti
“SSRİ-nin daxili işi” kimi
qiymətləndirmişdi, İtaliyanın xarici işlər
naziri Canni de Mikeris də buna oxşar fikir söyləmişdi.
Aşkardır ki, SSRİ rəhbərliyi Qərbi Bakıda
baş verən hadisələri qərəzli şəkildə
qiymətləndirməyə hazırlamışdı,
çünki o vaxt sovet mətbuatında
Azərbaycanda “İslam ekstremizminin yayılması” barədə
sərsəm fikirlər səylə yayılırdı.
Qarabağ
probleminin sülh yolu ilə həll edilməsinin tərəfdarı
olan Azərbaycan xalqı əmin olduğunu bildirir ki, dünya
dövlətlərinin, parlamentlərin, beynəlxalq təşkilatların
birgə səyləri sayəsində Azərbaycan
respublikasının ərazi bütövlüyü təmin
ediləcək, qaçqınlar və məcburi
köçkünlər öz doğma evlərinə
qayıdacaqlar.
İlk
baxışda bu faciənin bütün mənzərəsi bərpa
edildiyinə, müvafiq nəticələr
çıxarıldığına, təqsirkarların
adları elan edildiyinə baxmayaraq, hər dəfə fikrən
90-cı illərə qayıdanda Bakıdakı o faciəli
yanvar hadisələrinin tarixi dərslərini dərk etməyə
tükənməz tələbat duyulur. Yanvar hadisələrinin
dərsləri siyasi baxımdan çox qiymətli və həmişə
aktualdır.
Həmin
yanvar günlərində Moskvada gözdən
salınmış siyasi xadim vəziyyətində olan Heydər
Əliyev Azərbaycanın daimi nümayəndəliyində
çıxış edərək birinci olaraq bu dərslərdən
birini belə ifadə etmişdi: “Azərbaycanda baş
vermiş hadisələrə gəlincə, mən onları
hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə
elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə
zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin
ilkin mərhələsində ölkənin ali partiya rəhbərliyi
tərəfindən vaxtında zəruri tədbirlər
görülsə idi, gərginlik indiki həddə
çatmaz, tərəflər itkilərə məruz qalmaz,
başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə çoxlu insan qırğını ilə
nəticələnən hərbi müdaxilə
üçün də zəmin yaranmazdı... Bunlar
üçün ilk növbədə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci
katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə
olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti
sabitləşdirmək üçün heç nə etməmişdir.
Əksinə, özünün səhv addımları, yaramaz
iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla
öz arasında uçurum yaratmışdır... Hesab edirəm
ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq,
siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün
kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan
rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi
bu imkanlardan istifadə edə bilməmişdir...”.
Kreml
tərəfindən dövlətin idarə edilməsindən
kənarlaşdırılmış Heydər Əliyev öz
xalqının faciəsindən kənarda qalmadı. Onun Azərbaycanın
Moskvadakı nümayəndəliyində
çıxışı o dövrdə hakimiyyətə
görünməmiş meydan oxumaq idi və şəxsən
onun üçün, onun ailə üzvləri
üçün böyük xoşagəlməzliklərə
səbəb ola bilərdi. 1993-cü ildə Azərbaycanda
hakimiyyətə gələn Heydər Əliyev respublikada
sabitliyin və demokratiyanın bərpa olunmasına çox
qüvvə sərf etmiş, 1994-cü ildə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi zonasında
döyüş əməliyyatlarının
dayandırılmasına nail olmuşdu. Buna görə Azərbaycan
xalqı onu öz xilaskarı adlandırmışdı,
1993-cü il iyunun 15-də xalqın iradəsi ilə Heydər
Əliyev Bakıya gəldi və Milli Məclisə rəhbərlik
etməyə başladı. O vaxtdan həmin gün Milli
Qurtuluş Günü kimi hər gün qeyd edilir.
Faciənin
ibrət dərsləri göz qabağındadır.
İdeoloji ziddiyyətlərə, mövqelərin fərqli
olmasına, mənafe və ambisiyaların toqquşmasına
baxmayaraq onlar zorakılıq yolu ilə həll edilməməlidir.
İcrası günahsız insanların həlak olmasına gətirib
çıxaran qərarlar humanist və qanuni qərarlar hesab
edilə bilməz. Ayrıca şəxsin həyatı, ləyaqəti
və təhlükəsizliyi bütövlükdə bəşəriyyətin
təhlükəsizliyinin təmin edilməsində prioritet
olmalıdır. Bu, hər hansı siyasətdən, hər
hansı ideyalardan daha vacibdir, çünki insan
hüquqlarına diqqət yetirilmədikdə, belə siyasətin,
belə ideyaların heç bir əhəmiyyəti yoxdur.
Siyasətçilər bunu dərk etməsələr cəmiyyət
dözümsüzlüyün məşum nəticələrindən,
xalqın həyati mənafelərinə etinasız yanaşan
hakimiyyətin siyasi ambisiyalarından sığortalana bilməz.
Mən
əminəm ki, Mixail Qorbaçovun və onun ətrafındakıların
azərbaycanlıları məruz qoyduğu iztirablara, qanın
su yerinə axmasına yol verməmək olardı. Əgər
Kremlin qərəzli, cinayətkar siyasəti olmasaydı, əgər
Azərbaycanın o vaxtkı rəhbərləri
qorxaqcasına razılıq verməsəydi, hər şey
başqa cür ola bilərdi. Təəssüf ki, 90-cı il
Bakı faciəsinin təqsirkarları hələ də
layiqli cəzalarını almamışlar. Axı, heç
bir təqsiri olmayan insanların qətlə yetirilməsinə
görə, hələ də heç kəs cavab verməmişdir.
Arif Cəmil oğlu QULİYEV,
Ukrayna Milli Aviasiya Universitetinin
Beynəlxalq Münasibətlər
İnstitutunun beynəlxalq
hüquq kafedrasının professoru
Xalq qəzeti.- 2013.- 20 yanvar.- S. 5.