1990-cı ilin qanlı yanvar günlərində
Türkiyə də yasa bürünmüşdü
Həmin günlərdə ulu
öndər Heydər Əliyevin səsinə səs verən
qan qardaşlarımız yumruq kimi birləşərək
ayağa qalxmışdı
Yeraltı və yerüstü sərvətlərlə zəngin
olan, mühüm geostarteji məkanda yerləşən Azərbaycanın tarix boyu
başı bəlalar çəkib. Bu torpağa göz tikən
yadelli qüvvələr daim ölkəmizi müstəmləkəyə
çevirərək, onun maddi-mənəvi sərvətlərini
talamağa çalışmışlar. Sovet imperiyası isə
daha qəddar vasitələrdən istifadə edərək, Azərbaycanın
təbii sərvətləriylə yanaşı ziyalı
potensialına, insan resurslarına da zərbə vurmağa, cəmiyyətimizdə
xof yaratmaqla, onu özünə tabe etdirməyə
çalışmışdır. Bunun ən bariz nümunəsi
1937-ci il represiyası və 1990-cı il yanvar hadisələridir. Hər iki halda əsas qayə bu
millətin, bu xalqın azadlıq arzularına son qoymaq, onu
köləyə çevirməkdi.
Müəyyən
vaxt ərzində buna nail olsalar da, nəhayətdə yalanlar
üzərində qurulan Sovetlər Birliyinin imperiya
ideologiyasının çökməyə doğru üz
tutduğu 1980-ci illərin
sonundan etibarən Azərbaycan türklərinin azadlıq
arzularına “zəncir vurmaq”
mümkün olmadı. Erməni hiyləsinin girovuna
çevrilən ittifaqın son rəhbəri Mixail
Sergeyeviç Qorbaçov və onun Azərbaycandakı
üzdəniraq “kadrları”
xalqımızı, həmçinin bizdən güc alaraq
müstəqillik arzusunda olan digər millətləri qorxutmaq
üçün imperiya tarixinin ən dəhşətli
qırğınını törətməkdən çəkinmədilər.
Həqiqətən də, XX əsrə
nəzər salanda görürük ki, Sovet rejimi ölkə ərazisində
ən çox qətliamlar
törədən erməni daşnak birləşmələrindən
sonra ikinci yeri tutur. 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə toplu-tüfəngli Sovet ordusu heç
bir xəbərdarlıq etmədən əli silahsız dinc əhalinin
üstünə yeridi, qırğın törətdi. Nəticədə
bir gecədə 137 nəfər həlak oldu, 700-dək insan
yaralandı, onlarca azərbaycanlı itkin düşdü. Həmin
dəhşətli gecədən sonra bütün Azərbaycan
yasa qərq oldu. Xatırlayanlar bilir ki, 20 Yanvardan sonra
çoxları bu hadisənin heç kəs tərəfindən
qınanmayacağını, bizim tək və köməksiz
olduğumuzu deyirdilər. Ancaq belə olmadı. Ulu öndər
Heydər Əliyev heç bir təhdidə məhəl
qoymadan Moskvada mətbuat konfransı keçirərək faciə
barədə dünya ictimaiyyətini məlumatlandırdı.
Öz vətəndaşlarını qətlə yetirdiyinə görə
Sovet hakimiyyətini və onun səriştəsiz,
bacarıqsız, ermənipərəst, qəddar rəhbərliyini
qınadı. Onların tarix qarşısında, Azərbaycan
xalqı qarşısında cavab verəcəklərinə əminliyini
bildirdi.
Türk
dünyasının böyük oğlu Heydər Əliyevin kəskin
bəyanatları, qətiyyətli mövqe nümayiş etdirərək,
Sovetlər Birliyinin çirkin siyasətini ifşa etməsi
dünyada böyük əks-səda doğurdu. Təbii ki,
ulu öndərin beynəlxalq ictimaiyyətə müraciətinə
ən ciddi reaksiyanı qanımız bir, canımız bir olan
Türkiyə xalqı verdi. Heydər Əliyevin
açıqlamalarını qardaş ölkənin
bütün kütləvi informasiya agentlikləri,
televiziyaları, qəzetləri geniş ictimaiyyətə
çatdırdı. Və türk dünyasının
böyük oğlunun səsinə səs verən türk
xalqı yumruq kimi birləşərək ayağa
qalxdı. Onlar Azərbaycan
türklərinin kütləvi
şəkildə qətlə yetirilməsinə etiraz əlaməti
olaraq küçələrə, meydanlara axışır, rəsmi
Ankaradan Azərbaycana hərbi kömək göndərilməsini,
bu mümkün deyilsə, sərhədləri açıb
könüllülərin oraya getməsinə şərait
yaradılmasını tələb edirdilər. Biz məhz o
günlərdə bir daha anladıq ki, Azərbaycan
xalqının ən böyük dayağı ulu öndər
Heydər Əliyev və türk xalqı idi.
Qeyd
etdiyimiz kimi, Azərbaycanda baş verən faciə Türkiyə
ictimaiyyətini yumruq kimi birləşməyə vadar
etmişdi. Deyilənlərə görə, ölkədə
sağ və sol partiyaların nümayəndələri
heç vaxt bu şəkildə bir araya gələrək birgə
aksiya keçirməmişdilər. Ölkənin ictimai-siyasi
münasibətlər sistemini yaxşı bilənlər də
qeyd edirdilər ki, bu aksiyalarda
Türkiyənin sağ və sol partiyalarının nümayəndələrinin
birgə iştirakı həmin
vaxtlar sensasiya idi. Ancaq Azərbaycanın dərdi ürəkləri
elə yandırmışdı ki, heç buna fikir verən də
yox idi. Hamının məqsədi, məramı “Odlar
yurdu”nda törədilən faciəyə
etiraz etmək, nə yolla olursa-olsun qan qardaşlarına
kömək etməyə çalışmaqdı. Onları birləşdirən yeganə
amil də ictimaiyyətin Azərbaycana, Azərbaycan xalqına
olan dərin məhəbbəti idi. Həmin vaxt Türkiyə
xalqı Bakıda törədilən
qətllərdən dəhşətə gəlmişdi.
Ölkə hər an partlamağa hazır bombaya bənzəyirdi.
Heç bir tədbir görə bilmədiyi üçün
günahlandırılan Türkiyənin həmin dövrdəki
hökumətini istefaya çağıranların sayı
gündən-günə artırdı. Bundan təşvişə
düşən hökumət nümayəndələri
ictimaiyyət qarşısına çıxaraq
açıqlamalar verir, kütləni sakitləşdirməyə
çalışırdılar. Ancaq bu fayda vermirdi. Xalq
kütlələri 1918-ci ildə olduğu kimi, indi də
türk ordusunun Azərbaycana köməyə göndərilməsini
tələb edirdi.
Türkiyə
arxivlərində apardığımız
araşdırmalardan belə qənaətə gəlmək
olar ki, 1990-cı ilin yanvarında Türkiyənin
Naxçıvan Muxtar Respublikası ilə sərhəd bölgələrində
vəziyyət daha da gərginləşmişdi. Həmin illərdə
İğdır hələ vilayət statusu
almamışdı, Qars vilayətinin tərkibində idi. Həm
Qarsda, həm də İğdırda əhali kütləvi
şəkildə küçələrə
axışır, hər gün mitinqlər keçirilirdi.
Mitinqlərdə alovlu çıxışlar edən qan
qardaşlarımız Azərbaycandakı dəhşətli
hadisələr barədə danışır, Azərbaycanın
dərdinə şərik olduqlarını bildirirdilər.
Türkiyə mətbuatının yazdığına görə,
həmin günlərdə qar yağsa da, hava çox soyuq
olsa da, heç kəs meydanı tərk etmirdi. Dərc olunan məqalələrdən
belə anlaşılır ki, kütlə arasında
formalaşan əhval-ruhiyyə artıq təhlükəli həddə
çatmışdı. Belə ki,
əgər bir nəfər sərhədi keçərək
Naxçıvana getmək barədə təklif irəli
sürsəydi, hamı bunu qəbul edərdi və həmin an
bu təklifi yerinə yetirməyə
çalışardı. Hər kəs Azərbaycan uğrunda
ölümə getməyə hazır idi. Və gözlənilən
baş verib. Mitinqçilər etiraz əlaməti olaraq
Türkiyənin Naxçıvan ilə sərhədinə
doğru yürüş etmək barədə
çıxışlar etməyə başlayıblar. Bu təklif
alqışlarla qarşılanıb. Bu, türk polisini
xüsusi rejimdə işləməyə vadar edib.
Çünki insanlar sərhədə
yürüş etsəydilər və Naxçıvana
keçməyə çalışsaydılar, Bakıda
soydaşlarımızı qətlə yetirən sovet əsgərləri
tərəfindən gülləboran edilə bilərdilər.
Görünür qardaş sevgisinin, qardaş
yanğısının ürəklərə hakim olduğu
yerdə hamı ölümü, təhlükəni
unutmuşdu.
Qarsdan,
İğdırdan gələn mitinqçilər bir neçə
dəfə sərhədi keçməyə cəhd göstəriblər.
Amma türk polisi və hərbçilər vətəndaşların təhlükəsizliyi
naminə onların qarşısını alıb. Buna
baxmayaraq, bir qrup türkiyəli qardaşımız sərhədi
gizli şəkildə keçərək Naxçıvana gəlmişdi.
Həmin günlərdə Azərbaycanın
ürəyi olan Bakıda baş vermiş
qırğını fürsət bilən və Azərbaycandan
Naxçıvana kömək gəlməsinin mümkün
olmadığını hesablayan ermənilər qədim
diyarı ələ keçirməyə, onu işğal etməyə
çalışırdılar. Ancaq
naxçıvanlıların Vətən uğrunda
döyüşlərə inamla atıldıqlarını
görən düşmənlər bunun asan
olmayacağını anladılar. Sərhədə
toplaşan türk tanklarının nəriltisi və əhalinin
tez-tez sərhədi keçməyə
çalışması, bəzən buna nail olması da erməniləri
təşvişə salmışdı.
1990-cı
il yanvarın 19-dan 20-nə keçən gecə
Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Sovetlər
Birliyinin tərkibindən ayrılması barədə xəbər
Türkiyədə ildırım sürətilə
yayılıb. Mitinqlərdə də məhz bu məqam
vurğulanaraq bildirilirdi ki, Qars müqaviləsinin şərtlərinə
əsasən Türkiyə artıq Naxçıvana hərbi
kömək göstərə bilər. Təbii ki, həmin
dövrdə bu, o qədər də real
görünmürdü. Ancaq qardaş ölkənin hökuməti
xalq kütlələrinin “Sizin
cəsarətiniz çatmırsa, imkan verin biz qardaşlarımıza
köməyə gedək” kimi kəskin etirazları
qarşısında çıxılmaz vəziyyətdə
qalırdı.
Həmin
günlərdə Türkiyənin İstanbul, Ankara, İzmir
kimi böyük şəhərlərində də kütləvi
etiraz aksiyaları baş tutub. İstanbuldakı Taksim
meydanında toplaşan türk qardaşlarımız alovlu
çıxışlar edərək Azərbaycandakı dəhşətli
hadisələr barədə danışır, dərdimizə
şərik olduqlarını bildirirdilər. Belə məqamlarda
hər kəs bir nəfər kimi “Can, can Azərbaycan!”, “Sovet Ordusuna ölüm!”,
“Qardaşlarımıza qıyanlara biz də qıyarız!”,
“Sovetlər Birliyi, Azərbaycandan əlini çək!” və
sair şüarlar səsləndiriblər. Türkiyə mətbuatının
yazdığına görə, həmin günlərdə
Taksim meydanında yer olmadığına görə, artıq
insanlar yaxınlıqdakı İstiqlal prospektinə
toplaşmalı olubar. Lakin
qısa zamanda bura da insan axını ilə dolub.
Mitinqdəki
bir hadisə isə şirin xatirə kimi yaddaşlarda bu gün də yaşayır. Bu, 30 metrədək
olan möhtəşəm üçrəngli Azərbaycan
bayrağının meydana gətirilməsi idi. Hamı bu
bayrağı öpür, başının üzərinə
qaldırırdı. Uzaqdan baxanda insana elə gəlirmiş
ki, Azərbaycan bayrağı heç bir dəstək olmadan
havada dayanıb. Onu yüksəklərə qaldıran isə
türk xalqının Azərbaycana
olan sonsuz sevgisi idi.
Bakıda baş verən faciədən
sonra Azərbaycan ilə birlikdə Türkiyə də yasa
bürünmüşdü. Bütün bunlar bizə
böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın
kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!” və əbədi lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik!”
— müdrik kəlamlarını xatırladır. Həqiqətən
də 1990-cı il yanvar hadisələri XX əsrdə iki türk yurdunu —
Türkiyəni və Azərbaycanı xilas etmiş iki
böyük türk oğlunun kəlamlarının təsdiqi
kimi diqqəti cəlb edir. Azərbaycan Prezidenti İlham Əliyevin
qeyd etdiyi kimi, Azərbaycan - Türkiyə
qardaşlığı, dostluğu, birliyi tarixi köklərə
söykənir. Bu birlik, bu həmrəylik bu gün də var,
sabah da olacaq, bundan 300 il sonra da var olacaqdır.
Rauf Kəngərli
Xalq qəzeti.- 2013.- 20 yanvar.- S. 4.