Ordu xalqın güvənc yeridir

 

Bu günlərdə ötən ilin yekunları ilə bağlı Nazirlər Kabinetinin iclasını televiziyadan izləyirdim və hörmətli Prezidentimizin çıxışını dinləyirdim. Ölkənin son bir ildə sosial-iqtisadixarici siyasət sahəsində qazandığı uğurlardan danışan Prezident İlham Əliyev ənənəvi olaraq çıxışının bir məqamında ordu quruculuğu məsələlərinə toxundubir məsələni qeyd etdi ki, ordu cəmiyyətin bir parçasıdır.

 

Orduda xidmət edən vətəndaşlar cəmiyyətin üzvləridir. “Hər bir sahədə olduğu kimi, orduda da qüsurlar, nöqsanlar ola bilər. Ən önəmli məsələ ondan ibarətdir ki, bu nöqsanlarqüsurlar vaxtında aşkarlanır və dövlət tərəfindən ciddi ölçülər götürülür. Biz gələcəkdə də ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkarlığın, nizam-intizamın artırılması istiqamətində siyasətimizi aparacağıq.  Bu gün bizim ordumuz Cənubi Qafqazda aparıcı hərbi qüvvədir. Bizim ordumuz böyük nailiyyətlərə çatıbdır. Biz heç vaxt imkan verə bilmərik ki, antimilli ünsürlər ordumuzu qaralasınlar, ləkələsinlər, ordumuza kölgə salsınlar. Biz buna heç vaxt imkan vermərik. Mən də Ali Baş Komandan kimi buna heç vaxt imkan verməyəcəyəm. Azərbaycan xalqı da buna imkan verməyəcəkdir və ordumuza kölgə salmaq istəyən ünsürlərə öz layiqli cavabını verəcəkdir və verir.”

Mən bu sözləri dinlədikcə bir daha sevindim və qürur hissi keçirdim ki, doğma ordumuzun qətiyyətli Ali Baş Komandanı vardır və ölkəmizdə ordu quruculuğunun inkişaf etdirilməsi dövlətimizin siyasi kursunda başlıca istiqamətlərdən biridir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyası bu gün də inamla davam etdirilir. Mən deyərdim ki, müasir Azərbaycan gənci xoşbəxtdir ki, doğma ordumuzun sıralarında xidmət edərək Vətənimizə övlad borcunu şərəflə ödəyir. Biz özümüz əvvəlki dövrlərdə yad millətlər arasında, dilinə, dininə nabələd olduğumuz komandirlərin tabeliyində xidmət edirdik və bir çox hallarda təhqirlərə də dözməli olurduq. Amma o zamanla müqayisədə bu gün bizim övladlarımız milli ordumuzda və öz millətimizin övladları olan komandirlərimizin, milli zabit kadrlarının əhatəsində xidmət edirlər. Məhz elə bu baxımdan Azərbaycan Ordusu hər birimizin  güvənc, iftixar yeri olmalıdır və ordumuzun qısa zaman ərzində qazandığı uğurlarla  hər birimiz fəxr etməliyik. Mən cəbhə xəttinə yaxın bir rayonun sakini, həmçinin əsgər atası  olaraq  bölgəmizdə yerləşən hərbi hissələrdə bir neçə dəfə olmuşam, əsgərlərin nümunəvi  xidməti üçün yaradılmış əlverişli şəraiti öz gözlərimlə görüb inanmışam ki, doğrudan da dövlətimiz ordu quruculuğunu inkişaf etdirmək üçün böyük miqyasda işlər görür.

Amma müstəqilliyimizin inkişafını, eləcə də hərbi qüdrətimizin güclənməsini gözü götürməyən  bəzi bədxahlar tapılır ki, onlar öz çirkin məqsədlərinə çatmaq üçün hər cür vasitəyə əl atırlar. Mən belələri ilə bir cəmiyyətdə yaşamağa, bir ölkənin vətəndaşı olmağa xəcalət çəkirəm. Son zamanlar bəzi hərbi ekspertlər peyda olublar ki, ordunun inkişafını, hərbi məsələləri təhlil etməyə cəhd göstərirlər. Yaşar Cəfərli, Ələkbər Məmmədov, Cəsur Sümərinli kimi “səriştəli hərbçilər” beş-on nəfərdən ibarət auditoriya qarşısında öz cılız, cəfəngiyyat dolu fikirlərini bölüşərək guya ordumuzun inkişafına can yandırmaq istəklərini nümayiş etdirməyə çalışırlar. Əslində, onlara demək lazımdır ki, sən özün-özünü yox, cəmiyyət və ətrafındakılar səni mütəxəssis hesab etməlidir. Hətta eləsi də tapılır ki, ordu sahəsində heç bir anlayışı  olmadığı halda az qala hərbi taktikanı təhlil etməyə maraq göstərir. Onsuz da elin gözü tərəzidir, bu gün Azərbaycan reallığında yaşayan hər kəs ordumuzun qısa zamanda qazandığı uğurları görür və qiymətləndirməyi bacarır.

Təəssüf edirəm ki, bəzən özlərini çağdaş Azərbaycan mediasının “aparıcılarından”  hesab edən bir neçə mətbuat orqanı da cəmiyyətimizin bölünməz tərkib hissəsi olan ordumuzun müxtəlif  hərbi bölmələrində təsadüf edilən nöqsanları şişirdərək özlərinə sensasiya axtarmağa cəhd göstərirlər. Əslində hörmətli Prezidentimizinçox düzgün qeyd etdiyi kimi, belələri ordumuzun uğurlu inkişafına kölgə salmağa çalışan ünsürlərdir. Bir neçə faktı, yaxud təsadüfi bir hadisəni ümumiləşdirib bütün ordunun ünvanına qara yaxmaq düşmən dəyirmanına su tökməkdən başqa  bir əməl sayıla bilməz.

Bu yaxınlarda Azərbaycan Ordusunun çox çətin bir bölgədə — Daşkəsən rayonunda yerləşən hərbi hissəsində bir əsgərin ölümü ilə bağlı aparılan çox çirkin kampaniya məni hədsiz dərəcədə qəzəbləndirdi. Əsgər itkisi ilə siyasi divident qazanmaq hansı əxlaqa, hansı kişiliyə sığar ? Ordumuz öz sıralarından bir əsgərini itiribbuna görə əsgərin yaxınları, doğmaları kimi hamımız hüznlü olduğumuz halda yas mərasimində təxribat törətmək istəyənlərə, aksiya keçirmək məqsədi güdənlərə nə ad verəsən? Şübhəsiz, bu hadisəyə görə yuxarı komandanlığın nümayəndələri də daxil olmaqla hər kəs cəzasını aldı, müvafiq orqanlar tərəfindən təhqiqat işi aparıldı və kimlərsə həbs edildi. Amma mənə internet saytlarından birində hörmətli generalımızın dilindən eşitdiyim sözlər çox dərin təsir bağışladı. O bildirirdi ki, “mən özümbu gün bir əsgər atası olaraq bu itkidən çox üzülmüşəm. Axı biz əsgərimizi, bir ailənin gənc övladını itirmişik...”

Nəhayət, mən müharibə şəraitində olan, iyirmi faiz ərazisi düşmən tapdağında inləyən və bir milyon insanı yurd-yuvasından didərgin salınmış bir ölkənin vətəndaşı, bir əsgər atası  olaraq üzümü o kəslərə tutub demək istərdim ki, bu çirkin oyunlara son qoyun. Gəlin hər birimiz qolumuzu çırmayıb hərəmiz öz sahəmizdə doğma ordumuzu daha da inkişaf etdirməyə, möhkəmləndirməyə çalışaq. Qoy ordumuz yeni-yeni uğurlara imza atdıqca, bizqürur hissi keçirək ki, bu bizim ordumuzdur, Azərbaycan ordusudur!

 

 

Novruz QULİYEV,

Beyləqan rayon sakini,

əsgər atası

 

Xalq qəzeti.- 2013.- 23 yanvar.- S. 6.