“Azərbaycan-Türkiyə: dostluq və qardaşlıq əlaqələri”

 

Regionumuzda sülhün, təhlükəsizliyin daimi  olması,  sürətli inkişafın təmin edilməsi,  qlobal əhəmiyyətli layihələrin reallaşması, qarşılıqlı regional münasibətlər  sisteminin möhkəm təməllər üzərində davam etdirilməsi üçün Türkiyə — Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyətə  malikdir. Buna görə də tanınmış qələm sahibləri, jurnalistlər, siyasətşünaslar kədəri və sevinci bir olan iki qardaş ölkənin münasibətlərini diqqətdə saxlayır, bu mövzuda müxtəlif səpkili araşdırmalar aparır, maraqlı faktlarla zəngin olan əsərlər  ortaya çıxarırlar.

 

 Hər gününü axtarışlara, yaradıcılığa həsr edən yazıçı-jurnalist Afət Sadıqoğlunun zəngin fəaliyyətinin və qazandığı böyük təcrübənin nəticəsində ərsəyə gəlmiş “Azərbaycan — Türkiyə: dostluq  və qardaşlıq əlaqələri” adlı yeni kitabı da bu mövzuya həsr olunub.

 Beynəlxalq siyasət və ölkəmizin tarixi əlaqələri barədə də geniş araşdırmalar  apararaq bir neçə əsərini oxuculara təqdim edən A.Sadıqoğlunun  növbəti tədqiqat toplusunun  girişindəki  “Tarixi köklər, yaxud əlaqələrimizin tarixinə bir baxış”  bölməsində  məsələyə həm də geniş tarixi aspektdən yanaşılmış, ümumilikdə, türk millətinin dünya sivilizasiyasına, dövlətçilik ənənələrinin inkişafına verdiyi misilsiz töhfələrin  xüsusi rolu qeyd edilmişdir. Təbii ki, türk coğrafi zolağında özünəməxsus yerə malik olan Anadolu və Azərbaycan  türkləri bir çox məqamlarda ön planda  yer almış, bu iki xalq arasındakı sıx həmrəylik, birlik, qarşılıqlı dərin məhəbbət  bütün dövrlərdə özünü göstərmiş, cərəyan edən proseslərin müsbət məcraya yönəlməsində  əsaslı rol oynamışdır.   XX əsrin əvvəllərində  məhz Türkiyə ilə  Azərbaycan həmrəyliyi  Bakını düşmən  işğalından  azad etmişdir. 1918-ci ildə dünya xalqları öz ölkəsini təhlükə qarşısında qoyaraq Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlmiş müzəffər Türk Ordusunun qətiyyətli yürüşünü təəccüblə izlədi. Şanlı zəfərlə başa çatan bu yürüş qardaşlığın, birliyin şərəfli salnaməsinə çevrilərək tarixə qızıl  hərflərlə yazıldı. Bu, qardaşın qardaşa köməyi, vəfa borcu idi. Təbii ki, Azərbaycan da qardaşını darda qoymamış, 1919-cu ildə başlayan Türk Qurtuluş Savaşı qələbə ilə sona çatanadək hər ay Bakıdan yüzlərlə vaqon neft və benzin, onlarla vaqon maye qaz göndərilmişdir.

 Kitabda o da qeyd edilir ki, iki ölkə arasındakı genişmiqyaslı münasibətlərin növbəti mərhələsi  1991-ci ildə  Azərbaycan Respublikası müstəqilliyini yenidən bərpa etdikdən sonra başlamışdır. Təsadüfi deyil ki, Türkiyə Cümhuriyyəti respublikamızın müstəqilliyini tanıyan ilk ölkə olmuşdur. Bakıda ilk diplomatik nümayəndəlik açan ölkə də məhz qardaş Türkiyə idi. 1992-ci il yanvarın 14-də rəsmi Ankara Azərbaycan ilə diplomatik əlaqələrini səfirlik səviyyəsinə yüksəltdi.  Müstəqilliyinin ilk illərində kövrək addımlar atan ölkəmiz üçün Türkiyənin qardaşlıq dəstəyi mühüm əhəmiyyət kəsb edirdi.

Müəllif  iki ölkə arasındakı münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə vurğulayır. Türkiyə ilə Azərbaycanı “Bir millət, iki dövlət” adlandıran türk dünyasının böyük oğlu hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olduğu 1992-ci ildə Türkiyə rəhbərliyi ilə birlikdə Qars müqaviləsini yenidən imzalamış,  blokada şəraitində yaşayan qədim diyarın qardaş ölkə ilə 11 kilometrlik hissəsində, Araz çayı üzərində  “Həsrət” və “Ümid” körpüsü adlandırılan keçid məntəqəsinin istifadəyə verilməsini təmin etmiş, bununla Naxçıvanı saysız-hesabsız çətinliklərdən xilas etmişdir. Ümummilli liderimizin xeyir-duası ilə Türkiyənin ilk təhsil müəssisəsi - Naxçıvan Türk Liseyi  fəaliyyətə başlamış, “Zaman” qəzetinin Azərbaycana ilk gəlişi burada baş tutmuşdur.  Əlaqələrin inkişafının Naxçıvan dövrünü canlandıran  bu və digər məqamlar Afət Sadıqoğlunun o dövrdə yazdığı çoxsaylı məqalələrdə də əks olunmuşdur.   Azərbaycan və Türkiyəni biri-birinə bağlayan  Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu  da ulu öndər Heydər  Əliyevin əsərləridir. Kitabda qeyd  olunduğu kimi, sevindirici haldır ki,  ulu öndərin yolunu yeni meyarlarla zənginləşdirərək davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev onun başladığı işi sona çatdırmış və bu gün məhz ümummilli liderin göstərdiyi hədəflər istiqamətində inamla irəliləyir.  Dövlət başçımız hər iki dünya əhəmiyyətli neft və qaz boru kəmərlərinin əfsanədə reallığa çevrilməsi üçün səylərini əsirgəmədi.  Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının davam etdirilməsi üçün hətta maliyyə imkanları ölkəmizdən zəif olan Gürcüstana kredit ayrılması barədə tapşırıqlar verdi.

Yeni nəşrdə  qeyd olunduğu kimi, ötən il Azərbaycan ilə  Türkiyə əbədi dostluğu və qardaşlığı daha bir  möhtəşəm layihəyə imza atdı.  2012-ci il iyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri zamanı keçirilən görüşlər, aparılan müzakirələrdən sonra ölkələrimiz, regionumuz və hətta ümumilikdə, Avropa və dünya  üçün mühüm əhəmiyyət kəsb edən sənəd - Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri  (TANAP) üzrə Hökumətlərarası Müqavilə imzalandı.   Məsələnin mahiyyətini daha yaxşı anlamaq üçün qeyd edək ki, uzun müddət idi ki, Xəzər hövzəsinin qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılması mövzusu dünyanın əsas aktual problemlərindən birinə çevrilmişdi.  Avropa Birliyinin təşəbbüsü ilə “Nabukko” adlı qaz layihəsinin reallaşdırılması gündəmdə olsa da, məlum səbəblərdən bu reallaşmırdı. Vəziyyət belə ikən, Azərbaycan çox mühüm bir təşəbbüs göstərərək, Trans-Anadolu qaz boru kəməri layihəsinin reallaşdırılması təklifi ilə çıxış etdi. Qüdrətli Türkiyə ilə gündən-günə güclənən Azərbaycan birlikdə bu layihənin həyata keçirilməsi üçün hüquqi bazanı təşkil edən müqaviləni imzalamaqla, gələcəkdə Avropa ölkələrini, necə deyərlər, böyük bir problemdən xilas etmiş oldular.

Araşdırma əsərində də qeyd olunduğu kimi, ötən 21 il ərzində  müstəqil Azərbaycan ilə Türkiyə arasında mühüm əhəmiyyətə malik 100-dən çox sənəd imzalanmış və onlar istər qarşılıqlı faydalı əlaqələrin inkişafında, istərsə də regional əməkdaşlığın genişlənməsində  xüsusi rol oynamışdır.

 Bəli, tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı ən təbii hisslərdən bəhrələnən, ondan güc alan Azərbaycan – Türkiyə qardaşlığı daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda əmin-amanlığın qarantına çevrilir. Bu isə belə deməyə əsas verir ki, bu mövzu daim tədqiqatçıların, siyasətşünasların diqqət mərkəzində olacaq.

 

 

Rauf Kəngərli

 

Xalq qəzeti.- 2013.- 19 yanvar.- S. 7.