2013-cü ildə
də məcburi köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində
işlər davam etdiriləcək
Uğurlarla dolu bir
il də arxada qaldı. 2012-ci il müstəqil
Azərbaycanımızın inkişafında çox əlamətdar bir dövr oldu. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və
2013-cü ildə qarşıda
duran vəzifələrə
həsr olunmuş iclasında
bu barədə ətraflı məlumat verilmişdir.
İclasdakı giriş nitqində cənab Prezident demişdir: “Bütövlükdə ötən il ölkə iqtisadiyyatı üçün çox uğurlu il olmuşdur. Bu da təsadüfi deyil. Çünki keçən ilin uğurları bundan əvvəlki dövrdə müəyyən edilmişdir.
Bizim düşünülmüş
iqtisadi siyasətimiz artıq öz gözəl nəticələrini verməkdədir
və dinamika müsbətdir, inkişaf çox sevindiricidir. Beləliklə, 2012-ci ilin yekunları ilə bağlı, əslində
ilin əvvəlində də bizim heç bir şübhəmiz yox idi. Mən keçən ilin
əvvəlində qeyd etmişdim
ki, əminəm, 2012-ci il
də uğurlu olacaqdır. Belə də
oldu. Bütün iqtisadi göstəricilər yüksək səviyyədədir.
Ümumi daxili məhsul
2,2 faiz artmışdır. Bu, əslində inkişaf
etmiş ölkələr, xüsusilə
böhranlı illər üçün çox yüksək göstəricidir”. Qaçqın və məcburi
köçkünlərin sosial vəziyyətinin
yaxşılaşdırılması ilə bağlı görülmüş işlərə də
müşavirədə xüsusi diqqət
yetirilmişdir. Prezident
İlham Əliyev bu barədə demişdir:
“Keçən il məcburi
köçkünlərin vəziyyətinin
yaxşılaşdırılması üçün
ən böyük məbləğ
Dövlət Neft Fondu
tərəfindən nəzərdə tutulmuşdur,
300 milyon manat vəsait
ayrılmışdır. Bu da tarixdə ən böyük
ayrılan vəsaitdir. Bu vəsaitin
hesabına 20 mindən çox məcburi köçkün yeni mənzillərlə,
evlərlə təmin edilmişdir. Bütün bu evlər çox yüksək səviyyədə tikilmişdir, ən yüksək standartlara cavab verir. Mən açılışların böyük əksəriyyətində şəxsən
iştirak etmişəm və
görmüşəm ki, doğrudan
da, köçkünlər üçün yaradılan şərait ən
yüksək səviyyədədir. Bu, belə
də olmalıdır. Köçkünlər buna layiqdirlər”.
Müşavirədə geniş məruzə ilə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ötən il bu sahədə qazanılan uğurlar və bu il qarşıda duran vəzifələrdən ətraflı bəhs etdi. Ümumiyyətlə, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli həmişə dövlətimizin diqqət mərkəzində olmuş və bu gün də bu istiqamətdə işlər davam etməkdədir. Bu problemlərin həllində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun (MKSİF) əhəmiyyətli xidmətləri olmuşdur və bu gün də fond çox mühüm tədbirlər həyata keçirir, yeni layihələr reallaşdırır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı öz doğma yurd - yuvalarından didərgin düşmüş məcburi köçkünlərin yaşayışının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ulu öndər Heydər Əliyevin fərmanına əsasən 6 dekabr 1999-cu ildə yaradılmış bu fond məcburi köçkünlərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün bir çox istiqamətlərdə fəaliyyətini ilbəil genişləndirmişdir. Fondun əsas məqsədi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlar üçün iş yerlərinin açılması, sosial infrastrukturun bərpası ilə bağlı davamlı tədbirlərin həyata keçirilməsindən ibarətdir. Təşkilatın vəzifəsi ayrılmış vəsait hesabına nəzərdə tutulan layihələrin həyata keçirilməsini və eyni zamanda, bu vəsaitlərin səmərəli və məqsədyönlü istifadəsini təmin etməkdir.
Qaçqın
və məcburi köçkünlərin sosial problemlərinin
həlli dövlətimizin, Heydər Əliyev siyasi kursunun
layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində
olmuş, prioritet məsələlərdən biri kimi bu
istiqamətdə ardıcıl, məqsədyönlü tədbirlər
həyata keçirilmişdir. Bu illər ərzində Məcburi
Köçkünlərin Sosial İnkişaf Fondu yüzlərlə
məcburi köçkün ailəsinin məskunlaşdığı
yataqxanaların təmirini həyata keçirmiş, məcburi
köçkünlərin məskunlaşdığı yerlərə
yollar, su, işıq xətləri çəkmiş, məktəblər
tikmiş, məktəbləri təmir etmiş və s.
işlər görmüşdür.
Məlum
olduğu kimi, MKSİF-in ilkin mərhələdə əsas
maliyyələşmə mənbəyi Dünya
Bankının Azərbaycan hökumətinə 10 milyon ABŞ
dolları həcmində ayırdığı güzəştli
kredit vəsaiti olub. Ötən müddət
ərzində fondun maliyyə vəsaitləri
hesabına icma mikrolayihələri həyata
keçirilmiş, mikrokreditlərin verilməsi
təmin olunmuşdur. Sonradan
fondun fəaliyyəti daha
geniş xarakter
alıb və maliyyələşmə mənbələri
artıb. MKSİF-in hazırda maliyyələşmə mənbələrinin
sırasına Dövlət Neft Fondu və Dövlət Neft
Şirkəti, büdcə vəsaitləri, Dünya
Bankı, İslam İnkişaf
Bankı, Yaponiya Sosial
İnkişaf Fondu və
digər donorların maliyyə resursları daxildir.
Onu da qeyd
edim ki, MKSİF-in təşkilati strukturu
və heyəti donorların tələblərinə uyğun formalaşdırılır. MKSİF-in əsas fəaliyyəti Dövlət Neft Fondunun maliyyələşdirdiyi
dövlət proqramları ilə bağlı olduğundan,
Azərbaycan Respublikası Prezidentinin fərman
və sərəncamlarına uyğun olaraq 2001-ci ildən etibarən ölkədəki
çadır düşərgələrində və digər
uzunmüddətli yaşayış üçün
yararlı sayılmayan yerlərdə məskunlaşmış
məcburi köçkünlər üçün
yeni məhəllə və qəsəbələrin
tikintisinə böyük diqqət
ayrılmışdır. Bu istiqamətdə mühüm
işlər görülüb, yeni qəsəbələrin tikintisinə
başlanılıb. Ümumiyyətlə, bu
günə kimi qaçqınlar və məcburi
köçkünlər üçün
Ağdam, Ağcabədi, Biləsuvar, Füzuli, Sabirabad, Abşeron, Goranboy, İmişli, Qəbələ, Yevlax rayonları və Bakı şəhəri
ərazisində 77 qəsəbə (zəruri sosial-texniki
infrastrukturla) salınmışdır ki, bunların da
63-ü MKSİF tərəfindən
tikilmişdir. Həmin qəsəbələrdə
də 21.548 köçkün
ailəsi məskunlaşmışdır.
Diqqət
yetirilən önəmli məqamlardan biri də ondan ibarətdir
ki, məcburi köçkünlər üçün yeni qəsəbələr
onların məskunlaşdığı ərazidə
salınır və bu, müəyyən parametrlər
baxımından olduqca böyük əhəmiyyətə
malikdir. Belə ki, məcburi
köçkünlərin əksəriyyəti məskunlaşdıqları
rayonlarda öz işlərini
qurublar. Onları öz
işlərindən kənarlaşdırmamaq üçün
elə məskunlaşdıqları rayonlarda
yeni qəsəbələr tikilir. Bu da,
öz növbəsində, məcburi
köçkünlərin yeni
yaşayış məskəninə
köçürüldükdən sonra işsizlik problemi ilə
qarşılaşmamalarına gətirib çıxarır.
Beləliklə, çadır şəhərciklərinin
ardınca artıq fin qəsəbələrinin
ləğvi sahəsində də görülmüş
işlər təqdirəlayiqdir.
Bununla yanaşı, Prezident
İlham Əliyev son
illər dəfələrlə məcburi köçkünlərlə
şəxsən görüşüb.
Hazırda qaçqın və məcburi köçkünlərə
Azərbaycan hökumətinin ayırdığı vəsait
nisbət etibarilə dünyada ən
yuxarı göstəricilər sırasında yer
alır. Hesablamalar göstərir ki, Azərbaycan dövləti hazırda bir məcburi köçkünə 1040 manat pul xərcləyir. Prezident İlham
Əliyevin 2004-cü il 1 iyul
tarixli sərəncamı ilə təsdiqlədiyi
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı” xüsusi qeyd
olunmalıdır. 2007 və 2011-ci illərdə həmin proqrama əlavələr edilib
və buna müvafiq olaraq qaçqınların və məcburi
köçkünlərin sosial durumunun, yaşayış şəraitinin daha da
yaxşılaşdırılması məqsədilə xeyli sayda tədbirlər həyata
keçirilib. Məcburi
köçkünlərin mənzil-məişət şəraitinin
yaxşılaşdırılması, sosial
müdafiəsinin gücləndirilməsi sahəsində
aparılan genişmiqyaslı işlərin davam
etdirilməsini nəzərdə tutan sərəncama
əsasən, “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na yeni əlavələr edilib.
Həmin əlavələrin icrası 2011-2015-ci illərdə
məcburi köçkünlərin mənzil-məişət
şəraitini, sosial vəziyyətlərini
əhəmiyyətli dərəcədə
yaxşılaşdıracaq.
Ötən
il Goranboy rayonu ərazisində 525 məcburi
köçkün ailəsi üçün tikilmiş
beşmərtəbəli 9 yaşayış binası, Şəki
şəhəri ərazisində 423 məcburi
köçkün ailəsi üçün
salınmış qəsəbə, Qaradağ rayonunun
Müşfiqabad qəsəbəsinin ərazisində 1440 məcburi
köçkün ailəsi üçün yeni məhəllə
istifadəyə verilmişdir. Bundan başqa,
Ağcabədi şəhərində bütün
zəruri sosial-texniki infrastruktur
obyektlərinə malik 556 ailəlik
beşmərtəbəli 10 yaşayış binası, Bərdə
rayonu ərazisindəki fin
tipli qəsəbədə müvəqqəti
məskunlaşmış 195, İmişli
rayonunun ərazisindəki fin
tipli qəsəbələrdə
müvəqqəti məskunlaşmış 550 məcburi köçkün ailəsindən birinci mərhələdə 325 ailə üçün yeni qəsəbələr
salınaraq məcburi köçkünlərin istifadəsinə
verilmişdir. Mingəçevir
şəhəri ərazisindəki fin tipli qəsəbədə və məktəb
binalarında müvəqqəti məskunlaşmış 502,
Abşeron rayonunun
Masazır qəsəbəsi ərazisində isə 768 məcburi
köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi
salınmışdır.
2012-ci ildə, həmçinin Maliyyə
Nazirliyi tərəfindən
ayrılmış vəsait hesabına 871 məcburi köçkün ailəsi dövlət
ehtiyacları ilə əlaqədar dövlət mülkiyyətinə
alınmış və yaşayış üçün
hər cür zəruri şərtlərə
cavab verən mənzillərə köçürülmüşdür. Bununla
yanaşı, dövlət büdcəsində nəzərdə
tutulan investisiya xərcləri
vəsaiti hesabına Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 28 evin inşası başa
çatdırılmış, Füzuli rayonu ərazisində isə Laçın rayonundan olan 7 məcburi köçkün ailəsi üçün
fərdi ev tikilmişdir.
Beləliklə, 2012-ci il ərzində
22765 nəfərdən ibarət 4553 məcburi köçkün
ailəsi yeni mənzillərə və
evlərə köçürülmüşdür.
İl ərzində, həmçinin
Dövlət Proqramının və ona əlavələrin
icrası ilə əlaqədar Gəncə şəhəri ərazisində
1500, Qazax rayonunda
300, Bərdə rayonunda 866
məcburi köçkün ailəsi üçün yeni
yaşayış məhəllələrinin,
İsmayıllı rayonunda 45, Hacıqabul
rayonunda 101, Saatlı rayonunda
230, Füzuli rayonunda
612, Sabirabad rayonunda
440, Ağdam rayonunda
932, Beyləqan rayonunda 320, Göygöl
rayonunda 600 ailəlik qəsəbələrin,
Bakı şəhərinin
yataqxanalarında və digər obyektlərdə müvəqqəti
məskunlaşmış məcburi köçkün
ailələrinin köçürülməsi məqsədi
ilə Abşeron rayonunda
Qobu şəhərinin salınması, Qəbələ
rayonunda 155, Balakən rayonunda
43, Abşeron rayonunun Ramana qəsəbəsində 80 mənzilli
yaşayış binalarının tikilməsi ilə
bağlı layihələndirmə, layihə-smeta sənədlərinin
hazırlanması və s. üzrə müvafiq tədbirlər həyata keçirilmişdir.
Cənab Prezident müşavirədə qarşıya daha mühüm vəzifələr qoymuşdur: “ Bu il də Dövlət Neft Fondunda eyni səviyyədə vəsait nəzərdə tutulub. Bu il də ən azı 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcəkdir. İstisna olunmur ki, il ərzində bu sahəyə biz əlavə vəsait də ayıra bilək. Çünki bizim maliyyə vəziyyətimiz bir daha demək istəyirəm ki, yaxşıdır. Hər il ayrılan 300 milyon manat vəsait də çox böyük rəqəmdir və biz doğrudan da, il ərzində demək olar ki, bir şəhər yaradırıq”. Əlbəttə, görüləsi işlər çoxdur. Dövlət başçısının qarşıya qoyduğu bütün vəzifələrin davamlı olaraq həyata keçirilməsində MKSİF bütün qüvvələri səfərbər etmək əzmindədir. Bizim çalışdığımız budur ki, məcburi köçkünlərin həyat şəraiti daha da yaxşılaşsın, onlar da rahat mənzillərdə yaşasınlar.
Ayaz
ORUCOV,
Milli Məclisin
deputatı,
Məcburi
Köçkünlərin
Sosial İnkişaf
Fondunun direktoru
Xalq qəzeti.- 2013.- 22 yanvar.- S. 4.