Azərbaycanlı
mütəxəssislər İstanbulda təlim
kursu keçmişlər
“Azərsu” Açıq Səhmdar
Cəmiyyətində kadr potensialının gücləndirilməsi,
işçilərin peşə hazırlığının
artırılması istiqamətində həyata
keçirilmiş daha bir layihə yekunlaşmışdır.
Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr
şöbəsinin məlumatına görə, bu yaxınlarda səhmdar cəmiyyətinin
Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlığı
çərçivəsində İstanbul
şəhərində yekunlaşmış təlim
kurslarında “Azərsu” ASC-nin 80 mütəxəssisi təlimləri uğurla başa çatdırmışdır.
Yanvarın 22-də “Azərsu” ASC-də təlim
iştirakçılarına sertifikatların verilməsi mərasimi
keçirilmişdir. “Azərsu”
ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə gənclər siyasətinin
dövlətin prioritet məqsədlərindən olduğunu xatırladaraq səhmdar cəmiyyətdə
gənc mütəxəssislərin işə qəbuluna,
onların fəaliyyətinə xüsusi
diqqət yetirildiyini
vurğulamışdır.
Ölkəmizdə həyata keçirilən su təchizatı və kanalizasiya
sistemlərinin yenidən qurulması layihələri barədə
məlumat verən Q. Hüseynov işlərin
keyfiyyətli icrasını təmin etmək məqsədilə
yeni texnologiyalardan və
yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən
istifadə olunduğunu diqqətə
çatdırmışdır. Gənc mütəxəssislərin
peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi
istiqamətində görülən işlər barədə
məlumat verən “Azərsu” ASC-nin sədri
ötən il 477 əməkdaşın
müxtəlif sahələr üzrə təlim-tədris
proseslərinə cəlb olunduğunu bildirmişdir.
Bu sahədə Türkiyənin
“TeknoYapı” şirkəti ilə əməkdaşlıq
çərçivəsində daha 80 nəfər əməkdaşın
İstanbul Şəhər Sukanal İdarəsində təşkil
olunan təlimlərdə iştirakını xüsusi qeyd edən
natiq bildirdi ki, hər qrupda 20 nəfər
olmaqla 4 qrup üzrə keçirilmiş təlimlərdə
kimyaçılar, bioloq, mexanik, inşaatçı, energetik,
layihəçi, hidrotexnik, metroloq, hidrogeoloq və ekoloqlar
iştirak etmişlər. Qeyd olundu ki, təlimlər Türkiyənin
yüksək ixtisaslı alimləri və mütəxəssisləri
tərəfindən keçirilmiş və istehsalat sahələrində
olan əməkdaşlara texnoloji proseslərin incəlikləri əyani şəkildə
izah edilmiş, İstanbul Şəhər Sukanal İdarəsi, Türkiyə Su İnstitutu və
“TeknoYapı” şirkəti təlimlərin yüksək səviyyədə
təşkilinə böyük dəstək göstərmişdir.
Tədbirdə
iştirak edən Türkiyə Su İnstitutunun sədri Ahmet
Saatçı təlimlərdə iştirak etmiş azərbaycanlı
mütəxəssislərin bilik və təcrübə səviyyəsindən
razı qaldığını bildirərək qeyd etmişdir
ki, tədris prosesində əldə olunan uğurlar onların
peşəkar kadr kimi formalaşmasına müsbət təsir
göstərəcək. O daha sonra demişdir ki, iştirakçılar gənc olmalarına
baxmayaraq, təlim prosesində yeni texnologiyalar və
qabaqcıl təcrübələrin öyrənilməsinə
böyük həvəs və maraq göstərmişlər. Qonaq,
həmçinin onların təlimlərdə
qazandıqları təcrübəni gələcək fəaliyyətlərində
uğurla tətbiq edəcəklərinə
əmin olduğunu bildirmişdir.
Türkiyənin
“TeknoYapı” şirkətinin idarə heyətinin üzvü
Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə
təşkili üçün bütün imkanlardan istifadə
olunduğunu bildirərək demişdir ki,
iştirakçılara Türkiyənin su və
kanalizasiya infrastrukturu barədə
ətraflı məlumat verilmiş və onların istehsalat
sahələrinə ekskursiyaları təşkil edilmişdir.
Şirkət təmsilçisi qeyd etmişdir ki, təlimlər
müxtəlif sahələr üzrə keçirilsə də, kadrların hərtərəfli
bilgi əldə etməsi üçün onlara su təchizatı
və kanalizasiya infrastrukturunun bütün incəlikləri
barədə ətraflı məlumat verilmişdir.
Təlimlərdə
iştirak etmiş Fuad Cavadzadə və Ülkər Həsənova
tədris prosesində qazandıqları bilik və təcrübənin
gələcək fəaliyyətlərində tətbiq edəcəklərini
bildirmişlər.
Tədbirin
sonunda təlimlərdə müvəffəqiyyətlə
iştirak etmiş gənc mütəxəssislərə
sertifikatlar təqdim olunmuşdur.
Mirbağır, Yaqubzadə
Xalq qəzeti.- 2013.- 23 yanvar.- S. 7.