2012-ci ilin yekunları müzakirə olundu
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində
(RİTN) 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilib. Bu barədə nazirliyin mətbuat
xidməti məlumat yayıb.
İclası giriş
sözü ilə açan
rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublika Prezidentinin sərəncam
və fərmanlarının, dövlət
proqramlarının, eləcə də bu il ölkəmizdə İKT ili
elan edilməsinin
rabitə və informasiya
texnologiyaları sektorunun inkişafı üçün geniş imkanlar yaratdığını bildirib, həmçinin İKT sahəsində
uğurla həyata keçirilən islahatlar, gələcəkdə
planlaşdırılan böyük layihələr
və perspektivlərdən söz
açıb. Bu sürətli inkişafda qeyri-neft sektorunun
aparıcı sahəsi olan İKT-nin müstəsna yeri
olduğunu qeyd edən
nazir sektora göstərilən
hərtərəfli dövlət qayğısı sayəsində
dinamik inkişafa nail olunduğunu, artıq
geridə qalan 2012-ci ildə bu sahədə müsbət nəticələr
əldə edildiyini vurğulayıb. Kollegiya
iclasında yola saldığımız il ərzində rabitə və informasiya texnologiyaları sektorunda
görülmüş işlər və əldə olunan
nəticələr barədə nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, hesabat
dövründə İKT, informasiya və
poçt sektorunda əldə
olunan gəlirlərin həcmi ötən
ilin müvafiq dövrü ilə müqayisədə 17,3 faiz artaraq 1503,4 milyon manat təşkil edib. Ötən illə müqayisədə
artım tempi İKT sektorunda
16,6 faiz, o cümlədən
telekommunikasiya sektorunda 17,4 faiz,
İT sektorunda 8,6 faiz,
eyni zamanda poçt sektorunda 18,2 faiz, informasiya sektorunda isə 50,1 faiz təşkil
edib. 2012-ci ilin sonuna əhalinin hər 100 nəfərinə
düşən kompüterlərin sayı 20 ədədə,
internet istifadəçilərinin sayı
70-ə bərabər olub. Hazırda
ölkədə hər 100 nəfərə düşən
genişzolaqlı internet istifadəçilərinin
sayı 50-yə bərabərdir. Azərbaycan internet
istifadəçilərinin sıxlığına görə
MDB ölkələri arasında birinci
yerdədir və dünya orta
göstəricisini təqribən 2 dəfədən çox qabaqlayır.Sonra müzakirələr
ətrafında çıxışlar olub.
Kollegiyaya
yekun vuran nazir ölkə Prezidentin rabitə sahəsinin
inkişafına verdiyi xüsusi önəm nəticəsində
2013-cü ilin Azərbaycanda İKT ili elan edildiyini bir daha
xatırladaraq bununla qarşıya xeyli vəzifə və məqsədlərin
qoyulduğunu, bu sahədə çalışanların
üzərində məsuliyyətin daha da
artdığını, həmçinin İKT ili çərçivəsində
qabaqcıl texnologiyaların istehsalı və ixracı ilə
məşğul olacaq innovativ sahibkarlığın
inkişafı üçün xüsusi mühitin
yaradılacağını, informasiya təhlükəsizliyi,
dünyada sürətlə irəliləyən mobil
genişzolaqlı internet xidmətləri, peyk sənayesinin
inkişafı və s. kimi sahələrin prioritet istiqamət
təşkil edəcəyini vurğulayıb və
bütün bunlarla bağlı müvafiq rabitə müəssisələri
rəhbərlərinə tapşırıqlar verib.
M.Mükərrəmoğlu
Xalq qəzeti.- 2013.- 23 yanvar.- S. 6.