O məşum gecəni
düşünərkən
İstifadə etdiyimiz təqvimlərdə 20 Yanvar
qara rəngli çərçivədə
verilir. Səbəbi
aydındır: 137 soydaşımızın həlak olduğu, 744 nəfərin
yaralandığı 1990-cı ilin
Qanlı Yanvarının bu gününün qara rəngdə
göstərilməsi təbiidir. Ancaq mən bu
tarixin qələbə günlərimizdən
biri kimi nə vaxtsa qırmızı rənglə əvəzlənəcəyinə ümid bəsləyirəm.
Çünki məhz o
gün Azərbaycan torpağı şəhidlərimizin qanı ilə
“suvarılmasaydı”, bugünkü müstəqilliyimizin mövcudluğu şübhə altında
qalardı.
Bu fikirləri təsadüfən
yazmadım. Qanuni azadlığı,
müstəqilliyi uğrunda mübarizə aparmaq
hər bir xalqın mənəvi
haqqıdır. Necə ki,
20 Yanvar günü
xalqımızın igid oğul
və qızları ayağa qalxdı, sovet
zülmünə etiraz səsini
ucaltdı, əliyalın, heç bir müdafiəsi olmadan zirehli tankların üstünə getdi və şəhid olmaqla
qələbə haqqını qazandılar. Onlar
xalqımızın azadlıq aşiqi,
ulu qəhrəmanımız Babəkin “ bir gün azad
yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür” fikrini amala çevirərək
ölümə getdilər.
“Azadlıq
hədiyyə verilmir, qanla alınır”, – demişdir
müdriklərimiz. Bu fikir 20 Yanvar kimi günlər üçün
deyilmişdir. “Xalqlar
həbsxanası”nı xatırladan Sovet
İttifaqından qopmaq, azadlığa
çıxmaq, yenidən üçrəngli
bayrağımızla dünyaya
tanınmaq kimin ağlına gələrdi.
Kim deyə bilərdi ki,
dünyanın super gücü
sayılan bu imperiyaya
qarşı etirazlar milyonların
iştirakı səviyyəsinə qalxacaq.
Soydaşlarımız haqqın bərqərar olması üçün canlarından keçəcək.
Ara-sıra
20 Yanvar dairəsindən keçərkən şəhidlərimizin
fədakarlığını anladan, gənc nəslə vətənpərvərlik
nümunəsini aşılayan abidəyə tamaşa edirəm.
Təbii ki, o məşum gecəni uşaqlıq xatirələrində
yaşadan birisi üçün abidədəki rəmzi
obrazları yenidən canlandırmaq heç
də çətin deyil. Çünki
o həyəcanı, o
nifrət hissini keçirən, eyni zamanda milli
özünədərk, təəssübkeşlik və bir də haqsızlığa üsyankar ruhu yenidən
dirilən bir Azərbaycan övladı kimi belə də olmalıdır. Tanklar, sovet əsgərlərinin
qəzəbli keçidi, atılan
güllələrin qırmızı işartısı, susmayan atəş səsləri, insanların
vahiməli hay-küyü, o
gecənin üzüntüləri
yaddaşımın kədərli xatirələridir.
“Uşaqların yaddaşı ağ
lövhədir, nə yazarsan, o da qalar”,–
deyənlər, sözsüz ki, yanılmırlar. Amma əlavə
olaraq deyim ki, lövhəni pozmaq və
yenidən yazmaq mümkündür.
Lakin insanda uşaqlıq illərinin fenomen yaddaşını heç
nə ilə əvəzləmək mümkün
deyil. Ürəyimizdə və hafizəmizdə
şırımabənzər dərin iz buraxan bu hadisə artıq
hər bir soydaşımız üçün ruhi-mənəvi istinadgaha çevrilmişdir.
O
qanlı gecədən 9 ay sonra Azərbaycan öz müstəqilliyinin
bərpasını elan etdi. Bu istiqlal şərəfli bir
günün məntiqi sonu
idi. Üsyankar ruhlu azərbaycanlıların sivil
mübarizəsini atəşlə susdurmağı zənn edənlər
yanıldılar. Bu mücadilə şəhidlik
zirvəsini fəth edərək istiqlala çevrildi. Azərbaycan
xalqı deyəndə, onun şəhidlik
sözü ilə sanki
“sinonim” təşkil etdiyini
düşünürəm.
Bu əzəmətli torpaq həmişə cəlbedici olduğundan, onun uğrunda dünyanın böyük gücləri vuruşmuş və təbii ki, şəhidlərimiz də çox olmuşdur. Bu Vətənin qeyrətli oğulları heç zaman xoşniyyətlə gəlməyən yadellinin qarşısında özünü aciz hiss etməmişlər. Qalib və ya məğlub fərq etməz. Əsas odur ki, azərbaycanlı üçün Vətən, Xalq, Ailə — bu üç dəyər həmişə ali olmuş, uğurlu və ya uğursuz mübarizədən asılı olmayaraq düşmən qarşısında durmağı bacarmışdır. Təkcə son iki yüz ildə xalqımız böyük bir şəhidlik məktəbi yarada bilmişdir. Əvvəlcə, çar Rusiyasına, daha sonra bolşevik işğalına “yox” deyən bu xalq yüz minlərlə şəhid vermişdir. Qəhrəman Cavad xandan üzü bəri, Quba, Şəki, Bakı, Zaqatala üsyanları, Difai hərəkatı, bolşevik işğalına qarşı Gəncə üsyanı, 1920-1930-cu illərdə bəyzadələrin silahlı müqavimət hərəkatı, repressiyanın qurbanları və nəhayət, 1990-cı ilin 20 Yanvarı. Bütün bu ardıcıllıq indiki azad, müstəqil Azərbaycanın qurulması üçün deyildimi? Məgər, bu tarixi mübarizələrdə həlak olan Vətən övladları şəhid deyildimi? Şübhəsiz ki, şəhid idi. Qanlı Yanvarda həlak olan soydaşlarımız da öz şəhid babalarının yolu ilə getdilər. Onlar uğrunda canlarından keçdiyi bu Vətəni bizə əmanət etdilər. Biz bu əmanəti qorumaq üçün toplum olaraq şəhidlik fəlsəfəsinin mahiyyətinə nüfuz etməli, şüurumuza bu məqamın ucalığını yeritməliyik.
İndi “şəhid
qanı ilə suvarılan torpaqda”
yaşamağın nə qədər gözəl və dəyərli
olduğunun fərqinə
vardınızmı? Bunu düşünməyin
özü belə gözəldir. Müasir milli mübarizə
tariximizin hələ ki,
20 Yanvar gününü
xatırladıqca bu torpaq
üzərində yeriməkdən, qürur
duymaq hissini hazırda
hər bir soydaşımız
yaşayır. Gəlin bu gözəlliyə
sahib çıxmağı bacaraq ki, gələcək nəsillərimiz də bizi xatırladıqca minnətdarlıq hissi onları tərk etməsin. Öz sələflərini hörmət və
ehtiramla anmaq duyğusu onlardan da yan keçməsin.
Anar
Turan
Xalq qəzeti.- 2013.- 23
yanvar.- S. 5