Azərbaycanda ötən il sosial məsələlərin həlli prioritet vəzifə kimi diqqət mərkəzində olmuşdur

 

Bu gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öndə gedən dövlətlər sırasındadır. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Görülən işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq qurumların hesabatlarında da  islahatçı ölkə kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur.

 

Ölkə Prezidenti cənab İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə ötən il dekabrın 31-də Azərbaycan xalqına ünvanlanan təbrikində qeyd etmişdir ki, 2012-ci ildə Azərbaycan iqtisadiyyatı uğurla inkişaf etmişdir. Yoxsulluq 6 faizə düşmüşdür. İşsizlik 5,2 faizdir. Bu il 100 mindən artıq, son doqquz il ərzində isə 1 milyon 100 mindən çox iş yeri açılmışdır. İş yerlərinin açılması bilavasitə işsizliyin aradan qaldırılmasına xidmət göstərmişdir. İqtisadi sahədə aparılan islahatlar, düşünülmüş siyasət imkan verir ki, sosial məsələlərin həllində də böyük nailiyyətlərə imza ataq. 2012-ci ildə maaşlar, pensiyalar qaldırılmışdır, ünvanlı sosial yardım on minlərlə ailəni əhatə edir. 2012-ci ildə sovet əmanətlərinin qaytarılması prosesi başlanmışdır. Bu il bu proses başa çatacaqdır. MDB məkanında Azərbaycanda bu sahədə aparılan siyasət ən yüksək qiymətə malikdir. Çünki bu əmanətlərin ən yüksək əmsalla və ən qısa müddət ərzində qaytarılmasına nail olunacaq. Bütün bu məsələlər onu göstərir ki, həm iqtisadi, həm sosial sahədə düşünülmüş siyasət konkret nəticələrini verməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçımız  giriş nitqində də bu barədə  demişdir: “Sosial məsələlərin həllinə gəldikdə, bir daha qeyd etmək istəyirəm ki, keçən il uzun illər sovet dövründən dondurulmuş vəziyyətdə qalmış əmanətlərə kompensasiya verilməsi proqramı başlamışdır və ilin sonunda mənə verilən məlumata görə, artıq proqramın böyük hissəsi icra edilmişdir. Vətəndaşlara yüz milyonlarla manat vəsait verilmişdir və əminəm ki, bu proqram yaxın aylarda başa çatacaqdır. Biz elə planlaşdırırdıq ki, bu proqramı bu ilin sonuna qədər artıq başa çatdıracağıq. Bu, çox böyük siyasi addım idi, Azərbaycan dövlətinin sosial siyasətinin nə qədər düzgün olduğunu göstərir. Bir də onu göstərir ki, bizim bütün fəaliyyətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı dayanır”.

Əldə edilmiş davamlı iqtisadi inkişaf əhalinin həyat səviyyəsinin daha da yaxşılaşmasına şərait yaratmış, 2012-ci ildə əvvəlki ilin eyni dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,8 faiz artmış, əhali gəlirlərinin artımı inflyasiyanı təxminən 13 faiz bəndi üstələmişdir. Ötən il ərzində orta aylıq əməkhaqqı 9,1 faiz artaraq, 391,4 manat təşkil etmiş, əhalinin banklardakı əmanətləri 24,4 faiz artmışdır. Əmanətlərə görə faiz gəlirlərinin vergidən azadolma müddəti uzadılmışdır ki, bu da onların sərəncamında qalan vəsaitləri artıracaqdır.

Əvvəlki illərdə olduğu kimi, ötən ildə də qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində yüksək göstəricilərə nail olunmuşdur. Son 9 ildə bu sahə üzrə bir dövlət proqramı və ona iki əlavə qəbul edilmiş, ümumilikdə 47 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 158 qərar və sərəncam, Milli Məclis isə 9 qanun qəbul etmişdir. O cümlədən, 2012-ci ildə 2 fərman və sərəncam imzalanmış, Nazirlər Kabineti 17 qərar və sərəncam qəbul etmişdir.

İndiyədək Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış vəsait hesabına 31 min mənzildən ibarət, bütün sosial-texniki infrastruktura malik 77 müasir qəsəbə salınmış, 31 min ailənin, yaxud 140 min nəfərədək qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır. Həmin yeni yaşayış məntəqələrində 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb məntəqəsi, 43 mədəniyyət mərkəzi, 2 Olimpiya idman kompleksi tikilmiş, 628 kilometr yol, 781 kilometr su, 1333 kilometr elektrik, 288  kilometr qaz xətti çəkilmiş, müxtəlif gücə malik 671 elektrik transformatoru quraşdırılmışdır.

Sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaqdır. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi-rifah halının yaxşılaşdırılması və insanların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyat XXI əsrin ikinci onilliyində respublikamızın strateji inkişaf və modernləşdirmə konsepsiyasının əsas təməllərindən olacaqdır.

Nazirlər Kabinetinin yuxarıda adı çəkilən  iclasında dövlət başçımız  həmçinin  demişdir: “Regional İnkişaf Proqramı da uğurla icra edilib. Qeyd etdiyim kimi, 2004-cü ildə birinci proqram, 2009-cu ildə ikinci proqram qəbul edilmişdir. Artıq ikinci proqram başa çatmaq üzrədir. Qarşıya qoyulmuş bütün vəzifələr icra edilib. Keçən il 117 min yeni iş yeri açılmışdır ki, onlardan 93 mini daimi iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni iş yeri açılmışdır ki, bu da öz növbəsində, işsizliyin böyük dərəcədə azaldılmasına xidmət göstərmişdir. İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də aşağı düşmüşdür -  7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş ölkələr üçün çox gözəl göstəricidir.

2013-cü ildə görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək və beləliklə, 10 il bundan əvvəl qarşımıza qoyduğumuz vəzifə, - Azərbaycanda  yoxsulluğu tamamilə aradan götürmək vəzifəsi də artıq təmin ediləcəkdir”.

Azərbaycan Prezidenti İlham Əliyevin  2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)” icrası nəticəsində  işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, işsizlərin, sosial həssas əhali təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsinə nail olunmuşdur. Bununla yanaşı,  əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması, rəqabət gücünün artırılması, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində də müvafiq tədbirlər həyata keçirilmişdir.

Xatırladaq ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı” əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, dövlət başçısının 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2006-2015-ci illər)” ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir. Bu proqram işçi qüvvəsinə tələbatın stimullaşdırılmasını, səmərəli işgüzarlıq mühitinin formalaşmasını, struktur islahatlarının dərinləşdirilməsini, investisiya fəallığının daha da artırılmasını və insan kapitalının yüksək inkişaf səviyyəsinin təmin edilməsini nəzərdə tutur.

Dövlət Proqramında qarşıya bir sıra vəzifələr də qoyulmuşdur. Proqramda makroiqtisadi siyasət və sahibkarlığın inkişafı sahəsində ölkədə makroiqtisadi sabitliyin daha da  möhkəmləndirilməsi, inflyasiyanın məqbul səviyyədə saxlanması, yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi, regional iqtisadi əlaqələrin genişləndirilməsi, neft ixracından əldə olunan gəlirlərin bir hissəsinin insan amilinin inkişafına istiqamətləndirilməsinin diqqət mərkəzində saxlanılması nəzərdə tutulur.

 

 

Vaqif Bayramov

 

Xalq qəzeti.- 2013.- 23 yanvar.- S. 1.