20 Yanvar faciəsi Türkiyə mediasında

 

Son dövrlər daxili və xarici siyasətdə böyük uğurlara imza atan Azərbaycan Respublikası həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında da böyük nailiyyətlər əldə etmişdir.  Ölkəmizin tarixində törədilmiş faciələr barədə, Azərbaycan xalqının başına gətirilən müsibətlər haqqında dünyanın bir sıra kütləvi informasiya vasitələrində müntəzəm olaraq məqalələr, məlumatlar, açıqlamalar dərc olunur, yayılır.

 

20 Yanvar faciəsinin növbəti ildönümündə də belə oldu. Dünyanın müxtəlif  ölkələrində anım mərasimləri keçirildi, ictimai diqqətin bu məsələyə yönəldilməsi üçün lazımi işlər görüldü.  “Xalq qəzeti”nin siyasi-analitik qrupunun üzvü  Rauf Əliyevin (Kəngərli)  20 Yanvar hadisələri ilə bağlı məqaləsi Türkiyə mediyasında yer aldı.   Ölkənin nüfuzlu “Yeni Asya” qəzetində və onun internet saytında (http://www.yeniasya.com.tr/haber_detay2.asp?id=48692, http://www.sentezhaber.com/dunya/20-ocak-katlimlarini-unutmayacagiz-h119608.html), həmçinin nüfuzlu “Milliyet” qəzetinin blog saytında (http://blog.milliyet.com.tr/sovyetler-birligi-nin—baku-de—yaptigi-20-ocak-katliamlarini—unutmayacagiz/Blog/?BlogNo=398144) və digər saytlarda http://turkbirligi.net/raufaliyev_yazilari.asp?goster=dos&id=9, http://www.nurpostasi.com/dunya/20-ocak-katliamlarini-unutmayacagiz-h5060.html  və s.) “Sovetlər Birliyinin törətdiyi 20 Yanvar qətliamlarını unutmayacağıq” adlı məqaləsi yayınlanıb.  Həmin məqaləni olduğu kimi “Xalq qəzeti”nin oxucularına təqdim edirik:

Türkiyədə gerçəkləri özündə əks etdirən  çox gözəl bir  deyim var: Od düşdüyü yeri yandırar.  Bəli, faciələrlə yadda qalan  o gün Bakıda 130-dan çox ailənin isti yuvasına od düşdü, kimi vəhşicəsinə qətlə yetirilərək şəhid oldu, kimi ömür boyu  şikəst qalmağa məhkum edildi, kimi də əzizinin, doğmasının itkin düşdüyünü öyrəndi.  Şəhid olanlar da, şikəst qalanlar da,  hara aparıldıqları, başına hansı işlər gəldiyi  məlum olmayanların hamısı şərəfli Azərbaycan xalqının övladlarıydı.

20 Yanvar 1990-cı il.  Bu tarix qədim Azərbaycanın şanlı tarixində və xatirələrimizdə həm faciə günü, həm də zəfər günü kimi qalacaqdır. Bu günü zəfər günü adlandırırıq, ona görə ki,  əli yalın Vətən övladları dünyanın ən böyük dövlətlərindən birinin — sovet  imperiyasının təpədən-dırnağadək müasir silahlarla silahlanmış ordusuna qarşı  qorxmadan, cəsarətlə  müqavimət göstərdi,  “azadlıq”  deyərək hayqırdı, şərəfli ölümü qul kimi yaşamaqdan üstün tutdu.  Həmin günə faciə günü deyirik, ona görə ki,  o müdhiş gecədə yüzlərlə silahsız  və günahsız Azərbaycan türkü vəhşicəsinə qətlə yetirildi. Həqiqətən də, əgər bir dövlət öz vətəndaşlarını amansızcasına qətlə yetirirsə və bu qətliamın miqyası bütöv bir şəhəri əhatə edirsə,  ölənlər arasında təkcə gənc, əli silahsız müqavimətçilər deyil, uşaqlar, qadınlar, qocalar da vardırsa, bundan daha  böyük faciə ola bilərmi?

 1990-cı ilin yanvar hadisələrində  Azərbaycan xalqı  Sovetlər Birliyinin son rəhbəri  Qorbaçovun  türk düşmənçiliyi ilə yoğrulmuş siyasətinin ölkəmiz üçün hansı acınacaqlı nəticələr doğuracağının  bir daha şahidi oldu.  Azərbaycan xalqı və  dünyanın tərəqqipərvər qüvvələri bir daha anladı ki,  humanizm prinsiplərini özünün əsas ideoloji xətti elan edən SSRİ, əslində, çox qəddar metodlarla idarə olunan  vəhşi təbiətli bir imperiya imiş.  Bundan əvvəl Qazaxıstanda və Gürcüstanda günahsız insanların qətlə yetirilməsi də bu həqiqətləri sübuta yetirirdi. Bu vəhşilik  sovet imperiyasının, həm də əsarətində saxladığı millətləri qorxutmaq siyasətinin əsasını təşkil edirdi.  Səbəb nə olursa-olsun Azərbaycan türkləri Bakıda  törədilən qırğınları heç vaxt unutmayacaq, bu hadisə bizim və gələcək nəsillərin yaddaşında sovet qoşunlarının zalımlıqla törətdiyi qırğınlar  kimi qalacaqdır.

20 Yanvara aparan hadisələr isə belə inkişaf  etmişdi. 1989-cu ildə  Azərbaycan KP MK-nın orqanı olan  “Kommunist” qəzetində  (indiki “Xalq qəzeti”ndə)  Dağlıq Qarabağdakı Topxana meşəsinin ermənilər tərəfindən qeyri-qanuni şəkildə yox edilməyə çalışılması barədə xəbər dərc edildi.  Maraqlıdır ki, adətən bu qəzetdə dərc olunan xəbərlər  Azərbaycan KP MK  ilə razılaşdırılırdı. Bu dəfə isə, görünür, qəzetin vətənpərvər kollektivi ermənilərin hiyləli planını ifşa etmək üçün riskə gedərək, məsləhətsiz-filansız məlumatı ictimaiyyətə çatırmaq istəmişlər və buna da nail olmuşlar. Bu xəbərin ictimai rezonans doğuracağı şübhəsiz idi. Gözlənilənlər baş verdi.  Azərbaycan türkləri Bakıda etiraz aksiyaları keçirməyə başladılar. Qəzetin kollektivinin böyük əksəriyyəti də etirazçıların arasında idi...   1990-cı il yanvar ayının ortalarından başlayaraq nümayişlərdə Azərbaycan rəhbərliyinin istefası tələb olunurdu. Tələb daha “yaxşı eşidilsin” deyə mitinqlərin  yeri də dəyişdirilmiş, aksiya iştirakçıları Mərkəzi Komitənin binasının qarşısına qədər gəlmişdilər. Həqiqətən cəmiyyətdə gərginlik hər keçən gün artır, etirazçılar daha sərt çıxışlar etməyə başlayırdılar...

Azərbaycan torpaqları üzərində yox yerdən Ermənistan adlı dövlət quran ermənilərin bu dəfə   Dağlıq Qarabağa iddialı olmaları bütün Azərbaycan türklərini qəzəbləndirmişdi.  Xüsusilə gənclərimiz könüllü olaraq ermənilərə qarşı döyüşmək üçün avtobuslarla Qarabağa getmək istəyir, müharibə çağrışlarının sayı hər keçən gün artırdı. Sumqayıtda törədilən erməni təxribatları və bir çox digər hadisələr isə, guya qayda-qanunu bərpa etmək üçün  SSRİ ordusunun  təkrar Bakıya yeridilməsinə zəmin hazırlayırdı. Bundan xəbər tutan bəzi vətənpərvər gənclərimiz xalqı sovet ordusuna müqavimət göstərməyə səsləyirdi...

Əslində, Bakıda bir çoxları şəhərdə qırğın törədilə  biləcəyi ehtimalının yüksək olduğunu bilirdi. Amma heç kim hadisələrin gedişatını dəyişdirmək gücündə deyildi. Şəhərin girişində barikadalar quran əli silahsız gəncləri bu işləri görməyə vadar edən, buraya gətirən isə azadlıq eşqi idi. Həmin günlərdə hər birimizin ortaq dərdi Dağlıq Qarabağ problemi və ölkəmizə azadlığın qazanılmasıydı...

Bu, beləydi. Ancaq silah olmadan dünyanın ən güclü ordularından biri olan SSRİ ordusuna müqavimət göstərmək mümkünmüydü? O vaxtlar heç kəs bunu düşünmürdü. Belə olan halda bir çox insanın, Vətən, millət fədaisi olan gənclərimizin şəhid olması qaçılmazdı. Buna baxmayaraq, gənclər  heç nədən qorxmur, necə deyərlər, gülə-gülə ölümə gedirdilər...

19 Yanvar 1990-cı il gecə  saatlarında Bakı səmasında ani bir işıqlanma oldu. Bu zaman yaxınlıqdakı gənclərdən biri yüksək səslə “Sovet ordusu hücuma keçdi. Hazır olun, özünüzü qoruyun!”- deyərək qışqırdı. Bəli, rus və ermənilərdən ibarət olan 26 minlik SSRİ ordusu Bakı üzərinə hücuma keçmişdi. Şahidlərin sözlərindən belə anlaşılırdı ki, əsgərlərə hər cür vəhşilik törətməyə tam icazə verilmiş, bəlkə də onlar bu barədə xüsusi təlimatlandırılmışdılar. Hərbçilərin böyük əksəriyyətinin ermənilərdən ibarət olması isə hər şeyi açıqlayırdı: Türk düşməni olan millətçi ermənilər 1918-ci ildə olduğu kimi, yenə Bakıya türk qanını içməyə gəlmişdilər.

Sovet tankı küçədə barrikada quran  gənclərə doğru  sürətlə yaxınlaşırdı. Birdən bir qrup gənc  çiyin-çiyinə verərək tanka doğru addımlamağa başladı.  Yəqin inanırdılar ki, tank dayanacaq, onları əzməyəcək.  Təəssüf ki, belə olmadı. Və gənclər tankın  tırtıllarının altında qalaraq əzildilər. Bu zaman tankın üzərindəki iriçaplı silahlardan da ətrafa atəş açılırdı.  Savaş meydanına dönən Bakı  küçələrində sivil silahsız insanların qanı su yerinə axıdılırdı.

İşıqsaçan xüsusi silahların təsiri ilə şəhərdə hava birdən işıqlanır və yenə qaranlıq çökürdü. Havada uçuşan güllələrin hansı istiqamətə yönəldiyini açıq-aşkaq görmək mümkün idi.  Sovet əsgərləri yaşayış evlərinə, binalara da atəş açırdılar.  Dəhşət idi. Bizlərə sülh ordusu kimi təqdim olunan  Qızıl ordu” dinc əhalini ucdantutma qırırdı. Bakının bütün küçələrindən fəryad səsləri yüksəlirdi. Bir neçə  gənc yaralıları etibarlı bir yerə aparmağa çalışırdılar, güllə yarası almış insanların iniltiləri insanı dəhşətə gətirird. Bunu görən əsgərlər yaralıları da, onları aparmağa çalışanları da, köməyə gələn təcili yardım maşınını da gülləboran etdilər.

Qanlı Yanvar gecəsində itkilərimiz çox ağır oldu: 170-dən çox Azərbaycan türkü şəhid oldu, 700 nəfərədək insandan isə  hələ  bir xəbər yoxdur. Onlar şəhidmi oldular, yaşayırlarmı, kimsə bilmir. Yüzlərlə adam yaralandı, şikəst oldu. Bəzisi iki qolunu, bəzisi ayaqlarını itirdi, bəzisi isə ömür boyu dünya işığına həsrət qaldı. Belə bir dəhşətli gündə Azərbaycan dünyadan təcrid edilmiş, tək qalmışdı.

Gözlənilməz bir anda Moskvada nəzarətdə saxlanılan böyük türk oğlu Heydər Əliyev elə imperiyanın paytaxtında cəsarətlə  hadisələri qınadı. O, oğlu və silahdaşı İlham Əliyevlə və digər ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin göstərişi ilə Bakıda törədilən qırğınları qınadı, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələrinin qarşısında hadisələrin iç üzünü açıb göstərdi, sovet rəhbərliyini ifşa etdi.  Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş cinayətin günahkarlarının cəzalandırılmasını tələb etdi. Daha sonra o, etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarını də tərk etdi.

Türk dünyasının böyük oğlu doğulub boya-başa çatdığı Naxçıvana qayıtdıqdan və Naxçıvan Muxtar Respublikasının Ali  Məclisinin Sədri seçildikdən sonra da bu məsələni diqqətdə saxladı. Məhz onun təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisində  20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanın siyasi rəhbərliyinə gələn Heydər Əliyev 1994-cü ildə Azərbaycan Milli Məclisində də hadisəyə siyasi-hüquqi qiymət verilməsinə nail oldu.

Bəli, Azərbaycanda Qanlı Yanvar faciəsi kimi xatırlanan 20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi oldu. Qeyd etdiyimiz kimi, 20 Yanvar Azərbaycan xalqının tarixində, təkcə faciə günü kimi deyil, millətimizin şan və şərəf günü kimi qaldı. O gün tökülən şəhid qanları bir mənada milli oyanış Günəşinin qırmızı şəfəqlərinin yerdəki əksinə çevrilmişdi. Məhz buna görədir ki, bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkanımız var. Bu, 20 Yanvar qurbanlarının və Ermənistanla müharibədə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan buranı ziyarət edir, Vətənin azadlığı və istiqlalı uğrunda canlarından keçmiş Azərbaycan övladlarının əziz xatirəsini ehtiramla yad edir. Və illər ötəcək, nəsillər dəyişəcək, Vətən övladlarının xatirəsi ürəklərdə əbədi olaraq yaşayacaqdır.

 

 

Rauf Əliyev

 

Xalq qəzeti.- 2013.- 24 yanvar.- S. 10.