Qeyri-neft sektoru və regionların
proporsional sosial-iqtisadi inkişafı
Azərbaycanın başlıca sərvəti
olan yanacaq ehtiyatları ilk dəfə ümummilli liderimiz Heydər
Əliyevin uzaqgörənliklə işləyib
hazırladığı neft strategiyasının
reallaşması nəticəsində xalqımızın
ümummilli mənafelərinə yönəldildi. Müstəqilliyimizin
ötən 20 ilində Azərbaycanda neft hasilatı 4,3 dəfə
artaraq 50,9 milyon tona, qaz hasilatı 3,1 dəfə artaraq 26,3
milyard kubmetrə
çatdırıldı.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə
yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət
başçısı cənab İlham Əliyev
demişdir:“Ulu öndər Heydər Əliyev tərəfindən
əsası qoyulmuş yeni neft strategiyamızın icrası nəticəsində
biz enerji sahəsində dünya miqyasında çox ciddi
ölkəyə çevrilmişik. Neft-qaz layihələrimiz,
neft-qaz kəmərlərimiz bu gün Azərbaycanı,
doğrudan da, dünya miqyasında çox önəmli neft,
qaz hasil və ixrac edən ölkəyə çeviribdir.
Keçən
il də bu siyasətin davamı olaraq
çox önəmli və deyə bilərəm ki, tarixi
hadisə baş vermişdir - biz TANAP layihəsinin təməlini
qoymuşuq. Bu layihənin təşəbbüskarı
Azərbaycan olmuşdur. Ən böyük
maliyyə yükünü də biz öz üzərimizə
götürmüşük. Bununla bərabər,
bütün riskləri, bütün texniki riskləri Azərbaycan
öz üzərinə götürmüşdür. Biz demək olar ki, bölgədə icra edilən
bütün layihələrin təşəbbüskarı
olmuşuq. Bakı-Tbilisi-Ceyhan,
Bakı-Supsa, ondan sonra Bakı-Novorossiysk boru kəmərlərinin
tikintisi və bərpası layihələrinin təşəbbüskarı
olmuşuq. Bakı-Tbilisi-Ərzurum qaz kəməri
layihəsinin təşəbbüskarı olmuşuq”.
Neft və
qaz sənayesinin sürətli inkişafı nəticəsində
ölkəyə böyük həcmdə maliyyə vəsaitləri daxil
oldu. Uzun illər maliyyə qıtlığından
əziyyət çəkən Azərbaycan, nəhayət,
ilk dəfə bu hesaba öz iqtisadiyyatını əsaslı
şəkildə inkişaf etdirmək imkanı əldə
etdi. Yeni şəraitdə bazar
iqtisadiyyatının sosialyönümlü inkişaf istiqaməti
əsas seçim kimi qəbul olundu ki, bu da ilk növbədə
əhalinin rifahının müntəzəm
artımını təmin etdi.
Yerli ərazilərin imkanlarından dolğun və səmərəli
istifadə edilməsi vəzifəsi hələ sovet hakimiyyəti
illərində ilk dəfə Heydər Əliyev tərəfindən
dərin düşüncə ilə, böyük
müdrikliklə və bəsirətli uzaqgörənliklə
gündəmə gətirildi. Bununla da regionların
sosial-iqtisadi inkişafının birinci mərhələsinin əsası
qoyuldu. Məhz yerli ərazilərin böyük istehsal
potensialından dolğun və səmərəli istifadə
edilməsi əsasında hətta imperiya sistemi şəraitində
regionların hərtərəfli
iqtisadi inkişafı istiqamətində uğurlu nəticələr
əldə edildi. Sübut olundu ki, respublikada neft istehsalı
obyektiv səbəblər üzündən hətta 1,5 dəfə azalsa da (1970-ci ildəki 20,2 milyon
tondan 1985-ci ildə 13,8 milyon tona qədər), əsasən
regionlarda qeyri-neft sektorunun inkişafı hesabına Azərbaycanda
bu dövr ümumi ictimai məhsul 2,7 dəfə, o cümlədən
sənaye məhsulu 2,9 dəfə artdı.
Müstəqilliyin
möhkəmləndirilməsinin ilkin dövründə ölkənin ərzaq
təhlükəsizliyini təmin etmək üçün
regionlarda ən mühüm əkinçilik və
heyvandarlıq məhsullarının artırılması
ön plana çəkildi. Nəticədə
bir sıra sahələrdə kənd təsərrüfatı
məhsullarının istehsalı respublikada bir neçə dəfə
artdı. Həmin dövrdə regionlarda kənd təsərrüfatı
məhsullarının emalı üzrə sənayedə və iqtisadiyyatın
başqa sahələrində də nəzərəçarpan
canlanma baş verdi. Keçən əsrin
90-cı illərinin ikinci yarısından başlayaraq, sonralar
isə Bakı-Tibilisi-Ceyhan əsas neft boru və
Bakı-Tibilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə
verilməsi nəticəsində maliyyə vəsaitlərinin
daha da artması və ölkə iqtisadiyyatının
inkişafının sürətlənməsi regionlarda da məhsuldar
qüvvələrin hərəkətə gətirilməsinin
vacibliyini ön plana çəkdi. Yeni
şəraitdə regionların daha sürətli və əhatəli
inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin
fəaliyyəti ilə birbaşa bağlıdır.
Cənab İlham Əliyevin ilk dəfə ölkə
Prezidenti seçilərkən iqtisadiyyat sahəsində
imzaladığı ilk mühüm sərəncamlardan biri “Azərbaycan
Respublikası regionlarının 2004-2008-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”
olmuşdur. Məhz bu dövrdən regionların sosial-iqtisadi
inkişafının ikinci mərhələsi başlayır.
Proqramda müəyyən edilmiş vəzifələr
uğurla icra edildikdən sonra onun davamı olaraq 2009-cu ilin
aprelində ölkə başçısı “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı imzalandı. Bu iki mühüm sənəddən
başqa cənab İlham Əliyev tez-tez səfər etdiyi
rayonların sosial-iqtisadi inkişafı ilə bağlı onlarca əlavə
sərəncamlar da imzalamışdır. Mübaliğəsiz
demək olar ki, “Əsrin müqaviləsi”ndən sonra bu
mühüm istiqamət müstəqil ölkəmizin
sosial-iqtisadi inkişafında taleyüklü əhəmiyyət
daşıyan ikinci mühüm strategiyadır.
Bu sərəncamlardan
irəli gələn vəzifələrin gerçəkləşdirilməsinin
son hədəfi regionların sosial-iqtisadi inkişafını
sürətləndirmək və onlar arasındakı fərqi azaltmaqdır. Hesablamalar göstərir ki, bütövlükdə
bu sərəncamlar əsasında regionlarda 2000-dən
artıq tədbirin həyata keçirilməsi nəzərdə
tutulmuşdur ki, onların da böyük hissəsi artıq
gerçəkləşmişdir. Sahibkarlıq fəaliyyətini
gücləndirmək yolu ilə regionlarda qeyri-neft sektorunun
inkişafı üçün əlverişli biznes mühiti
yaradılmış, müxtəlif təyinatlı
infrastruktur şəbəkələri
inkişaf etdirilmişdir. Bu istiqamətdə
görülən işlərin nəticələri artıq
göz qabağındadır. Hər şeydən əvvəl köhnə
infrastruktur yenidən qurulmuş, regionda yerli təminatda əhəmiyyətli
rol oynayan mobil elektrik stansiyaları yaradılmış,
elektrik təchizatı başa
çatdırılmışdır. Hazırda
regionların tam qazlaşdırılması sürətlə
həyata keçirilir. Yaxın bir
neçə ildə isə ölkənin bütün ərazisinin
mavi yanacaqla təminatı tamamilə həll ediləcəkdir.
Su təchizatı sürətlə
yaxşılaşdırılır. Nəqliyyat
şəbəkəsi müasirləşdirilir, magistral
yollarla yanaşı, kəndarası yollar da yenidən qurulur.
İndiyədək
bir sıra regionlarda (Gəncə, Lənkəran,
Naxçıvan, Zaqatala, Qəbələ) dünya
standartları səviyyəsində hava limanları tikilib
istifadəyə verilmişdir. Yeni məktəblər,
səhiyyə ocaqları, idman kompleksləri tikilmişdir.
Azərbaycan
Prezidenti cənab
İlham Əliyev sözügedən iclasda həmçinin
demişdir:“Regional İnkişaf Proqramı da uğurla icra
edilib. Qeyd etdiyim kimi, 2004-cü ildə birinci
Proqram, 2009-cu ildə ikinci Proqram qəbul edilmişdir. Artıq ikinci Proqram başa çatmaq üzrədir.
Qarşıya qoyulmuş bütün vəzifələr
icra edilib. Keçən il 117 min yeni
iş yeri açılmışdır ki, onlardan 93 mini daimi
iş yeridir. Proqramın əvvəlindən 1 milyon 200 min yeni
iş yeri açılmışdır ki, bu da öz növbəsində,
işsizliyin böyük dərəcədə
azaldılmasına xidmət göstərmişdir.
İşsizliyin səviyyəsi 2012-ci ildə bir qədər
aşağı düşmüş və indi 5,2 faiz səviyyəsindədir. İşsizliklə
bilavasitə bağlı olan yoxsulluğun səviyyəsi də
aşağı düşmüşdür - 7,6 faizdən 6 faizə. Bu, hesab edirəm ki, hətta inkişaf etmiş
ölkələr üçün çox gözəl
göstəricidir.
2013-cü
ildə görüləcək işlər, yeni infrastruktur
layihələrinin, sosial proqramların icrası nəticəsində
əminəm ki, yoxsulluq səviyyəsi daha da düşəcək
və beləliklə, 10 il bundan əvvəl
qarşımıza qoyduğumuz vəzifə, - Azərbaycanda yoxsulluğu tamamilə aradan
götürmək vəzifəsi də artıq təmin ediləcəkdir”.
Regionlarda
əlverişli sahibkarlıq mühitinin mövcudluğu müxtəlif istehsal sahələrinin
yaradılmasına, iş yerlərinin
açılmasına müsbət
təsir göstərmişdir. Bu isə son nəticədə yerlərdə əhalinin
sosial şəraitinin yaxşılaşmasına, paytaxta, iri
şəhərlərə axının zəifləməsinə,
əhalinin təbii artımına
gətirib çıxarmışdır. Sonuncu
fikirlə bağlı bəzi faktlara diqqət yetirək. Əhalinin təbii artımı
1991-ci ildəki 145,7 min nəfərdən
2003-cü ildə 64,5 min nəfərə enmişdi.
Sonrakı illərdə insanların həyat şəraitinin yaxşılaşması
nəticəsində regionlarda məhsuldar qüvvələrin
hərtərəfli yüksəlişi prosesi başlandı, əhalinin
təbii artımında müsbət dinamika müşahidə edildi. Belə ki, orta illik təbii artım 2004-cü
ildəki 82 min nəfərdən 2011-ci ildə 122, 3 min nəfərə çatdı. Bu müddət ərzində hər
min nəfərə düşən təbii artım 9,9 nəfərdən 13,5 nəfərə qədər
yüksəldi.
Regionların sosial-iqtisadi inkişafını
daim diqqətdə saxlayan ölkə başçısı cənab
İlham Əliyev hələ 2010-cu ildə Ukrayna Milli
Telekompaniyasına, bu ölkənin “Profil Ukrayna” jurnalına və
“Den” qəzetinə verdiyi müsahibəsində demişdir:
“İlk növbədə regionlara çox fəal sərmayə
qoymağa başladıq, regionlarda çox güclü sosial
və sənaye infrastruktur yaratdıq. Beləliklə,
əhalinin paytaxta axını dayandırıldı. Bakının hüdudlarından kənarda, ucqar
rayonlarda müəssisələr yaratmağa başladıq”.
Bəli, həqiqətən də regionlarda aparılan
böyük tikinti-quruculuq işləri, əhalinin
rifahının yaxşılaşdırılması, məşğulluğunun
artırılması və yoxsulluğun azaldılması
insanların ərazi daxilində məskunlaşmasının
təbii tarazlığına önəmli təsir göstərdi. Bunun da nəticəsində regionlarda aparılan
böyük quruculuq işləri nəticəsində əhalinin
rifahının yüksəldilməsi, onun məşğulluğunun
artması və yoxsulluğun azaldılması insanların ərazi
daxilində məskunlaşmasının təbii
tarazlığının yaranmasına müsbət təsir
göstərdi. Bakı şəhəri əhalisinin respublika əhalisinin
ümumi sayında xüsusi çəkisi 25,5-dən
22,9 faizə endi.
Burada bir məqama da toxunmaq istərdim. Son illər Gəncə,
Naxçıvan, Şəki, Lənkəran, Qəbələ
və digər şəhərlərdə respublika əhəmiyyətli
bir sıra tədbirlər
keçirilmişdir. Şübhəsiz ki, gələcəkdə
sadalanan şəhərlərin coğrafiyası daha da
genişlənəcəkdir.
Fikrimcə, hər bir iqtisadi regionun
özünün əsas mədəni-iqtisadi mərkəzi
kimi (əyalət paytaxtları) tarixən təşəkkül
tapmış şəhərlərdə yaradılması daha
məqsədəuyğundur.
Regionlara
investiya qoyuluşu ildən-ilə yüksəlir, xarici iş
adamları ilə yanaşı, milli sahibkarların da fəaliyyəti
genişlənir. Şübhəsiz ki, bu, əsas
kapitala yönəldilən vəsaitlərin həcminin getdikcə
artmasına müsbət təsir göstərir. Rəsmi
statistikaya görə, 2010-cu ildə
respublikada hasil edilən ümumi məhsul həcminin 21 faizi, kənd
təsərrüfat məhsullarının 97 faizdən
çoxu, pərakəndə əmtəə dövrüyyəsinin
46 faizi regionların payına düşmüşdür. Sənaye sahəsində də əhəmiyyətli
işlər görülmüşdür. 2010-cu
ildə sənaye məhsulu istehsalına görə
regionların xüsusi çəkisi müstəqilliyin ilk
dövrlərinə nisbətən 2 dəfədən
çox artmışdır. Buna əsasən çoxlu
yeni sənaye müəssisələrinin yaradılması
hesabına nail olunmuşdur. Yeri gəlmişkən, 2010-cu ildə
respublikada fəaliyyət göstərən 2649 sənaye
müəssisənin 1157-si və ya 43,6 faizi regionlardadır.
Ölkənin ümumi sənaye məhsulu istehsalında
regionların payını artırmaq mühüm önəm
daşıyır. Lakin regionlarda bir sıra iri sənaye müəssisələrinin istismara verildiyini, bəzi
müəssisələrin isə
tikintisinin yaxın
vaxtlarda başa
çatacağını nəzərə alsaq, onda
regionların respublika sənaye məhsulu istehsalında
xüsusi çəkisinin xeyli artacağı şübhəsizdir.
Amma hazırda Bakı da daxil olmaqla Abşeron iqtisadi regionu ilə
respublikanın başqa əraziləri arasında sənaye
istehsalına görə böyük fərqin olması
ölkənin sosial-iqtisadi həyatında özünü
qabarıq büruzə verir.
Xatırladaq ki, hazırda regionlarda yeni müəssisələrin
tikilməsinə baxmayaraq, Abşeron iqtisadi rayonunun ölkə
sənaye istehsalında yeri hələ də çox yüksəkdir. Səbəbi
isə Abşeron iqtisadi regionunda sənaye müəssisələrinin
sıxlığı ilə əlaqədardır. Burada
hər min kvadratkilometrə 275-dən artıq sənaye müəssisəsi
düşür ki, bu da bütövlükdə başqa
regionlara nisbətən
təxminən 20 dəfəyə qədər
çoxdur. Nəticədə ərazinin kiçik bir hissəsində
(6,3 faizi) yüksək əhali
sıxlığının mənfi nəticələri bu
gün də qalmaqdadır. Belə ki, 2011-ci ildə Bakı və
Sumqayıt şəhərləri də daxil olmaqla ümumi
Abşeron meqapolisində (Xızı rayonunu nəzərə
almadan) əhalinin sıxlığı 740 nəfər,
Bakı şəhərində isə 996 nəfər təşkil
etmişdir. Halbuki bütövlükdə
respublikada əhalinin orta sıxlığı 107, regionlarda isə
cəmi 81 nəfər olmuşdur. Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində bir milyondan artıq
soydaşımızın xeyli hissəsinin burada yerləşdirilməsi
də vəziyyəti
gərginləşdirmişdir. Abşeron
meqapolisinin hər cəhətdən yüksək səviyyədə
yüklənməsi burada şəhər təsərrüfatının
tənzimlənməsini çətinləşdirmiş, çoxlu əlavə
xərclərin yaranmasına səbəb olmuşdur.
Məlumdur ki, sənaye istehsalının dinamik
inkişafı müvafiq ərazilərin sosial-iqtisadi və mədəni
həyatında köklü mütərəqqi dəyişikliklər
yaradır. Məhz
bunu nəzərə alaraq hələ keçən əsrin
70-80-ci illərindən
başlayaraq, mühüm dövlət siyasəti kimi qəbul
edilən qeyri-neft sektorunda sənayenin
tərəqqisi diqqət mərkəzində
saxlanılmışdır. Hazırda da bu,
uğurla davam etdirilir. Bu gün artıq
qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatının
inkişafında əhəmiyyətli yer tutur. 2003-2011-ci
illərdə bu sahədə məhsul istehsalı 1,5 dəfə artmış, sənaye sahəsinin
əsas potensialı daha qabarıq şəkildə
özünü büruzə vermişdir. Regionlarda
qeyri-neft sektoru sənayesinin müxtəlif istehsal istiqamətlərinin
inkişafı üçün imkanlar hələ kifayət qədərdir.
Məsələn, emal sənayesinə diqqət
yetirək. Bu sahənin yüksək əməktutumlu
olması əhalinin məşğulluq səviyyəsinin
yaxşılaşdırılmasında, yoxsulluğun
aşağı salınmasında müstəsna əhəmiyyətə
malikdir. Faktlar göstərir ki, 2012-ci ildə
ölkənin emal müəssisələrində respublika sənaye
işçilərinin yarıdan çoxu (52 faiz) cəmləşmişdir
ki, bu da sosial şəraitin yaxşılaşmasında önəmli
rol oynamışdır.
Regionlarda sənaye sahəsinin inkişaf imkanları
getdikcə genişlənir. Gəncədə alüminium
zavodunun istismara verilməsi, burada iri metal emalı müəssisəsinin,
Qazax sement zavodunun tikintisinin sürətlə davam etdirilməsi,
Naxçıvanda, Ağstafada yeni sement zavodlarının
istehsal güclərinin tam mənimsənilməsinə
başlanılması, energetika sahələrində istehsal
güclərinin artırılması bir sıra zəruri sahələrin
yaradılması imkanlarını xeyli artırır. Bununla
yanaşı, fikrimcə, müxtəlif yerli sərvətlərin
səmərəli istifadəsinin zəruriliyi və bu əsasda
daxili tələbatın ödənilməsi, onun ixrac
imkanlarının genişləndirilməsi ilə bağlı nəzərdə
tutulan bir sıra mühüm sənaye sahələrinin
yaranmasında şirkətlərin, səhmdar cəmiyyətlərin,
eləcə də iş
adamlarının bu sahədə fəaliyyəti xeyli gücləndirilməlidir.
Yaxın gələcəyin tələbləri nəzərə
alınmaqla regionlarda maşınqayırmanın bir çox
yeni istiqamətləri, o cümlədən mühərriklər,
alternativ enerji istehsalı üçün avadanlıqlar
istehsalı üzrə müəssisələrin
yaradılması, neft emalı, neft-kimya, toxuculuq, ayaqqabı,
tikiş və digər sənaye sahələrinin
inkişafı zamanın tələbidir. Bu sahələrlə əlaqədar təcrübəli
mütəxəssislərin fəaliyyəti bərpa edilməlidir.
Regionların
inkişafı üçün hər cür imkan və şəraitdən
səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsinə
müsbət təsir göstərir.
Məsələn, ilk baxışda çox adi
görünən istehsalın bir sahəsinə diqqət yetirək. Məlumdur ki, Lənkəran iqtisadi regionu əhalinin
yüksək artımı ilə səciyyələnir.
Elə təkcə bu amili nəzərə alaraq, burada yerli
imkanlar əsasında əməktutumlu və dənizlə əlaqədar
məhsullar, yəni adi və yelkənli qayıqlar, baydarkalar,
lövbərlər və s. üzrə böyük istehsal sahəsinin
yaradılması ərazinin sosial-iqtisadi inkişafında ciddi
dəyişikliklər yarada bilər. Belə
imkanlar kənd təsərrüfatında da kifayət qədərdir.
Elə bu məqamı nəzərə alaraq ölkə
başçısı cənab İlham Əliyev xüsusi
vurğulamışdır: “...Ancaq biz hamımız
yaxşı bilirik, imkan vardır ki, hətta indiki əkin sahələrini
də nəzərə almaqla, məhsuldarlığı
artırmaqla ərzaq təhlükəsiyliyini tam şəkildə
təmin edə bilərik. Ümumiyyətlə,
kənd təsərrüfatı məhsullarının
istehsalında özümüzü yüz faiz təminetmə
prinsipi tətbiq edilir. Yaxın illərdə
biz özümüzü əsas ərzaq məhsulları ilə
yüz faiz təmin edəcəyik.”
Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında isə
deyilmişdir ki, əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatına dair Dövlət
Proqramının icrası davam etdirilmiş, hesabat
dövründə kənd təsərrüfatı sahəsində
5,8 faiz artıma nail olunmuş, bu sektora güzəştli
kreditlərin, vergi güzəştlərinin, subsidiyaların
verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi
və digər dövlət dəstəyi tədbirləri
davam etdirilmişdir.
Quşçuluq,
heyvandarlıq, taxılçılıq,
üzümçülük təsərrüfatları, kənd
təsərrüfatı məhsullarının istehsalı, tədarükü,
saxlanması, emalı və satışı kompleksləri,
aqroservislər yaradılmış, su təminatı və
meliorativ tədbirlər görülmüş, bir sıra ərzaq
məhsulları üzrə daxili istehsal artmış,
mövsümlə əlaqədar istehlak qiymətləri kəskin
dəyişməmiş və bu sahədə sabitliyə nail
olunmuşdur.
İri
özəl taxılçılıq təsərrüfatlarının
yaradılması ilə bağlı dövlət
başçımızın tapşırığına əsasən
Ağcabədi və Beyləqan rayonlarında pilot
taxılçılıq təsərrüfatları
yaradılmış, bu mövsüm həmin təsərrüfatlarda
yüksək məhsuldarlıq əldə olunacaqdır. Bu layihə çərçivəsində həm də
taxıl anbarı, heyvandarlıq kompleksi, bitki yağları
istehsalı zavodu və aqroservisin yaradılması da nəzərdə
tutulur və layihələrdə əsasən məcburi
köçkün və yerli sakinlər işlə təmin
olunur. Növbəti addım olaraq Cəlilabad,
Beyləqan, Şamaxı və Hacıqabul rayonlarında da
taxılçılıq təsərrüfatlarının
yaradılması məqsədi ilə zəruri işlərə
başlanılmışdır.
Ölkənin
torpaq-iqlim şəraitinə uyğun əkinçiliyin təkmilləşdirilməsi,
ilk növbədə iri fermer təsərrüfatlarının
təşkilinin elmi əsaslarla yaranması, bitkiçilik və
heyvandarlıq sahələrində istehsal mədəniyyətinin
yüksəldilməsi hesabına məhsuldarlığın
artırılması emal sənayesinin də inkişafını genişləndirər. Bununla yanaşı,
həm də hər bir sahənin özünəməxsus
inkişaf imkanları müəyyən edilib düzgün
istifadə olunmalıdır. Məsələn,
keçən əsrin 70-80-cı illərində respublikada
yaşıl çay yarpağı yığımı 30 min
tonu keçmişdi. Mütəxəssislərin
mülahizəsinə görə, həmin istehsal mövcud
imkanların təxminən 1/3-ni təşkil edirdi.
Hazırda isə Azərbaycanda müəyyən obyektiv səbəblər
üzündən hələlik yaşıl çay
yarpağı istehsalı (540 ton) bu potensialın cəmi
0,5 faizini təşkil edir. Halbuki ancaq Lənkəran iqtisadi rayonunda yararlı
torpaqlardan istifadə edilməklə 100 min tondan artıq
yaşıl çay yarpağı istehsal etmək olar.
Ölkəmizdə turizmin inkişafı olduqca əhəmiyyətlidir
və bu, həm iqtisadi, həm də sosial təsirlərə
malikdir. Turizmin inkişafı isə regionlarda yerləşən
mehmanxaların investisiya imkanlarının genişləndirilməsindən
və eləcə də onların müasir tələblərə
uyğun daha çox turist qəbul etmək imkanlarının
artırılmasından aslıdır. Ölkə
Prezidentinin bəyan etdiyi prioritet sahələrə uyğun
olaraq qeyri-neft sektorunun inkişafında turizm sektorunun dəstəklənməsi
və sözügedən sahədə davamlı
inkişafın formalaşdırılması vacib məsələlərdən
hesab edilir. 2011-ci ilin “Turizm ili” elan edilməsi və
ötən il bu sektorun inkişafı ilə
bağlı bir sıra əhəmiyyətli islahatların
aparılması da məhz bu sektora dövlət
qayğısından xəbər verir. Bununla yanaşı, bu
sektorda islahatların davam etdirilməsi prioritet məsələlərdəndir.
Ölkə Prezidenti cənab İlham Əliyev bu sektorun
inkişafını qeyd edərək bildirimişdir ki, Azərbaycanda
turizm sektorunun inkişafına böyük diqqət göstərilir:
“Hesab edirəm ki, növbəti illərdə turizm sektoru Azərbaycanın
iqtisadi potensialında mühüm yer tutacaq. İnkişaf
etmiş, xüsusən də zəngin təbiətə malik
olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer
tutur. Azərbaycan zəngin ölkədir,
turizmin inkişafı üçün gözəl yerlər vardır
və biz bu imkanlardan istifadə etməliyik”.
Turizm sektorunun ölkə Prezidenti tərəfindən
prioritet elan edilməsi bu sahənin qeyri-neft sektorunda
payının daha da artırılmasını
aktuallaşdırır. Ümumiyyətlə, perspektivinə
görə turizm sektoru qeyri-neft sahələri arasında
aparıcı mövqedə dayanır. Dünya
ölkələri üzrə ümumi milli məhsulun 10 faizi,
ixracın isə 8 faizi beynəlxalq turizmin payına
düşür. Dünyada əmək qabiliyyətli əhalinin
8,1 faizi turizm sektorunda və onunla
bağlı iqtisadiyyat sahələrində məşğuldur.
Regionlarda təbiətin zənginliyi və rəngarəngliyi
turizmin müxtəlif növlərinin inkişafına
geniş imkanlar yaradır. Məhz regional
inkişafa dair Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərdən 30-u turizmə həsr olunub. “2008-2017-ci illərdə turizmin inkişafına dair
Dövlət Proqramı” artıq Nazirlər Kabinetinə təqdim
edilmişdir. Turizm sektorunun
inkişafının sürətləndirilməsi
üçün beynəlxalq turizm şirkətlərinin fəaliyyəti
yerli əhalinin yaşayış səviyyəsinin daha da
yaxşılaşdırılmasına istiqamətləndirilməli,
tarixi abidələr abadlaşdırılmalı, istirahətin
təşkili müasir tələbata uyğun
formalaşdırılmalı, nəqliyyat vasitələri xidmət
tələblərinə uyğunlaşdırılmalı və
bu vasitələrdən istifadə edərkən texniki təhlükəsizliyə
əməl edilməlidir. Yerli baza infrastrukturları
turistlərin tələbatına
uyğunlaşdırılmalı, su, qaz, elektrik təchizatı,
kanalizasiya, telekommunikasiya sistemi lazımi səviyyədə
olmalı, turizm marşurutuna daxil olan rayonların iqtisadi- mədəni
səviyyəsi turizmin təşkilinin müasir tələblərinə
uyğunlaşdırılmalı, görməli yerlər
haqqında informasiya xidməti təşkil edilməli, ölkəmizdə
turizm işi peşəkarlıqla təşkil edilməlidir. Bunların nəticəsi olaraq, beynəlxalq bazarda
mövcud olan güclü rəqabətə davam gətirə
bilən turizm sektoru yaradılmasına ciddi ehtiyac vardır.
Beləliklə, ölkəmizdə turizm
sektorunun inkişafı ilə bağlı son illər
atılan addımlar öz pozitiv bəhrələrini verməlidir.
Ölkə Prezidentinin prioritet elan etdiyi bu sahənin
daha da inkişaf etdirilməsi və ümumu daxili məhsulda
payının artırılması istiqamətində imkanlar
yetərincədir.
Dövlət başçısı İlham Əliyevin
uğurla reallaşdırdığı inkişaf
strategiyası artıq özünün növbəti -
üçüncü mərhələsi ərəfəsindədir. 2013-2023-cü illəri əhatə
edəcək bu mərhələdə Azərbaycanın
inkişaf etmiş ölkələr sırasına
çıxarılması və əhalimizin yüksək gəlirli
topluma çevrilməsi, qeyri-neft sektorunun hərtərəfli
inkişafı sayəsində ümumi daxili məhsulun 2 dəfə
artırılması, dövlət və özəl
qurumların birgə fəaliyyəti üzrə yeni
strategiyanın hazırlanması, ən müasir texnologiyaları
tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi,
elm və innovasiyalara əsaslanan cəmiyyət quruculuğu,
hüquqi dövlətçilik prinsiplərinin, insan hüquq
və azadlıqlarının tam bərqərar edilməsi
Prezident İlham Əliyevin qarşıya qoyduğu
başlıca hədəflərdir.
Hazırda Azərbaycan yeni inkişaf mərhələsindədir. Bu mərhələnin əsas
hədəfi çoxşaxəli, səmərəli və
innovasiya yönümlü iqtisadiyyatın
formalaşdırılması, sosial sahədə önləyici
inkişaf trendinin təmin olunması və əhalinin
rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara
uyğun səviyyəyə çatdırılması, habelə
elmin, mədəniyyətin inkişafında, ictimai həyatın
bütün istiqamətlərində yeni uğurların əldə
olunmasıdır. Ona görə də hər
birimiz milli dövlətçiliyimizin möhkəmləndirilməsi,
ölkəmizin sosial-iqtisadi, siyasi-hərbi qüdrətinin
daha da artması üçün fəal
çalışmalıyıq.
Azərbaycanın
əldə etdiyi tarixi nailiyyətlərin qorunub
saxlanılması və daha da inkişaf etdirilməsi, qlobal və
regional çağırışlara cavab verərək
ölkəmizin dünya nizamında öz mövqelərini
gücləndirməsi üçün Prezident İlham Əliyev
“Azərbaycan 2020: Gələcəyə baxış”
İnkişaf Konsepsiyasının hazırlanması barədə
imzaladığı Fərman
2020-ci ilə qədər olan dövrdə ölkə
iqtisadiyyatının rəqabət qabiliyyətinin
artırılması, nəqliyyat, tranzit və logistika infrastrukturunun
təkmilləşdirilməsi, bölgələrin tarazlı
inkişafı, informasiya cəmiyyətinə keçidin təmin
olunması, insan kapitalının inkişafı, səmərəli
sosial müdafiə sisteminin qurulması, institusional
islahatların davam etdirilməsi, mədəni irs və ətraf
mühitin qorunması məsələlərini əhatə
edir.
“Azərbaycan 2020: Gələcəyə baxış”
İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi
davamı olaraq strateji hədəflərin
reallaşdırılması üçün müxtəlif
sahələri əhatə edən məqsədli proqramlar qəbul
ediləcəkdir. İnkişaf Konsepsiyası orta və uzun
müddətli iqtisadi proqnozlaşdırma və
planlaşdırma ilə əlaqələndiriləcəkdir
ki, bu da müəyyənləşdirilən hədəflərə
nail olmağın etibarlı yollarını, həmçinin
resursların rasional bölüşdürülməsini təmin
edəcəkdir.
Konsepsiya çərçivəsində Azərbaycan
qlobal miqyasda çağırışlara cavab verərək
innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə
yeni müstəviyə qaldıracaqdır. İqtisadi
inkişafın innovativ xarakteri rəqabətədavamlılığı
yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli
inteqrasiya imkanları yaradacaqdır.
Azərbaycan dövlətinin strateji vəzifəsi biliklərə
əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf
etdirilməsidir. Lakin inkişaf birtərəfli olmayacaq,
davamlı xarakter daşımaqla iqtisadi-sosial və ekoloji məsələləri
də əhatə edəcəkdir. Bu,
konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə
adambaşına düşən ümumi daxili məhsulun həcminin
iki dəfədən çox artaraq 13 min ABŞ dollarına
çatdırılmasına imkan verəcəkdir. Azərbaycan əlverişli coğrafi mövqeyindən
yararlanaraq enerji, nəqliyyat, tranzit və logistika
infrastrukturunun inkişaf etdirilməsi ilə regional mərkəzə
çevriləcəkdir.
Asəf
NADİROV,
akademik,
əməkdar elm xadimi
Xalq qəzeti.- 2013.- 24 yanvar.- S. 7.