Azərbaycanda ordu quruculuğu işi yüksək səviyyədədir
Silahlı Qüvvələrimizdə
hərbçilərin xidmət şəraitinin
yaxşılaşdırılması daim dövlətin diqqətindədir
Ölkəmizdə ordu
quruculuğu işinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı tərəfindən prioritet elan
olunması ilk növbədə milli maraqlarımızdan irəli
gələn bir sıra vacib problemlərin həllini
özündə ehtiva edir. Müxtəlif güc mərkəzlərinin
dünyada və regionda daha çox əzələ
nümayişilə mövqe sərgilədiyi bir vaxtda
müvafiq istiqamətdə həyata keçirilən
ardıcıl və səmərəli tədbirlər ölkəmizin
rəqabətə davamlılıq əmsalını ildən-ilə
nəzərəçarpacaq dərəcədə
artırır.
Ancaq
bununla belə, Azərbaycan gündən-günə güclənən
və bərkiyən haqlı mövqeyilə dünyanın ən
nüfuzlu beynəlxalq təşkilatları tərəfindən
tanınan və təqdir olunan, kifayət qədər əsaslandırılmış
fundamental hüquqi və siyasi bazaya malik məqsəd və məramlarının ifadəçisi kimi
çıxış etdikcə, müxtəlif maraqlı
qüvvələrin ölkəmizə qarşı yönəlmiş
təxribat xarakterli təpkiləri də artır. Bu mənada
əsas zərbə obyekti kimi ilk növbədə Silahlı
Qüvvələrimizin daim hədəfdə
saxlanılması və onun, necə deyərlər, hər bir
ani fürsətdə belə nüfuzdan salınması
üçün edilən cəhdlər dövlətin ən böyük
güc strukturunu zərərsizləşdirmək, bununla da,
ölkənin immun sistemini zəiflətmək niyyəti
daşıyır.
Silahlı
Qüvvələr quruculuğunun zaman-zaman cilalanmış
hüquqi və siyasi bazası kifayət qədər dolğun
və əhatəlidir. Ölkəmiz həm beynəlxalq
müstəvidə, həm də beynəlxalq qurumlar və
bölgədə gedən ümumi proseslər çərçivəsində
özünü təsdiq etməklə son bir il ərzində Birləşmiş
Millətlər Təşkilatında həqiqi tərəfdaşlarının
sayını ikiqat artırmış, 2012-ci ildə
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
son dərəcə vacib qərarların qəbul edilməsinə
nail olmuşdur. Bu mənada Qoşulmama Hərəkatı tərəfindən iştirak etdiyimiz elə ilk zirvə
görüşündəcə münaqişənin
yalnız ölkələrin ərazi bütövlüyü
çərçivəsində həll olunması ilə
bağlı dünya ictimaiyyətinin diqqətinə
çatdırılan yekun qətnamə xüsusi əhəmiyyət
daşıyır. Bundan əlavə, ötən il NATO-nun zirvə
görüşündə də Qarabağ münaqişəsilə
əlaqədar dünya birliyinin
birmənalı mövqeyini ifadə edən eyni məzmunlu
növbəti qətnamə qəbul edilmişdir. Əlbəttə,
yuxarıda sadalanan uğurların əsasında ilk növbədə
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin strateji əhəmiyyətə
malik milli maraqlarımızın
təmsilçisi və qarantı kimi çıxış etməsi
dayanır.
Beləliklə,
işğalçı Ermənistan ordusu tərəfindən
hərbi təcavüzə məruz qalmış bir ölkədə
Silahlı Qüvvələr
quruculuğu işinə dövlət rəhbərliyinin
verdiyi önəm, həm də
mövcüd vəziyyətdən çıxış
yollarından biri kimi, təbii qarşılanmalıdır. Bu
zərurətin yaranmasında həlledici rol oynayan əsas amil
isə Azərbaycan dövlətinin bölgədə daim
sülhə və əmin-amanlığa
çalışmasına, beynəlxalq təşkilatların
Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinə,
işğal olunmuş torpaqların qeyd-şərtsiz azad
olunmasını nəzərdə tutan qərar və qətnamələrin
qəbul olunmasına baxmayaraq, Ermənistan rəhbərliyinin qeyri-konstruktiv mövqeyi
üzündən indiyədək aparılan
danışıqların nəticəsiz qalması,
münaqişənin həlli istiqamətində ciddi irəliləyişlərin
əldə olunmamasıdır. Bu mənada yüksək
döyüş hazırlığına yiyələnmiş
peşəkar ordu, həm də Azərbaycan xalqının
tarixi təbii təlabatı kimi dəyərləndirilməlidir.
Təsadüfi
deyil ki, Dünya Azərbaycanlılarının Həmrəylik
Günü və Yeni il münasibətilə Azərbaycan
xalqına təbrikində bu mühüm və vacib məsələ
haqqında danışan Prezident İlham Əliyev ötən
il Silahlı Qüvvələrimiz üçün
böyük miqdarda hərbi texnika, silah-sursat, helikopter və təyyarələr,
artilleriya və hava hücumundan müdafiə
qurğularının alınmasını bildirmiş, daxildə
40-dan yuxarı sənaye müəssisəsində hərbi təyinatlı
məhsulların istehsal olunduğunu dilə gətirmiş və
bu işin cari ildə də artan xətlə davam etdiriləcəyini
xüsusi vurğulamışdır: “Biz ordumuzu 2013-cü ildə
daha da gücləndirəcəyik. Ordumuza xərclənən
vəsait Ermənistan büdcəsindən 50 faiz çoxdur və
bundan sonra da bu istiqamətdə məqsədyönlü, hərtərəfli
siyasət aparılacaqdır ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi tezliklə öz həllini
tapsın, Azərbaycan öz ərazi
bütölüyünü bərpa etsin”.
Bu il
yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və 2013-cü ildə
qarşıda duran vəzifələrə həsr olunumuş
iclasında da Prezident İlham Əliyev ordu quruculuğu sahəsində
görülən işlərdən bir daha ətraflı bəhs
etmiş, dövlət büdcəsindən hərbi sahəyə
ayrılan ümumi xərclərin cari ildə də
artırıldığını bildirmiş və hərbi
qulluqçuların peşəkarlığının
yüksəldilməsini başlıca məqsəd kimi dəyərləndirmişdir.
Bu
gün ordumuzun döyüş hazırlığının
artırılması ilə bağlı Azərbaycan Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin verdiyi bütün əmr
və tapşırıqlar Müdafiə Nazirliyi rəhbərliyi
tərəfindən daim diqqət mərkəzində
saxlanılır və yüksək səviyyədə icra
olunur. Silahlı Qüvvələrimizin şəxsi heyəti
müvafiq istiqamətdə daha böyük uğurlara yiyələnmək
məqsədilə müdafiə nazirinin təsdiq etdiyi
döyüş hazırlığı planına əsasən
hər il birlik və birləşmələrdə təşkil
olunan 70-dək komanda-qərargah təlimlərində
iştirak edir. Şəxsən
müdafiə naziri general-polkovnik Səfər Əbiyevin
rəhbərliyi və ciddi nəzarəti altında
keçirilən, ordumuzun taktiki döyüş tətbiqini əhatə
edən müxtəlif səviyyəli bu təlimlərə
beynəlxalq standartlara cavab verən və kifayət qədər
yüksək döyüş imkanlarına malik hərbi
texnikanın, modern radiolokasiya stansiyalarının,
avtomatlaşdırılmış komanda məntəqəsinə
malik zenit-raket bölmələrinin, kompyuter və multimedia
avadanlığı ilə təmin olunmuş mobil komanda-qərargah
və rabitə kunqlarının, simulyator və kompyuter şəbəkələrinin
intensiv cəlb olunması isə bu tədbirlərin səmərəliliyini
ikiqat artırmışdır.
Təlimlərdə
döyüş təyyarə və vertolyotlarının
yüksək pilotaj nümayiş etdirməsi, hədəflərə
dəqiq aviasiya zərbələri endirməsi hava məkanımızın
etibarlı müdafiəsindən xəbər verir. Artilleriya
bölmələrinin və ağır texnikaların şəxsi
heyəti ixtiyarlarında olan qurğuların manevr və atəş
imkanlarından məharətlə istifadə edərək
şərti düşmənin hərəkətdə olan
piyadalarını, tank və PDM-lərini tamamilə zərərsizləşdirməklə
əsl peşəkarlıq nümayiş etdirir.
Ayrı-ayrı qoşun növlərinin mobil fəaliyyətinin
təmin olunmasında əhəmiyyətli rol oynayan bu təlimlərdə
Hava Hücumundan Müdafiə Qüvvələrinin hərbi
qulluqçuları da xüsusilə fərqlənirlər. Əldə
olunan nəticələr əsgər və zabitlərimizin mənəvi-psixoloji
cəhətdən yüksək
döyüş hazırlığına yiyələnməsini
bir daha təsdiq edir. Təsadüfi deyil ki, əsasən təmas
xəttində həyata keçirilən bu təlimləri
düşmən ordusunun şəxsi heyəti bir qayda olaraq dərin
qorxu və həyacan içində izləyir.
Ordu
quruculuğu işinin ən mühüm sahələrindən
biri də kadr məsələlərilə
bağlıdır. Ali hərbi məktəblərimizdə təlim-tədris
işi “Ali hərbi məktəblər haqqında əsasnamə”nin
və Bakalavr təhsili standartlarının müasir tələblərinə
uyğun təşkil edilir. Təhsildə
müasir informasiya texnologiyalarının tətbiqi, semestr
imtahanlarının test üsuli ilə keçirilməsi və
onlarla elmlər doktoru, professor, elmlər namizədi və
dosentin iştirakı görülən işin yüksək
keyfiyyətinə zəmanət verir. Hərbi təhsil ocaqlarımızın
müəllim və kursant heyəti hər il onlarla müxtəlif
səviyyəli beynəlxalq tədbirlərdə öz bilik və
təcrübəsini uğurla təkmilləşdirir. Təsadüfi
deyil ki, bir sıra xarici ölkələrin gəncləri bu
gün məhz bizim ali hərbi məktəblərimizdə hərb
elminin sirlərinə yiyələnirlər.
Əlbəttə,
yuxarıda sadalanan uğurlarda hərbi qulluqçuların
sosial və məişət şəraitinin
yaxşılaşdırılması, həyat səviyyəsinin
ildən-ilə gücləndirilməsi istiqamətində
dövlət rəhbərliyinin həyata keçirdiyi
ardıcıl tədbirlər həlledici rol oynayır. Bu tədbirlərin
hərbi xidmətlə bağlı insanların bütün təbəqələrini
əhatə etməsi ömrü Vətənin müdafiəsində
keçən insanlara ciddi stimul verir. Hərbi
qulluqçuların sığorta məbləğinin birdən-birə
on dəfə, aylıq vəzifə və rütbə
maaşlarının, o cümlədən ərzaq əvəzinə
ödənilən kompensasiyanın isə ayrı-ayrı illərdə
dəfələrlə artırılması, onlara verilən
güzəşt və imtiyazların miqyasının daim
genişləndirilməsi, hərbi tibb xidmətinin ən
müasir dünya standartları səviyyəsində yenidən
qurulması Silahlı Qüvvələrimizdə daha
böyük keyfiyyət göstəricilərinin əldə
olunması ilə nəticələnmişdir.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri barədə Azərbaycan
Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli Fərmanı
bu qəbildən son dərəcə
mühüm və strateji əhəmiyyətə malik tarixi
bir sənəddir. Ordu sıralarında 20 təqvim ili və
daha çox qüsursuz xidmət etmiş hərbi
qulluqçuların dövlət vəsaiti hesabına
yaşayış sahəsilə təmin olunmasını nəzərdə
tutan müvafiq Fərmana əsasən artıq onlarla hərbçi
geniş yaşayış sahəsinə malik yeni mənzillərlə
təmin olunmuşdur. Müharibə əlilləri və
şəhid ailələri üçün Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün
artırılması haqqında ölkə
başçısının imzaladığı digər fərmanlar
da ordu quruculuğunda xüsusi xidmətləri olan insanlara
verilən yüksək dəyərdir.
Silahlı
Qüvvələrimizdə hərbçilərin xidmət
şəraitinin yaxşılaşdırılmasını nəzərdə
tutan tikinti-quruculuq işləri də intensiv şəkildə
həyata keçirilir. İndiyədək ordumuzun 45-dək hərbi
şəhərciyində inşa olunan onlarla əsgər
yataqxanası, yeməkxana, camaşırxana, qazanxana,
transformator yarımstansiyaları və qərargah korpusları
xidmətin daha yüksək səviyyədə təşkilində
önəmli rol oynamışdır. Bu obyektlərdə
mühəndis kommunikasiya xətlərinin yenidən
qurulması və ətraf ərazilərin təyinatı
üzrə tamamilə abadlaşdırılması isə
Silahlı Qüvvələrimizdə ən müasir hərbi
təcrübənin tətbiqinə şərait
yaratmışdır.
Bütün
bunlar indiyədək ordu quruculuğu sahəsində
qazanılmış nailiyyətlərin yalnız bir qismidir. Hər
il olduğu kimi, dövlət büdcəsindən Silahlı
Qüvvələrimizə ayrılan maliyyə vəsaitinin
cari ildə də artırılaraq 3,7 milyard dollara
çatdırılması müvafiq sahədə yeni keyfiyyət
göstəricilərinin əldə olunmasına əsaslı
zəmin yaradır. Həyata keçirilən bu möhtəşəm
tədbirlərin ümumi fonunda bir sıra qara qüvvələrin
hər addımbaşı ordumuza çamur atması isə
indiki məqamda heç nəyi dəyişmir. Ən azı
ona görə ki, öz arxasında dövlətin və
xalqın sarsılmaz dəstəyini hiss edən ordu tarixin
yaddaşında hər zaman basılmaz və qalib bir ordu kimi
qalıb. O üzdən bu gün əynində əsgər
libası gəzdirən və ölkəmizin ərazi
bütövlüyünün bərpasını öz həyat
amalı kimi dəyərləndirən hər bir hərbi
qulluqçunun ürəyinə yalnız bir hiss hakimdir: “Bizə
cəsur olmaq əmri verilib”.
İbrahim RÜSTƏMOV,
əməkdar jurnalist
Xalq qəzeti.- 2013.- 24 yanvar.- S. 6.