Naxçıvanda
yeni incəsənət ocağı
Yanvarın 24-də
Naxçıvan şəhərindəki Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin
yeni binası istifadəyə verilmişdir. Açılış mərasiminə
gələn Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın istifadəyə verilməsini
bildirən lenti kəsmişdir.
Məktəbin direktoru Əbülfət
Babayev yaradılan şəraitə
görə kollektiv adından minnətdarlığını
bildirmiş, bundan sonra da səylə
çalışaraq istedadlı gənclər yetişdirəcəklərini
qeyd etmişdir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ərtoğrul Cavid
adına uşaq musiqi
və bədii sənətkarlıq məktəbinin muxtar respublikanın müasir
musiqi məktəblərinin
sırasına daxil olduğunu
bildirmiş, bu
münasibətlə kollektivi təbrik edərək
demişdir: “Görkəmli ədib Hüseyn Cavidin ailəsində
böyüyən Ərtoğrul Cavid
çoxşaxəli yaradıcılıqla məşğul olaraq zəngin irs
yaratmışdır. Qısa ömür
yaşamasına baxmayaraq o
bir-birindən bənzərsiz əsərlər
yaratmış, Azərbaycan xalq
mahnılarının nota
köçürülməsində, xalqımızın milli musiqi ruhuna
uyğun əsərlərin
yazılmasında xidmətlər göstərmiş, milli musiqi mədəniyyətimizi
yeni yaradıcılıq nümunələri
ilə zənginləşdirmişdir.
Ali Məclisin
sədri uşaq musiqi və bədii sənətkarlıq məktəbinin
kollektivinin yaradılan şəraitdən səmərəli
istifadə edəcəyinə, məktəbdə milli
musiqimizin gənc nəsillərə bundan sonra da dərindən
öyrədiləcəyinə, Ərtoğrul Cavid irsinə
sadiq istedadlı gənclərin yetişdiriləcəyinə əminliyini
bildirmiş, bu yolda kollektivə uğurlar arzulamış,
binada yaradılan şəraitlə tanış olmuşdur.
2 mərtəbədən
ibarət olan binada 21 sinif otağı, müəllimlər
otağı, kitabxana və konsert zalı istifadəyə
verilmiş, Ərtoğrul Cavidə həsr olunmuş
foto-guşə yaradılmışdır. Məktəbdə
xalq çalğı alətləri, fortepiano, simli alətlər,
rəsm və nəzəri fənnlər şöbələri
fəaliyyət göstərir. Bu
şöbələrdə tar, kamança, nağara, fortepiano, skripka, qarmon, klarnet, fleyta, rəsm, qanun və
xanəndəlik ixtisasları üzrə dərslər keçirilir. Məktəbə yeni verilmiş fortepianolar və digər musiqi
alətləri dərslərin yüksək səviyyədə
təşkilinə şərait yaradır.
Qeyd olunmuşdur ki, hazırda muxtar respublikada 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Aparılan quruculuq işləri uşaq musiqi məktəblərini də əhatə etmiş, son illərdə 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya əsaslı yenidən qurularaq istifadəyə verilmişdir. Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır.
Müəllimlər
göstərilən yüksək dövlət
qayğısına və yaradılan müasir şəraitə
görə minnətdarlıqlarını bildirmiş, bundan
sonra daha səylə çalışacaqlarına söz
vermişlər.
Konsert
zalında məktəb şagirdlərinin ifasında musiqi
nömrələri səsləndirilmiş, rəssamlıq
sinifinin şagirdlərinin əl işlərindən ibarət
sərgiyə baxış olmuşdur.
Xalq qəzeti.- 2013.- 25
yanvar.- S. 6.