Heç kim unudulmur, heç nə unudulmur
İsveç Krallığında “Heç kim unudulmur, heç nə unudulmur” devizi
altında tədbir keçirilmişdir. Diasporla İş
üzrə Dövlət Komitəsindən
aldığımız məlumatda bildirilir
ki, İsveç
Krallığının Malmö şəhərində
fəaliyyət göstərən “Xəzər” cəmiyyətinin
təşkilatçılığı ilə “Heç kim unudulmur, heç nə unudulmur” devizi ilə tədbir
keçirilmişdir.
Tədbirdə İsveçdə yaşayan həmvətənlərimizlə
yanaşı, türk dərnəklərinin
üzvləri də iştirak etmişlər.
Tədbiri
giriş sözü ilə açan Xəzər cəmiyyətinin
sədri Leyla Kiani 20 Yanvar hadisələri haqqında geniş
məlumat vermişdir.
Tədbirdə
Xəzər cəmiyyətinin 20 Yanvar faciəsi ilə əlaqədar
beynəlxalq ictimaiyyətə ünvanlanmış bəyanatı
qəbul olunmuşdur. Bəyanat digər dillərə də tərcümə
olunaraq BMT-yə eləcə də İsveç parlamentinə
göndərilmişdir.
Tədbirdə
“Xəzər” cəmiyyətinin hazırladığı “20
Yanvar hadisəsi dünyanın gözü ilə” video klipi
nümayiş etdirilmişdir. Çıxış edən
həmvətənlərimiz və hadisələrin
şahidləri 20 Yanvar faciəsinin azadlığa doğru gedən
yolun başlanğıcı olduğunu, bu hadisələrdən
az sonra 1991-ci ilin oktyabrında xalqımızın azadlıq və
müstəqillik arzularının gerçəkləşdiyini vurğulamışlar.
Samirə Əliyeva
Xalq qəzeti.- 2013.- 25 yanvar.- S. 6.