Azərbaycanın
Avropa Şurası ilə əməkdaşlığı
dinamik şəkildə inkişaf
etdirilir
Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır.
Heydər ƏLİYEV,
Ümummilli lider
Hazırda
47 dövləti özündə birləşdirən Avropa
Şurası hüquqi statusuna görə regional beynəlxalq
təşkilatdır. Belə ki, təşkilat
eyni region dövlətləri
tərəfindən beynəlxalq saziş əsasında
yaradılmışdır və qurumun fəaliyyəti
BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğundur. Avropa
strukturlarında təmsilçilik, ölkəmizin gələcəyinin
sivil bir Avropa ölkəsi kimi
qurulması baxımından çox mühüm əhəmiyyət kəsb edir. Müstəqilliyini əldə etdikdən
sonra Azərbaycanın əməkdaşlığa
böyük maraq
göstərdiyi nüfuzlu təşkilatlardan
biri də məhz Avropa
Şurasıdır.
Azərbaycan Respublikası 1992-ci ilin
yanvarında ona “xüsusi dəvət edilmiş qonaq” statusu
verilməsi üçün Avropa Şurasına rəsmi
müraciət etdi. Müraciət bu nüfuzlu Avropa təşkilatının
bərabərhüquqlu üzvü olmaq üçün ilk
addım olmaqla bərabər, Avropa ölkələri ilə
siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın
daha da genişləndirilməsi məqsədi
daşıyırdı.
1993-cü
ilin ikinci yarısından, yəni ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışından sonra ölkəmizin
beynəlxalq aləmdə fəallığının güclənməsi,
ictimai həyatın hərtərəfli demokratikləşdirilməsi
sahəsində inamlı addımların atılması, Ermənistanla
münaqişədə respublikamızın hərbi əməliyyatların
dayandırılması və atəşkəsin əldə
edilməsinə yönəlmiş fəaliyyəti Azərbaycanla
Avropa Şurasının yaxınlaşması prosesinə zəruri
impulslar verdi.
Bundan
sonra, 1994-cü il noyabrın 14-17-də Avropa Şurası
Parlament Assambleyası təşkilata üzv olmayan Avropa
ölkələri ilə əlaqələr komitəsinin sədri
Devid Atkinson başda olmaqla nümayəndə heyəti Azərbaycanda
səfərdə olmuş və səfər zamanı
respublika rəhbərliyi ilə görüşündə bu
təşkilatla Azərbaycanın münasibətləri, o
cümlədən ölkəmizin “xüsusi dəvət
edilmiş qonaq” statusu almaq üçün müraciəti,
Ermənistanın təcavüzkarlığına son
qoyulması və münaqişənin dinc vasitələrlə
həlli məsələləri müzakirə olundu.
1994-1995-ci
illərdə Azərbaycan ilə Avropa Şurası
arasında yaranmış əlaqələr təşkilatın
müxtəlif təsisatlarının nümayəndələrinin
ölkəmizə səfərləri zamanı Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizama
salınması, eləcə də Azərbaycanda demokratik təsisatların
inkişafı, insan hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi
məsələləri müzakirə olunmuşdur. Avropa
Şurası ilə əlaqələrin genişlənməsi
Azərbaycana bir sıra qanunvericilik aktlarına yenidən
baxmaq üçün ekspert köməyi əldə etmək
imkanı verdi.
1996-cı il iyunun 2-6-da Avropa Şurasının Parlament Assambleyasının təşkilata üzv olmayan ölkələrlə əlaqələr komissiyasının sədri Jak Setlenjin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı dövlət başçısı Heydər Əliyevlə görüşündə Azərbaycana Avropa Şurasında “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi məsələləri müzakirə edilmişdir. Həmin il iyunun 26-28-də AŞPA-nın növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana “xüsusi dəvət edilmiş qonaq” statusunun verilməsi barədə qərar qəbul etdi. “Xüsusi dəvət edilmiş qonaq” statusu alması Azərbaycanın AŞ PA-da təmsil olunmasına və Avropa Şurası tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı.
Daha
sonra Azərbaycan Prezidenti Heydər Əliyevin 1996-cı il
iyulun 8-də imzaladığı “Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında əməkdaşlıq
proqramının həyata keçirilməsi üzrə tədbirlər
haqqında” sərəncam Avropa Şurası ilə ölkəmizin
sonrakı illərdə fəaliyyət planı kimi
mühüm əhəmiyyət kəsb etmişdir. 1996-cı
il iyulun 13-də dövlət başçısı Heydər
Əliyev Avropa Şurası Baş katibinin adına məktub
göndərərək ölkəmizin bu təşkilata
tamhüquqlu üzv qəbul olmaq və digər üzv dövlətlər
kimi “İnsan hüquqları və azadlıqlarının
müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq
arzusunda olduğunu bildirdi.
Avropa
Şurasının üzvü olan ölkələrin dövlət
və hökumət başçılarının 1997-ci il
oktyabrın 10-da Strasburqda keçirilən ikinci zirvə
toplantısında Azərbaycan Prezidenti Heydər Əliyevin
iştirakı və orada təşkilatın yüksək vəzifəli
nümayəndələri ilə keçirdiyi
görüşlər zamanı Azərbaycanda demokratik proseslərin
gedişi, ölkəmizin Avropa strukturları, o cümlədən
Avropa Şurası ilə əlaqələri barədə ətraflı
danışıqlar aparılmışdır.
Azərbaycan
Prezidenti Heydər Əliyevin 1998-ci il yanvarın 20-də “Azərbaycan
Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın
dərinləşdirilməsi sahəsində tədbirlər
haqqında” imzaladığı sərəncam ölkəmizin
Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul
olunması sahəsində atılan mühüm addımlardan
biri oldu. Sərəncamda Azərbaycan Respublikasının
Avropa Şurasına tam hüquqlu üzv kimi qəbul edilməsi
istiqamətində respublikada görülən işlər və
Avropa Şurası ilə əməkdaşlıq məsələləri
öz əksini tapmışdır.
2000-ci
il martın 18-də Azərbaycan Prezidenti Heydər Əliyev
“Avropa Şurasının fəaliyyətinə və Azərbaycan
Respublikası ilə Avropa Şurası arasındakı əməkdaşlığa
dair məlumatların yayılması barədə” sərəncam
imzaladı. Ümummilli lider Heydər Əliyevin 1996-2000-ci illərdə
Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığına
dair imzaladığı sərəncamlar respublikamızın
bu nüfuzlu beynəlxalq təşkilata qəbul edilməsi
istiqamətində aparılan məqsədyönlü fəaliyyətə
zəmin yaratdı.
Avropa Şurası Nazirlər Komitəsinin 2001-ci il yanvarın 17-də nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Bu qərar ümummilli liderin uzaqgörən, daxili və xarici siyasətinin və bu istiqamətdə görülmüş məqsədyönlü fəaliyyətinin nəticəsi idi. Az sonra, yəni yanvarın 25-də Azərbaycan Prezidenti Heydər Əliyevin iştirakı ilə Strasburqda ölkəmizin bu təşkilata üzv qəbul edilməsi münasibətilə rəsmi mərasim keçirilmiş və dövlətimizin üçrəngli bayrağı ucaldılmışdır. Bu hadisəni ümummilli lider Heydər Əliyev yüksək qiymətləndirərək demişdi: “Azərbaycanın Avropa Şurasına qəbul edilməsi nəinki müstəqil, suveren, demokratik, dünyəvi dövlət kimi tanınmasıdır, həm də Avropa ailəsinin bərabərhüquqlu üzvü kimi Azərbaycan dövlətinin inkişafında yeni mərhələnin başlanğıcıdır”.
Azərbaycanın
2001-ci il yanvarın 25-də Avropa Şurasının bərabərhüquqlu
üzvü olması – respublikamızın mühüm problemlərinin
dünya ictimaiyyətinin diqqətinə obyektiv
çatdırılması üçün yeni və
çox mötəbər tribuna vermiş oldu. Dövlət başçısı Heydər Əliyev
Avropa Şurasının tribunasından Azərbaycanın
mənafeyinə uyğun şəkildə
istifadə edilməsi üçün uğurlu bir addım
atdı. Belə ki, Avropa
Şurası Parlament
Assambleyasındakı Azərbaycan nümayəndə heyətinə
millət vəkili İlham Əliyevin rəhbərlik
etməsi və daha sonra
cənab İlham Əliyevin AŞ PA-dakı
fəaliyyəti ümummilli liderimiz Heydər Əliyevin qarşıya qoyduğu bütün vəzifələri
reallaşdırdı.
2001-ci il aprelin 24-27-də Azərbaycan Respublikasının AŞ PA-dakı nümayəndə heyətinin ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv kimi iştirak etdiyi plenar sessiyada dövlətçilik maraqları baxımından, xüsusilə. Ermənistanın Azərbaycana təcavüzü faktlarını özündə əks etdirən sənədlər – “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın tanınması” adlı yazılı bəyanat və “Ermənistan və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar” adlı sənəd AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, Ermənistanda, eyni zamanda, işğal edilmiş Azərbaycan ərazilərində uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlı girovun saxlanılması faktı və digər vacib məsələlər öz əksini tapmışdır.
2001-ci
il iyunun 25-29-da AŞ PA-nın növbəti plenar sessiyası
zamanı Azərbaycanla bağlı daha 2 mühüm sənəd
AŞ PA-nın rəsmi sənədləri kimi
yayılmışdır. “Azərbaycan Respublikasında
(Dağlıq Qarabağ, Laçın, Qubadlı, Kəlbəcər,
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) ekoloji vəziyyət”
adlı birinci sənəddə Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan ərazilərində
ekoloji vəziyyətin düşünülmüş şəkildə
korlanması məsələsi, “Azərbaycanın mədəni
irsinin qəsb olunması və dağıdılması”
adlı ikinci sənəddə isə Ermənistan tərəfindən
işğal olunmuş Azərbaycan ərazilərində yerləşən
mədəni abidə və sərvətlərin
dağıdılması məsələsi Avropa ictimaiyyətinin
diqqətinə çatdırılmışdır.
Bundan
əlavə, AŞ PA-nın 2001-ci il sentyabrın 24-28-də
keçirilən plenar sessiyasında Azərbaycan nümayəndə
heyəti tərəfindən hazırlanmış “Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi” adlı digər
mühüm sənəd yayılmışdır. Qəbul
edilən sənəddə Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın
ərazi bütövlüyü nəzərə alınmaqla həll
olunmasının zəruriliyi qeyd edilirdi.
Məhz
cənab İlham Əliyevin prinsipial və ardıcıl fəaliyyəti
nəticəsində AŞ PA-nın 2002-ci ilin sentyabrında
keçirilən payız sessiyasında ilk dəfə olaraq bu
beynəlxalq qurumun sənədlərində Ermənistan
silahlı qüvvələri tərəfindən
Dağlıq Qarabağın işğalı faktı rəsmi
şəkildə öz əksini tapdı. Bu hadisə Azərbaycan nümayəndə heyətinin,
xüsusilə, cənab İlham Əliyevin
qətiyyətli mövqeyinin nəticəsi
idi. Bütün bunların məntiqi davamı kimi
2003-ci il yanvarın 27-də siyasi qabiliyyəti, diplomatik
məharəti və prinsipiallığı ilə xüsusi seçilən Azərbaycan nümayəndə
heyətinin rəhbəri cənab İlham
Əliyevin AŞ PA-nın vitse-prezidenti və
qurumun Büro üzvü seçilməsi ilə müstəqil
Azərbaycan tarixinə yeni səhifə
yazılmış oldu.
2004-cü
il fevralın 25-də Avropa Şurasının Parlament
Assambleyasının Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi üzrə məruzəçisi
Terri Devisin Azərbaycana səfəri zamanı Prezident
İlham Əliyev Ermənistanın hərbi təcavüzü
faktlarını bir daha vurğulayaraq Avropa Şurasının
bu məsələyə siyasi qiymət verməsinin vacibliyini
bildirdi.
Avropa
Şurasının Baş katibi Valter Şvimmer 2004-cü il
aprelin 8-də Azərbaycana səfəri zamanı Ermənistan-Azərbaycan
münaqişəsinin nizama salınmasının vacibliyini
qeyd edərək, bu problemin Avropada “dondurulmuş
münaqişə” adlandırılmasının qəti əleyhinə
olduğunu bildirmişdir. Eyni zamanda, Baş katib problemin
yalnız Azərbaycan, Ermənistan və Cənubi Qafqaz
regionunun deyil, bütün Avropanın problemi olduğunu və
bu səbəbdən münaqişənin Avropa səviyyəsində,
sülh yolu ilə, birdəfəlik həll edilərək
regionda daimi sülhün təmin edilməsinin zəruriliyini bəyan
etmişdir.
2004-cü
il aprelin 29-da AŞ PA-nın növbəti yaz sessiyasında
artıq Azərbaycan Prezidenti kimi iştirak edən cənab
İlham Əliyevin Ermənistanın ərazi iddiaları və
hərbi təcavüzü haqqında ətraflı
çıxışı böyük rezonansa səbəb
oldu və Avropa ictimaiyyətində bu münaqişə
haqqında geniş təsəvvür yaratdı. Ermənistanın təcavüzü nəticəsində
Azərbaycanın düşdüyü vəziyyət
haqqında geniş məlumat verən
dövlət başçısı özünün
qətiyyətli və prinsipial mövqeyini bir daha nümayiş etdirdi: “... Əlbəttə ki,
biz bu vəziyyətlə
barışa bilmərik. Azərbaycan heç
zaman ərazisinin itirilməsi ilə
razılaşmayacaqdır. Məsələnin həllində
beynəlxalq hüquq normaları əsas
götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi
bütövlüyünə hörmətlə yanaşır
və özünə də eyni
münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa
olunmalıdır. Ermənistanın işğalçı
qüvvələri zəbt olunmuş ərazilərdən
geri çəkilməlidir.
Qaçqınlara-köçkünlərə doğma yurdlarına qayıtmaq imkanı verilməlidir.
XXI əsrdə Avropa Şurasının üzvü olan bir ölkənin – Ermənistanın Avropa Şurasının üzvü
olan digər ölkənin – Azərbaycanın
ərazilərini işğal etməsinə
yol verməməliyik”.
Avropa
Şurasının üzvü olan ölkələrin dövlət
və hökumət başçılarının 2005-ci il
mayın 16-17-də Varşavada keçirilən 3-cü zirvə
toplantısında iştirak edən Azərbaycan Prezidenti
İlham Əliyev öz çıxışında təşkilata
üzv ölkələrin təhlükəsizliyi sahəsində
mühüm işlərin görülməsinin vacibliyini
bildirərək, Ermənistanın hərbi təcavüzünün
ağır nəticələrini beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırdı. Cənubi Qafqazın
Avropanın ayrılmaz hissəsi olduğunu vurğulayan
dövlət başçısı İlham Əliyev bu
regionda sülhün və təhlükəsizliyin bərqərar
olunması və əməkdaşlığın
inkişafı üçün bütün səylərin
birləşdirilməsinin zəruriliyini bildirərək qeyd
etdi ki, bu, azad, vahid və təhlükəsiz Avropanın
yaradılmasına mühüm töhfə olardı.
Azərbaycan
Respublikasının Parlament nümayəndə heyətinin səyi
ilə AŞ PA-da münaqişə haqqında obyektiv müsbət
rəyin formalaşması nəticəsində 2005-ci ilin
qış sessiyasında qəbul edilən sənəd ölkəmiz
üçün mühüm əhəmiyyətə malikdir.
Belə ki, 2005-ci il yanvarın 25-də Devid Atkinsonun
hazırladığı və AŞ PA-da müzakirəyə
çıxarılan “ATƏT-in Minsk qrupu tərəfindən
araşdırılan Dağlıq Qarabağ münaqişəsi”
adlı məruzəsi qətnamə və tövsiyə
adlanan iki hissədən ibarət idi.
Məruzənin
1416 saylı qətnamə hissəsində Azərbaycan ərazisinin
böyük bir hissəsinin Ermənistan qoşunlarının
işğalı altında olduğu, eləcə də
Dağlıq Qarabağ regionuna hələ də
separatçı qüvvələrin nəzarət etdiyi
göstərilirdi. Bununla yanaşı, sənəddə qeyd
edilirdi ki, Avropa Şurasının üzvü
olan bir ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması həmin
ölkənin öz üzərinə götürdüyü öhdəliklərə
açıq-aşkar ziddir və Assambleya öz yerlərindən
qaçqın düşmüş
insanların geri qaytarılması hüququnu bir daha təsdiqləyirdi. Eyni zamanda,
Assambleya BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinə əməl
etməyə, eləcə də erməni silahlı qüvvələrinin
işğal olunmuş
bütün Azərbaycan ərazilərindən
çıxarılmasına çağırırdı. Bu tələblər AŞ PA-nın 1690
saylı tövsiyəsində də öz
əksini tapmışdır.
AŞPA-da
qəbul olunan bu qətnamənin yerinə yetirilməsinə nəzarət
etmək üçün Dağlıq Qarabağ üzrə
Alt komitə yaradıldı və Böyük Britaniyadan olan deputat
lord Rassel Conston bu komitənin ilk rəhbəri seçildi. 2006-cı il yanvarın 9-da Avropa Şurası Parlament
Assambleyasının Dağlıq Qarabağ problemi
üzrə Alt komitəsinin Strasburqda keçirilən növbəti
iclasında lord Rassel Constonun hazırladığı yeni hesabatda Azərbaycan ərazilərinin
işğalı, Dağlıq Qarabağdakı rejimin separatçı olması, bir milyon azərbaycanlının
yurdundan didərgin düşməsi və
s. faktlar öz əksini tapdı. Bu
komitənin yaradılmasına Ermənistan
tərəfi öz etirazını bildirsə
də, komitəyə sədrlik edən lord
Rassel Constonun
dövründə Ermənistanın Azərbaycana qarşı
təcavüzü və Dağlıq Qarabağ
məsələsi daim diqqətdə
saxlanılmış, işğal olunmuş ərazilərdəki real vəziyyətlə bağlı mütəmadi
olaraq hesabatlar
hazırlanaraq Assambleya üzvlərinin
diqqətinə çatdırılmışdır. 2009-cu ilin yayında lord Rassel Constonun vəfatından
sonra, Alt komitə fəaliyyətini
faktiki olaraq
dayandırmışdır. Lakin 2010-cu ildə
AŞPA-nın yay sessiyasında qurumun prezidenti Mövlud Çavuşoğlu
Dağlıq Qarabağa dair
Alt komitənin fəaliyyətinin yenidən
bərpa olunacağını bəyan etmişdir.
Ümumiyyətlə,
Azərbaycanın Avropa Şurası ilə münasibətləri
son illər yüksələn xətt üzrə inkişaf
etmişdir. Azərbaycan nümayəndə
heyəti qurumun müxtəlif
strukturlarında keçirilən tədbirlərdə iştirak edərək müzakirə edilən
məsələlərlə bağlı ölkəmizin mövqeyini bu mötəbər
qurumun kürsüsündən Avropa ictimaiyyətinə çatdırır.
Eləcə də, Azərbaycanda gedən proseslər Avropa Şurası tərəfindən diqqətlə
izlənilir və buna müvafiq
münasibət bildirilir.
Azərbaycanın Avropa Şurasının müvafiq qurumları ilə müxtəlif sahələrdə bir sıra tədbirlərin keçirilməsi də bu təşkilatla əməkdaşlığın bütün istiqamətlərdə uğurla inkişaf etdiyinə sübutdur. Azərbaycanı dünya üçün mənəvi ünsiyyət, mədəniyyətlərarası dialoq məkanına çevirən tədbirlərin, məqsədyönlü fəaliyyətin zirvəsi ölkəmizin ev sahibliyi edtdiyi Dünya Forumu idi. Bu böyük təşəbbüs Prezident İlham Əliyevin ideyası ilə reallaşmışdır. Azərbaycan bu beynəlxalq tədbirə bir sıra müsəlman ölkələrinin mədəniyyət nazirlərini də dəvət etməklə qlobal mədəniyyətlərarası dialoqa yeni bir yol açmış oldu. Belə ki, 2008-ci il dekabrın 2-də Bakıda “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən konfransda 48 dövlətin və 10 beynəlxalq təşkilatın başçısının, eləcə də digər rəsmilərin iştirakı çox mühüm əhəmiyyət kəsb edir. Bununla da, Avropa və müsəlman ölkələrinin tarixində mədəniyyətlərarası dialoq mövzusunda keçirilən ilk beynəlxalq tədbirdə yeni əməkdaşlıq prosesinin əsası qoyuldu.
Tədbirdə
iştirak edən dövlət başçısı cənab
İlham Əliyev Azərbaycanın mədəniyyətlərarası
dialoqun genişləndirilməsinə böyük töhfə
verdiyini bildirmişdir: “Biz bu gün müxtəlif ölkələrdən
olan mədəniyyət nazirlərinin konfransını
keçirməklə bir daha onu göstəririk ki, son illər
ərzində Azərbaycan dini, milli və etnik tolerantlıq məsələlərində
çox böyük uğurlara nail olmuşdur. Əslində bizim ölkəmizdə
bütün insanlar
müxtəlif dövrlərdə, ictimai-siyasi
quruluşundan asılı olmayaraq,
həmişə bir ailə kimi yaşamışlar”. Azərbaycan
hökumətinin və Avropa
Şurasının birgə təşkilatçılığı
ilə keçirilən bu konfransda
Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün təmin
edilməsində mədəniyyətlərarası münasibətlərin
perspektiv imkanları da
müzakirə edilmişdir.
Ölkəmizin
Avropa Şurası qarşısında
götürülmüş öhdəliklər kontekstində
əməkdaşlığına gəldikdə isə, Azərbaycan
Parlamenti 31 maddədən ibarət Avropa Sosial
Xartiyasının 18 maddəsini artıq Avropa Şurasına
üzv olduqdan 3 il sonra ratifikasiya etmişdir. Belə ki, Azərbaycan hökuməti
2004-cü il yanvarın 6-da Avropa Sosial Xartiyasına qoşulmuşdur. Əsas məzmunu üzv ölkələrin əhalisinin sosial hüquqlarını müəyyənləşdirmək
olan Xartiyada əmək
və sosial məsələlərlə
bağlı ümumilikdə 31 hüquq öz əksini tapmışdır. Bundan əlavə, ölkəmiz Avropa Şurasının 55 konvensiyası və
8 hissəvi sazişinə də qoşulmuşdur.
Onu da qeyd
etmək vacibdir ki, təşkilata
üzv qəbul olduqdan
sonra İnsan
Hüquqları üzrə Müvəkkil (Ombudsman)
təsisatı da
yaradılmışdır.
Beləliklə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Şurasına daxil olarkən bildirdiyi “Azərbaycan Avropanın çox dəyərli üzvü olacaqdır” sözləri artıq reallığa çevrilmişdir. Avropa Şurasında bu günə qədər əldə edilmiş uğurlar və Azərbaycanın Avropaya inteqrasiya proseslərində iştirakı ölkəmizin bu beynəlxalq təşkilatla əlaqələrinin mühüm əhəmiyyət kəsb etdiyini göstərir. Hazırda Azərbaycan Respublikası Avropa Şurasının insan hüquqlarının qorunması, demokratik proseslərin inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərmək, beynəlxalq öhdəliklərə vicdanla əməl etmək kimi prinsiplərini rəhbər tutaraq, bu təşkilatla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir.
Elçin ƏHMƏDOV,
Azərbaycan
Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyası
“Beynəlxalq
münasibətlər və xarici siyasət”
kafedrasının
dosenti,siyasi ülmlər
üzrə fəlsəfə doktoru
Xalq qəzeti.- 2013.- 25 yanvar.- S. 3.