Alman-fransız mədəniyyət
tədbirləri
Yelisey müqaviləsinin
imzalanmasının 50 illiyi münasibətilə Almaniya
Federativ Respublikasının və Fransa Respublikasının
Bakıdakı səfirlikləri
birgə mədəni proqram təşkil etmişdir. Bu məqsədlə öncə Azərbaycan Diplomatik
Akademiyasında konfrans
keçirilmişdir.
Alman-Azərbaycan
Mədəniyyət Birliyi
“Kapellhaus”da keçirilən konsertin əvvəlində
Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle və
Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Fransa və
Almaniya arasında səmərəli ikitərəfli əlaqələri
əks etdirən bu hadisə münasibətilə qonaqları salamlamış, hər
iki ölkə arasında
qarşılıqlı əməkdaşlığın
genişlənməsində “Yelisey” müqaviləsinin
mühüm əhəmiyyətini qeyd etmişlər. Azərbaycan musiqiçiləri: əməkdar
artistlər Fəridə Məmmədova (soprano), İlahə Sadıqzadə (piano) və Salman Qəmbərovun
(solo caz) konserti olmuşdur. İki hissədən ibarət
konsertdə klassik musiqi əsərləri
və caz musiqisi səslənmişdir. Tanınmış
musiqiçilər fransız və alman bəstəkarları
Debussy, Mendelsson-Bartold, Ştraus, Lehar, Martini, Brams, Trenet və
digərlərinin əsərlərindən ibarət
seçilmiş repertuar ilə çıxış etmişlər.
Axırıncı gün
“Kapellhaus”da məşhur alman
xoreoqrafı Pina Bauş
haqqında “Pina” sənədli filminin nümayişi
olmuşdur. Rejissor Vim Vendersin 3D formatında ilk filmi fransız subtitrlərlə,
yeni və orijinal üslubda çəkilmişdir. 2011-ci ildə
ekranlara buraxılmış filmin premyerası Berlin festivalında
keçirilmişdir. Rejissor bu filmi hələ Pina Bauşun
sağlığında çəkməyə
başlamışdı. Lakin 2009-cu ildə xoreoqraf vəfat
etdi. Rejissor film üzərində işini başa vurmaq istədi.
Lakin gördü ki, rəqqaslar
çıxışlarını davam etdirirlər və hətta
Pinanın partiyalarını məşq etməyə
başlayıblar. Ona görə də çəkilişi
yenidən başladı: “Mən başa düşdüm ki,
çəkilişdən imtina etmək düzgün qərar
deyil və biz hamımız
Pinaya son borcumuzu verməliyik.
Beləliklə, film memoriala
çevrildi və Pina Bauşun bir frazası filmin devizi
oldu: “Oyna, oyna, yoxsa biz batarıq”.
Filmin çəkilişləri
Almaniyada Şimali Reyn-Vestfaliya torpağının Vuppertal,
Zolinqen və Essen şəhərlərində
aparılmışdır. Filmdə Pina Bauşun iştirak
etdiyi sənədli kadrlardan, onun müasir rəqslərdən
ibarət vuppertal truppasının rəqqasları ilə müsahibəsi, xoreoqrafiya
tamaşalarından fraqmentlərdən istifadə
edilmişdir.
Sənədli ekran əsəri alman, fransız,
ispan, xorvat, italyan, portuqal, rus və koreya dillərində səsləndirilmişdir.
Almaniya ( Berlin), Rusiya (Moskva), İspaniya (San-Sebastyan)
kinofestivallarında müsabiqədən kənar proqramlarda
nümayiş etdirilərək 2011-ci ilin ən yaxşı sənədli
filmi və ən yaxşı rejissor işi üzrə
nominasiyalarda qalib hesab edilmiş, Almaniya ilə yanaşı,
Böyük Britaniya, ABŞ, Avropa ölkələrində
kino müsabiqələrdə ən
yaxşı sənədli film mükafatlarına layiq
görülmüşdür.
A.Sadıqoğlu
Xalq qəzeti.- 2013.- 27 yanvar.- S. 7.