Azərbaycan öz şahmatçıları ilə fəxr
edə bilər!
Ümummilli lider Heydər Əliyevin
“Azərbaycan uşaq şahmatçıları Teymur Rəcəbova
və Vüqar Həşimova dövlət
qayğısının artırılması haqqında”
1998-ci ilin fevralında və “Azərbaycan uşaq
şahmatçılarına dövlət qayğısının
artırılması haqqında” elə həmin ilin
sonlarında imzaladığı sərəncamlardan 15 il
ötür. Bu müddət ərzində ölkəmizdə
şahmat əsl inkişaf dövrünü
yaşamış, həmin uşaqların bir neçəsi
dünyanın ən hörmətli, sayılıb-seçilən
qrossmeysterləri kimi yüksək nüfuz
qazanmışdır. Bütün bunlar isə, şübhəsiz,
ulu öndərin Azərbaycanda qədim və müdrik oyunun
inkişafına göstərdiyi böyük qayğı və
diqqətin nəticəsidir.
Yaşlı
nəsil nümayəndələrinin yadında olar, 1974-cü
ilin yayında o zaman Azərbaycan KP MK-nın birinci katibi kimi
respublikaya rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü
ilə keçirilən Azərbaycan partiya təşkilatı
fəallarının yığıncağında bədən
tərbiyəsi və idmanın problemləri geniş
müzakirə olundu və vəziyyəti
yaxşılaşdırmaq yolları müəyyənləşdirildi:
Məhz həmin yığıncaqdan sonra
idmanımızın bütün sahələri kimi,
şahmatın da inkişafında böyük tərəqqiyə
nail olundu, əksər şəhər
və rayonlarımızda şahmat məktəb və
klubları bir-biri ardınca bu oyun həvəskarlarının
istifadəsinə verildi.
Ümummilli
liderin yuxarıda xatırlatdığımız iki sərəncamı
son 15 ildə Azərbaycanın, demək olar, hər yerində
şahmatın inkişafına güclü təkan verməklə
yanaşı, onun pərəstişkarlarını, xüsusən
də uşaq və yeniyetmələri ruhlandırmış,
təcrübəli məşqçilərin rəhbərliyi
altında onlar arasından neçə-neçə
istedadlı gənc təkcə respublika yarışlarında
deyil, beynəlxalq turnirlərdə, o cümlədən Avropa
və dünya birinciliklərində mükafatçılar
sırasında yer tutmuş, medal sevinci yaşamış,
çempion kimi təbrikləri qəbul etmişdir.
Təsadüfi
deyil ki, hazırda Azərbaycanda şahmatın inkişaf səviyyəsi,
istər məşhur qrossmeystrlərimizin, istərsə də
onların layiqli davamçıları olan ehtiyat qüvvənin
uğurları dünyanın hər yerində yüksək
qiymətləndirilir. Həqiqətən də,
respublikamız mahir şahmat ustalarının vətəninə
çevrilmişdir. Bu gün Azərbaycan dünyanın ən
yüksək reytinqə malik on qrossmeysterindən ikisinin ölkəmizin şahmat məktəbinin
yetirməsi olması ilə haqlı olacaq qürur duyur.
Xüsusi qeyd edə bilərik ki, 2013-cü il yanvarın 1-nə
olan vəziyyətə görə dünyanın ən
yüksək reytinqli on şahmatçısının
siyahısında iki nəfərlə təmsil olunan iki
ölkədən biri Azərbaycandır (digəri isə
Rusiyadır). Cədvəlin dördüncü pilləsində
irəliləyən Teymur Rəcəbovla onuncu mövqedə
olan Şəhriyar Məmmədyarovun uğurları hamıya
yaxşı məlumdur. Milli komandamızın daha bir
üzvü, təəssüf ki, sağlamlıq vəziyyəti
ilə əlaqədar xeyli müddətdir ki, yarışlarda
çıxış edə bilməyən, amma tezliklə
yenidən mübarizə meydanına qayıdacağına
böyük ümid etdiyimiz, dünya reytinq cədvəlində
18-ci mövqedə olan Vüqar Həşimov da yüksək
nüfuz sahibidir.
Rəcəbov-Məmmədyarov-Həşimov
üçlüyünün davamçıları Eltac Səfərli,
Qədir Hüseynov, Rauf Məmmədov, Vasif Durarbəyli və
Nicat Məmmədov özlərini şahmat aləminə
tanıtmağı bacarmışlar. Yaxşı nəticələri
ilə diqqəti cəlb etmiş bu şahmatçılardan
ibarət Bakının yığma komandası ötən
ilin dekabrında Birləşmiş Ərəb Əmirliklərində
keçirilmiş şəhərlərin dünya
çempionatında da paytaxtımızın idman şərəfini
layiqincə qoruyaraq 24 komandanın rəqabətində ikinci
yeri tutmuş və Azərbaycana gümüş mükafatla
qayıtmışdır.
Qadın
şahmatçılarımız Zeynəb və Türkan Məmmədyarova
bacıları, Gülnar Məmmədova, Nərgiz Umudova, Xəyalə
İsgəndərova, Nərmin Kazımova, Xəyalə Abdulla
və onların rəfiqələri də uğurlara aparan
yolda ulu öndərdən xeyir-dua almışlar. Bu gün
Gülnar dünyanın ən yaxşı 100 qadın
şahmatçısının reytinq cədvəlində
94-cü pillədədir, Xəyalə Abdulla, Kazımova və
Səbinə İbrahimova isə gənc şahmatçı
qızların siyahısında müvafiq surətdə
40-cı, 44-cü və 100-cü yerləri tuturlar.
Müxtəlif
illərdə müxtəlif ölkə mütəxəssisləri
və icmalçılarının söylədikləri fikirlərdən
belə bir ümumi nəticə çıxarmaq olar ki, Azərbaycan
əhalisinin sayına görə kiçik bir ölkə olsa
da, zəngin şahmat ənənələrinə malikdir və
burada məşhur qrossmeysterlər yetişir. Həmişə
yüksək mədəniyyəti ilə tanınmış
respublikamız öz şahmat nailiyyətləri ilə də
diqqət mərkəzindədir
və bunula fəxr edə bilər. Kişilərdən
ibarət milli komandamızın 2007-ci ildə Yunanıstanda
keçirilmiş Avropa çempionatının bürünc
mükafatçısı olması, bundan iki il sonra isə
Novi-Sadda (Serbiya) qitə çempionu adını qazanması,
dünya çempionatlarında, Ümumdünya
olimpiadalarında da özünü ən layiqli rəqiblərdən
biri kimi göstərməsi bu fikri bir daha təsdiq edir. Ötən
il SOCAR-ın klublararası Avropa çempionatını
qızıl medalla başa vurması da çox şeydən xəbər
verir. Son iki ildə Həşimov və Məmmədyarov
Çin Xalq Respublikasında keçirilmiş Ümumdünya İntellektual
Oyunları proqramında xüsusi yeri olan sürətli
şahmatın rapid və blits növləri üzrə turnirlərdən
Azərbaycana medallarla qayıtmışlar. Bundan başqa, Rəcəbov
və Məmmədyarov 2012-ci ildə Kazanda (Rusiya)
iddiaçıların matçlarının
iştirakçısı olmuşlar. Şəhriyarın
FİDE-nin 2012-2013-cü illər üçün “Qran-Pri”
yarışları seriyasından olan London və Daşkənd
mərhələlərinin ümumi yekununda turnir cədvəlinin
birinci pilləsində irəliləməsi də şahmat
ictimaiyyətimizə çox sevinc yaşatmışdır.
Məhz
azərbaycanlı qrossmeysterlərin böyük
uğurlarının, ölkəmizdə şahmatın
inkişafına göstərilən daimi qayğı və
diqqətin nəticəsidir ki, Beynəlxalq Şahmat
Federasiyası 2015-ci ildə Dünya Kuboku
yarışını, bundan bir il sonra isə Ümumdünya
Olimpiadasını Bakıda keçirilməyi qərara
almışdır.
Bütün
əvvəlki illər kimi, 2013-cü il də mötəbər
şahmat hadisələri ilə zəngindir. Bu yaxınlarda
FİDE avqustun 10-dan sentyabrın 5-dək Norveçin
Tromsö şəhərində keçiriləcək
Dünya Kuboku uğrunda növbəti yarış
iştirakçılarının siyahısını
açıqlamışdır. Turnirdə 128 rəqib
mübarizə aparacaq. Onların arasında Azərbaycan
şahmatının liderləri Rəcəbov, Məmmədyarov,
habelə Durarbəyli də vardır. Əgər Teymurla Şəhriyar
bu yarışa yüksək reytinqlərinə görə dəvət
almışlarsa, Vasif turnirdə çıxış etmək
hüququnu Avropa çempionatı -2012-də göstərdiyi
uğurlu nəticə sayəsində qazanmışdır.
Yeri gəlmişkən, həmvətənlərimiz
Norveçdə üç yox, daha çox
iştirakçı ilə təmsil oluna bilərlər.
Bundan ötrü qarşıdakı mayda Polşada Avropa
çempionatında çıxış edəcək
şahmatçılarımız lazımi nəticəyə
nail olmalıdırlar.
Bu il
Məmmədyarov “Qran-Pri”lərdə
çıxışlarını davam etdirib Lissabon (17 aprel-1
may) və Berlin (3-17 iyul) turnirlərində də mübarizə
aparacaq, Rəcəbov isə Portuqaliya və Almaniya
paytaxtları ilə yanaşı, Madrid (22 may-4 iyun ) və
Paris (18 sentyabr- 2 oktyabr) mərhələlərində
oynayacaq. Burada xatırlatmaq yerinə düşər ki,
“Qran-Pri” yarışları altı mərhələdən
ibarətdir və onun hər iştirakçısı
dörd turnirdə çıxış edir. Hər mərhələnin
mükafat fondu 170 min avrodur. Yarışların ümumi
yekununda daha çox xal toplayan qrossmeyster “Qran-Pri”nin qalibi olub,
dünya şahmat tacı uğrunda iddiaçıların
növbəti matçlarında oynamaq hüququ qazanacaq.
Start
ayını yaşadığımız 2013-cü ildə Azərbaycan
şahmatçılarını həmçinin Polşada
Avropa komanda çempionatı (7-18 noyabr,) Yunanıstanda
klublararası qitə birinciliyi (19-27 oktyabr), Serbiyada
qadınların şəxsi Avropa çempionatı (22 iyul-4
avqust ), Türkiyədə dünya komanda çempionatı
(1-11 dekabr) və bir sıra başqa məsul yarışlar
gözləyir.
Martın
14-dən aprelin 1-dək Londonda keçiriləcək
iddiaçıların matçlarının isə
FİDE-nin 2013-cü il təqvimində xüsusi yeri var.
İngiltərə paytaxtında Rəcəbov və daha yeddi
məşhur qrossmeysterin iştirak edəcəyi bu turnirin
qalibi hazırda dünya çempionu
adı daşıyan hindistanlı Vişvanatan Anand ilə
şahmat tacı uğrunda matçda oynamaq imkanı qazanacaq.
Bütün
bu yarışlar Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin anadan olmasının 90-cı
ildönümünü ulu öndərə böyük
hörmət və dərin ehtiramla qeyd edəcəyimiz ilə
təsadüf edəcəkdir. Respublikamıza rəhbərlik
etdiyi uzun illər ərzində Azərbaycanda idmanın, o
cümlədən şahmatın inkişafında və
bügünkü nailiyyətlərində böyük xidmətləri
olmuş ümummilli liderin yaratdığı möhkəm təməl
bu növün nümayəndələrindən yeni-yeni
uğurlar gözləməyimizə ciddi əsas verir.
Oqtay Byramov
Xalq qəzeti.- 2013.- 27 yanvar.- S. 7.