Uğurun sirri iradə və zəhmətdədir” Nobel təqaüdçüsü Ceyhun XALIQLI:

 

Gənc olmasına baxmayaraq, Ceyhun Xalıqlını  daha çox istedadlı idmançı, Kunq- Fu idmanının “Sanda” döyüş növü üzrə 6 qat respublika, 4 qat Dünya çempionu, 3 qat Dünya Kubokunun sahibi  kimi tanıyırlar. İdmançının keçən il Yaltada Kunq-Fu üzrə keçirilən Dünya Kuboku yarışından qalibiyyətlə Vətənə dönməsi idmansevərlərin sevincinə səbəb oldu. Halbuki, Ceyhun Xalıqlı idman ictimaiyyətinin tanıdığı kimi təkcə istedadlı idmançı yox, həm də əlaçı və fəal bir tələbədir. Bunu nəzərə alaraq Ceyhunla idmanla yanaşı, daha çox onun tələbəlik həyatı, ictimai fəallığı barədə söhbət etdik.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin uçot-iqtisad fakültəsinin dördüncü kurs tələbəsi olan Ceyhun Xalıqlı idmanda olduğu kimi, tələbə kimi də universitetdə öz fəallığı ilə seçilir. Universitetin ən qabaqcıl tələbələri sırasında yer alan həmsöhbətim deyir ki, idmanı nə qədər çox sevirsə, o qədər də seçdiyi ixtisası sevir.

O, 2009-cu ildə yüksək nəticə (602 bal) göstərərək arzuladığı fakültəyə daxil olub və gələcəkdə işinin peşəkarı olmaq niyyətindədir: “İdmana əvvəllər hobbi kimi baxmışam. İndiyə kimi bir çox uğurlarım olsa da,  dərslərimə daha çox diqqət ayırıram. Savadlı olmaq, yüksək dünyagörüşünə və hərtərəfli biliyə malik olmaq müasir dövrdə çox vacibdir”-deyə Ceyhun söhbətə başlayır. Bakı şəhərinin Binəqədi rayonundakı 30 saylı məktəbin məzunu olan Ceyhun məktəbdə olduğu kimi, ali təhsil ocağında da öz bacarıq və nümunəviliyi ilə müəllim və dostlarının rəğbətini qazanıb.

Təhsilinin həlledici mərhələsində olduğuna görə daha çox imtahan və dərslərinə diqqət ayırır. Özünün dediyi kimi, keçən il onun həyatında bir çox əlamətdar hadisələrlə yadda qalıb. Bu onun dərsdənkənar  ictimai fəaliyyətiylə bağlıdır. Belə ki, Beynəlxalq Nobel Qardaşlıq Fondunun 2012-ci il üzrə elan etdiyi təqaüdə layiq görülən  Azərbaycan  Dövlət İqtisad Universitetinin fəal tələbəsi sırasında Ceyhun Xalıqlının da adı var.

Təsisçisi Beynəlxalq Nobel Mükafatları Mərkəzinin idarə heyətinin sədr müavini, Nobellər ailəsinin nümayəndəsi və ADİU-nun fəxri doktoru Filip Alexander Nobel olan fondun təqaüdləri xüsusi seçilən tələbələrə verilir. Ceyhun Xalıqlının sözlərinə görə, seçim zamanı onların təhsil göstəriciləri, universitet və ölkənin ictimai həyatında fəallıq dərəcəsi, elmi konfranslarda iştirakı, əcnəbi dil bilgisi, eləcə də fitri istedadları əsas götürülüb.

Odur ki, bu göstəricilərə uyğun gələn Ceyhun fondun pul mükafatı və sertifikatına layiq görülüb.  Ceyhunun bu uğurlarını biləndən sonra qeyri-ixtiyari bir sual yaranır: “Adətən idmanda  uğur qazananlar bu sahə üzrə təhsil almağa üstünlük verir, aşağı balla universitetlərə qəbul olunur. Bəs, nə əcəb,  idman ixtisasını seçmədin sualım həmsöhbətimin simasında təbəssüm yaratsa da, bunun səbəbini uşaqlıqdan bəri ailədə elmə və kitaba olan diqqət və sevgi ilə izah etdi:  Ziyalı ailəsində böyümüşəm. Atam ixtisasca tarix, anam isə dil və ədəbiyyat müəllimidirlər. Bu amil  bizdə daim öyrənməyə həvəs yaradıb. Yəqin ondandır ki, mənim üçün birinci yerdə dərslərim gəlir. Əlbəttə, idmançı dost-tanışlarım arasında söhbət edəndə bunu hiss edirəm. İdmançı dostlarla söhbətlərimiz daha çox idman, fəndlər barədə olur. Universitet dostlarımla isə daha çox elmi müzakirələr etməyi xoşlayıram. O zaman onlar arasında  bir idmançının elmə həvəsini görüb təəccüblənənlər də olur.

2012-ci ildə Azərbaycanın dünyanın nüfuzlu musiqi yarışması olan “Avroviziya” müsabiqəsinə yüksək səviyyədə  ev sahibliyi etməsi təkcə ölkəmizdə deyil, beynəlxalq ictimaiyyətdə də rəğbətlə qarşılandı. Dünyanın bir çox nüfuzlu aparıcı media qurumları yarışmanın təşkilatçılıq səviyyəsi, ölkəmiz haqqında təəssüratları  barədə məqalələr və reportajlar hazırlamışlar. Təbii ki, yarışmanın daha mötəbər keçməsində, əcnəbi qonaqların və iştirakçıların qarşılanmasında gənc fəalların da rolu az deyildi.

Bir çox gənc kimi Ceyhun Xalıqlı da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının üzvü kimi könüllü olaraq müsabiqə boyu “Avroviziya” 2012 yarışmasına Makedoniyadan gələn nümayəndə heyəti ilə ünsiyyətdə olmuşdur. Həmsöhbətim deyir ki, qonaqlara tərcüməçilik etməklə yanaşı, həm də onları ölkəmiz, mədəniyyətimizlə bağlı bilgiləndirməyə çalışıb. “Könüllü olaraq bu tədbirdə iştirakımdan həqiqətən böyük zövq aldım, həm də qürur duydum. Mən Makedoniyanın təmsilçisi, müğənni Kaliopi Bukle başda olmaqla heyəti müşayiət edirdim. Qonaqlar təşkilatçılıq səviyyəsindən, onlara yaradılan şəraitdən razı qaldılar. Çalışırdıq ki, boş vaxtlarda onları həm də mədəniyyətimiz, tarixi abidələrimizlə tanış edək. Onlar Makedoniya və Azərbaycanın ortaq cəhətlərinin çox olduğunu dedilər. “Avroviziya” mənə həm də yeni dostlar qazandırdı. Səsinin vurğunu olduğum Makedoniya  müğənnisi Kaliopu ilə dost olduq. O, Bakıdan müsbət təəssüratlarla ayrıldı. Söylədi ki, ölkəsinə qayıdanda Azərbaycanda Makedoniyanın səfirliyinin açılması üçün təşəbbüslə çıxış edəcək.”-Ceyhun Xalıqlı əlavə etdi.

Keçən il o, həm də Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin keçirdiyi beynəlxalq “İnternet İdarəçilik Forumu”nda fəal iştirak etdiyinə görə diplomla təltif edilib. Ceyhun həm də universitetin rəqs kollektivinin üzvüdür, tədbirlərdə məharətlə çıxış edir.

Söhbət istər-istəməz yenidən idmanın üzərinə qayıdır. Ceyhunun sözlərinə görə, uğur qazanmağının sirri iradəli olmaq, başladığın işi sonacan reallaşdırmağı bacarmaqdır.  Hazırda Barat İsrafilovun rəhbərliyi altında Kunq-Fu Federasiyası ölkəmizdə  istedadlı kunq fuçular yetişdirir. Ceyhunun uğurlarında ona yardımçı olan, mənəvi dəstək göstərənlər arasında isə ailəsiylə yanaşı, məşqçisi, üçqat Avropa, 12 qat dünya çempionu Ramin Allahverdiyev və dostları xüsusi yer tutur. Ancaq Ceyhun özünü gələcəkdə iqtisadçı mühasib və auditor kimi görür. Ən böyük arzusu isə İngiltərədə magistr dərəcəsi alıb Vətənə dönməkdir. İstedadlı gənc tezliklə bu arzuya çatacağına əmindir. Özünün təbirincə desək; hər şey iradə, inam və zəhmətdən asılıdır.

 

 

Əfsanə Bayramqızı

 

Xalq qəzeti.- 2013.- 27 yanvar.- S. 6.