Mədəniyyət və incəsənətimiz haqqında dəyərli vəsait

 

“Çağdaş dönəmdə Azərbaycan Respublikası dünyada təkcə tükənməz təbii resurslara malik olan dövlət kimi deyil, həm də böyük mədəniyyət yaratmış, zəngin bədii təfəkkür sahibi olan ölkə kimi tanınır. Bu reallıq digər sahələrlə yanaşı, bədii təhsil təmayüllü ali məktəblərin, o cümlədən bizim də qarşımıza yeni vəzifələr qoyur.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) professor- müəllim heyəti dövlətimizin daimi qayğı və diqqətinə cavab olaraq kadr hazırlığının müasir dövrün tələbləri səviyyəsində qurulması, Azərbaycan təhsilinin dünyanın qabaqcıl təhsil sisteminə hərtərəfli inteqrasiya olunması üçün var qüvvəsi ilə çalışacaq, dövlətçiliyimizin, milli maarifçilik strategiyamızın inkişafına sədaqətlə xidmət edəcəkdir.” Bu fikirlər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, professor Timuçin Əfəndiyevin bu ali məktəbin 90 illik yubileyi münasibətiylə qələmə aldığı  “Mədəniyyət və incəsənətimizin məbədgahı” adlı əhatəli tədqiqat əsərinin sonuncu abzasından götürülmüşdür.  Kitab haqqında qələmə alınan yazının əvvəlində alimin bu fikirlərinin təqdim olunması da təsadüfi deyil. Çünki, bu sənəd məbədgahı sözün həqiqi mənasında milli təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasına və milli maarifçilik strategiyamızın uğurlu inkişafına özünəməxsus töhfələr vermişdir və həmin ənənələr tarixi dəyərlərə sədaqətlə davam etdirilir. Rektor öz kitabını ona görə bu fikirlərlə tamamlayır ki, adı çəkilən ali məktəbdə  milli mədəniyyətimizi inkişaf etdirəcək yüksək ixtisaslı  kadrların hazırlanmasına,  bu sahəyə aid dövlət siyasətinin icrasına  daha böyük töhfələr verilməsi üçün ən yaxşı imkanlar məhz indi yaradılıb.

Təkcə bədii yaradıcılıqla məşğul olan sənət adamları və bu sahədə təhsil alan gənclər üçün deyil, eləcə də mədəniyyət və incəsənətimizin tədqiqatçı alimləri və bütün Azərbaycansevər oxucular üçün nəzərdə tutulmuş yeni kitabda öz ilk addımlarını 1923-cü ildə yaradılmış Bakı Teatr Məktəbinin auditoriyalarından atmağa başlayan ADMİU-nun 90 il ərzində keçdiyi yolun bütün mərhələləri barədə əhatəli söz açılır. Professor yeni kitabında vaxtilə bu ali məktəbdə çalışmış və bu gün də çalışan görkəmli sənət xadimlərinin, o cümlədən, məşhur aktyor və rejissorların,  rəssam və heykəltaraşların, bəstəkar və müğənnilərin, həmçinin  tanınmış sənətşünas alimlərin, kulturoloqların yaradıcılığı, pedaqoji fəaliyyəti barədə ətraflı məlumat vermişdir.  Oxucu burada  90 yaşlı ali məktəbin  indiyədək əldə etdiyi  nailiyyətlərlə tanış olmaqla yanaşı, müasir dövrün və gələcəyin tələbləri əsasında açılmış yeni ixtisaslar barədə,  universitetin beynəlxalq əlaqələri haqqında istənilən məlumatı ala biləcəkdir.

 Qeyd olunur ki, tədris və yaradıcılıq təcrübəsi  Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Mirseyfəddin Kirmanşahlı, Aleksandr Tüqanov, Rza Sarabski və başqa böyük sənətkarlarımızın adı ilə bağlı olan  Bakı Teatr Məktəbi otuzuncu illərdə Gürcüstan, Dağıstan, Özbəkistan və Türkmənistan üçün də kadrlar hazırlayırdı. 1945-ci ildə isə bu məktəbin bazasında Teatr İnstitutu yaradılmışdır. Göründüyü kimi indi adı regionun aparıcı ali məktəblərinin sırasında çəkilən ADMİU həm öz fəaliyyətinin  məktəb dövründə, həm də institut kimi formalaşdırıldığı ilk onilliklərdə bilavasitə teatrla bağlı olmuş, bu sahəyə aid kadrların hazırlanması funksiyasını yerinə yetirmişdir. Ancaq dünyanın bütün  ali təhsil müəssisələri kimi  Bakı Teatr İnstitutunun fəaliyyətində  də zaman-zaman şaxələnmə müşahidə olunmuş, yeni istiqamətlər formalaşdırılmış, yeni ixtisaslar yaradılmışdır.  Məsələn, 1958-59-cu dərs ilində institutda yeni  fakültələr, ixtisaslaraçılmış, “Mədəni- maarif işi” ixtisasına ilk qəbul aparılmışdır. 1968-ci ildə isə bu ali məktəbdəki çoxşaxəlilik nəzərə alınaraq  Teatr İnstitutu ifadəsi Azərbaycan Dövlət İncəsənət İnstitutu adı ilə əvəz edilmişdir. Buna baxmayaraq, təxminən 20 il institutdakı bütün ixtisaslar cəmi 2 dekanlıq və 6 kafedrada tədris olunurdu. Ona görə də 1987-ci ildə institutda köklü dəyişikliklər edildi. Xatırladaq ki, həmin il institutda 1 nəfər elmlər doktoru, 6 nəfər isə elmlər namizədi işləyirdi. 90-cı illərdə burada çalışan elmlər doktorlarının, professorların, elmlər namizədlərinin sayı artıq 100-ü keçmişdi.  Tezliklə universitetdə yeni ixtisaslar formalaşdırıldı, aspirantura şöbəsi yaradıldı, Müdafiə Şurası təşkil edildi və sairə.

Xatırladaq ki,  müstəqillik dövründə Azərbaycandakı ali məktəblər arasında universitet statusu verilən ilk institut məhz İncəsənət İnstitutu olmuşdur.  O vaxta qədər mövcud olan Bakı Dövlət Universitetindən sonra universitet diplomu vermək səlahiyyətini məhz bu ali məktəb qazanmışdı. İndi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univrrsitetində  7 fakültə, 31 kafedra fəaliyyət göstərir, 40-dan artıq ixtisas və ixtisaslaşmalar üzrə kadr hazşrlanır. Universitetdə tədris  Boloniya təhsil sistemi əsasında aparılır. Son dövrlərin əsas uğurlarından biri isə odur ki, bu gün ADMİU-nun diplomları beynılxalq aləmdə tanınır və qəbul edilir.  Qürur gətirici faktdır ki,  bu gün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 22 xarici ölkənin 46 ali məktəbi ilə əlaqə yaratmışdır. Həmin ali məktəblərin 24-ü ilə ADMİU arasında əməkdaşlıq müqaviləsi  də imzalanmışdır. Burada ali təhsilin həm bakalavr, həm də magistr pillələrində bir çox xarici ölkələri təmsil edən əcnəbi tələbələr təhsil alırlar. Onlara verilən diplomlar beynəlxalq sertifikata malkidir.   Əlavə edək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Avropa İncəsənət Universitetləri Liqasının tamhüquqlu üzvüdür.

Bütün bunlar haqqında professor Timuçin Əfəndiyevin   2013-cü ilin ilk günlərində işıq üzü görən “Mədəniyyət və incəsənətimizin məbədgahı” kitabında ( redaktoru filologiya elmləri doktoru, professor Aqşin Babayev, buraxılışa məsul sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalovdur ) əhatəli şəkildə və tarixi faktlara, sənədlərə istinad edilərək söz açılır. “90 illik yolun uğurları” ilə başlanan yeni tədqiqat əsərində ölkəmizdə peşəkar teatr təhsilinin ərsəyə gəlməsi, dövrün ictimai sifarişi, ekran sənətlərinin yaranması, bu ali məktəbdə musiqi təhsilinin təşkili, ilk ali rəssamlıq təhsilinin formalaşdırılması, mədəniyyət və incəsənətin tədrisində humanitar elmlərdən istifadə yolları,  tədris edilən sahələrə kulturologiya elminin də əlavə olunması, ümumilikdə, tədris prosesinə və yaradıcılığa xidmət edən qurumlar barədə müfəssəl məlumat verilir. Ancaq kitabın səkkizinci hissəsi təkcə bu sahəyə dəxli olan oxucular üçün deyil, bütövlükdə bütün azərbaycanlılar üçün maraqlı  görünən bir məsələni əhatə edir: “Universitetimiz dünya meridianlarında”. Çünki bu gün Azərbaycanın beynəlxalq aləmdəki istənilən uğuru, istənilən təşkilatımızın beynəlxalq aləmdəki həmkarları ilə əməkdaşlığı bizim hər birimizin sevincinə, məmnunluğuna səbəb olur. Milli-mənəvi dəyərlərimizin mühüm tərkib hissələrindən olan mədəniyyət və incəsənətimizin dünya arenasında tanınması isə bizim üçün daha  vacibdir. Professor Timuçin Əfəndiyevin rəhbərlik etdiyi ali məktəb də, onun universitetimizin 90 illik yubileyi münasibətiylə qələmə aldığı yeni kitab da Azərbaycan mədəniyyətinin və incəsənətinin daha da inkişaf etdirilməsinə, daha böyük arenada tanınmasına xidmət edir.

 

 

Vəfa ƏLİYEV,

ADMİU sənətşünaslıq fakültəsinin dekanı,

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2013.- 27 yanvar.- S. 6.