Kulturologiya, təhsil və milli inkişaf (əvvəli qəzetin 11 və 13 yanvar tarixli saylarında)

 

Şəxsiyyət və liderlərin inkişafı, müxtəlif peşə xarakterli problemlərin sistemli və situativ təhlili üçün kulturologiyanın imkanlarından effektiv istifadə edilməsi, həmçinin inkişaf standartları və tələbatlarına, insanların gözləmələrinə uyğunluğu nöqteyi-nəzərindən mədəniyyətin vəziyyətinin verifikasiya (təsdiq) edilmiş qiymətini nəzərdə tutan kulturoloji ekspertizanın həyata keçirilməsi məqsədilə dünya kulturoloji fikrinin öyrənilməsi əsasında tərəfimizdən ilk dəfə olaraq, “kulturologiya piramidası” universal metodu işlənib hazırlanmışdır. O, insanın inkişafı və idarəetmənin konkret və mürəkkəb problemlərinin sistemli təhlilinə, cəmiyyətin modernləşməsi, şəxsiyyətin, sosial-mədəni siyasətin təkmilləşdirilməsi, effektiv idarəetmənin innovativ modelləri və paradiqmalarının qurulması üçün geniş imkanlar açan innovativ kulturoloji yanaşmanı ifadə edir.

“Kulturoloji piramida” öyrənmə və dəyişmənin üç məntiqi səviyyəsini daxil edir. Bu, cəmdə - mahiyyət, xüsusiyyətlər, tarix, nailiyyətlər, inkişaf qanunları, texnologiyalar, yeni imkanlar, gələcəyi görmə kimi səkkiz kulturoloji pilləni daxil edən, iyerarxik surətdə qarşılıqlı əlaqəli “öyrənmə”, “dərk etmə” və “yaratma” səviyyələridir. Birinci səviyyə - “öyrənmə” - dörd öyrənmə pilləsinin - mahiyyət, xüsusiyyətlər, tarix və nailiyyətlərin təhlili əsasında qurulur. İkinci səviyyə - “dərk etmə” - insanın, cəmiyyətin, dövlətin və bütövlükdə bəşəriyyətin həyat fəaliyyətinin müəyyən sahələrində konkret və ya universal inkişaf qanunları və texnologiyalarının dərk edilməsi və mənimsənilməsini nəzərdə tutur. Üçüncü səviyyə - “yaratma” - yeni imkanların aşkar edilməsini, fəal kulturogenez metodlarından istifadə etməklə, həyat fəaliyyətinin yeni, rəqabət qabiliyyətli texnologiyalarının işlənib hazırlanmasını, həmçinin zaman və məkan daxilində mədəniyyətin gələcək inkişafının qurulmasını  nəzərdə tutur.

“Kulturoloji piramida” metodu öz aralarında üzvi surətdə qarşılıqlı əlaqəli, öyrənilən obyektin hərtərəfli təhlilinə imkan verən, - məntiqi, keyfiyyət, kəmiyyət, struktur, funksional, tarixi, məkan, müqayisəli, situativ, antropoloji, psixoqrafik və demoqrafik metodlar  məcmusunun  istifadəsini nəzərdə tutur.

Ardıcıl mülahizələrə əsaslanan, şüurlu nəticələrə gətirib çıxaran məntiqi təhlil, hadisələrin daxili qanunauyğunluğunu başa düşməyə imkan verir. Keyfiyyət təhlili keyfiyyət xarakteristikalarına, bu və ya digər mədəniyyət sahəsinin fəaliyyət qabiliyyəti və inkişafının proqnozlaşdırılmasına qiymət vermək imkanı yaradır. Struktur təhlil öyrənilən obyektin bütöv  orqanizmində ayrı-ayrı komponentlərin və onların qarşılıqlı əlaqələrinin nəzərdən keçirilməsinə yardım edir. Funksional təhlil öyrənilən obyektin mənalarının, praqmatik xarakteristikalarının, mahiyyətinin, onun fəaliyyətini təmin edən predmetlər və hadisələrin xüsusiyyətlərinin dərk edilməsinə imkan verir. Tarixi təhlil obyektin inkişafını müəyyən vaxt müddətində tədqiq etməyə yol verir. Məkan təhlili - sosial mühiti, siyasi rejimi, iqtisadi, iqlim, ekoloji və digər şərtləri daxil etməklə, obyektin vəziyyətini və inkişafını müəyyən coğrafi ərazidə öyrənməyə imkan verir. Müqayisəli təhlil müxtəlif mədəni obyektlərin və ya hadisələrin ümumi xassələri və xarakterik xüsusiyyətlərini müəyyən etməyə yardım edir. Situativ təhlil öyrənilən obyektin, yaxud insanın həyat fəaliyyətinin inkişafına təsir göstərən konkret situasiyaların və ya dəyişən şəraitlərin düzgün dərk edilməsi imkanını verir. Antropoloji təhlil mədəniyyətin etnoqrafik və etnoloji xüsusiyyətlərini, həyat tərzini, adətlər və ənənələri, sosial münasibətlər sistemini, mədəniyyətin inkişaf dinamikasını və nəsillər vasitəsilə onun ötürülmə mexanizmini öyrənməyə imkan verir. Psixoqrafik təhlil-sosial-mədəni mühit, mədəni dəyərlər sistemi, mentalitet, həyat tərzi, ənənələr, insanların anadangəlmə mədəni keyfiyyətləri ilə şərtlənən motivlərin və üstünlüklərin öyrənilməsinə yardım edir. Demoqrafik təhlil tədqiq olunan fərdlərin və ya sosial insan qruplarının yaşı, cinsi, təhsili, gəlir səviyyəsi, ömür uzunluğu və digər parametrlər haqqında informasiya almağa imkan verir.

Bu metodların cəm halında istifadəsi, daimi və dəyişən kəmiyyətləri, dövlət qərarlarının qəbulu və həyata keçirilməsi  prosesi zamanı meydana çıxa biləçək real situasiya amilləri və qarşılıqlı əlaqələri nəzərə alan optimal, balanslaşdırılmış idarəetmə modelinin qurulmasına imkan yaradır. Universal kulturoloji model çərçivəsi daxilində konkret vəziyyətlərə operativ  reaksiya verərək və mövcud qeyri-müəyyənliklərin xarakterini tədqiq edərək dəyişən şəraitin tələblərinə hansı idarəetmə strukturu və metodlarının daha artıq cavab verəcəyini, hansı idarəçilik innovasiyalarının təşkilatın və ya dövlətin effektivliyini və rəqabət qabiliyyətini təmin edə biləcəyini permanent olaraq müəyyən etməyə rəhbərə imkan verən situativ təhlil xüsusi yer tutur. Müvəffəqiyyət-situasiyanın obyektiv şərhi, qoyulan vəzifənin həlli üçün lazım olan əsas daxili və xarici “situativ dəyişənlərin”, məntiqi cəhətdən nöqsansız və effektiv (verilmiş şəraitdə) tədqiqat metodlarının  düzgün seçimi ilə müəyyən edilir. Daxili dəyişənlərə - məqsədlər, vəzifələr, struktur, texnologiyalar, idarəetmə sistemi əməkdaşları aiddir. Xarici dəyişənlərə-siyasi proses, iqtisadiyyatın vəziyyəti, elmi-texniki tərəqqi, sosial-mədəni dəyişikliklər, qrup maraqlarının təsiri aiddir. Tərəfimizdən təklif edilən kulturoloji model,  cəmdə insanın həyat fəaliyyətinin strateji sahəsi olan idarəetmə prosesini xarakterizə edən amillərin bütün spektrini tədqiq etməyə imkan verir. Model, əsərləri dövlət idarəetmə mədəniyyəti problemlərinə həsr edilmiş bir çox sosioloqlar, politoloqlar, psixoloqlar, iqtisadçılar və digər mütəxəssislərin elmi nailiyyətlərini  özündə  birləşdirir.

Bütövlükdə kulturologiyanın elmi və tətbiqi imkanları kimi, “kulturologiya piramidası” universal metodunun effektivliyi, əsasən kulturoloji metodologiyanın düzgünlüyü ilə şərtlənmişdir. Tərəfimizdən seçilən, sistemli yanaşmanın əsasını təşkil edən kulturoloji metodologiyanın ən mühüm məğzini: məntiq, tarixilik prinsipi, dialektika təşkil edir. Bu elmi yanaşmaların məcmusu obyektiv elmi dünyagörüşünün formalaşmasına, dünya mədəniyyəti və sivilizasiyasının tarixi dəyişikliklər panoramını, zaman və məkan daxilində insanın, cəmiyyətin, dövlətin və dünya birliyinin texnoloji inkişaf imkanlarını tam şəkildə görməyə imkan verir. Təfəkkür formaları və qanunları haqqında elm olan məntiq bəşəriyyətin tərəqqisi naminə mədəniyyətin obyektiv inkişaf proseslərini düzgün dərk etməyə imkan yaradır. Burada bir sıra alimlərin, əsasən, Aristotelin deduktiv məntiqi və Frensis Bekonun induktiv məntiqi, Kantın formal, metafizik məntiqi və Hegelin dialektik məntiqi istifadə edilir. Kulturoloji tədqiqatlarda tərəfimizdən ilk dəfə olaraq Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi də istifadə edilmişdir. Tarixilik prinsipi üç əsas: dərk etmə, metodoloji və dünyagörüşü funksiyalarını yerinə yetirir. Dərk etmə funksiyası insanın təbiətə, cəmiyyətə və özünə qarşı münasibətdə yerini və rolunu müəyyən edir. Metodoloji funksiya mədəni təzahürləri və hadisələri keçmişdən gələcəyə hərəkət kimi nəzərdən keçirməyə, zamanın müxtəlif dövrlərində mədəniyyətin məzmun və struktur dəyişikliklərini aşkar və müqayisə etməyə, müxtəlif mədəniyyətlərin komporativ təhlilini aparmağa imkan verir. Dünyagörüşü funksiyası, dünyanın bütün milli mədəniyyətləri üçün ortaq olan mədəniyyətlərin, insanın norma və prinsiplərinin ümumi məntiqi ilə şərtlənən obyektiv elmi dünyagörüşünün formalaşmasına, mədəni universalların aşkar edilməsinə yardım edir. Dialektika, materiya və ruhun inkişaf qanunlarına əsaslanaraq, hadisələrin mahiyyətini, onların hərəkəti, ziddiyyətləri və əlaqələrini aşkar edir.

Müasir kulturologiyanın nailiyyətlərini daxil edən keyfiyyətli təhsil, yüksək dövlətçilik və dövlət idarəçiliyi mədəniyyətinin, həyat keyfiyyətini təmin edən sosial-mədəni siyasətin effektivlik şərtlərindən biridir, mədəni irsin qorunması, intellektual, etik, hüquqi, idarəçilik, iqtisadi, tibbi, bədii mədəniyyətin və insanın həyat fəaliyyətinin digər sahələrinin inkişaf  etməsidir.

Sistemli kulturoloji yanaşma, metodologiya və tədqiqat metodları, ölkəmizin modernləşməsi, Azərbaycan dövlətinin davamlı, rəqabət qabiliyyətli və təhlükəsiz strateji inkişaf problemlərinin həlli üçün zəruri olan innovativ sosial-mədəni texnologiyaların işlənib hazırlanması üçün tükənməz imkanlarını özündə ehtiva edir. Bu imkanların dərk edilməsini nəzərə alaraq, ötən əsrin 90-cı illərindən Azərbaycan Respublikasında kulturoloji tədqiqatlar genişləndi. Bu gün bu tədqiqatlar Azərbaycan Milli Elmlər Akademiyasında, AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, “Simurq” Azərbaycan mədəniyyət assosiasiyasında, Mədəniyyət və İncəsənət Universitetində, Mədəniyyət və Turizm Nazirliyinin Kulturologiya Mərkəzində, həmçinin respublikanın bir sıra ali məktəb müəssisələrində aparılır. Tədris fənni kimi kulturologiya, bu və ya digər formatda,  Mədəniyyət və İncəsənət Universitetində, Bakı Dövlət Universitetində, Rəssamlıq Akademiyasında, Slavyan Universitetində, Turizm İnstitutunda, Bakı Musiqi Akademiyasında və digər ali təhsil müəssisələrində tədris edilir. 

Azərbaycanda “mədəniyyətin nəzəriyyəsi və tarixi” fənni respublikada ilk dəfə 1990-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda və “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasında tədris edilməyə başlanmışdır. 1992-ci ildə İncəsənət Universiteti Mədəniyyət və İncəsənət Universiteti kimi yenidən təşkil edildı ki, burada bir il sonra, 1993-cü ildə mədəni-maarif fakültəsinin adı kulturologiya fakültəsinə dəyişdirildi. Yüksək ixtisaslı mütəxəssis-kulturoloqların hazırlığı ilə yanaşı, tezliklə burada və respublikanın digər ali təhsil müəssisələrində kulturologiya sahəsində tədqiqatlara, məqalələr, kitablar və dərs vəsaitlərinin nəşrinə başlandı. 1990-cı ilin sonundan universitetdə kulturologiya elmləri namizədi və doktoru alimlik dərəcəsinin təqdim edilməsi üçün dissertasiyaların müdafiələri başlandı. 2001-ci ildən Mədəniyyət və İncəsənət  Universiteti tərəfindən “Mədəniyyət dünyası” kulturoloji jurnalı da buraxılmağa başlandı. 30 yanvar 2006-cı ildə ləğv edilmiş nazirliklərin - Mədəniyyət Nazirliyi və Gənclər, İdman və Turizm Nazirliyinin əsasında  Mədəniyyət və Turizm Nazirliyi yaradıldı. Elə həmin il nazirin kulturologiya sahəsində fəlsəfə doktoru Əbülfəs Qarayevin təşəbbüsü ilə, milli kulturologiyanın inkişafına dövlət dəstəyi həyata keçirilməyə başlandı. Nazirliyin tərkibində kulturoloji tədqiqat mərkəzi yaradıldı, kulturoloji forumların, tədqiqat işlərinin müsabiqələri keçirilməyə başlandı, Rusiya Kulturologiya İnstitutu ilə əməkdaşlıq təşkil edildi.

Azərbaycanda kulturologiyaya dövlət dəstəyinə görə Əbülfəs Qarayevə, “Simurq” beynəlxalq  medalının təltif edilməsi ilə “Sülh səfiri” fəxri adı verilmiş, 2010-cu ildə isə o, “Simurq”AMA-nın Fəxri üzvü seçilmişdir.   “Mədəniyyət tarixi və nəzəriyyəsi” (Manafova M., Bakı, 2006); “Mənəviyyət fəlsəfəsi” (Xəlilov Səlahəddin, Bakı, 2007); “Müasir şəraitdə Azərbaycan dövlətinin mədəni siyasəti və mənəvi dəyərlərin inkişaf amilləri” (Abbasov Namiq, Bakı, 2008); “İdarəetmə mədəniyyəti. Xarici ölkələrin təcrübəsi” (Fuad Məmmədov, Bakı, 2009); “Azərbaycanın kulturoloji fikir tarixindən (XX əsrin əvvəli) (Süleymanlı M. A., Bakı, 2009), “Mədəniyyət tarixi və nəzəriyyəsi” (Dərslik, Bakı, 2009) və s. kimi əsərlər dərc edilmişdir.

Azərbaycanda kulturoloji elmin və maarifin banisi “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasıdır. Azərbaycanda kulturologiyanın inkişafının başlanğıcı müəllif tərəfindən xüsusi tədqiqatlarla hələ 1989-cu ildə qoyulmuşdur. Bu tədqiqatların genişləndirilməsi və dərinləşdirilməsi məqsədilə 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycan elmi, təhsili və maarifinin inkişaf tələblərinə, ölkənin milli maraqlarına cavab verən  kulturologiya sahəsində məqsədyönlü elmi və elmi - maarifçilik fəaliyyətini genişləndirən “Simurq” Azərbaycan  Mədəniyyət Assosiasiyası  təsis edildi.

Beynəlxalq səviyyədə tanınan assosiasiya tərəfindən dünya kulturologiyasında ilk dəfə Lütfi-Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin istifadə edildiyi yeni “kulturoloji piramida” universal metodu ilk olaraq işlənib hazırlanmış, insanın həyat fəaliyyətinin müxtəlif sahələri və müxtəlif inkişaf səviyyələrində konkret və mürəkkəb problemləri qoymağa və həll etməyə imkan verən kulturoloji tədqiqat metodlarının məcmusu müəyyən edilmişdir.

“Simurq” AMA-nın fəaliyyətinin əsas istiqamətləri - sistemli kulturoloji tədqiqatlar, monoqrafiyaların, tədris vəsaitlərinin, kitabların, məcmuə və broşürlərin hazırlanması və nəşr edilməsi, dünya mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsi üzrə “Simurq” beynəlxalq kulturoloji jurnalının dərc edilməsi, milli və dünya sivilizasiyasının zaman və məkanı daxilində bəşəriyyətin həyat fəaliyyətinin aktual mədəniyyət problemlərini əks etdirən beynəlxalq kulturoloji konfransların, seminarların, diskussiyalar və dəyirmi masaların, kulturoloji televiziya verilişlərinin hazırlanması və aparılmasıdır. 

Assosiasiya tərəfindən, Azərbaycan, Almaniya, Rusiya, İraq, ABŞ, Yaponiya, Çin, Norveç, İtaliya, İran, Fransa, Macarıstan, Mərakeş, Misir və digər ölkələrin mədəniyyətlərinə, həmçinin kulturologiya, idarəetmə mədəniyyəti, iqtisadi mədəniyyət, hüquqi mədəniyyət, vətəndaş cəmiyyəti mədəniyyəti, məsuliyyət mədəniyyəti, insanın davamlı inkişafı, alternativ energetika, tibb mədəniyyəti, ekoloji mədəniyyət, fərdi və beynəlxalq münasibətlər mədəniyyəti və s. problemlərinə həsr edilmiş “Mədəniyyət və cəmiyyət” ümumi adı altında 300-dən artıq respublika və beynəlxalq konfrans və seminar keçirilmişdir.

“Simurq” AMA tərəfindən milli və dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəriyyəsi sahəsində onlarca əsər dərc edilmiş, “Menecment və biznes məktəbi”ndə, “Şəfqət bacıları məktəbi”ndə, “Gənclər üçün mədəniyyət məktəbi”ndə, kulturologiya üzrə xüsusi seminarlarda mütəxəssislər hazırlanmışdır.

Azərbaycanda kulturologiyanın inkişafında 2008-ci ildən Milli Elmlər Akademiyası ilə birgə Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən nəşr edilən, milli və dünya mədəniyyəti və sivilizasiyası tarixi və nəzəriyyəsi məsələlərinə həsr edilmiş “Simurq” beynəlxalq kulturoloji jurnalı mühüm rol oynayır. Jurnal Azərbaycan AAK-nın reyestrinə daxil edilmişdir. 2010-cu ildə Azərbaycan televiziyasında ilk dəfə olaraq, “Kulturologiya və insanın inkişafı” (“İdrak”) stasionar kulturoloji veriliş aparılmağa başlandı. “Simurq” AMA-nın kulturologiya sahəsindəki nailiyyətləri yalnız respublikanın elmi ictimaiyyət dairələrində deyil, həm də “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyasının və Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının  yüksək qiymətini  almışdır. 

İnsan kapitalının inkişafı, şəxsiyyət və liderlərin hazırlanması, permanent dialektik dəyişikliklər şəraitində dövlətin strateji problemlərinin həlli üçün kulturologiyanın əvəzsiz elmi, metodoloji və praktik əhəmiyyəti, Azərbaycan Respublikasında kulturoloji elmin və təhsilin qabaqlayıcı inkişafını zəruri edir. Bunu nəzərə alaraq, milli təhsil işçilərinin, vətəndaşların sosial və şəxsi həyatında kulturoloji təfəkkür, bilik və metodoloji yanaşmaların yeni mədəni ənənəyə çevrilməsinə yardım etməsi zəruridir. Kulturologiyanın hərtərəfli inkişafı, xalqın mədəni səviyyəsi və həyat keyfiyyətini, dəyişən fərdi və milli tələbatları nəzərə almaqla  qəbul edilən qərarlar  mədəniyyətini  daim yüksəltməyə imkan verəcəkdir.

Qloballaşma çağırışları respublikanın təhsil və elm xadimlərindən, alimləri və mütəxəssislərindən, diplomatları və ictimai xadimlərindən yalnız milli və dünya mədəniyyəti nailiyyətlərini bilməyi, onda cəmləşən insanın inkişaf qanunları və həyat fəaliyyəti texnologiyalarını dərk etməyi deyil, həm də milli inkişaf naminə mədəniyyət və kulturologiyanın qeyri-məhdud dəyişdirici imkanlarından effektiv istifadə etməklə, həmrəyliyi və məhsuldar əməkdaşlığı  tələb edir.

Kulturologiyanın strateji əhəmiyyətini nəzərə alaraq, Azərbaycanın milli maraqlarına əsaslanaraq, kulturologiyanı məktəbəqədər, məktəb, xüsusi orta və ali təhsilə tətbiq etmək, xüsusi universitetlər və akademiyalar, fakültələr və kafedralar, tədqiqat institutları, kulturoloji şura Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 1999-cu ilin sonunda yaradılmışdır.

Assosiasiyanın kulturoloji tədqiqatlarının nəticələri Norveç, Rusiya, Azərbaycan, ABŞ, Tayland, Cənubi Koreya, Fransa, Macarıstan və İranda keçirilən dünya mədəniyyəti və nəzəriyyəsi, liderlik, üçüncü sektor, konfliktologiya, sülh və qlobal idarəetmə problemləri üzrə onlarca beynəlxalq konfransda məruzə edilmiş və bəyənilmişdir. Kulturologiyanın və dünya mədəniyyətinin inkişafına assosiasiyanın töhfəsi, mədəniyyət siyasəti üzrə ekspertlərin Avropa Şurası Məlumat Bazasına daxil edilməklə, “İntellektual İnkişaf Problemləri” Beynəlxalq Elmlər Akademiyası və Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyası tərəfindən tanınmş, Azərbaycan Respublikasının “Humay”, “İntellekt”, “Qızıl qələm”  milli ictimai  mükafatları  ilə  qeyd  edilmişdir.

Belə siyasət sosial mədəniyyət institutlarının inkişafına, ideoloji və informasiya təminatına,  qloballaşma şəraitində milli tərəqqinin hüquqi və etik tənzimlənməsinə yardım edəcəkdir. Kulturologiya elmi, təhsili və maarifinin bütün səviyyələrdə qabaqlayıcı inkişafının hüquqi təminatı, mütəxəssislər və respublika əhalisinin müxtəlif təbəqələri arasında universal kulturoloji biliklərin yayılması Azərbaycan cəmiyyəti və dövlətinin strateji resursu olan insan kapitalının inkişafı üçün yeni imkanlar açar.

Kulturologiyanın milli təhsil sisteminə geniş tətbiqi, kulturologiya institutları, kafedraları, mərkəzlərinin və müxtəlif səviyyəli və istiqamətli məktəblərdə kulturologiya kabinetlərinin açılması - insanın həyat fəaliyyəti texnologiyalarının təkmilləşdirilməsi üçün zəruri olan  universal və xüsusi biliklərə malik şəxsiyyətlər, liderlər və ekspertlərin formalaşdırılmasına yardım edəcəkdir. Bu, insan kapitalının inkişafına, dövlət və sosial idarəçilik mədəniyyətinin yüksəldilməsinə, milli inkişaf maraqlarına cavab verən innovativ  fəaliyyətin  inkişafına imkan yaradacaqdır.

 

 

Fuad MƏMMƏDOV,

Azərbaycan Respublikası Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

professoru, kulturoloq, “Simurq” Azərbaycan

Mədəniyyət Assosiasiyasının prezidenti

 

Xalq qəzeti.- 2013.- 27 yanvar.- S. 5.