İnfrastruktur layihələrinin
reallaşdırılması Azərbaycan iqtisadiyyatını daha da gücləndirir
Regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli
iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi
hesabına aradan qaldırılması üçün
reallaşdırılan kompleks tədbirlər ölkəmizin
sosial-iqtisadi uğurlarını şərtləndirmişdir.
Həyata keçirilmiş məqsədyönlü iqtisadi
siyasət hesabına yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin
təmin edilməsi ilə bağlı mühüm nəticələr
əldə edilmişdir.
Bu
gün Azərbaycan dünyada iqtisadi inkişaf tempinə
görə ən öndə gedən dövlətlər
sırasındadır. Ölkəmizdə həyata
keçirilən çoxşaxəli islahatlar dövlətin
sütunlarını gücləndirərək vətəndaşların
rifah halının daha da yaxşılaşdırılması
üçün əsaslı baza formalaşdırmış,
respublikamızın beynəlxalq münasibətlər sistemindəki
mövqeyi möhkəmlənmişdir. Görülən
işlərin məntiqi yekunu olaraq, Azərbaycan beynəlxalq
qurumların hesabatlarında da islahatçı ölkə
kimi yerini tutmuşdur. Bu isə onu deməyə əsas verir
ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə reallaşdırılan siyasi kurs Azərbaycanı
böyük uğurlara aparan ən doğru yoldur. Heç də
təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən
respublikamızda həyata keçirilən sosial-iqtisadi
islahatların sürətlənməsi, mühüm
infrastruktur layihələrinin reallaşdırılması 2012-ci ildə də inkişaf
dinamikasının möhkəmlənməsinə səbəb
olmuş, iqtisadiyyatın daha da güclənməsi
üçün əlverişli imkanlar yaratmışdır.
Nazirlər
Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev demişdir:
“Dövlət büdcəmizin xərcləri təxminən 20
milyard manat səviyyəsindədir. Əlbəttə, bu,
böyük rəqəmdir. Bu vəsait bizə imkan verəcək
ki, ölkə qarşısında duran əsas infrastruktur
layihələrini başa çatdıraq. Bizim
düşünülmüş siyasətimiz, eyni zamanda,
planlı addımlarımız məhz ona hesablanıb ki,
bütün infrastruktur layihələri bu ilin sonuna qədər
başa çatsın. Bu layihələrin bəziləri əvvəlki
illərdə, bəziləri keçən il
başlanmışdır. Ancaq bu layihələrin icra edilməsi
nəticəsində biz bütün infrastrukturumuzu yeniləşdirəcəyik.
Çünki bizim infrastruktur layihələrimizin
yaradılması sovet dövründən
başlamışdır. Onların bir hissəsi köhnəlmiş,
bir hissəsi sıradan çıxmışdır. Həyat
yerində durmur, indi yeni texnologiyalar vardır, yeni ixtiralar
üzə çıxıbdır. Biz elə etməliyik ki, gələn
ildən başlayaraq bizim infrastruktur sahəsində heç
bir çatışmazlıq olmasın. Hesab edirəm ki,
Dövlət İnvestisiya Proqramının həcmi və
istiqamətləri bu məqsədə çatmaq
üçün bizə imkan yaradacaqdır. Nəzərə
alsaq ki, Dövlət İnvestisiya Proqramı ilin əvvəlində
deyil, ilk dəfə olaraq ötən ilin sonunda qəbul
edilmişdir, biz vaxt itirmədən işlərə
başlamalıyıq və artıq başlamışıq.
İnfrastruktur layihələri arasında əlbəttə
ki, prioritetlər vardır. Bu prioritetlər artıq neçə
ildir ki, Dövlət İnvestisiya Proqramında öz əksini
tapır. Dövlət investisiyaları, əlbəttə,
infrastruktur layihələrinin təkmilləşməsinə
xidmət göstərir. Ancaq eyni zamanda, biz görürük
ki, dövlət investisiyaları özəl sektordakı vəziyyətə
canlanma gətirir. Özəl investisiyalar da böyük həcmdə
gözlənilir”.
Dövlət
başçısı daha sonra demişdir ki, keçən il tarixdə ən
böyük investisiya-22 milyard dollardan çox investisiya Azərbaycan
iqtisadiyyatına qoyulmuşdur.Bu
səviyyə bu il də qorunub saxlanılacaqdır. Beləliklə,
həm dövlət, həm yerli və xarici özəl
şirkətlər tərəfindən qoyulacaq sərmayə
ölkəmizi daha da möhkəmləndirəcəkdir.
Prioritetlərə
gəldikdə isə, biz infrastruktur layihələrimizi
ardıcıllıqla icra etməyə
başlamışdıq. İlk növbədə, ölkəmizin
enerji potensialının yaradılmasına
çalışırdıq. Son illər ərzində 1500
meqavat gücündə yeni elektrik stansiyaları fəaliyyətə
başlamışdır. Bu gün biz nəinki
özümüzü təmin edirik, eyni zamanda, başqa
ölkələrə də enerjimizi ixrac edirik. Azərbaycan
öz enerjisini qonşu ölkələrə də ixrac edir.
Yəni, bu, prioritet idi. Çünki bunsuz heç bir
inkişaf mümkün deyildir. Biz artıq bu sahədə
böyük dərəcədə uğurlara nail olmuşuq.
Generasiya güclərimizi böyük dərəcədə
artıra bilmişik. Bu il “Cənub” elektrik stansiyasının
işə düşməsi, - bu da təqribən 800 meqavat
gücünə yaxın olan bir stansiyadır, - bizim bu sahədəki
vəziyyətimizi daha da yaxşılaşdıracaqdır.
Çünki həm istehsal gücü artır, eyni zamanda,
itkilər də azalır. Əvvəlki dövrlə
müqayisədə itkilər böyük dərəcədə
aşağı düşmüşdür. Bu gün itkilər
demək olar ki, qəbul edilmiş normalar səviyyəsindədir.
Ancaq bununla bərabər, biz bu sahədəki fəaliyyətimizi
davam etdirəcəyik. “Şimal-2" elektrik
stansiyasının tikintisi davam edir. O da təqribən 400
meqavata yaxın əlavə gücün yaradılmasına
xidmət göstərəcəkdir.
İnfrastruktur
siyasətində enerji təchizatından sonra qazlaşdırma
layihələri də çox mühüm əhəmiyyət
daşıyır. Son illər bu sahədə bir sıra
mühüm tədbirlər
reallaşdırılmışdır. Bu ilin investisiya
proqramında da bu məqsədlər üçün vəsait
nəzərdə tutulur. İlin sonuna qədər ölkəmizin
ümumi qazlaşdırma səviyyəsi 90 faizə
çatacağı gözlənilir. Bölgələrdə
gedən işlər deməyə əsas verir ki, biz bu hədəfi
də reallaşdıracağıq.
Elektrik
enerjisinin təchizatına gəldikdə isə generasiya ilə
bağlı artıq işlər yüksək səviyyədədir.
Amma xətlərdə hələ ki problemlər var. Xətlərin
yenilənməsi istiqamətində bu ilin investisiya
proqramında vəsait nəzərdə tutulmuşdur.
Azərbaycanda,
eyni zamanda, içməli su və kanalizasiya layihələri
uğurla icra edilir. İçməli
su ilə bağlı layihələrin böyük əksəriyyəti
bu ilin sonuna qədər başa çatacaqdır. Bununla
paralel olaraq, kanalizasiya xətlərinin çəkilişi də
davam etdirilir.
Pzezident
İlham Əliyev sözügedən iclasda daha sonra
demişdir:"Dövlət İnvestisiya Proqramında
magistral yolların çəkilişinin davamı və yeni
yolların çəkilişinin başlanması vardır. Biz
son illər ərzində bu sahədə də çox
işlər görmüşük, magistral
yollarımızı böyük dərəcədə bərpa
edə bilmişik və yeni yollar salınıbdır. İndi
bütün magistral yollarda
işlər gedir və bu işlər artıq tamamlanır.
Bununla bərabər, şəhərlərarası yolların
çəkilişi də gedir. Bu sahəyə də bu il vəsait
qoyulacaqdır. Biz artıq bir neçə ildir ki, kənd
yollarının çəkilişi ilə çox ciddi məşğul
olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr
icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş
sifarişlər, əhalidən gələn müraciətlər
əsasında təşkil edilibdir. İlk növbədə,
biz çalışmışıq ki, əhalinin ən
çox məskunlaşdığı kəndlərimizi yeni
yollarla təmin edək. Kəndlərarası yolların
çəkilişi geniş vüsət almışdır.
Keçən il bu məqsədlər üçün həm
dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat
Fondundan yüz milyon manatdan artıq vəsait
ayrılmışdır. Bu il də bu məbləğ ondan
az olmamalıdır. Çalışmalıyıq ki,
yaxın illərdə bütün kənd yollarını tikək.
Çünki onların əksəriyyəti torpaq yollar idi və
qar, yağış yağan kimi o yollar keçilməz olurdu.
İndi bütün yollara asfalt salınır. Ancaq əlbəttə
ki, biz bu işləri digər infrastruktur layihələri ilə
uzlaşdırmalıyıq, xüsusilə, yeraltı
kommunikasiyaların - su, qaz xətlərinin çəkilişi
ön planda olmalıdır. Ondan sonra yollar
salınmalıdır, yəni, ardıcıllıq məhz belə
olmalıdır. Mən infrastruktur layihələri arasında,
eyni zamanda, meliorasiya layihələrini qeyd etmək istəyirəm.
Bu sahəyə də biz böyük vəsait
ayırmışıq. Həm
Dövlət Neft Fondunun xətti ilə, eyni zamanda, dövlət
büdcəsinin xətti ilə".
Hazırda
Azərbaycanda iki nəhəng layihə - Taxtakörpü su
anbarı-Samur-Abşeron kanalı və Şəmkirçay
su dəryaçası layihələri icra edilir. Bu layihələrin
icrası nəticəsində on minlərlə hektar torpaq
dövriyyəyə buraxılacaq və minlərlə fermer
bundan bəhrələnəcəkdir. Bu layihələr
ölkə iqtisadiyyatı, biznesin aparılması və ərzaq
təhlükəsizliyinin təmin edilməsi üçün
mühüm önəm daşıyır. Taxtakörpü su
anbarı bu il istifadəyə verilməlidir. Şəmkirçay
su anbarı isə yəqin ki, gələn il istifadəyə
veriləcəkdir.
Beləliklə,
qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur
layihələri qaşıdakı il ərzində başa
çatsın və ondan sonra Dövlət İnvestisiya
Proqramına yeni prizmadan yanaşılsın. Hazırda
yuxarıda qeyd edildiyi kimi,
ölkə üzrə bütün bölgələrdə
böyük infrastruktur layihələri icra edilir. Onların
tam əksəriyyəti dövlət tərəfindən
maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri,
qazlaşdırma, elektrik xətlərinin, kənd
yollarının çəkilməsi uğurla
reallaşdırılır. Bu da son illər ərzində daha
çox diqqət tələb edən məsələdir.
İndi dövlət başçısı bölgələrdə
olarkən demək olar ki, hər dəfə yeni kənd yolunun
açılışında iştirak edir. Bu, müasir Azərbaycanın
reallıqlarıdır. Əlbəttə, yol təsərrüfatına
investisiya qoymağa başlayanda ilk növbədə, magistral
yollara diqqət yetirilirdi. Ancaq indi kənd yolları da
abadlaşdırılır. Hazırda Azərbaycan kəndlərinə
çəkilən yollar çox keyfiyyətlidir,
yaxşıdır, rahatdır. Bu yollar insanlara rahatlıq gətirir
və bölgələrin daha da sürətli
inkişafını təmin edir.
Bütün
yuxarıda deyilənlər Dövlət Statistika Komitəsinin
2012-ci ilin yekunları ilə bağlı yaydığı məlumatda
da öz ifadəsini tapmışdır. Hesabat dövründə
ölkədə tikinti-quruculuq, abadlıq işləri
geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı
təmirinə və yenidən qurulmasına
başlanılmış, əhalinin kommunal problemlərinin həlli,
infrastrukturun yeniləşdirilməsi üçün
çox iş görülmüşdür. Nəticədə
Azərbaycanın, eləcə də Bakının, Bakıətrafı
qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni
siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə
olan tələbatının ödənilməsi, küçə
və məhəllədaxili işıqlandırma sistemlərinin
qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi,
sosial təyinatlı obyektlərin - məktəblərin,
uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət
evlərinin tikintisi və bərpası, müasir avadanlıqla
təchiz edilməsi ilə bağlı xeyli iş
görülmüşdür.
Ölkənin
tikinti kompleksində dinamik inkişaf 2012-ci ildə davam edərək
bütün maliyyə mənbələrindən əsas
kapitala 15,3 milyard manat və ya əvvəlki ilə nisbətən
18 faiz çox vəsait yönəldilmiş, onun 78,8 faizi
daxili mənbələr hesabına təmin edilmişdir. Sərf
edilmiş sərmayələrin 43,4 faizi məhsul istehsalı,
56,6 faizi xidmət sahələri obyektlərinin
inşasında istifadə olunmuşdur. Dövlət
mülkiyyətli müəssisə və təşkilatlar tərəfindən
əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin
59,3 faizini təşkil etmişdir.
Respublikamızın
maliyyə ehtiyatlarının və büdcə vəsaitlərinin
getdikcə artması sosial infrastruktur sahələrində daha
yeni layihələrə başlamağa əlverişli zəmin
yaradır. Məlum olduğu kimi, hökumət büdcənin
böyük bir hissəsini sosial proqramlarla yanaşı,
investisiya və infrastruktur proqramlarına yönəldir.
2012-ci ildə sosial obyektlərin tikintisi, məktəb və xəstəxanaların
inşası, təmiri, yeni müasir tibb müəssisələrinin
yaradılması və ən son texnika ilə təminatı,
qaçqın və məcburi köçkünlər
üçün yeni yaşayış qəsəbələrinin
salınması, körpü, yol tikintisi, elektrik
stansiyalarının yenidən qurulması və digər layihələr
infrastruktur proqramlarının çox əhatəli
olduğunu təsdiqləyir.
İnfrastruktur
layihələri respublikamızın bütün bölgələrini
əhatə etməklə yanaşı, regional xarakter
almışdır. Belə ki, mühüm nəqliyyat və
kommunikasiya layihələri Azərbaycanla bərabər, digər
qonşu dövlətlərin də ərazisini əhatə
edir ki, bu da bölgədə çox nəhəng infrastruktur
şəbəkəsinin yaradılması deməkdir. Qədim
İpək Yolunun modernləşdirilməsi, Rusiya və
İran istiqamətində tranzit marşrutlarının
dünya səviyyəsində yenidən qurulması,
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin
sürətləndirilməsi çoxşaxəli regional
infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür.
Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr
həm ölkəmizin sosial-iqtisadi vəziyyətini
yaxşılaşdırır, həm insanların daha rahat
infrastrukturla təmin olunmasına səbəb olur, həm də
Azərbaycanın regionda gücünü artırır.
İnfrastruktur
layihələrinin icrasının sürətləndirilməsi
onu göstərir ki, qarşıdakı illərdə də
bu layihələrin maliyyə tutumu və miqyası bir qədər
də genişləndiriləcəkdir. Ən nəhəng
infrastruktur layihələrinin başa
çatdırılması, yenilərinin icrasına
başlanması nəzərdə tutulur. Dövlətimizin
başçısı respublikanın bütün bölgələrində
sosial və infrastruktur layihələrinin, inkişaf
proqramlarının davamlı olaraq həyata keçiriləcəyini
və mövcud olan problemlərin tamamilə öz həllini
tapacağını qeyd etmişdir. Ölkə üzrə əhəmiyyətli
layihələr bütün bölgələrə öz
müsbət təsirini göstərəcəkdir.
İçməli su təminatı, kanalizasiya xətlərinin
yenilənməsi, yol çəkilişi, məktəb və
xəstəxanaların bərpası, digər obyektlərin
inşası başa çatdırılacaqdır.
Vaqif Bayramov
Xalq qəzeti.- 2013.- 27 yanvar.- S. 3.