Azərbaycanın
Avro-Atlantik məkana inteqrasiyası:
dünən və bu gün
Ötən əsrin sonlarında
dünyada baş verən siyasi çəkişmələr
bir sıra gözlənilməz hadisələrlə yadda
qaldı. Təkcə SSRİ kimi nəhəng dövlətin
dağılması hadisələrin
qlobal miqyasda necə cərəyan etdiyindən xəbər
verir. Vaxtilə Qərb üçün ən böyük təhlükə
hesab edilən, dünyanın quru səthinin altıda birini əhatə
edən Sovetlər Birliyi inzibati-amirlik sisteminin
çürüməsi, sosializmin düzgün qurulmaması,
üstəlik, diktatura rejiminə qarşı kütləvi
çıxışlar, milli qarşıdurmalar və mərkəzdənqaçma
meyilləri nəticəsində müstəqil dövlətlərə
parçalandı. Digər
müttəfiq respublikalar kimi Azərbaycan da sovet sistemindən
imtina edərək 1991-ci ilin 18 oktyabrında öz müstəqilliyini
bəyan etdi. Daha doğrusu, bu, vaxtilə 1920-ci ildə
itirilmiş müstəqilliyin siyasi davamı kimi qiymətləndirildi
və dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətinin
hüquqi varisi elan edildi.
Postsovet
məkanında meydana çıxan yeni müstəqil dövlətlərin
bilavasitə beynəlxalq münasibətlər sisteminə
qatılması və öz maraqlarına uyğun xarici siyasət
kursunu həyata keçirməyə başlaması dövlətlərarası
münasibətlərin yeni inkişaf dinamikasını müəyyən
etdi. Beynəlxalq aləmdə baş verən dəyişikliklər
Azərbaycan Respublikasının milli dövlətçilik
prinsiplərinə uyğun yeni xarici siyasət kursunun
formalaşması və həyata keçirilməsinin ən
vacib məsələsi kimi ön plana çəkildi. Qısa
müddət ərzində dünyanın bir sıra dövlətləri
tərəfindən rəsmi surətdə tanınmış
Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT
üzvlüyünə qəbul edildi. Müstəqillik əldə
edən dövlətlər özlərinin gələcək
inkişaf yolunu müəyyənləşdirmək
üçün dünyada mövcud olan mürəkkəb
beynəlxalq və regional şəraiti düzgün qiymətləndirməli,
dünya siyasətinin güc mərkəzləri olan ABŞ,
Rusiya, Avropa Birliyi, Cənub-Şərqi Asiya ölkələri
arasında mənafe və maraq çəkişmələrində
özlərinin suverenliyini qoruyub saxlamaq məqsədilə
düşünülmüş xarici siyasət yürütməli
idilər. Məhz bu dövrdə xarici siyasətin
konturlarını müəyyən edən Azərbaycan Respublikasının
sonradan dünya dövlətləri tərəfindən
ardıcıl şəkildə tanınması və diplomatik
münasibətlərin yaradılması onun dünya birliyinə
sistemli surətdə inteqrasiyasına geniş yol
açdı.
Avropaya
inteqrasiya Azərbaycanın öz tarixi seçimi idi. Vaxtilə
AXC hökuməti də müstəqilliyini elan etdikdən dərhal
sonra dövlətimizin de-fakto və de-yure tanınması
üçün Avropa dövlətləri
ilə siyasi və mədəni əlaqələrin
qurulması və inkişafı üçün xarici işlər
nazirimiz, görkəmli dövlət xadimi Əlimərdan bəy
Topçubaşovun rəhbərliyi ilə Paris Sülh
Konfransına öz nümayəndə heyətini göndərmişdi.
1919-cu ilin 1 sentyabrında AXC parlamentinin xaricə təhsil
almaq üçün yüz tələbənin göndərilməsi
barədə qəbul etdiyi qərar ölkəmizin Qərbə
böyük dəyər verdiyini və inkişaf səmtini
dünyanın bu qütbünə tutmağı dəyərləndirirdi.
1920 - ci il bolşevik işğalı bu siyasi istiqamətin
inkişaf etdirilməsinə mane oldu. 70 il sonra müstəqilliyini
bərpa edən dövlətimiz yenidən öz siyasi kursuna sadiq qalaraq bu yolu
seçdi. Sözsüz ki, bu yol Qərb sivilizasiyasına
yaxınlaşmaq və ölkəmizi dünyanın ən
öndə gedən dövlətləri səviyyəsinə
yüksəltməkdən keçirdi. Məlum olduğu kimi,
dünyanın ən inkişaf etmiş dövlətləri Qərbdə
yerləşir. Hüquqi-demokratik dövlət quruculuğu və
elmi-texniki tərəqqinin nailiyyətlərinin mənimsənilməsi
baxımından Qərbə inteqrasiya həm tarixi zərurət,
həm də geostrateji uzaqgörənliyin göstəricisi
idi. Həmin dövrdə Ermənistanın ölkəmizə
qarşı hərbi təcavüzü bu siyasi kursun
icrasını daha da sürətləndirirdi. Respublikanın
qarşısında duran əsas prioritet məsələlərindən
biri də beynəlxalq və regional təşkilatlara bərabərhüquqlu
üzv qəbul olunmaq məsələsi idi. Çünki
taleyüklü Dağlıq Qarabağ münaqişəsi barədə
həqiqətlərin Avropanın mötəbər
tribunalarında güclü dövlətlər
qarşısında səsləndirilməsi Azərbaycanın
haqq səsini dünya ictimaiyyətinə doğru-
dürüst çatdırmağa yardımçı oldu.
1993- cü ildə MDB və Qara dəniz iqtisadi əməkdaşlıq
təşkilatına üzv qəbul olunmaqla Azərbaycan Avropa
ailəsinin bir üzvünə çevrilmişdi.
Avropada
yerləşən beynəlxalq əhəmiyyətli təşkilatlara
üzvlük, dünyada mövcud olan təhlükələrə
qarşı birgə fəaliyyət, bir sıra iqtisadi layihələrin,
o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəməri layihələrinin reallaşması,
Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və digər qlobal layihələrin
həyata keçirilməsi istiqamətində əldə edilən
uğurlar da onu göstərdi ki, Azərbaycan artıq Qərb
sivilizasiyasına qoşulmaqda israrlıdır. Bu, bütün sahələrdə,
eyni zamanda, mədəniyyət və təhsildə də
özünü göstərir. Mədəniyyət və təhsil
sahəsində YUNESKO ilə əməkdaşlıq, Azərbaycan
təhsilinin Bolonya prosesinə qoşulması bunun bariz
nümunəsidir. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla
- Avropa Birliyi (AB), Avropa Şurası (AŞ), o cümlədən
Avropa Şurası Parlament Assambleyası (AŞ PA), Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı (ATƏT) və
NATO ilə sıx əməkdaşlıq edir. 2001-ci ilin 17
yanvarında Avropa Şurasına tamhüquqlu üzv kimi qəbul
olunmağımız dövlətimizin ciddi siyasi uğuru kimi
qiymətləndirilməlidir.
Bütün bunlar sübut edir ki, Azərbaycan artıq Qərb
dunyasının, xüsusilə Avropa sivilizasiyasının
ayrılmaz tərkib hissəsinə çevrilir. Bu
nöqteyi-nəzərdən, Avropa Şurası ilə Azərbaycan
arasında əlaqələr dövlətimizin bu yöndə
atdığı addımlardan biri kimi, Qərb dəyərlərinin
milli dəyərlərimizlə birləşməsində
özünü göstərir.
1992 - ci ilin 30 yanvarında ölkəmiz ATƏM-in
üzvlüyünə qəbul edilmişdir. Azərbaycan ilk dəfə
olaraq 1992-ci ilin iyulun 8-10 da Helsinkidə keçirilən ATƏM-in
Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini
imzalamışdır.
Azərbaycan
20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına
qoşulmuşdur. Budapeşt sammitində ATƏM 1 yanvar 1995-ci
ildən yeni Avropanın sivilasiyalı birgəyaşayış
qaydalarınını müəyyən edən,
sülhün, demokratiyanın və insan hüquqlarının
qorunmasını təmin edən, üzv ölkələrinin
təhlükəsizliyini və qarşılıqlı
faydalı əməkdaşlıq prinsiplərini həyata
keçirən, özünüidarə mexanizmləri olan
ümumavropa təşkilatına— ATƏT-ə
çevrilmişdir.
Budapeşt
sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində
Avropa təhlükəsizlik tədbirlərində iştirak
edə biləcək sülhməramlı qüvvələrinin
yaradılması və münaqişəli ərazilərə
göndərilməsi qərara alınmışdır. Bundan başqa, Budapeştdə Minsk
prosesi çərçivəsində həmsədrlik
institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan
münaqişəsinə dair Budapeşt sammitinin işinin
konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi
ilə əlaqədar ATƏT-in
fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamə
qəbul edilmişdir.
ATƏT-dən
sonra Azərbaycan Avropa Şurası ilə intensiv əlaqələrə
start vermişdir. Uzun müzakirələrdən və Qərb
dövlətçilik modelinə keçid şərtlərinin
bir çoxunun ölkəmizdə tətbiqindən sonra 17
yanvar 2001 -ci ildə Avropa Şurası Nazirlər Komitəsinin
nümayəndələr səviyyəsində
keçirilmiş iclasında Azərbaycan Respublikasının
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə
dair qərar qəbul edilmişdir.
Azərbaycanın
Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya
keçid prosesinin sürətləndirilməsi məqsədilə
Azərbaycan hakimiyyət dairələri ilə
danışıqların intensivləşdirilməsi, əməkdaşlıq
proqramları formasında yardımın edilməsini nəzərdə
tuturdu.
Strasburqda
Avropa Şurasının Parlament Assambleyasının
sessiyalarında müzakirə olunan mövzular əsasən Cənubi
Qafqaz münaqişələri ilə əlaqədar olaraq sərhədlərin
toxunulmazlığı, beynəlxalq sülhü mühafizə
qüvvələrinin vasitəçiliyi ilə münaqişə
zonalarında təhlükəsizliyin təminatı nəzərdə
tutulur. Bütün əlaqədar
tərəflər arasında danışıqlardan sonra
Dağlıq Qarabağ üçün geniş muxtariyyət
statusu, qaçqınlar və məcburi köçkünlərin
öz yerlərinə qayıtmaq hüququ ilə bağlı
prinsiplərin əks olunduğu çoxsaylı qətnamələr
qəbul edilmişdir.
Ümumiyyətlə,
Avropa Şurasına üzvlüyümüzə doğru
addımlar ölkəmiz üçün bir sıra yeniliklər
gətirdi. Bunlardan 25 aprel 1997-ci ildə Avropa Mədəniyyət
Konvensiyasına qoşulmağımızı, Avropa ölkələri
ilə əməkdaşlığımızın dərinləşdirilməsi,
ölüm hökmünün ləğvi, Ermənistan- Azərbaycan
münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində
qəbul edilən qətnamələr respublikamızın
diplomatik uğurları hesab olunur.
Azərbaycanın
Qərb ölkələrinin təmsil olunduğu sistemlərə
inteqrasiyasında Avropa Birliyi
(iqtisadi, siyasi, sosial, mədəni sahələrdə)
mühüm yer tutur. Bu sistemə daxil olmaqla Azərbaycan həm
özünün mövcud resurslarından xalqının
firavan həyatının təmin edilməsi istiqamətində
daha səmərəli, təhlükəsiz və itkisiz istifadə
etmək imkanı əldə
edir. Həm də qabaqcıl dünya texnologiyalarından,
investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına
daha sürətlə daxil olması, qeyri - neft sektorunun
inkişafına nail olunması imkanı qazanır.
Çünki ölkəmiz Avropa İttifaqı və
ABŞ-ın imkanlarından istifadə edərək ölkənin
daxili iqtisadi, sosial və digər strukturlarının
islahatını aparmaq və dünya standartları səviyyəsinə
qaldırmaq imkanı da əldə edir.
Ümumiyyətlə,
Avropa İttifaqı ilə Azərbaycan əlaqələrində
əsas mərhələləri xronoloji cəhətdən
xarakterizə etmək olar:
1992-
ci ildə TACİS proqramının başlanması
1993-
cü ildə Avropa İttifaqının Avropaya Dövlətlərarası
Neft və Qaz nəqliyyatı (İNOGATE) proqramında
iştirakı
1999-cu
ildə Avropa İttifaqı ilə Tərəfdaşlıq Sazişinin,
qüvvəyə minməsi
2004-cü
ildə Azərbaycanın Avropa Qonşuluq Siyasətinə
daxil olması
2006-cı
ildə Aİ ilə enerji tərəfdaşlığını
quran Anlaşma Memorandumuna qoşulması
2006-cı
ildə Aİ ilə Avropa Qonşuluq Siyasəti (AQS) Fəaliyyət Planının qəbul edilməsi
2007-ci
ildə Azərbaycanın Aİ-nın Qara Dəniz Sinerjisi təşəbbüsünə
qoşulması
2008-ci
ildə Azərbaycanda Avropa İttifaqının nümayəndəliyinin
açılması
2009-cu
ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı
Təşəbbüsündə iştirakı
2010-cu
ildə Assosasiya Sazişi ətrafında
danışıqların başlanması...
Lakin
Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli
münasibətlərin hüquqi əsasını 22 aprel
1996-cı ildə Lüksemburqda
imzalanmış “Bir tərəfdən Avropa Birliyi və onun üzvü
olan dövlətlər, digər tərəfdən Azərbaycan
Respublikası arasında Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi” (TƏS) təşkil edir. Bu saziş 1 iyul 1999-cu ildə
bütün tərəflərin parlament orqanlarında
ratifikasiya olunduqdan sonra qüvvəyə minmişdir.
Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişinə əsasən, Azərbaycanla
Avropa İttifaqı arasında
üç əsas qurum yaradılmışdır ki, bunlara da
Əməkdaşlıq Şurası, Əməkdaşlıq
Komitəsi və Parlament əməkdaşlığı Komitəsi
aiddir. Bunlarla birlikdə ticarət, iqtisadiyyat və əlaqədar
hüquqi məsələlər üzrə alt komitə və enerji, nəqliyyat və ətraf
mühit məsələləri üzrə alt
komitə kimi strukturlar
yaradılmışdır.
Avropa
İttifaqı ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın
yeni səviyyəyə keçməsi isə Avropa Qonşuluq Siyasəti ilə
başlanmışdı. Ölkəmizi Avropa Qonşuluq Siyasətinə
daxil etmək haqqında Aİ Şurasının 14 iyun
2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru
mühüm addım olmuşdu.
Burada əsas məqsəd genişlənən Avropa
İttifaqı ilə qonşu ölkələr arasında
yeni parçalanma hallarının qarşısını
almaq, təhlükəsizlik və
firavanlığı təmin etməkdir. Bu, Avropa
İttifaqı ilə ölkəmiz arasında ikitərəfli
dialoqun yüksələn xətlə inkişaf etməsi
üçün baza rolunu oynayır. Hər il bu sahədə
çoxsaylı görüşlər, iclaslar keçirilməklə
Azərbaycanın Avro-Atlantik məkana sürətli
inteqrasiyasında daha bir addım atılır. İclaslarda
insan haqlarının, siyasi, iqtisadi, sosial və mədəni
hüquqların qorunması ilə bağlı mexanizm, beynəlxalq
arenada əməkdaşlıq müzakirə edilir. Bundan əlavə,
iclasda Azərbaycanda qanuni və qanunsuz miqrasiyaya nəzarət,
sərhəd nəzarəti, mütəşəkkil cinayətkarlıq
və qanunların tətbiqi, terrorçuluğun maliyyələşdirilməsi
ilə mübarizə, hüquq sahəsində əməkdaşlıq
və qanunvericilik prosesləri ilə bağlı məsələlər
ətrafında fikir mübadiləsi aparılılır,
tövsiyələr qəbul olunur. Bütün bunlar dövlətimizin əsas xarici siyasət
strategiyalarından biridir.
Azərbaycan
Respublikasının Avropa və Avro-Atlantik məkanda
qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin
aradan qaldırılmasında hərbiləşdirilmiş
struktur olan NATO ilə birgə işləməsi Milli Təhlükəsizlik
Konsepsiyamızda öz əksini tapmışdır. NATO-nun
dünyanın nəhəng hərbi bloku olaraq beynəlxalq
siyasətdə iştirak etməsi, xüsusilə Avropa və
ABŞ-ın təhlükəsizlik maraqlarını ifadə
etməsi onu istər-istəməz bölgə dövlətləri
ilə də yaxınlaşdırmış, xüsusilə
Avropa Şurasına üzv olan dövlətlərlə əməkdaşlığını
sürətləndirmişdir. Şübhəsiz ki, NATO kimi
ciddi və təhlükəsizliyin tam təmin olunduğu bir
blokda olmaq əksər dövlətlərin
marağındadır. Azərbaycan birbaşa olaraq xarici siyasətini
bu qurumda təmsil olunmağa yönəltməsə də təşkilatla
etibarlı tərəfdaşlıq edən ölkələrdəndir.
Bu baxımdan hüquqi-demokratik dövlət kimi inkişaf
istiqamətlərindən birini Qərbə inteqrasiya olaraq
götürən ölkəmiz bu qütbün təhlükəsizlik
sistemində də təmsil olunmağı vacib görür və
bunun üçün nəhəng hərbi blok olan NATO ilə
əməkdaşlıqlarını sürətləndirir.
Azərbaycan
Qərbə özünün Avrasiya məkanındakı əhəmiyyətli
geosiyasi vəziyyətini və zəngin enerji
resurslarını lazımi səviyyədə təqdim etməklə Cənubi Qafqazın lider dövləti
statusunu öz əlində saxlayır. Qərbin köməyi
və davamlı dəstəyi ilə iqtisadiyyatda struktur
islahatlarını müvəffəqiyyətlə başa
çatdırmaq, dünyanın liberal ticarət-biznes məkanına
daxil olmaq üçün əlverişli
beynəlxalq dəstək almaq və dinamik inkişaf yoluna
çıxmaq xarici siyasətin mühüm prioriteti olaraq
qalır.
Bu
gün Azərbaycan transmilli dünya siyasətində
yaxından iştirak edir. Müasir beynəlxalq münasibətlər
sistemində baş verən bütün hadisələr və
cərəyan edən tendensiyalar dövlətin daxili və
xarici vəziyyətinə bilavasitə təsir göstərir.
Qloballaşma və dünya siyasətinin transmilliləşməsi,
regional inteqrasiya, transmilli demokratikləşmə,
liberallaşma və s. kimi proseslərdə ölkənin vahid
strateji yanaşma nümayiş etdirməsi və
iştirakı bütün dünyada izlənir və qiymətləndirilir.
Odur ki, həm bu yöndə atılan praktik addımlar, həm
də görülən işlərin beynəlxalq aləmdə
düzgün təqdim olunması xarici siyasətin əsas prioritetlərindən birini
təşkil edir. Nəzərə alınsa ki, ABŞ və
Avropa İttifaqı dövlətləri
müasir dövrdə öz xarici siyasətlərini dünya
ölkələrinin demokratik transformasiyası üzərində
qurur və hər bir dövlət beynəlxalq münasibətlər
sistemində demokratik dəyərlərə münasibətinə
görə qiymətləndirilir, onda bu işin nə qədər
əhəmiyyətli olduğunu anlamaq olar.
Anar Turan
Xalq qəzeti.- 2013.- 27 yanvar.- S. 4.