Ərçivan qəsəbəsi abadlaşır, gözəlləşir

 

Yenicə qəsəbə statusu almış Ərçivan, ərazisi və əhalisinə görə Astara rayonunun ən iri yaşayış məntəqələrindən biridir. Əhalisinin əsas məşğuliyyəti, əkinçilik, tərəvəzçilik, çəltikçilik və heyvandarlıqdır. Qəsəbədə bir neçə kənd təsərrüfatı və sənaye müəssisəsi var, 120-dən artıq sahibkarlıq sahəsi fəaliyyət göstərir. Hazırda burada geniş abadlıq-quruculuq işləri aparılır. Son illər Ərçivan kənd 2 və 3 saylı tam orta məktəbləri üçün yeni binalar inşa edilmiş, 1, 4 saylı  tam orta məktəbləri və 1 saylı mədəniyyət evi əsaslı təmir olunmuşdur. İnşasına başlanmış idman kompleksi işə düşəndən sonra qəsəbənin hüsnünə xüsusi yaraşıq verəcək.

 

Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2012-ci ildə görülən işlər barədə hesabat yığıncağında  Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev iştirak etmişdir. Ərazi icra nümayəndəsi Sultanağa Baxşıyevin hesabatı dinlənilmiş,  müzakirələr və təhlillər aparılmış, qarşıda duran vəzifələr müəyyən edilmişdir.

Ərçivan bələdiyyəsinin sədri R.Cəfərov kəndə qəsəbə statusunun verilməsi, eyni zamanda yaşayış məntəqəsinin abadlaşdırılması üçün görülən tədbirlərə görə   bütün sakinlər adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirdi. Qəsəbə sakini Müzəffər Əzizov 3 saylı tam orta məktəbin istilik sisteminin yaxşılaşdırılması, Ş.Hüseynov elektrik xətlərinin təmiri, Qulam Səmədov qəsəbədə istirahət parkının salınması, Tofiq Ağayev məktəb yollarının asfaltlaşdırılması və digər məsələlərlə bağlı arzu və təkliflərini bildirdilər. Təkliflər diqqətlə dinlənildi, icrasının təmin edilməsindən ötrü müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Q.Ağayev qeyd etdi ki, sakinlərlə əvvəlki görüş zamanı verilən təkliflər, qaldırılan mühüm məsələlər qısa vaxtda həllini tapmışdır. Bunlardan ən mühümü Ərçivan kəndinə qəsəbə statusunun verilməsi idi ki, möhtərəm Prezidentimiz İlham Əliyev dekabr ayının 27-də bu barədə sərəncam imzalamaqla bu arzumuzu gerçəkləşdirdi. Böyük etimad, diqqət və qayğıya görə dövlətimizin başçısına hədsiz razılığımızı bildirirəm.

Digər əsas məsələ Ərçivan çayının məcrasının qazılaraq dərinləşdirilməsinə köməklik göstərilməsi idi. Ötən müddətdə bu məsələ də həllini tapmış, nəticədə evləri, təsərrüfatları su basması təhlükəsi aradan qaldırılmışdır. Eyni zamanda, verdiyiniz digər təkliflər də nəzərə alınmış, narahatlıq doğuran məsələlər həll olunmuşdur. Bütün bunlar Azərbaycanın getdikcə artan iqtisadi qüdrətinin fərəhli nəticələri sayılmalıdır.

Ölkəmizdə insanların güzəranı gündən-günə yaxşılaşır, möhtəşəm sosial layihələr həyata keçirilir. Bu gün müstəqil dövlətimiz bütün göstəricilərə görə Cənubi Qafqazın ən güclü ölkəsidir. Azərbaycanın iştirakı olmadan bu regionda heç bir mühüm iqtisadi layihə həyata keçirilmir. Təkcə 2012-ci ildə müxtəlif məzmunlu beynəlxalq tədbirlərin – siyasi, iqtisadi, mədəni və idman tədbirlərinin ölkəmizdə yüksək səviyyədə keçirilməsi və bu qəbildən olan digər layihələrin gerçəkləşdirilməsinin gələcəkdə ölkəmizdə planlaşdırılması dövlətimizin bütün dünyada etibarlı tərəfdaş kimi qəbul edildiyini bir daha sübut edir.

“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” respublikanın hər yerində olduğu kimi Astarada da uğurla həyata keçirilir. Möhtərəm Prezidentimizin son bir ildə iki dəfə rayonumuza tarixi səfər etməsi və rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə  iki mühüm sərəncam imzalaması buna  əyani misaldır. Qısa müddətdə rayonda Heydər Əliyev Mərkəzi, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, YAP Astara  rayon təşkilatı üçün yeni inzibati bina  və onlarla məktəb tikilmiş, mərkəzi xəstəxana binası əsaslı təmir edilərək istifadəyə verilmişdir. Bundan əlavə, 10 kilometrlərlə yol  asfaltlaşdırılmış, Heydər Əliyev prospekti genişləndirilmiş, müasir dizaynda hasarlar tikilmiş, işıqlandırma sistemi yenilənmişdir. Şəhərin mərkəzindəki Heydər Əliyev parkı yenidən qurularaq xeyli genişləndirilmiş, yeni fəvvarə quraşdırılmış, müasir işıqlandırma sistemi və oturacaqlarla təmin olunmuş, landşafta uyğun yaşıllıqlar salınmışdır. Bundan sonra da rayonumuzda daha böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Yaxın müddətdə Astara  şəhərində su-kanalizasiya sistemi  problemi həllini tapacaqdır. Ucqar dağ kəndləri istisna olmaqla ilin sonuna kimi rayonun bütün kəndləri qazlaşdırılacaq.

Hazırda gənclərin sağlam böyüməsi, asudə vaxtının mənalı keçirilməsi üçün Ərçivanda idman kompleksinin inşasına başlanmışdır. Kompleksin ətrafında əhalinin istirahəti üçün yerli şəraitə uyğun gözəl istirahət parkı da salınacaq.

Sonra rayon rəhbərliyinin nümayəndələri qəsəbəyə baxmış, tikilməkdə olan idman kompleksində işlərin gedişi ilə maraqlanmışlar.

 

 

Əli Nəcəfxanlı

 

Xalq qəzeti.- 2013.- 27 yanvar.- S. 4.