Azərbaycanda maliyyə sabitliyi iqtisadi strategiyanın başlıca prioritetidir

 

Azərbaycanda həyata keçirilən düşünülmüş çevik makroiqtisadi siyasət nəticəsində ötən il  qiymətlərin sabitliyi qorunmuş, inflyasiya birrəqəmli səviyyədə olmuşdur. Bank sektorunda maliyyə sabitliyi və dayanıqlıq təmin edilmiş,  sektorun iqtisadiyyatda maliyyə vasitəçiliyi rolu daha da yüksəlmişdir. Qeyri-neft sektorunun iqtisadi artımın, məşğulluğun, büdcə və valyuta gəlirlərinin əsas mənbəyinə çevrilməsi iqtisadi strategiyanın başlıca prioritetidir. Bu prioritetin reallaşdırılması tarazlı və dayanıqlı iqtisadi artıma nail olunmasında, nəticədə “inklüziv” inkişafın təmin edilməsində və yüksək gəlirli iqtisadiyyatın formalaşmasında strateji amildir.

 

Son onillikdə əldə olunmuş nailiyyətlər təsdiq edir ki, Azərbaycan yeni çağırışları qarşılamağa hazırdır və bunun üçün adekvat inkişaf strategiyasına malikdir. Bu çağırışlardan çıxış edərək bu il Mərkəzi Bank makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, maliyyə vasitəçiliyinin inkişafına və onun effektivliyinin yüksəlməsinə yönəldilmiş fəaliyyəti ilə qarşıda duran yeni iqtisadi inkişaf məqsədlərinin həyata keçirilməsinə hərtərəfli dəstək verəcəkdir.

Mərkəzi Bankın 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir ki, Azərbaycan iqtisadiyyatı ötən il qeyri-sabit qlobal iqtisadi mühitdə öz inkişafını uğurla davam etdirmişdir. Ölkənin xarici iqtisadi mövqeyi əlverişli olmuş, iqtisadiyyatın şaxələnməsi və yeni iş yerlərinin açılması prosesi sürətlənmiş, dövlətin sosial-iqtisadi inkişafa aktiv dəstəyi iqtisadi artımda mühüm rol oynamışdır.

Sözügedən dövrdə ölkəmizin  cari əməliyyatlar balansında iri həcmli profisit yaranmışdır. Bu profisitin ümumi daxili məhsulda xüsusi çəkisinə görə (20 faizdən çox) Azərbaycan MDB ölkələri arasında liderdir.

İxracı təşkil edən məhsulların qiymətləri idxalı təşkil edən məhsulların qiymətləri ilə müqayisədə daha sürətlə artmışdır. 2012-ci ildə  ixracın həcmi idxalın həcmini 2,6 dəfə üstələmiş, qeyri-neft əmtəə ixracı 22 faiz  artmışdır. Qeyri-neft ixracının artması xarici tələbin iqtisadi artıma müsbət təsirini təmin edir. 2011-ci illə müqayisədə ötən il ölkə iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi 29 faiz  artmışdır. Qeyri-neft sektoruna birbaşa xarici investisiyaların həcmi isə 1 milyard ABŞ dollarını ötmüşdür.

Strateji valyuta ehtiyatları 14,7 faiz  artmış və 46,5 milyard ABŞ dollarını  ötmüşdür. Bu, 3 illik idxalın maliyyələşdirilməsi üçün kifayət edir və xarici dövlət borcunu 9 dəfə üstələyir. Strateji ehtiyatlar ümumi daxili məhsulun 70 faizinə  çatır və bu göstərici üzrə ölkə dünyada ilk 15-likdədir.

Mərkəzi Bankın valyuta ehtiyatları isə ilin əvvəlindən 14 faiz artaraq 12 milyard ABŞ dollarına yaxınlaşmışdır. 2013-cü il üçün  Mərkəzi Bank özünün valyuta ehtiyatlarının idarə edilməsinin yeni strategiyasını formalaşdırmışdır. Bu strategiya mövcud qlobal iqtisadi şəraitdə ehtiyatların maliyyə alətlərinin və coğrafi strukturunun diversifikasiyasını nəzərdə tutur.

Ötən il ümumi daxili məhsul  1,2 faiz, o cümlədən qeyri-neft sektorunda 9,7 faiz artmışdır. İqtisadi aktivliyin dövlət tərəfindən dəstəklənməsi qeyri-neft iqtisadiyyatının artım dinamikasına müsbət təsir göstərmişdir. Ümumilikdə il ərzində iqtisadi aktivlik gözləntiləri optimist olmuş, istehsalı artan, dövriyyəsi çoxalan müəssisələrin sayı artmışdır.

Daxili tələb, o cümlədən son istehlak xərcləri və investisiyalar iqtisadi artımda mühüm amil olmuşdur. Ötən il əhalinin adambaşına düşən nominal pul gəlirləri 12,2 faiz, son istehlak xərcləri isə 6,5 faiz  artmışdır.

Azərbaycanda məcmu tələbin artmasında investisiya aktivliyinin yüksəlməsi də mühüm rol oynamışdır. Belə ki,  ötən il qeyri-neft iqtisadiyyatına investisiyalar 26 faiz  artmışdır. Dövlət büdcəsinin xərcləri daxili investisiyaları artıran əsas amillərdən biri olmuşdur. Dövlət investisiyalarının 16 faiz  artması qeyri-neft sektorunda investisiya fəallığını daha da yüksəltmişdir.

Qeyri-neft sektorunda yüksək iqtisadi aktivlik ölkədə məşğulluğun artmasına şərait yaratmışdır. Bu, Dövlət Statistika Komitəsinin son məlumatında da öz əksini tapmışdır. Belə ki, 2012-ci ildə ölkədə hüquqi şəxslərin sayı artmaqda davam etmiş və qeydiyyatdan keçmiş 5417 hüquqi şəxsin 154-ü dövlət mülkiyyətinə, 4653-ü xüsusi mülkiyyətə, 483-ü tam xarici investisiyalı, 124-ü birgə müəssisələrə, 3-ü isə bələdiyyə mülkiyyətinə aid olmuşdur.

Yeni yaradılmış hər beş müəssisədən üçü Bakıda, 12,7 faizi Aran, 7,2 faizi Abşeron və 5,7 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçmişdir.

Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ildə 65799 fiziki şəxs qeydiyyatdan keçmişdir. İl ərzində fiziki şəxslər Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Abşeron və Lənkəran iqtisadi rayonlarında daha çox qeydiyyata alınmışdır.

Ölkə iqtisadiyyatının beynəlxalq reytinqləri daha da yaxşılaşmışdır. Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlik hesabatında Azərbaycan daha 9 pillə irəliləmişdir. Makroiqtisadi dayanıqlıq üzrə ölkə dünyada ilk 20 dövlət sırasındadır. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini “stabil” olaraq qiymətləndirirlər.

Mərkəzi Bankın 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında həmçinin vurğulanır ki, iqtisadiyyatın “təbii məşğulluq həddi”nə yaxınlığı şəraitində istehlak qiymətlərinin artım tempində 2011-ci ilin ikinci yarısından başlanan enmə ötən ildə də davam etmişdir.İnflyasiya birrəqəmli səviyyədə olmuş, orta illik inflyasiya 11 ayda cəmi 1,2 faiz təşkil etmişdir. Bu, 2011-ci  ilin eyni dövrü ilə müqayisədə 8 faiz  aşağıdır. Ölkədə əmək haqqının artım tempi inflyasiya tempini 7,3 faiz  üstələmişdir. Ticarət tərəfdaşı olan ölkələrdəki orta inflyasiya tempi Azərbaycandakı inflyasiyanı 5 faiz bəndi üstələmişdir. Müqayisə üçün, BVF 2012-ci ildə inkişaf etməkdə olan ölkələrdə orta inflyasiyanın 6,1 faiz təşkil edəcəyini proqnozlaşdırır.

Ötən il maliyyə sabitliyinin qiymətləndirilməsi potensialının artırılması məqsədilə bank sektorunda sistem risklərinin identifikasiyası prioritet məsələlərdən biri olmuşdur. Stress-testlər və maliyyə sabitliyi indikatorları vasitəsilə bank sektorunun davamlılığı və həssaslığı mütəmadi qiymətləndirilmişdir.   Mərkəzi Bankda elektron statistika və analitik hesabatlıq sisteminin yaradılması istiqamətində işlər əsasən yekunlaşdırılmışdır. Hesabatlıq və statistika “məlumat bankı” (“data warehouse”) platformasına keçirilmişdir. Ölkədə uğurla həyata keçirilən elektron “açıq” hökumət konsepsiyasının mühüm elementi olan bu sistem iqtisadi informasiyanın beynəlxalq standartlara uyğun effektiv və operativ toplanması, çevik emalı və yayımlanmasına imkan verir.

2012-ci ildə əhalinin və iqtisadi subyektlərin iqtisadi - maliyyə savadının artırılması sahəsində geniş maarifləndirmə tədbirləri görülmüşdür. İl ərzində beynəlxalq və yerli qurumlarla birgə medianın iştirakı ilə ictimaiyyətdə geniş maraq doğuran interaktiv maliyyə savadlığı layihələri həyata keçirilmişdir. Ölkədə ilk dəfə olaraq Beynəlxalq Əmanət Günü keçirilmişdir.

Ötən il Mərkəzi Bank tərəfindən  bank sisteminə etimadın qorunması, sistem risklərinin minimallaşdırılması, banklarda idarəetmə potensialının gücləndirilməsi və maliyyə dayanıqlığının artırılması istiqamətində tədbirlər davam etdirilmiş, maliyyə sabitliyinin qorunmasını təmin edən nəzarət rejimi tətbiq olunmuşdur.

Bank sisteminin maliyyə dayanıqlığının artırılması üçün Mərkəzi Bank banklara qarşı kapital tələblərini yüksəltmişdir. Fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum məbləğinin 50 milyon  manatadək artırılması barədə qərar qəbul edilmişdir. Bank sektorunun aktivlərinin 89 faizinə malik bankların kapitalının həcmi artıq bu tələbə uyğundur. Bankların məcmu kapitalın minimum məbləği üzrə yeni normativ 1 yanvar 2014-cü ildən qüvvəyə minəcəkdir. Yeni kapital tələblərinin tətbiqi bankların kapital mövqeyinin möhkəmlənməsi ilə yanaşı maliyyə vasitəçiliyinin effektivliyinin və dərinliyinin artırılmasına imkan verəcəkdir.

Əhalinin bank sisteminə etimadı daha da güclənmiş, əmanətlər 15,6 faiz  artaraq 4,8 milyard  manata çatmışdır. Müddəti 1 ildən yuxarı olan əmanətlərin həcmi 17,4 faiz artmışdır. Manatla əmanətlərin artım tempi (23 faiz) xarici valyutada əmanətlərin artım tempini (6,5 faiz) üstələmişdir. Regionlarda əmanətlərin həcmi 16 faiz artmışdır. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli fərmanına uyğun olaraq keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi uğurla başa çatmışdır.

2012-ci ildə faiz dərəcələrində azalma meyili davam etmişdir. Kreditlər və əmanətlər üzrə orta faiz dərəcələri 2 faiz bəndinədək azalmışdır.

Beynəlxalq maliyyə-kredit təşkilatları və aparıcı analitik mərkəzlər qlobal iqtisadi artımın 2013-cü ildə davam edəcəyəni proqnozlaşdırırlar. Beynəlxalq Valyuta Fondunun (BVF) ötən  ilin oktyabr ayında açıqladığı son proqnozlara görə 2013-cü ildə qlobal iqtisadi artımın 3,6 faiz olacağı gözlənilir.

Avrozonada borc böhranının bir neçə kiçik ölkənin hüdudlarından kənara çıxmaması və yüngülləşməsi qlobal iqtisadi artıma dair optimist gözləntilərin doğrulması üçün xüsusi əhəmiyyət kəsb edir. BVF-nun proqnozlarına görə 2013-cü ildə inkişaf etmiş ölkələrdəki 1,5 faiz iqtisadi artıma qarşı inkişaf etməkdə olan ölkələrdə 5,6 faiz iqtisadi artım gözlənilir. Borc problemi olan inkişaf etmiş ölkələrdə işsizlik səviyyəsinin yüksək, maliyyə sektorlarının isə kövrək olacağı proqnozlaşdırılır.

Qarşıdakı ildə də qlobal kapital axınlarında, aparıcı valyutaların məzənnələrində və dünya əmtəə qiymətlərində yüksək dəyişkənlik istisna edilmir. BVF-nun son proqnozlarına görə 2013-cü ildə neftin 1 barrelinin qiyməti 105 ABŞ dolları səviyyəsində gözlənilir.

2013-cü ildə xarici tələbin və əsas ixrac əmtəələrinin dünya qiymətlərinin ölkənin tədiyə balansına müsbət təsir edəcəyi proqnozlaşdırılır. Eyni zamanda qeyri-xammal əmtəə və xidmət ixracının artması gözləntiləri də yüksəkdir. Bu amillər 2013-cü ildə tədiyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 15-18 faizi səviyyəsində profisitin olacağını gözləməyə əsas verir. Ölkənin kredit reytinqinin yüksəlməsi isə qeyri-neft iqtisadiyyatına xarici investisiyaların artması üçün əlverişli şərait yaradır. Bütün bunlar son nəticədə növbəti ildə də ölkənin strateji valyuta ehtiyatlarının artmasını təmin edəcəkdir. Tədiyə balansının proqnozlaşdırılan vəziyyəti manatın məzənnəsinə təsir edən fundamental makroiqtisadi amil olacaqdır.

Rəsmi proqnozlara görə, 2013-cü ildə ölkədə iqtisadi artımın 5,3 faiz, o cümlədən qeyri-neft sektorunda 11,7 faiz olacağı gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ildə ölkədə iqtisadi artımın davam edəcəyini proqnozlaşdırırlar. Qeyri-neft sektorunda artımın 2013-cü ildə də əsasən daxili tələbdən təsirlənəcəyi gözlənilir.

Orta və uzunmüddətli dövrdə iqtisadi artımın daxili və xarici mənbələri arasında optimal tarazlığı təmin etmək, şaxələnmiş struktura malik rəqabətli ixrac sektorunu inkişaf etdirmək, bu əsasda iqtisadi artımın, məşğulluğun, büdcənin və tədiyə balansının dayanıqlığına nail olmaq strateji prioritetlərdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq hazırlanmış “Azərbaycan - 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası bütün bu prioritetləri əhatə edir.

Bu strateji prioritetlərin həyata keçirilməsinin təməl şərtlərindən biri makroiqtisadi sabitlikdir. Belə ki, daxili inflyasiya tempinin tərəfdaş ölkələrdəki orta çəkili inflyasiya tempinə nəzərən aşağı olması ixrac bazarlarında qeyri-neft məhsullarının qiymət üstünlüyünü təmin edir. Bu baxımdan tədiyə balansının profisiti şəraitində inflyasiyaya təsir etmək üçün pul kütləsinin artım templərinin tənzimlənməsi mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda manatın məzənnəsi də ixracın beynəlxalq rəqabət qabiliyyətinə təsir edir.

Bütövlükdə, 2013-cü ildə Azərbaycan qlobal iqtisadi mühitdən gələ biləcək riskləri və daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayət qədər manevr imkanlarına və adekvat strategiyaya malikdir.

Bu il pul siyasətinin əsas hədəfini inflyasiyanın 5-6 faiz  səviyyəsində təmin olunması təşkil edəcəkdir. Bunun üçün Mərkəzi Bank klassik tənzimləmə alətləri ilə pul kütləsinin artım tempinə təsir etməyə çalışacaqdır. Eyni zamanda uzunmüddətli dövrdə inflyasiyaya və iqtisadi tsiklə təsir baxımından pul siyasətinin yeni, daha effektiv rejiminin tətbiqi istiqamətində zəruri makroiqtisadi, institusional və struktur şərtlərin təmin olunması diqqətdə saxlanacaqdır.

Mərkəzi Bank 2011-2014-cü illər üçün strateji planına uyğun olaraq fəaliyyətinin bütün funksional istiqamətlərinin təkmilləşdirilməsi, müasirləşdirilməsi və beynəlxalq standartlara tam uyğunlaşması, daxili institusional potensialının gücləndirilməsi istiqamətində məqsədyönlü proqram və layihələri həyata keçirəcəkdir.

Makroiqtisadi və maliyyə sabitliyinin idarə olunması potensialının daha da artırılması, bunun üçün empirik tədqiqatlar, modelləşdirmə və proqnozlaşdırma, maliyyə sistemində risklərin simulyasiyası bazasının ən son qlobal çağırışlara adaptasiyası təmin olunacaqdır. Əhalinin maliyyə savadlığının gücləndirilməsi (maliyyə savadlığı portalının fəaliyyətə başlaması, bilik mübadiləsi və virtual mərkəzi bank layihələrinin reallaşması və s.) sahəsində sistemli tədbirlər davam etdiriləcəkdir.

Eyni zamanda insan kapitalının və kompetensiyaların inkişafı, korporativ idarəetmənin, bütün biznes proseslərin və başlıca funksiyaların yerinə yetirilməsinin yüksək keyfiyyət və səmərəlilik nəticələri ilə əlaqələnməsinin təmin olunması, elektronlaşma (elektron idarəetmə), avtomatlaşma və İKT sahəsində son nailiyyətlərin tətbiqi istiqamətində məqsədyönlü fəaliyyət davam etdiriləcəkdir.

Bank-maliyyə sektorunun dərinliyinin artırılması istiqamətində tədbirlər, o cümlədən regionların maliyyə resurslarına çıxışı imkanlarını artırmaq istiqamətində fəaliyyət davam etdiriləcəkdir. Maliyyə institutlarının regional şəbəkəsinin, o cümlədən qeyri-bank kredit institutlarının fəaliyyətinin genişləndirilməsi təşviq olunacaqdır.

Ölkədə ipoteka kreditləşdirilməsi sisteminin inkişafı istiqamətində tədbirlər davam etdiriləcəkdir. Bu tədbirlər ipoteka kreditlərinə çıxışın genişləndirilməsi, xüsusən də güzəştli ipoteka alınması imkanlarının artırılması istiqamətində olacaqdır. Alternativ ipoteka mexanizmlərinin tətbiqi imkanları da araşdırılacaqdır.

Mərkəzi Bankın 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında göstərilir ki, nağdsız ödənişlərin miqyasının genişləndirilməsi də adıçəkilən bankın fəaliyyətinin mühüm prioritetlərindən olacaqdır. Milli Ödəniş Sisteminin əsas komponentlərinin davamlı fəaliyyəti və inkişafı təmin ediləcəkdir. Vergi, rüsum, icarə haqqı, digər ödənişlərin dövlət qurumlarına elektron formada ödənilməsinin təmin edilməsi məqsədilə yaradılmış “Hökumət Ödəniş Portalı”na növbəti ildə də aidiyyatı qurumların inteqrasiyası istiqamətində zəruri tədbirlər görüləcəkdir.

 

 

Vaqif Bayramov

 

Xalq qəzeti.- 2013.- 29 yanvar.- S. 1.