Azərbaycanın beynəlxalq aləmdə reytinqi sürətlə artır

 

Ölkəmizin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə dair məruzə yüksək dəyərləndirilmişdir

 

Azərbaycanda ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan bəzi dairələr ölkəmizin beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək üçün gah icazəsiz aksiyalar keçirir, gah da  bir qrup gənci müxtəlif qeyri - qanuni hərəkətlərə təhrik edirlər. Belə bəd niyyətli ünsürlər  Avropa Şurası Parlament Assambleyasının  qış sessiyası ərəfəsində  bir qədər də fəallaşmışdılar. Məqsədlərini də gizlətmirdilər.

 

AŞPA- nın qış sessiyasında Azərbaycanda demokratik proseslərin inkişafına guya  hakimiyyətin əngəl törətməsi, insan hüquq və azadlıqlarının pozulması, insanların sərbəst toplaşmalarına şərait yaradılmaması barədə rəy formalaşdırmaq niyyətində idilər.  Hətta radikal müxalifət nümayəndələri və Leyla Yunus kimi  ermənipərəst hüquq müdafiəçiləri də iqtidarı hədələyərək deyirdilər ki, darıxmayın, AŞPA - nın qış sessiyasında görün sizi necə biabır edəcəyik. Ancaq hər şey əksinə oldu. Belə antimilli insanların yalan məlumatları əsasında Azərbaycandakı “siyasi məhbuslar”la əlaqədar məruzə  hazırlayan almaniyalı deputat Kristofer Ştrasserin özü rüsvay oldu. Radikal müxalifət və Leyla Yunus kimi üzdəniraq hüquq müdafiəçisi K.Ştrasseriöz səviyyələrinə endirdilər.

AŞPA - nın Strasburqda keçirilən qış sessiyası artıq öz işini başa çatdırdı. Bu sessiyada bir daha təsdiqləndi ki,  Azərbaycan artıq bu qurumda  mühüm söz sahibinə çevrilmişdir.  AŞPA-nın qış sessiyasının   müsbət nəticələri   Azərbaycan parlamentinin beynəlxalq fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsini təsdiqlədi.

Azərbaycan  parlamenti nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizin AŞPA - da söz sahibinə çevrilməsini, nüfuzunun artmasını respublikamızın  bu qurum qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsi və  sessiyadan əvvəl dünyanın və  bir çox Avropa ölkələrinin parlamentlərində, eləcə də AŞPA-da Azərbaycan həqiqətlərinin  çatdırılması ilə bağlı aparılan müzakirələrin müsbət sonluğu kimi  dəyərləndirmişdir. Azərbaycana təsir göstərmək üçün insan haqları, demokratiya kimi ali dəyərlərdən öz məqsədləri naminə istifadə edən məruzəçi Kristofer Ştrasserin hazırladığı qərəzli layihə məhz bu sessiyada səs çoxluğu ilə qəbul olunmadı. K.Ştrasseröz məğlubiyyətini etiraf etdi. Onu da etiraf etdi ki, onun məruzəsi radikal müxalifətin və bəzi hüquq müdafiəçilərinin “faktları” əsasında hazırlanıb. Bunu artıq avropalı  deputatların böyük əksəriyyəti də  başa düşüb. Axı,  K.Ştrasser  heç vaxt Azərbaycanda olmayıb, məhbuslarla görüşməyib, təcridxanalarda monitorinq aparmayıb. Bütün bunlardan  sonra o, “siyasi məhbuslar” haqqında necə məruzə hazırlaya bilərdi? Qış sessiyasında məlum oldu ki,  onun məruzəsi Azərbaycana qarşı subyektiv və qərəzli mövqedən hazırlanıb və əsas məqsəd də ölkəmizdə gedən prosesləri başqa tərzdə təqdim etməkdir. AŞPA - nın məruzəçisi  istəyinə nail ola bilmədi. Hətta, K.Ştrasserin iclasın başlamasına bir neçə saat qalmış məruzəsində dəyişikliklər etməsi də avropalı deputatların diqqətindən kənarda qalmamışdır və onun bu addımı ciddi narazılıq yaratmışdır.  Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi səfir Emin Eyyubov da bu məsələyə münasibət bildirərkən demişdir ki,  almaniyalı deputatın  Azərbaycanda “siyasi məhbuslar”la bağlı təqdim etdiyi qətnamə layihəsinin qəbul edilməməsi Avropa dəyərlərinin aliliyinin, AŞPA-da  sağlam düşüncənin qələbəsidir. Qətnamə layihəsinin qəbulu Avropa Şurasının təşviq etdiyi təməl prinsiplərə və dəyərlərə, onun nüfuzuna xələl gətirər, eləcə də təşkilata olan inamı sual altında qoya bilərdi. Çünki Kristofer Ştrasserin qətnamə layihəsi qərəzli idi. AŞPA deputatlarının onun qətnamə layihəsinin əleyhinə səs verməsi Avropa dəyərlərinə, qanunun aliliyinə hörməti ehtiva edir. Onlar həmin qətnamə layihəsinin əleyhinə səs verməklə təkcə Azərbaycanın haqlı mövqeyinin müdafiəsinə deyil, eləcə də haqqın və ədalətin müdafiəsinə qalxdılar. Qətnamə layihəsi ilə bağlı səsvermənin nəticəsi göstərdi ki, Azərbaycanın mövqeyi Avropa Şurasında dəstəklənir və nəzərə alınır. Azərbaycan Avropa Şurasında yüksək səviyyədə mövqeyini müdafiə etmək iqtidarındadır və bu istiqamətdə də işlərini davam etdirəcəkdir.

 Bununla həm də sübut olundu ki, belə təzyiq vasitəsilə Azərbaycanı dünyada və beynəlxalq təşkilatlarda öz müstəsil siyasətindən çəkindirmək mümkün deyil və onun getdikcə artan nüfuzuna xələl gətirmək qeyri - mümkündür. AŞPA-da Azərbaycanda “siyasi məhbus” məsələsi ilə bağlı qətnamə layihəsinin əleyhinə səs verənlər əslində Avropa dəyərlərinə, ədalətə, hüququn aliliyinə hörmət nümayiş etdirdilər.

AŞPA-da əldə olunan bu uğur təbii ki,  Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü xarici siyasətin nəticəsidir.  Bir qədər əvvəl Azərbaycanın BMT  Təhlükəsizlik Şurasının qeyri - daimi üzvü seçilməsi və bu seçkilərdə 155 dövlətdən dəstək alması artıq bir daha təsdiqlədi ki, Azərbaycan dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməkdədir.  Budur, artıq daha bir nüfuzlu beynəlxalq təşkilat da ölkəmizə olan inam və etimadını ortaya qoydu. Dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət, başqa ölkələrlə dostluq münasibətlərinin inkişaf etdirilməsi belə bir nəticənin əldə olunması üçün zəmin yaratmışdır.

Assambleyada aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan bu qurum qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir, demokratik proseslərin inkişafı, insan hüquq və azadlıqlarının qorunması istiqamətində bütün imkanlardan səmərəli istifadə edir. Ona görə də Azərbaycana qarşı böhtaniftiralar, dezinformasiya cəhdləri artıq Avropanın özünə də təhlükə yaratdığı üçün qətiyyətlə rədd edilir. Bütün bunların nəticəsi olaraq   Avropa Şurası bu sessiyada sübut etdi ki, Azərbaycanla konstruktiv əməkdaşlığa hazırdır. Bunu K.Ştrasserbaşa düşdü və təqdim etdiyi məruzəyə rədd cavabı verildikdən sonra o, özü  aldadıldığını və radikal müxalifətin onu rüsvay etdiyini anladı.

AŞPA - nın qış sessiyasında  Ermənistan nümayəndələri  həmişə olduğu kimi,bu dəfə də öz iddialarını yeridə bilmədilər. Bunun əsas səbəblərindən biri  rəsmi Bakının AŞPA ilə əməkdaşlıqda, o cümlədən insan haqları məsələsində hər zaman siyasi iradə nümayiş etdirməsi olmuşdur. Sessiyada Azərbaycan üzrə məruzəçilərin təqdim etdiyi məruzənin müzakirəsi zamanı ermənilərin bir neçə dəfə sənədə müdaxilə etmək cəhdi boşa çıxmışdır. AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Pedro Aqramunt çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, 1 milyona yaxın azərbaycanlının öz yurdundan didərgin düşərək qaçqın və məcburi köçkün şəraitində yaşadığını diqqətə çatdırmışlar. Ən maraqlısı isə o olmuşdur ki, ermənistanlı deputat çıxış edərək demişdir ki, səslənən rəqəmlər şişirdilmişdir. İşğal olunmuş torpaqlar 20 deyil, 14 faiz təşkil edir, qaçqın və məcburi köçkünlərin sayı isə 700 minə qədərdir. P.Aqramunt isə dərhal onlara cavab olaraq bunun rəsmi etiraf olduğunu və həqiqətən də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin fakt olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırmışdır. Erməni deputatın etirafı təkcə  onların özlərini deyil, havadarlarını da pis vəziyyətə salmışdır.

 Azərbaycandakı real vəziyyət, qəbul olunmuş qanunların Avropa standartlarına uyğunlaşdırılması, korrupsiyaya qarşı mübarizə, dini dözümlülük konkret faktlarla diqqətə çatdırılmışdır. Bakıda başqa dini icmaların nümayəndələri üçün yaradılmış şərait, sinaqoqların və katolik kilsənin tikilməsi, rus pravoslav kilsənin əsaslı təmir olunması barədə məlumatlar avropalı deputatlar tərəfindən xüsusi qeyd olunmuş və yüksək qiymətləndirilmişdir. Assambleyada çıxış edən   deputaların əksəriyyəti Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiyini bildirmişdir. Almaniyalı deputat Robert Valter 1918-ci ildə Azərbaycanda ilk dəfə qadınlara seçmək və seçilmək hüququnun verildiyini, gənc respublikada demokratiyanın inkişaf etdiyini diqqətə çatdırmışdır. Fransalı deputat Jan-Mari Bokelin çıxışı xüsusi maraq doğurmuşdur. O demişdir: “Mən bir çox məsələlərə diqqəti cəlb etmək istərdim. İlk növbədə, ölkənin malik olduğu iqtisadi potensial hazırda demokratiyanın inkişafına rəvac verir.

Bu gün digər həssas bir məsələni - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini xüsusi qeyd etmək lazımdır. Münaqişə demokratiyaya doğru yönələn səyləri  əngəlləyir. Azərbaycan xalqının 10 faizini təşkil edən qaçqın və məcburi köçkünlər məsələsinə diqqət yetirilməlidir. Biz bu məsələdə ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyərək münaqişənin həlli üçün çalışmalıyıq. Bizim təşkilatımızın tərkibində münaqişə şəraitində olan iki ölkə vardır. Parlament diplomatiyası demokratiyanın inkişafına kömək edəcək nəticələrin əldə olunmasına gətirib çıxarmağa imkan verməlidir. Qeyd edim ki, Avropa İttifaqı da məsələlərə bu prizmadan yanaşır, çünki bu yaxınlarda tərəfləri münaqişəyə dair danışıqları sürətləndirməyə çağırmışdır. Avropa  İttifaqının genişlənmə üzrə komissarı da bir neçə həftə əvvəl bu ölkədə demokratiyanı gücləndirmək üçün göstərilən səyləri xüsusi qeyd etmişdir. Eyni zamanda, avropalı komissar Brüssel ilə Bakı arasında enerji sahəsində əməkdaşlığın inkişafını alqışlamışdır”.

Jan-Mari Bokel almaniyalı deputat K.Ştrasserin məruzəsinin Azərbaycanın tutduğu demokratiya yolunu əks etdirmədiyini söyləmişdir. Bildirilmişdir ki, həyata keçirilən səyləri və əldə edilən irəliləyişləri görmədən  həmin ölkəni tənqid etmək düzgün deyildir.

 Fransalı deputat demişdir: “Mən, habelə diqqəti Azərbaycanın yerləşdiyi geopolitik vəziyyətə və Ermənistan ilə müharibə vəziyyətinə çəkmək istəyirəm. Azərbaycanda mövcud olanmodel xarakteri daşıyan bəzi elementləri xüsusi qeyd etməliyəm. Ölkədə mövcud olan dünyəvilik, dinlərarası birgəyaşayış da xüsusi qeyd edilməlidir. Bu səbəblərdən mən Monitorinq Komitəsinin hazırladığı məruzənin lehinə səs verəcəyəm. K.Ştrasserin məruzəsi isə qərəzli və natamam olduğuna görə ona səs verməyəcəyəm”.

Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən  işğal olunması  nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün həyatı yaşadığı, onların hüquqlarının pozulduğu avropalı deputatlar tərəfindən açıq şəkildə pislənildi. Fransalı deputatlardan Rene Ruke, Jak Ruke, Terri Marianinin çıxışları Ermənistan nümayəndələrini pat vəziyyətinə saldı. Avropalı deputatlar  K.Ştrasserin başqa yol tutduğunu, bu haqsızlıqlara laqeyd münasibətini kəskin tənqid etdilər. Çıxış edənlər Azərbaycanda iqtisadi yüksəlişin göz qabağında olduğunubu yüksəlişin demokratik proseslərdən xəbər verdiyini, müsəlman ölkəsi olmasına baxmayaraq, Azərbaycandakı tolerantlığın Avropa ölkələrinin əksəriyyətinə nümunə olduğunu bildirmişlər.

Polşadan, Rusiyadan, Türkiyədən, Macarıstandan, Sloveniyadan və başqa ölkələrdən olan deputatlar “siyasi məhbus” anlayışının müəyyənləşmədiyi halda, onun Azərbaycana tətbiq edilməsini pisləmiş və Azərbaycanın son illər bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən, beynəlxalq aləmdə nüfuzunun artmasından söhbət açmışlar. Bəzi avropalı deputatların ermənilərə havadarlıq etmələrinin heç bir nəticəsi olmamışdır. Onların çıxışları ciddi narazılıqlarla qarşılanmışdır.

AŞPA-nın budəfəki  qış sessiyasında Azərbaycanın bu qurum qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə  bağlı  həmməruzəçilər Pedro Aqramunt və Cozef Debono Qrexin hazırladığı məruzənin yüksək səs çoxluğu ilə qəbul edilməsi  ölkəmizin beynəlxalq miqyasda artan nüfuzundan xəbər verir. Azərbaycanın Avropa Şurası qarşısında  götürdüyü öhdəliklərin icrası ilə bağlı dördillik hesabatı  müsbət qiymətləndirilmiş,  heç bir əlavə və dəyişiklik olmadan qəbul edilmişdir.

 Göründüyü kimi, radikal müxalifətin və ermənipərəst hüquq müdafiəçilərinin prezident seçkisi ilində  beynəlxalq təşkilatlarda ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri iflasa uğradı. Onların yalanları bu dəfə də  ayaq tutmadı. Avropa Şurası  Azərbaycan həqiqətlərini olduğu kimi dəyərləndirdi və ölkəmizdə demokratik proseslərin inkişafının yüksələn xətt üzrə inkişaf etdirildiyi bir daha təsdiqləndi. Həmçinin insan hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması da öz əksini tapdı. Bütün bunlar Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin getdikcə artmasından xəbər verir.

 

 

Əliqismət Bədəlov

 

Xalq qəzeti.- 2013.- 29 yanvar.- S. 3.