Ötən illər
yeni üfüqləri nişan verir
Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin yaranmasından 7 il ötür
Mədəniyyət və Turizm
Nazirliyinin yaranmasının 7 ili tamam olur. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 30
yanvar 2006-cı il tarixli fərmanına əsasən mədəniyyət
və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi
və müasir tələblərə uyğun qurulması,
idarəetmənin səmərəliliyinin daha da
artırılmasının zəruriliyi nəzərə
alınaraq yeni mərkəzi icra orqanı –
Mədəniyyət
və Turizm Nazirliyi yaradıldı.
Təbii ki, yeni nazirliyin yaradılması və öz işini daha müasir tələblərə uyğun qurması əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən sağlam təməllər üzərində qoyulan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən uğurlu dövlətçilik siyasətinin ayrılmaz tərkib hissəsi idi.
Azərbaycan
Respublikası Prezidentinin mədəniyyət və turizmlə
bağlı fərman və sərəncamlarını,
müvafiq dövlət proqramlarını əldə rəhbər
tutan Mədəniyyət və Turizm Nazirliyi hər iki sahənin
ahəngdar inkişafını təmin etmək məqsədilə
incəsənət, mədəni irs, kinematoqrafiya, nəşriyyat
işi, elm və təhsil, turizm, beynəlxalq əlaqələr,
eləcə də mədəniyyət və turizm obyektlərinin
tikintisi, yenidən qurulması sahəsində mühüm tədbirlər
həyata keçirməkdədir. İndiyədək
görülən işlər, əldə olunan nəticələr
bu sahələrdə perspektiv layihələrə, gələcək
inkişafa daha nikbin baxmağa əsas verir.
2006-2012-ci
illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
mədəniyyət və incəsənət sahəsində
1000-dən çox beynəlxalq və respublika əhəmiyyətli
tədbir keçirilmiş, ölkəmiz bir çox beynəlxalq
festival və müsabiqələrə ev sahibliyi etmişdir.
Onların sırasında 6 dəfə keçirilən Beynəlxalq
Rostropoviç festivalları (2007-2012), I və II beynəlxalq
muğam festivalı və müsabiqələri (2009, 2011),
Bakı beynəlxalq caz festivalları (2009-2012), Ü.Hacıbəyliyə
həsr olunmuş beynəlxalq musiqi festivalları (2009-2012),
Vokalçıların Bülbül adına beynəlxalq
müsabiqəsi (2007, 2010, 2012), Qəbələ Beynəlxalq
Musiqi Festivalı (2009-2012), Bakı Beynəlxalq Teatr
Konfransı (2010, 2012), Çexov adına Beynəlxalq Teatr
Festivalının “İpək yolu” mərhələsi (2010),
Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı
(2011), I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı (2011),
I Beynəlxalq Kukla Biennalesi (2011), Beynəlxalq Bakı Kitab Sərgi-Yarmarkası
kimi mötəbər tədbirləri xüsusi qeyd etmək
lazımdır.
Bu layihələrin önəmli qismi mədəniyyətimizin
hamisi, Azərbaycanın birinci xanımı, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə birlikdə
həyata keçirilmişdir. Heydər Əliyev
Fondunun dəstək verdiyi, təşəbbüsçüsü
və təşkilatçısı olduğu layihələr
milli incəsənətimizin dünyada, dünya incəsənətinin
isə Azərbaycanda təbliğinə, həmçinin bu
sahədə ayrı-ayrı ölkələrlə
müştərək tədbirlərin təşkili
işinə böyük töhfədir.
Nazirliyin
yarandığı gündən ötən müddətdə
Almaniya, Misir, Səudiyyə Ərəbistanı, Tacikistan,
Türkmənistan, Rusiya, Qətər, Mərakeş,
Küveyt, Çin, İordaniya, Gürcüstan, Kuba, Meksika,
İran və s. ölkələrdə Azərbaycan mədəniyyət
günləri keçirilmişdir. 2012-ci
ildə Ukrayna, Qazaxıstan və Türkiyədə
(iyun), Belarusda (oktyabr), Moldovada gerçəkləşən mədəniyyət
günlərində Azərbaycanın musiqisi, teatr və balet
tamaşaları, kino nümunələri, habelə foto və
turizm sərgiləri vasitəsilə ölkəmizin ənənə
və müasirlik qovşağında bugünkü
inkişafı təqdim edilmişdir. 2012-ci ilin aprel
ayında Heydər Əliyev Fondunun, Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi və ölkəmizin Romadakı
səfirliyinin yaxından köməyi ilə ilk dəfə
İtaliyada keçirilən Azərbaycan mədəniyyəti
günləri xüsusilə əlamətdar olmuşdur. Tədbir
çərçivəsində İtaliya paytaxtının
“Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri
Nizami Gəncəvinin abidəsi açılmış, Roma,
Turin, Venesiya, Milan şəhərlərində konsertlər təşkil
edilmişdir.
Ötən
dövr teatr sənəti üçün də mühüm
hadisələrlə yadda qalmışdır. Son 7 ildə
dövlət teatrlarında 600-dək yeni tamaşa
hazırlanmış, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə”
Dövlət Proqramı təsdiq edilmiş, 2009-cu ildə Gəncədə,
2011-ci ildə Lənkəranda “Yeni Teatr” respublika
festivalları gerçəkləşmişdir. Teatrlarımız hər il beynəlxalq festivallarda
uğurla çıxış edir, müxtəlif ölkələrə
qastrol səfərlərinə gedir. 2012-ci ilin 1-25 iyun tarixində
milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin
200 illiyi münasibətilə “Sərgüzəşti Mirzə
Fətəli Axundzadə” Milli Teatr Festivalı keçirilmişdir.
Nazirliyin repertuar planına əsasən 2012-ci ildə respublika
teatrlarında Axundzadənin komediyaları əsasında 18
tamaşa hazırlanmışdır.
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına əsasən, 2012-ci il 5-6 noyabr tarixlərində Bakıda keçirilən II Beynəlxalq Teatr Konfransı bu sahədə təcrübə mübadiləsinə, beynəlxalq əlaqələrin inkişafına əlavə təkan vermişdir. Tədbirdə MDB, Avropa, Afrika, Amerika və Asiya ölkələrindən 70-dək qonaq iştirak etmişdir.
Azərbaycan
təsviri sənətinin inkişafı, təbliği, gənc
rəssamların yaradıcılığının dəstəklənməsi
istiqamətində xeyli iş görülmüşdür. Ötən 7 ildə bu sahədə 300-dək
respublika və beynəlxalq əhəmiyyətli tədbir və
sərgilər keçirilmişdir. 2007,
2009 və 2011-ci illərdə İtaliyada keçirilən
Dünya Təsviri Sənət Sərgisində (Venesiya
Biennalesi) Azərbaycan pavilyonu təşkil edilmişdir. 2012-ci
il 9-16 dekabr tarixində nazirliyin Azərbaycan Rəssamlar
İttifaqı və “Yarat!” İncəsənət Məkanı
ilə birlikdə Bakıda təşkil etdiyi “Zamanın
simaları” mövzusunda “Alüminium” V Beynəlxalq Müasir
İncəsənət Biennalesi geniş maraq
doğurmuşdur.
Ötən müddətdə bir çox incəsənət
xadimlərinin yubileyləri qeyd olunmuşdur. Bu
sırada 2012-ci ildə fırça ustası Bəhruz Kəngərlinin
120, maestro Niyazinin və ilk peşəkar qadın bəstəkarımız
Ağabacı Rzayevanın 100, böyük bəstəkarlar
Fikrət Əmirov və Rauf Hacıyevin, unudulmaz müğənnilər
Sara Qədimova və Şövkət Ələkbərovanın
90, görkəmli kamança ifaçısı Habil Əliyevin
85, dünya şöhrətli müğənni Müslüm
Maqomayevin 70 illiyi və s. tədbirləri qeyd etmək olar.
Son 7
il ərzində nazirlik tərəfindən muzey işi,
qeyri-maddi mədəni irs, o cümlədən aşıq sənəti,
xalq yaradıcılığı və kulinariya mədəniyyəti
sahəsində bir sıra tədbirlər həyata
keçirilmişdir. Nazirliyin
“2010-2014-cü illər üçün Xalq
Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində
folklor, sənətkarlıq, əfsanələr paytaxtları
(2010-cu ildə Qazax, Şəki, Gəncə, 2011-ci il üzrə
Lənkəran, İsmayıllı, Şabran, 2012-ci ildə
Masallı, Quba, Gədəbəy) elan edilmiş, müvafiq tədbirlər
planı icra olunmuşdur. 2012-ci ilin “Folklor paytaxtı”
Masallıda beynəlxalq folklor festivalı (6-10 sentyabr), “Sənətkarlıq
paytaxtı” Qubada “Alma bayramı” (6 oktyabr) keçirilmişdir.
2006-cı
ildən ənənəvi olaraq keçirilən Prezident Kuboku
uğrunda çövkən milli oyunları qədim xalq ənənələrinin,
zəngin qeyri-maddi mədəni irsimizin qorunması və təbliğinə
xidmət edir. 2010-cu ilin oktyabrında Heydər Əliyev
Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi
və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı
ilə keçirilən I Beynəlxalq Aşıq Festivalı
YUNESKO-nun Qeyri-maddi Mədəni İrs Siyahısında (2009)
yer alan qədim el sənətimizin təbliğinə
böyük töhfə oldu.
YUNESKO-nun
“Mədəni özünüifadə müxtəlifliyinin
qorunması və təşviqi haqqında Konvensiyası”na
(2005) uyğun olaraq ölkəmizdə yaşayan milli azlıq
və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin
tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir.
Ölkə
Prezidentinin “Azərbaycanda muzey işinin
yaxşılaşdırılması haqqında” (6 mart 2007-ci
il), “Azərbaycanın regionlarında fəaliyyət göstərən
muzeylərin müasir standartlara uyğun təmirinə, yeni
avadanlıq və zəruri eksponatlarla təchizatına dair
xüsusi tədbirlər planı”nın təsdiq edilməsi
haqqında (22 may 2009-cu il) və s. sərəncamların
icrası ilə bağlı xeyli iş
görülmüş, muzey quruculuğu yeni mərhələyə
qədəm qoymuşdur. Yeni muzey binalarının tikintisi və
əsaslı təmir-bərpası, muzeylərdə informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi, fondların komplektləşdirilməsi,
ekspozisiyalarının təkmilləşdirilməsi daim diqqət
mərkəzindədir.
Mədəniyyət
və Turizm Nazirliyi sistemində muzeylərin sayı 212-yə
çatdırılmışdır.
Muzey işi sahəsində beynəlxalq əməkdaşlıq genişlənir, birgə layihələr həyata keçirilir. Bu sırada 2012-ci ilin mart-may aylarında Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin, Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən Fransanın inciləri – Renessansdan XX əsrədək” adlı sərgini xüsusi qeyd etmək lazımdır. Ötən ilin fevral-may aylarında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Roma Sivilizasiyası Muzeyində keçirilən “Azərbaycan – Odlar Yurdu İpək Yolunda” adlı sərgi də geniş maraq doğurmuşdur.
Bəhs
olunan dövrdə Azərbaycanın mədəni irsinin
özünəməxsusluğunun qorunub saxlanılması,
tarix-mədəniyyət abidələrinin öyrənilməsi
və mühafizəsi ilə bağlı ardıcıl tədbirlər
görülmüşdür. Nazirlər
Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq
edilmiş dövlət siyahısına 6308 dünya, ölkə
və yerli əhəmiyyətli daşınmaz abidə daxil
edilmişdir. Ölkə başçısı son illər ərzində
Azərbaycanın tarixi və mədəni irsin qorunub
saxlanması, istifadəsi və gələcək nəsillərə
çatdırılması sahəsində mühüm qərarlar
qəbul etmişdir.
2007-ci
ilin 29 iyun tarixində Qobustan Milli Tarix-Bədii Qoruğu
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. 2012-ci
ilin martında Qobustan qoruğunun yeni inzibati binası və
müasir texnologiyalarla təchiz edilmiş
ekspozisiyasının rəsmi açılış mərasimi
olmuşdur. ABŞ Dövlət Departamenti Qobustan Qoruğunu
“Museum connect 2012” layihəsinə
tərəfdaş
seçmişdir.
Tarix
və mədəniyyət abidələrində bərpa
işləri daim diqqət mərkəzindədir, ötən
müddətdə 50-dək abidədə bərpa işləri,
40-dan çox abidənin bərpa və konservasiya layihələri
başa çatdırılmışdır.
Mədəni
irs sahəsində beynəlxalq əməkdaşlığa
xüsusi önəm verilir. 2012-ci ilin aprel
ayında YUNESkO-nun Mədəni mülkiyyətin mühafizəsinin
və bərpasının öyrənilməsi üzrə
Beynəlxalq Mərkəzi (İCCROM) və Abidələr və
tarixi yerlər üzrə Beynəlxalq Şurası (İCOMOS),
İtaliyanın Romualdo del Bianko fondu ilə birlikdə “Təzyiq
altında irs - şəhərlərin tarixi
landşaftlarının perspektivləri” adlı Beynəlxalq
Bakı Konfransı keçirilmişdir. “Miras” İctimai
Birliyi, Türkiyənin Doqquz Eylül Universiteti ilə birgə
Ağsu rayonunda təşkil edilən IV Beynəlxalq Avrasiya
Arxeologiyası Konfransı (oktyabr) da bu sahədə elmi və
təcrübə mübadiləsi baxımından əhəmiyyətli
tədbir olmuşdur.
“Azərbaycan
kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair
Dövlət Proqramı”nın icrasına uyğun olaraq bu sahədə
müxtəlif layihələr həyata keçirilir, gənc
kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə
xüsusi diqqət yetirilir. Ənənəvi olaraq keçirilən
“Bu meydan, bu ekran” kino layihəsi kinematoqrafiya sahəsində
çalışan gənc mütəxəssislərə
özlərini sınamaq üçün imkan yaradır.
Dövlət
Proqramı çərçivəsində tikilərək
istifadəyə verilən Azərbaycan Dövlət Film
Fondunun yeni binası ən müasir dünya standartlarına
cavab verir. Əsaslı təmir-bərpadan
sonra 2012-ci ildə qapılarını kinosevərlərin
üzünə açan “Nizami” Kino Mərkəzi bu gün
eyni zamanda müxtəlif tədbirlərin,
festivalların gerçəkləşdiyi məkandır.
Ötən il burada Qazaxıstan və Rusiya kinosu günləri
(mart-aprel), “Gənclərin qısa filmləri” (may), eləcə
də MDB ölkələri Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondu ilə birgə
“Kinoşok” festivalının qalib filmlərinə
baxış təşkil edilmişdir. 2012-ci ilin oktyabr
ayında Mədəniyyət və Turizm, Gənclər və
İdman nazirliklərinin təşkilatçılığı
ilə keçirilən I Bakı Beynəlxalq İdman
Filmləri Festivalında 19 ölkədən 50 bədii və
sənədli film nümayiş olunmuşdur.
2006-2012-ci
illərdə dövlət sifarişi ilə 80-dən
çox sənədli, 30-dan çox tammetrajlı film çəkilmişdir.
Müqayisə üçün qeyd edək ki, əvvəlki
10 ildə (1995-2005) ölkəmizdə cəmisi 18
tammetrajlı film çəkilmişdir.
2006-2012-ci
illərdə ekran əsərlərimiz 40-dan çox ölkədə
100-dən artıq festivalda uğurla iştirak etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi
ilə istehsal olunmuş “Sahə” bədii filmində rol
almış Timur Oduşev 2011-ci ildə ABŞ-ın
Los-Anceles şəhərində “The Young Artist Foundation” tərəfindən
keçirilmiş 32-ci “Gənc Hollivud Ulduzları” müsabiqəsinin
qalibi elan edilmiş, 2012-ci ildə isə bu ekran əsəri
“California Film Awards” müsabiqəsində “Ən
yaxşı bədii film” nominasiyasında qızıl
mükafata layiq görülmüşdür. “Buta”
filmi Avstraliyanın Kvinslend şəhərində V Asiya-Sakit
Okean Kino Akademiyasının “Ən yaxşı uşaq filmi”
nominasiyasında qalib elan olunmuş (2011), “Mayak”
qısametrajlı bədii, “Top həm düşər, həm
qalxar” sənədli filmləri bir sıra müsabiqə və
festivallarda mükafat qazanmışdır. 2011-ci ildən Kann
kinofestivalında Azərbaycan pavilyonu təşkil edilir,
milli filmlərimiz nümayiş olunur, müxtəlif ölkələrin
kino sənətçiləri ilə yaradıcılıq
ünsiyyəti qurulur, fikir mübadiləsi aparılır.
2006-2012-ci
illərdə nazirlik tərəfindən 300-dən çox
adda kitab nəşr edilərək ölkə
kitabxanalarına paylanmışdır. Bu
kitabların əksəriyyəti Azərbaycan dövlətinin
mədəniyyət siyasətinə uyğun olaraq mədəniyyət,
incəsənət və ədəbiyyat, kulturologiya, mədəni
irsin qorunması, mədəniyyət və turizm sahələrinin
maddi-texniki bazasının möhkəmləndirilməsi məsələləri
ilə bağlı olmuşdur. Nazirliyin 2012-ci il planına
uyğun olaraq 70 adda kitab nəşr olunmuşdur. Bu sırada
ötən il yubileyləri dövlət səviyyəsində
qeyd edilən ədiblərimizə, o cümlədən M.Ə.Sabir
və M.F.Axundzadəyə həsr olunan nəşrlər
xüsusi yer tutur.
2012-ci
il mədəniyyət tariximizə bir sıra görkəmli
şair, yazıçı və mütəfəkkirlərimizin
yubiley ili kimi düşmüşdür. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamlarına
uyğun olaraq il ərzində Nizami Gəncəvinin 870, Mirzə
Fətəli Axundzadənin 200, Xurşudbanu Natəvanın
180, Mirzə Ələkbər Sabirin 150, Məmməd Səid
Ordubadinin 140, Hüseyn Cavidin
130, Əhməd Cavadın 120, Mirvarid Dilbazinin 100, Xəlil Rza Ulutürkün 80
illik yubileyləri geniş tədbirlərlə qeyd
olunmuşdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin
870 illik yubileyi xüsusilə genişmiqyaslı olmuşdur.
2012-ci ilin sentyabr ayında şairin vətəni Gəncədə,
oktyabrda Bakıda 14 ölkədən 150-dən çox
qonağın iştirakı ilə keçirilən tədbirlər
beynəlxalq miqyaslı ədəbiyyat bayramına
çevrilmişdir. Hindistanın İ.Qandi adına Mədəniyyət
Mərkəzi ilə birgə 2012-ci il noyabr ayında Nyu Dehli
şəhərində Nizami Gəncəviyə həsr
edilmiş elmi konfrans, dekorativ, rəsm, xalça, numizmatika və
tematik kitab sərgisi keçirilmişdir.
M.F.Axundzadənin
200 illik yubileyi dramaturqun vətəni Şəkidə və
Bakıda təntənəli şəkildə qeyd edilmiş, ədəbin
xatirəsinə həsr edilmiş
“Deyilən söz yadigardır” VI ümumrespublika bədii-qiraət
müsabiqəsi geniş ictimai maraq doğurmuşdur. 2012-ci il
TÜRKSOY tərəfindən “Mirzə Fətəli Axundzadə
İli” elan edilmişdir.
2006-cı
ildən başlayaraq Azərbaycan kitabı İsgəndəriyyə
(Misir), Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin),
İstanbul (Türkiyə), Moskva (Rusiya), London (Böyük
Britaniya), Tehran (İran), Paris (Fransa) və s. şəhərlərdə
keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında
nümayiş etdirilərək ziyarətçilərin
böyük marağına səbəb olur.
2012-ci
ildə Bakıda ilk dəfə olaraq “Reklam mədəniyyəti
- reallıq və perspektivlər” mövzusunda beynəlxalq
konfrans keçirilmişdir. 2009-cu ildə nazirlik tərəfindən
təsis edilən “Qızıl Kəlmə” ədəbi
mükafatı ədəbi ictimaiyyətdə böyük
maraqla qarşılanmışdır. İki ildən bir
keçirilən müsabiqənin üçüncüsü
bu il gerçəkləşəcək.
Ötən
müddətdə Mədəniyyət və Turizm Nazirliyinin ən
geniş sahələrindən olan kitabxana-informasiya sahəsinin
inkişafı və modernləşdirilməsi prioritet istiqamətlərdən
biri olaraq qalmışdır. Prezidentin 20
aprel 2007-ci il tarixli “Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması barədə”, 6 oktyabr
2008-ci il tarixli “Azərbaycan Respublikasında kitabxana-informasiya
sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə
Dövlət Proqramı”nın təsdiq edilməsi barədə
müvafiq sərəncamlarına uyğun olaraq kitabxanalar
vahid informasiya sahəsinə daxil olmuş, şəhər,
rayon mərkəzi kitabxanalarının veb-saytları
yaradılmış, elektron kataloq və elektron kitabxanalar təşkil
olunmağa başlanmışdır. Nazirlər Kabinetinin
müvafiq qərarına uyğun olaraq respublikanın
bütün şəhər və rayon MKS-lərin strukturunun
təkmilləşdirilməsi və kitabxana
filiallarının birləşdirilməsi işi həyata
keçirilmişdir. Kitabxanaların beynəlxalq əlaqələri
genişlənmişdir.
2012-ci il respublikanın 1 şəhər və 11
rayonunda “Kitabxanalar ili” elan edilmişdir. Görülmüş
işlərin və kitabxana-informasiya sahəsində mövcud
olan bir sıra problemlərin dövlət qurumlarının
nümayəndələri, elmi və yaradıcı
ziyalılar, mütəxəssislər tərəfindən
müzakirəsinin təşkili məqsədilə 2012-ci il dekabrın 21-də Bakıda Azərbaycan
kitabxanaçılarının ümumrespublika müşavirəsi
keçirilmişdir.
Mədəniyyət
və Turizm Nazirliyi sistemində 243 təhsil müəssisəsi
- Azərbaycan Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci,
Bakı Turizm Peşə Məktəbi, Bakı Xoreoqrafiya Məktəbi,
185 uşaq musiqi məktəbi, 51 uşaq incəsənət və
2 uşaq rəssamlıq məktəbi, Ağcabədi rayon
Qarabağ Muğam Mərkəzi, 3 elmi mərkəz - Respublika
Mədəniyyət Müəssisələri
İşçilərinin Hazırlıq və
İxtisasartırma Mərkəzi, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəz, Muzey Sərvətləri
və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi
fəaliyyət göstərir. Ötən müddətdə
elm və təhsil sahəsində də geniş tədbirlər,
çoxsaylı layihələr həyata keçirilmiş, o
cümlədən uşaq və gənclərin
yaradıcılığının inkişafı, musiqi, incəsənət,
rəssamlıq məktəblərinin yenidən qurulması,
maddi-texniki təchizatı diqqət mərkəzində
olmuşdur.
Nazirlər
Kabinetinin sərəncamı ilə təsdiq edilmiş
“2009-2013-cü illər üçün uşaq musiqi, incəsənət
və rəssamlıq məktəblərinin fəaliyyətinin
yaxşılaşdırılması üzrə
İnkişaf Proqramı” çərçivəsində
paytaxtda və bölgələrdə bir sıra tədris
ocaqları ən müasir səviyyədə yenidən
qurulmuşdur. Bakı şəhər 37
nömrəli uşaq musiqi, Bakı şəhər
G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəblərinin,
Bakı şəhər 28 nömrəli uşaq musiqi və 5
nömrəli uşaq incəsənət məktəblərinin
binaları əsaslı təmirdən sonra istifadəyə
verilmiş, Goranboy şəhərində yeni
tikilmiş uşaq musiqi məktəbi binasının Prezident
İlham Əliyevin iştirakı ilə
açılışı olmuşdur. Ötən il musiqi təhsili
sahəsində respublika miqyaslı tədbirlər – uşaq
xor kollektivlərinin III respublika baxışı, gənc
pianoçuların II respublika müsabiqəsi, Bakı şəhərində
Bülbülün anadan olmasının 115 illik yubileyinə
həsr olunmuş müsabiqə keçirilmişdir.
Nazirliyin
dəstəyi ilə beynəlxalq müsabiqələrə
qatılan yeniyetmə istedadların uğurları bir-birini əvəz
edir. 2012-ci ildə yeniyetmə
musiqiçilərimiz Estoniyanın Narva şəhərində
F.Şopen adına Gənc pianoçuların X beynəlxalq
müsabiqəsində Qran Pri, Belqrad (Serbiya) və
İstanbulda gerçəkləşən beynəlxalq müsabiqələrdə, Estoniyanın Tallin və
Kohtla-Yarve şəhərlərində uşaq və gənclər
arasında beynəlxalq akademik vokal müsabiqəsində,
İsveçrənin Montrö və Veve şəhərlərində
P.İ.Çaykovski adına gənc musiqiçilərin beynəlxalq
müsabiqəsində 1-ci dərəcəli diplomlara layiq
görülmüşlər. Son 7 ildə
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
ölkəmizin mövcud turizm potensialının beynəlxalq
aləmdə tanınması, xarici turistlərin Azərbaycana
səfərlərinin təşkili, turizmin müxtəlif
növlərinin, bu sahədə kiçik və orta
sahibkarlığın inkişafı, müasir turizm infrastrukturunun yaradılması, normativ-hüquqi
aktların qəbul edilməsi istiqamətində məqsədyönlü
işlər görülmüşdür. Ölkə
Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan
Respublikasında 2010-2014-cü illərdə turizmin
inkişafına dair Dövlət Proqramı” təsdiq
edilmiş, ötən dövrdə proqram çərçivəsində
müvafiq tədbirlər həyata keçirilmişdir.
Prezidentin
15 fevral 2011-ci il tarixli sərəncamı ilə 2011-ci ilin Azərbaycan
Respublikasında “Turizm ili” elan edilməsi bu sahəyə
dövlət qayğısının bariz nümunəsi
olmaqla yanaşı, turizmin inkişafında yeni mərhələ
açmışdır. 2011-2012-ci illərdə
respublikada yeni hotellər (o cümlədən Bakıda dünya brendli beş beşulduzlu hotel),
istirahət mərkəzləri, turizm müəssisələri
istifadəyə verilmişdir. Azərbaycana gələn
turistlərin sayı 2012-ci ildə 2 milyon nəfəri
ötmüşdür. Ümumilikdə 2006-cı ildən
ötən müddətdə ölkəmizə gələn əcnəbilərin
sayı 60 faizədək artmışdır.
Ölkəmizin turizm imkanlarını təbliğ etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Nazirlik hər il 20-dək beynəlxalq turizm sərgisində (London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Dehli, Vyana, İstanbul, Tokio, Dubay və s.). iştirak edir. 2012-ci ildə İtaliya, Cənubi Koreya, Almaniya, Rusiya, Yaponiya və Polşanın turizm şirkətləri və media nümayəndələrinin ölkəmizə press-turları təşkil edilmişdir. Fransanın “TV5 MONDE” və Türkiyənin “Kanaltürk” telekanallarında Azərbaycan haqqında tanıtım filmləri yayımlanmışdır.
Ənənəvi
“AİTF” - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər
Sərgisinə hər il daha çox xarici şirkət
qatılır. Eyni zamanda 2010-cu ildən keçirilən
Ümumrespublika Daxili Turizm Sərgisi ölkəmizin turizm
imkanlarını, regionlarda turizmin inkişafı ilə
bağlı görülən işləri nümayiş
etdirir.
Ölkə
Prezidentinin sərəncamına əsasən, 2006-cı ildə
yaradılan Azərbaycan Turizm İnstitutunun 2012-ci ildə
üçüncü buraxılışı olmuşdur. 2011-ci
ildə ATİ-nin nəzdində Bakı Turizm Peşə Məktəbi
yaradılmışdır. Bundan əlavə, 5 rayonda regional məktəblərin
yaradılması nəzərdə tutulur.
Daxili
turizmin inkişafı ilə bağlı yeni marşrutlar tərtib
edilir. 2012-ci ildə “Azərbaycanda palçıq
vulkanları”, Şəki rayonunda atçılıq turizmi,
Quba rayonunda “Kulinariya turu”
marşrutları üzrə infoturlar təşkil edilib.
2006-2012-ci
illərdə Azərbaycan ilə xarici ölkələr
arasında mədəniyyət və turizm sahələrində
100-dən çox ikitərəfli əməkdaşlıq
sazişi və ya digər sənədlər imzalanmışdır.
Bu müddətdə Azərbaycan
dünyanın 70-dən çox ölkəsi, habelə BMT,
MDB, İslam Konfransı Təşkilatı, Avropa
Şurası, Avropa İttifaqı, YUNESKO, Dünya Turizm Təşkilatı,
İSESKO, TÜRKSOY, GUAM və s. nüfuzlu beynəlxalq təşkilatlarla
mədəniyyət və turizm sahəsində əməkdaşlıq
əlaqələri qurulmuşdur. Beynəlxalq əlaqələr
çərçivəsində keçirilən tədbirlər
Azərbaycanın dünyada təbliğinə mühüm
töhfədir.
2006-cı
ilin oktyabrında Parisdə YUNESKO-nun baş qərargahında
təşkilatın 60 illiyinə həsr olunmuş həftə
çərçivəsində “Azərbaycan: sivilizasiyalar və
mədəniyyətlərin kəsişməsində”
mövzusuna həsr olunmuş tədbir təşkil
edilmişdir. Həmin il Bakıda islam
ölkələri turizm nazirlərinin V konfransı
keçirilmişdir. 2007-ci ildə YUNESKO-nda görkəmli
xalçaçı-rəssam Lətif Kərimovun, 2008-ci ildə
Mir Cəlal Paşayevin və “Leyli və Məcnun”
operasının 100 illik yubileyləri qeyd olunmuşdur.
Azərbaycanın təşəbbüsü ilə 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda Avropa və İSESKO-ya üzv bir sıra dövlətlərin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Tədbirdə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul olunmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına dair “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu prosesin davamı olaraq Azərbaycan Prezidentinin təşəbbüsü və himayəsi ilə 7-9 aprel 2011-ci il tarixində Bakıda təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, 100-dən çox ölkə nümayəndəsinin qatıldığı tədbir geniş beynəlxalq rezonans doğurmuşdur. Forum dünyada yeganə beynəlxalq tədbirdir ki, YUNESKO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi kimi nüfuzlu qurumlar onun təşkilində əməkdaşlıq edir. Ölkə başçısının 27 may 2011-ci il tarixli sərəncamı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Bakıda keçirilməsi qərara alınmışdır və bu il 29 may - 1 iyun tarixində paytaxtımız növbəti dəfə bu mötəbər tədbirə ev sahibliyi edəcəkdir.
2009-cu
ildə Bakı şəhəri İslam Mədəniyyətinin
Paytaxtı elan olunmuş, il ərzində 100-dən çox
milli və beynəlxalq tədbir təşkil edilmişdir. 2009-cu ildə Azərbaycan Aşıq sənəti və
Novruz bayramı YUNESCO-nun Qeyri-maddi mədəni irsin
Reprezentativ siyahısına daxil edilmişdir. 2010-cu ildə Azərbaycan
Xalça sənəti, 2012-ci ilin dekabrında isə tar
ifaçılıq sənətimiz YUNESCO-nun Qeyri-maddi mədəni
irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Təşkilatın Qeyri-maddi mədəni irsin
qorunması üzrə Hökumətlərarası Komitəsinin
8-ci sessiyasının və Qeyri-maddi mədəni irsin
qorunması haqqında Konvensiyanın 10 illik yubileyinin
2013-cü ilin 2-8 dekabr tarixində Bakı şəhərində
keçirilməsi ilə bağlı qərar qəbul
olunmuşdur.
Bəhs olunan dövrdə Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri də bölgələrlə bağlı olmuşdur. Bu müddətdə regionlarda mədəniyyət və turizmin inkişafına xüsusi diqqət yetirilmiş, bir çox maraqlı layihələr həyata keçirilmişdir. Regionlarla iş barədə danışarkən yerlərdə gənc nəslin mədəni tərbiyəsi sahəsində görülən işləri, uşaq və yeniyetmə ifaçıların iştirakı ilə müxtəlif müsabiqələrin keçirilməsini ayrıca qeyd etmək lazımdır.
2006,
2008, 2010-cu illərdə Astarada, 2012-ci ildə Masallıda
uşaq muğam ifaçılarının, eləcə də
gənc aşıqların Aşıq Şəmşir
adına respublika müsabiqələrinin təşkili bu qəbildəndir.
Bölgələrdə folklor kollektivlərinin respublika
baxış-müsabiqəsi, milli musiqi alətləri
ifaçılarının respublika müsabiqəsi, rəssamların
səyyar yaradıcılıq emalatxanalarının təşkili,
yaradıcılıq görüşlərinin keçirilməsi
mədəni həyatın canlanmasına zəmin yaradır.
2006-2012-ci
illərdə Mədəniyyət və Turizm Nazirliyi üzrə
tikinti, təmir-bərpa və yenidənqurmadan sonra istifadəyə
verilmiş obyektlərin siyahısı bu sahədə
görülən işlərin bariz nümunəsidir.
2006-cı ildə Bakıda Azərbaycan Dövlət Uşaq
Filarmoniyası, L. və M. Rastropoviçlərin ev-muzeyi,
2007-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyi, A.Şaiq
adına Azərbaycan Dövlət Kukla Teatrı, Bakı şəhər
13 nömrəli uşaq musiqi məktəbi, 2008-ci ildə Heydər
Əliyev Sarayı, Azərbaycan Dövlət Rus Dram Teatrı,
2009-cu ildə Dövlət Film Fondunun yeni binası, 2010-cu ildə
Akademik Milli Dram Teatrının binası, 2011-ci ildə “Nizami”
Kino Mərkəzi, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbi,
Dövlət Mahnı Teatrı, eləcə də bölgələrdə
bir sıra mədəniyyət ocaqları, tarixi-mədəni
irs obyektləri əsaslı təmir və yenidənqurmadan
sonra istifadəyə verilmişdir.
2012-ci
ilin dekabrında Şahdağ Qış-Yay Turizm Kompleksinin 1.1
mərhələsi üzrə tikinti-quraşdırma işləri
başa çatdırılmış və ölkə
başçısının iştirakı ilə rəsmi
açılışı keçirilmişdir. Kompleksin
1.2 mərhələsi üzrə tikinti davam edir. Azərbaycan
Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyinin yeni binasının tikintisi, Dövlət Musiqili
Komediya Teatrının binasında təmir və bərpa
işləri başa çatmaq üzrədir.
Mədəniyyət
və turizmin inkişafından danışarkən bu sahədə
çalışan insanların rolunu, onların fəaliyyətini,
fədakar əməyini də qeyd etmək lazımdır. Bu
sahədə çalışan insanların, mədəniyyətimizi
tanıdan, təbliğ edən, onun inkişafına töhfələrini
əsirgəməyən şəxslərin əməyi
dövlətimiz tərəfindən
daim yüksək qiymətləndirilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları
ilə 2006-2012-ci illərdə Mədəniyyət və
Turizm Nazirliyi sistemində fəaliyyət göstərən
1200-dən çox insan müxtəlif fəxri adlara və
dövlət təltiflərinə layiq
görülmüşdür.
Qarşıda
böyük işlər, geniş layihələr var. Bu
işləri layiqincə davam etdirmək ölkəmizin mədəni
həyatının, turizm sektorunun önündə yeni
üfüqlər açmaq deməkdir. Azərbaycanda mədəniyyət
və turizmin bundan sonra da ahəngdar inkişafının təmin
edilməsi xalqımızın rifahına, dövlətimizin tərəqqisinə,
dünyada nüfuzunun daha da möhkəmlənməsinə
xidmət edir.
M.Mükərrəmoğlu
Xalq qəzeti.- 2013.- 30 yanvar.- S. 6.