Azərbaycan
Gömrük Xidməti dünya standartlarına cavab verən
modern dövlət təsisatına çevrilmişdir
21 il
bundan öncə, 1992-ci il yanvarın 30-da, Azərbaycan öz
suverenliyini bərpa etdikdən üç ay sonra ölkənin
iqtisadi təhlükəsizliyini təmin edəcək yeni bir qurum-Dövlət
Gömrük Komitəsi yaradıldı.
Dövlət
Gömrük Komitəsi ötən 21il ərzində sürətli
inkişaf yolu keçmiş, ölkəmizdə dünya
standartlarına uyğun gömrük xidməti
formalaşmışdır. Lakin Azərbaycan
gömrüyü iqtisadiyyatın digər sahələri kimi
yalnız ulu öndər Heydər Əliyevin hakimiyyətə
qayıdışından sonra yenidən qurularaq, həyata
keçirilən irimiqyaslı tədbirlər və geniş
kadr islahatları nəticəsində təşəkkül
tapmağa başlamışdır. Gömrük xidmətinin
ölkə iqtisadiyyatının inkişafında rolunu
yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev
bu orqanın fəaliyyətini daim diqqətdə
saxlayırdı. Məhz Heydər Əliyevin tələbkarlığı
gömrük orqanlarında uğurların təminatçısı
olmuş, beləcə gömrük sistemi dövlətin milli
maraqlarına xidmət edən, iqtisadi təhlükəsizliyin
keşiyində dayanan, sosial-iqtisadi inkişafı
stimullaşdıran nüfuzlu bir orqana çevrilmişdir.
Qısa zaman kəsiyində respublikanın iqtisadi suverenliyi və
təhlükəsizliyinin etibarlı təminatçısı
kimi formalaşan Azərbaycan Gömrük Xidməti bu gün
Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində
dünya standartlarına cavab verən modern dövlət təsisatına
çevrilmişdir.
Bəli,
Azərbaycan Respublikasının müasir gömrük
sistemini müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər
Əliyev yaratmışdır. Yanvarın 30-nun gömrük
işçilərinin peşə bayramı günü kimi
qeyd edilməsi də məhz onun adı ilə
bağlıdır. Belə ki,
Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı
ilə yanvarın 30-u gömrük əməkdaşlarının
peşə bayramı günü elan edilmişdir.
Fəxrlə
deyə bilərik ki, artıq Azərbaycan Gömrük Xidməti
mükəmməl hüquqi bazaya, inkişaf etmiş
infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz
yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini
qoruyur, qaçaqmalçılığa qarşı
uğurla mübarizə aparır.
Bu
gün Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan
gömrüyünün öz ənənələrini qoruyub
saxlaması və daha da təkmilləşdirilməsi
işini daim diqqət mərkəzində saxlayır. Son illər
ərzində Azərbaycan Gömrük Xidmətinin öz
inkişafının pik nöqtəsinə doğru inamla irəliləməsi
dövlət başçısının respublikamızda hər
bir sahəyə olduğu kimi, gömrük sisteminə də
olan gündəlik diqqət və qayğısının
bariz nümunəsidir.
Gömrük
sisteminin qurulmasında, kadr siyasətində, dövlət
büdcəsi qarşısında öhdəliklərin yerinə
yetirilməsində ciddi nöqsanlara yol vermiş və strateji
əhəmiyyətli malların qaçaqmalçılıq
yolu ilə ölkədən çıxarılmasına şərait
yaratmış Dövlət Gömrük Komitəsinin rəhbərliyini
tutduğu vəzifədən uzaqlaşdırmaqda dövlət
başçısı Heydər Əliyevin əsas məqsədi
Azərbaycan gömrük orqanlarının işinin
kökündən dəyişdirilməsi, sağlam əsaslar
üzərində qurulması idi. 1995-ci ilin əvvəllərindən
etibarən, Dövlət Gömrük Komitəsi yeni rəhbərliyinin
az müddətdə kadr potensialını yeniləşdirməsi,
gömrük nəzarətinin və xidməti intizamın
gücləndirilməsi, struktur dəyişikliklərinin
aparılması, gömrük buraxılış məntəqələrinin
texniki resurslarının möhkəmləndirilməsi və
yeni gömrük postlarının yaradılması,
avtomatlaşdırılmış idarəetmə sisteminə
keçid, tarif-tənzimləmə sisteminin təkmilləşdirilməsi
və s. tədbirlər nəticəsində respublikada
gömrük işinin yenidən qurulmasına
başlanıldı.
Ümummilli
lider Heydər Əliyev 1997-ci il yanvarın 30-da Dövlət
Gömrük Komitəsinin yaradılmasının 5-ci
ildönümünə və gömrük əməkdaşlarının
peşə bayramı gününə həsr edilmiş təntənəli
yığıncaqdakı nitqində gömrük
orqanlarının fəaliyyətini son dərəcə dəqiqliklə
təhlil edərək, bu sistemdə yaranmış problemlərin
həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq
mühitinin formalaşdırılması, kadrlarla işin yenidən
qurulması, hər bir gömrük işçisinin öz
dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi
sayəsində mümkünlüyünü göstərmişdir.
Bununla
da Azərbaycan Respublikasının dövlət büdcəsinin
formalaşmasında Dövlət Gömrük Komitəsinin
rolu xeyli artırıldı, gömrük işinin iqtisadi
göstəriciləri və maddi-texniki resursları, informasiya
təminatı yaxşılaşdırıldı,
gömrük qanunvericiliyinin formalaşdırılması,
hüquqi-normativ sənədlərin və gömrük
işinə dair ilk milli dərsliklərin yaradılması, tədris-metodiki
vəsaitlərin hazırlanması həyata keçirildi, Azərbaycan
gömrüyünün beynəlxalq təşkilatlarla əlaqəsinin
daha da möhkəmləndirilməsi və təcrübə
mübadiləsi aparılması sahəsində səylər
geniş xarakter aldı. Bir sözlə, bu gün ölkəmizdə
dünyanın ən təkmil gömrük sistemlərindən
biri fəaliyyət göstərir.
Dövlət
Gömrük Komitəsi və onun yerli strukturları hər il
olduğu kimi ötən 2012-ci il ərzində də öz fəaliyyətini
Azərbaycan Respublikasının Konstitusiyasını,
Gömrük Məcəlləsini, “Gömrük tarifi
haqqında” Azərbaycan Respublikasının Qanununu, Azərbaycan
Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarını,
Nazirlər Kabinetinin qərarlarını və gömrük
işini tənzimləyən digər normativ-hüquqi
aktları əldə rəhbər tutaraq tərtib olunmuş
iş planı əsasında qurmuşdur.
Dövlət
Gömrük Komitəsi və onun yerli strukturları tərəfindən
ötən dövr ərzində idxal-ixrac əməliyyatları
üzrə gömrük nəzarətinin təkmilləşdirilməsi,
xarici-iqtisadi fəaliyyətdə gömrük tarif tənzimlənməsinin
və gömrük orqanlarında maliyyə-vergi mexanizminin təkmilləşdirilməsi,
gömrük-vergi qanunvericiliyinə dair normativ-hüquqi
bazanın möhkəmləndirilməsi istiqamətində
müvafiq işlər görülmüş,
qaçaqmalçılıq və gömrük
qaydalarının pozulması halları ilə mübarizənin
gücləndirilməsi, informasiya texnologiyalarının tətbiqi,
elektron gömrük xidmətlərinin təşkili, beynəlxalq
gömrük əməkdaşlığının genişləndirilməsi,
gömrük orqanlarının maddi-texniki bazasının
inkişaf etdirilməsi və s. sahələrdə bir sıra
mühüm tədbirlər həyata keçirilmişdir.
İlk
olaraq qeyd edim ki, 2012-ci il üzrə Dövlət
Gömrük Komitəsi üçün müəyyən
edilmiş 1 milyard 200 milyon manat büdcə proqnozuna
qarşı 1 milyard 208,35 milyon manat gömrük vergi və
rüsumlarının toplanıb dövlət büdcəsinə
köçürülməsi uğurla təmin olunmuş, nəticə
etibarı ilə proqnoza 100,7 faiz əməl edilmişdir.
Ötən
il gömrük işi sahəsində normativ-hüquqi
bazanın təkmilləşdirilməsi istiqamətində
mühüm əhəmiyyət kəsb edən müvafiq
işlər həyata keçirilmişdir. “Malların təkrar
idxal gömrük proseduru altında yerləşdirilməsi
Qaydaları”, “Malların təkrar ixrac gömrük proseduru
altında yerləşdirilməsi Qaydaları”,
“Ayrı-ayrı gömrük əməliyyatı və ya
gömrük proseduru ilə bağlı gömrük
orqanının icazəsinin verilməsi Qaydaları”,
“Malların sərbəst dövriyyə üçün
buraxılış gömrük proseduru altında yerləşdirilməsi
Qaydaları”, “Gömrük nəzarətindən keçməli
olan malların yoxlanılmasının sürətləndirilməsi,
gömrük nəzarətinin səmərəliliyinin
artırılması və həyata keçirilmə müddətinin
azaldılması məqsədilə gömrük orqanları
tərəfindən istifadə olunan texniki nəzarət vasitələrinin
siyahısı və onlardan istifadə Qaydaları”,
“Gömrük brokerinin dövlət reyestrinin aparılması
Qaydaları”, “Təbii fəlakətlər və digər
fövqəladə hallar zamanı zəruri olan malların və
nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab
olan malların, radioaktiv maddələrin, kütləvi
informasiya məqsədləri üçün materialların,
Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə
hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi
Bankının ünvanlarına göndərilən və bu qəbildən
olan başqa malların gömrük rəsmiləşdirilməsinin
güzəştli və sadələşdirilmiş
Qaydaları”, “Mallara gömrük təminatının
vurulması Qaydaları” və “İdxal olunmuş malların
kabotaj daşınması Qaydası” hazırlanaraq Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə
təsdiq edilmişdir.
Yola
saldığımız 2012-ci
ildə Azərbaycan Respublikasının iqtisadi mənafeyinin və
təhlükəsizliyinin qorunması məqsədilə
qaçaqmalçılığa və gömrük işi
sahəsində digər hüquqpozmalara qarşı mübarizə
istiqamətində də məqsədyönlü tədbirlər
görülmüşdür. Ötən dövr ərzində
gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti
əsasən qabaqcıl dünya təcrübəsinə əsaslanan
metodların tətbiqi, əməliyyat-axtarış və
qabaqlayıcı-profilaktik tədbirlərin gücləndirilməsi,
habelə hüquqpozmalara qarşı mübarizədə əməkdaşlığın
genişləndirilməsi yolu ilə Azərbaycan
Respublikasının iqtisadi təhlükəsizliyinin təmin
edilməsinə, qaçaqmalçılıq
kanallarının aşkar və ləğv olunmasına,
hüquqpozma törətmiş şəxslərin müvafiq məsuliyyətə
cəlb edilməsinə yönəlmişdir.
Həyata
keçirilmiş kompleks tədbirlər nəticəsində
2012-ci il ərzində 14606 hüquqpozma faktı aşkar
edilmişdir ki, bunlardan 272-si cinayət xarakterli faktlar olmuş
və həmin faktlar üzrə tutulmuş
qaçaqmalçılıq əşyalarının və
digər cinayət predmetlərinin dəyəri 3 milyon 855 min 85
manatdan çox təşkil etmişdir. Bu əməllərin
törədilməsində şübhəli bilinən
237-si Azərbaycan, 75 nəfəri
xarici vətəndaş olmaqla , ümumilikdə 312 nəfərin
barəsində müvafiq tədbirlər
görülmüşdür.
Azərbaycan
Respublikasının gömrük sərhədindən narkotiklərin
qanunsuz keçirilməsinin qarşısını almaq və
ölkə ərazisindən “ötürücü məntəqə”
kimi istifadə olunmasına yol verməmək məqsədilə
gömrük orqanları tərəfindən (o cümlədən,
digər hüquq-mühafizə orqanları ilə birlikdə)
görülmüş tədbirlər nəticəsində
2012-ci il ərzində narkotik vasitələrin qanunsuz
dövriyyəsi ilə əlaqədar 87 fakt aşkar
olunmuşdur.
Bu
faktlar üzrə ümumilikdə
136 kq 876 qram narkotik, o cümlədən, 107 kq 513 qram həşiş,
3 kq 869 qram heroin, 10 kq 540 qram
tiryək, 0,216 qram kokain, 102,17 qram marixuana, 9,42 qram metadon, 12 kq
613 qram metamfetamin və digər narkotiklər qanunsuz dövriyyədən
çıxarılmışdır. Bu faktlar üzrə
şübhəli bilinən şəxslərdən 110 nəfər
(103 kişi, 7 qadın) barəsində müvafiq tədbirlər
görülmüşdür. Bundan başqa, narkotiklərin qanunsuz
dövriyyəsi ilə məşğul olan 15 narkoqrup zərərsizləşdirilmişdir.
Ötən
il ərzində gömrük-sərhəd keçid məntəqələrində
xidmət göstərən instruktor-kinoloqlar tərəfindən
onlara təhkim olunmuş xidməti axtarış itlərinin tədbiqi
nəticəsində 11 fakt üzrə 3 kq 537 qram narkotik, o
cümlədən, 71,13 qram həşiş, 2 kq 364 qram tiryək,
1 kq 86 qram heroin, 2,382 qram metamfetamin, 14 qram
marixuana və 110 qutu müxtəlif dərman vasitələri
aşkar olunmuşdur.
Narkotik
vasitələrin qaçaqmalçılığının
transmilli xarakteri ona qarşı mübarizədə beynəlxalq
əməkdaşlığı zəruri edir. Ona görə
də hesabat ilində bir sıra beynəlxalq təşkilatlarla,
habelə dıgər ölkələrin gömrük xıdmətləri
ilə sıx əməkdaşlıq edilmiş, bu istiqamətdə
birgə tədbirlər həyata keçirilmişdir.
Ötən
il sentyabrın 11-14 tarixlərində Bakı şəhərində
Müstəqil Dövlətlər Birliyi üzv ölkələrinin
gömrük xidmətlərinin kinoloji strukturlarının
çoxnövçülükdə birincilik üzrə II
yarışı keçirilmiş və bu yarışda
Dövlət Gömrük Komitəsi Kinoloji Mərkəzinin
instruktor-kinoloqları 724 bal toplayaraq birinci yerə layiq
görülmüşlər.
2012-ci
il ərzində qaçaqmalçılıq və digər
hüquqpozmalara qarşı mübarizə istiqamətində
hədəflərin müəyyənləşdirilməsi
işi təkmilləşdirilmiş, riskin idarə olunması
sistemindən istifadə genişləndirilmiş, səlahiyyətlər
daxilində operativ nəzarət gücləndirilmişdir.
Ötən il aşkar olunmuş 14334 gömrük qaydaları
əleyhinə inzibati xəta faktları üzrə 373
hüquqi şəxs (o cümlədən, 165 xarici hüquqi
şəxs) və 13945 fiziki şəxs (o cümlədən,
8827 xarici) inzibati məsuliyyətə cəlb edilmiş,
göstərilən şəxslərə qarşı 1 milyon
172 min 525 manat cərimə tətbiq olunmaqla, dəyəri 182
min 352 manat olan mallar müsadirə edilmişdir.
Valyuta
qanunvericiliyinin pozulmasına qarşı gömrük
orqanları tərəfindən görülən tədbirlər
nəticəsində qanunvericiliyin tələblərini pozan
şəxslərdən - 337972 ABŞ dolları, 12738 avro,
18516100 rus rublu, 4 kq 651 qram qızıl, 1391745 manat dəyərində
38 ədəd qızıl əşya, 10 kq 218 qram
gümüş, 63565 manat dəyərində 3716 ədəd
gümüş əşya, 334 karat qiymətli daşlar
tutulmuşdur.
Eyni
zamanda, alkoqollu içkilərin, etil (yeyinti) spirtinin və
tütün məmulatının idxalı zamanı vergidən
yayınma və aksiz markalarının tətbiqi
qaydalarının pozulması hallarının
qarşısını almaq üçün müvafiq tədbirlər
həyata keçirilmiş, aksiz markasız və ya digər
qanunsuz yollarla keçirilməsinə cəhd göstərilən
818728 ədəd xaricdə istehsal olunan siqaret, 1240 litr və
26646 ədəd spirtli içki saxlanılmışdır.
Hesabat
ilində mobil telefonlarla əlaqədar törədilmiş
hüquqpozmaların xüsusi həcminin artımı
müşahidə olunmuş, hüquqpozma predmeti kimi 13 min 322 ədəd
mobil telefon götürülmüşdür. Bundan əlavə,
gömrük orqanları tərəfindən hüquqpozma
predmeti kimi 4 odlu silah, 46 ədəd pnevmatik silah, 3 ədəd
ov silahı, 32 ədəd soyuq silah, 17 ədəd xalça və
külli miqdarda digər mallar tutularaq barələrində
müvafiq tədbir görülmüşdür.
Azərbaycan
Gömrük Xidməti tərəfindən Azərbaycan
Respublikası gömrük xidmətinin vahid
avtomatlaşdırılmış idarəetmə sisteminin
(VAİS) yaradılması, məlumatların
yoxlanılması və emalı, yeni proqram təminatlarının
yaradılması, korporativ şəbəkənin genişləndirilməsi,
Azərbaycan Respublikasının xarici ticarətinin təhlilinin
aparılması və gömrük statistikasının təkmilləşdirilməsi
sahəsində də bir sıra mühüm əhəmiyyət
kəsb edən işlər həyata keçirilmişdir.
Kommunikasiya
və informasiya təhlükəsizliyi istiqamətində - əlaqənin
keyfiyyətini yaxşılaşdırmaq və məlumat
mübadiləsinin sürətini artırmaq məqsədilə
Bakı Baş Gömrük İdarəsinin Sahil və Bərə,
Enerji Gömrük İdarəsinin Liman gömrük
postlarında Wİ-MAX naqilsiz şəbəkəsi və
Enerji Gömrük İdarəsinin Yeni Səngəçal
gömrük postunda peyk rabitəsi fiberoptik xətt ilə əvəz
edilmişdir. Xəzər Dənizində Azərbaycan
Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi
Gömrük İdarəsində, Hava Nəqliyyatında
Baş Gömrük İdarəsinin Lənkəran Beynəlxalq
Hava Limanı gömrük postunda, komitənin “Azterminalkompleks”
Birliyində və Kinoloji Mərkəzdə lokal şəbəkə
qurulmuş və fiberoptik xətt vasitəsi ilə DGK-nın
korporativ şəbəkəsinə qoşulmuşdur. Həmçinin
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Wi-Max vasitəsilə
şəbəkəyə qoşulmuş, Enerji, Avtonəqliyyat,
Aksiz, Şirvan, Yevlax gömrük idarələrində və
Bakı Baş Gömrük İdarəsinin İpək Yolu
gömrük postunda lokal şəbəkələr yenilənmişdir.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə
komitənin elektron informasiya resurslarının ehtiyat (back up)
server mərkəzi istismara verilmiş, elektron sənəd
dövriyyəsinin idarə olunması və təhlükəsizliyinin
təmin edilməsi üçün mərkəzi Mail Server
yaradılmış və Anti-Spam filter sistemi tətbiq
edilmiş və s. işlər görülmüşdür.
Həyata
keçirilən mühüm tədbirlər elektron
gömrük xidmətləri sahəsində də davam
etdirilmiş, gömrük-biznes əməkdaşlığı
çərçivəsində vətəndaş-məmur təmasını
minimuma endirmək məqsədilə xarici iqtisadi fəaliyyət
iştirakçılarının (XİF) həyata keçirdikləri
ayrı-ayrı gömrük əməliyyatlarının
gömrük orqanlarına bilavasitə gəlmədən və 24/7 saat rejimində həyata
keçirilməsini təmin etmək üçün komitənin rəsmi internet
saytında “XİF iştirakçısının şəxsi
kabineti” bölməsi yaradılmışdır. Hazırda bu
bölmə vasitəsilə bir sıra əməliyyatların
aparılması - gömrük rəsmiləşdirilməsi və
gömrük qaydaları haqqında XİF
iştirakçısına lazım olan informasiyaların əldə
olunması; gömrük rəsmiləşdirilməsi ilə
bağlı müraciətin elektron qaydada təqdim
olunması, müxtəlif vətəndaş sorğuları, ərizə
və şikayətlərin qəbulu, mal və nəqliyyat
vasitələrinin ilkin bəyan olunması və gömrük
rəsmiləşdirilməsi ilə bağlı Mərkəzi
Gömrük Ekspertiza İdarəsinə müraciət
olunması mümkündür.
Bundan
başqa, bütün sərhəd-gömrük orqanlarında
informasiya-məlumat köşkləri
quraşdırılmışdır. Burada fiziki şəxslər
köşklərdən istifadə etməklə gətirdikləri
(apardıqları) əşya və valyutaları
gömrük orqanında bəyan edə bilirlər. Həmin
şəxslər köşklərdən gömrük rəsmiləşdirilməsi
və gömrük qaydaları haqqında lazımi məlumatlar
da əldə edə bilərlər. “Fiziki şəxslər
üçün gömrük bəyannaməsi”
avtomatlaşdırılmış sistemi
yaradılmışdır ki, Azərbaycan Respublikasına gələn
və ya respublika ərazisini tərk edən fiziki şəxslər
bu sistemdən istifadə etməklə gömrük sərhədlərindən
keçirdikləri malları və qiymətli əşyaları
öz vaxtlarına qənaət etməklə elektron qaydada
qabaqcadan bəyan edə bilərlər. DGK-nın internet
saytında yaradılmış imkandan istifadə etməklə
bu şəxslər komitənin mobil qrupları ilə əlaqə
yaradıb məlumat verə və ya yardım da istəyə
bilərlər. Komitənin internet saytı vasitəsilə
ictimaiyyətin gömrük orqanlarının fəaliyyəti,
gömrük işi sahəsində yeniliklər və
gömrük xidməti ilə bağlı digər məsələlər
üzrə məlumatlandırılması sistemi də təkmilləşdirilmiş,
saytın əksər bölmələrinin ingilis və rus
dili variantları hazırlanmışdır.
Dövlət
Gömrük Komitəsi beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsi və möhkəmləndirilməsi
istiqamətində də məqsədyönlü iş
aparmışdır. Belə ki, ötən ilin aprelində
Bakı şəhərində “Azərbaycan Respublikası
Hökuməti və Makedoniya Respublikası Hökuməti
arasında gömrük işi sahəsində əməkdaşlıq
və qarşılıqlı yardım haqqında Saziş”
imzalanmışdır. Həmin ay Dövlət Gömrük
Komitəsində ABŞ-ın İxracat Nəzarəti və Əlaqəli
Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində
ABŞ nümayəndə heyəti ilə görüş
zamanı “Avadanlıqların ötürülməsi
haqqında” qrant sazişinə əsasən Dövlət
Gömrük Komitəsinə ABŞ-da istehsal olunmuş və
köməkçi alətlərlə təchiz edilmiş iki ədəd
“Ford Mobile Tool Service Vehicle” xüsusi təyinatlı nəqliyyat
vasitəsi təqdim olunmuşdur. Sentyabrda isə BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Fikrət Akçuranın
diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar
Dövlət Gömrük Komitəsində keçirilmiş
görüş zamanı BMT İnkişaf Proqramı tərəfindən
“Cənubi Qafqaz ölkələrində inteqrə edilmiş sərhəd
idarəçiliyi sistemlərinə dəstək” layihəsi
çərçivəsində Dövlət Gömrük
Komitəsinə elektron gömrük xidmətlərini təmin
edən 18 ədəd informasiya köşkü təqdim
edilmişdir.
Bundan
başqa, ötən ilin may ayında Koreya Respublikası
Gömrük Xidmətinin rəhbəri Yungsup Joonun, oktyabrda
Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin
baş direktoru Enrike Kanon Pedraqosanın və Toqo
Respublikası İqtisadiyyat və Maliyyə Nazirliyinin baş
Gömrük İdarəsinin Baş direktor müavini Ekpao Adjabonun,
dekabrda isə Argentina Respublikası Dövlət Gəlirləri
Federal Administrasiyasının rəhbəri Rikardo
Eçeqarayın rəhbərliyik etdiyi nümayəndə
heyətləri respublikamızda səfərdə olmuşdur.
Nümayəndə heyətlərinin Dövlət
Gömrük Komitəsinin rəhbərliyi ilə keçirilən
görüşlərində tərəflər
qarşılıqlı maraq doğuran bir sıra məsələləri
müzakirə etmiş, qonaqlar DGK-nın bir sıra
strukturları ilə yaxından tanış olmuşlar.
Xatırladım
ki, Uruqvay gömrük xidmətinin rəhbəri bu ölkənin
Azərbaycana səfər edən ilk yüksək vəzifəli
şəxsi, eləcə də Toqo gömrükçüləri
bu ölkədən Azərbaycana gələn ilk rəsmi
nümayəndə heyəti olmuşdur. Dövlət
Gömrük Komitəsinin rəhbərliyi və kollektivi bu
ilklərə imza atmağın məmnunluğunu duymaqla
yanaşı, bu ilk əməkdaşlıq əlaqələrinin
ölkələrimiz arasında nəinki gömrük xidməti,
eləcə də digər sahələrdə münasibətlərin
yaradılması işinə böyük töhfə verəcəyinə
əmindir.
Bununla
yanaşı, Dövlət Gömrük Komitəsi öz ənənəsinə
sadiq qalaraq ötən ildə də milli-mənəvi dəyərlərin,
eləcə də tarixi-mədəni sərvətlərin
qorunması və dünya miqyasında təbliği sahəsində
müvafiq işi davam etdirmişdir. Belə ki, iyulun 9-da
Budapeşt şəhərində Macarıstanın
Gömrük və Vergi Tarixi Muzeyində Dövlət
Gömrük Komitəsi tərəfindən “Bizim Azərbaycan”
sərgisinin təqdimatı keçirilmişdir. Sərgidə
Azərbaycan Gömrük Tarixi Muzeyi filialının “Qədim
və orta əsrlər” bölməsinin 25 eksponatı -
Qarabağ, Şirvan və Qazax məktəblərinə məxsus
xalça və xalçaçılıq məmulatları,
mis-məişət qabları, Azərbaycan Xalq Cümhuriyyətinə (1918-1920) aid
xəncər, XIX-XX əsrlərdə xalq sənətkarları
tərəfindən yaradılan dekorativ-tətbiqi sənət
nümunələri nümayiş etdirilmişdir.
Xatırladım ki, bu tarixi-mədəni sərvətlər Azərbaycan
ərazisindən ayrı-ayrı vaxtlarda
qaçaqmalçılıq yolu ilə
çıxarılmasına cəhd göstərilərkən
ölkənin gömrük orqanları tərəfindən
müsadirə edilmişdir.
2012-ci
ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində
Dövlət Gömrük Komitəsinin və Azərbaycanın
bu şəhərdəki baş konsulluğunun təşkilatçılığı
ilə “Azərbaycan gömrüyü mədəni irsin
keşiyində” adlı sərgi də keçirilmişdir. Sərgidə
nümayiş etdirilən eksponatlar Azərbaycan
gömrüyünün tarixini yetərincə əks
etdirmiş, gömrükçülərimiz tərəfindən
müxtəlif vaxtlarda saxlanılan, milli-mənəvi dəyər
kəsb edən əşyalar iştirakçılar tərəfindən
maraqla qarşılanmışdır.
Azərbaycan
gömrüyünün uğurları Moskvada keçirilən
“Gömrük xidməti-2012” XIII beynəlxalq sərgisində
də nümayiş olunmuşdur. Milli gömrük xidmətinin
inkişaf tarixi və bu günü haqqında mükəmməl
və məzmunlu təsəvvür yaradan Azərbaycan Dövlət
Gömrük Komitəsinin stendini Rusiya Federasiyası hökuməti
sədrinin birinci müavini İqor Şuvalov, Rusiya
Gömrük Xidmətinin sədri Andrey Belyaninov,
Ümumdünya Gömrük Təşkilatının baş
katibi Kunio Mikuriya və digər mühüm şəxslər
ziyarət etmişlər.
Məlum
olduğu kimi, Azərbaycan Gömrük Xidməti
gömrük hüquqpozmalarına qarşı mübarizə
sahəsində təkcə hüquq-mühafizə müstəvisində
deyil, eyni zamanda, maarifləndirici tədbirlərə və bu
istiqamətdə beynəlxalq səviyyədə əməkdaşlıq
əlaqələrinə də xüsusi önəm verir.
Ötən il bu baxımdan da yaddaqalan olmuşdur. Sentyabrın
18-21 tarixlərində Dövlət Gömrük Komitəsi
Portuqaliyanın Porto şəhərində “Narkotiklərə
yox deyək!” adlı beynəlxalq sərgi keçirmiş,
burada Azərbaycan rəssamları və heykəltəraşlarının
əsərləri nümayiş etdirilmişdir. Bunlar “Narkotiklərə
yox!” devizi altında Bakı şəhərində 2011-ci ildə
keçirilən “Molla Nəsrəddin-Azərbaycan” Beynəlxalq
Karikatura Müsabiqəsində iştirak etmiş Azərbaycan
incəsənət ustalarının əsərləri
olmuşdur.
Ötən
il Dövlət Gömrük Komitəsi tərəfindən
Bakı şəhərində də bir neçə regional və
beynəlxalq səviyyəli tədbirlər
hazırlanmış və keçirilmişdir. Məsələn,
yanvarın 27-də Bakı Dövlət Universitetində
“Qloballaşma mühitində iqtisadi təhlükəsizliyin təmin
olunmasında gömrük tənzimlənməsinin rolu”
mövzusunda beynəlxalq elmi-praktiki konfrans
keçirilmişdir. Konfransda Cenevrə Beynəlxalq
Universiteti, Türkiyə Respublikasının Qazi Universiteti,
Tokio Milli Siyasi Araşdırmalar İnstitutu və dünya
miqyasında tanınmış digər təhsil müəssisələrinin,
həmçinin xarici ölkələrin gömrük xidmətlərinin
nümayəndələri çıxış etmişlər.
Aprelin
12-13 tarixlərində isə Bakıda Ümumdünya
Gömrük Təşkilatı Avropa Regionu Gömrük xidməti
rəhbərlərinin 2012-ci il Konfransı təşkil
olunmuşdur. 37 ölkənin nümayəndə heyəti, eləcə
də 18 ölkənin gömrük xidməti rəhbərinin
qatıldığı konfransda, ümumilikdə 84 əcnəbi
qonaq, o cümlədən, ÜGT-nin baş katibi Kunio Mikuriya,
ÜGT-nin sədri xanım Josefin Fihili, ÜGT Maliyyə Komitəsinin
sədri Tomas Şönek, ÜGT-nin Avropa Regionu üzrə həmsədri
Bjorn Ross, Avropa Komissiyası Vergi və Gömrük Baş
Direktorluğunda bölmə rəhbəri Peter Kovaç və
digər məsul vəzifəli şəxslər iştirak
etmişdir. Konfrans zamanı Azərbaycan Prezidenti İlham Əliyev
ÜGT-nin baş katibini qəbul etmiş, bu tədbirin Azərbaycan
və Ümumdünya Gömrük Təşkilatı arasında
əməkdaşlığın daha da gücləndirilməsi
işinə xidmət edəcəyinə ümidvar olduğunu
bildirmişdir.
Bu əməkdaşlığın
davamı kimi ötən ilin iyun-iyul aylarında Bakı şəhərində
Ümumdünya Gömrük Təşkilatının
Potensialın Gücləndirilməsi üzrə Avropa Regional
Ofisində ÜGT-nin “Qlobal Qalxan” proqramı çərçivəsində
seminar, həmçinin potensialın gücləndirilməsi və
gömrük işinin təkmilləşdirilməsi üzrə
subregional seminar keçirilmişdir. Birinci seminar Azərbaycan,
Gürcüstan və Mərkəzi Asiyanın gömrük
xidmətlərinin nümayəndələri üçün
nəzərdə tutulmuş, ikincidə isə Azərbaycan,
Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,
Litva, Moldova, Polşa, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna
və Özbəkistan, həmcinin ÜGT, ATƏT və
Avrasiya İqtisadi Komissiyasının mütəxəssisləri
iştirak etmişdir.
Ümumiyyətlə,
2012-ci il həm Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin, həm də Naxçıvan Muxtar
Respublikası Dövlət Gömrük Komitəsinin 20 illik
yubiley tədbirlərilə də yaddaqalan olmuşdur. Bununla əlaqədar,
müvafiq olaraq yanvarın 30-da və fevralın 24-də
keçirilən təntənəli mərasimlərdə
ölkə ictimaiyyətinin nümayəndələri, eləcə
də xarici qonaqlar iştirak etmiş və yubiley təbriklərində
Azərbaycan Gömrük Xidmətinin sürətli
inkişafı, regionda liderlik keyfiyyəti və bu cəhətilə
də dünya gömrük ailəsində
tanındığı vurğulanmışdır.
Ötən
il oktyabrın 5-də Naxçıvan Muxtar Respublikasında
türkdilli dövlətlərin gömrük xidməti rəhbərlərinin
ilk görüşünün keçirilməsi də nəinki
ölkəmizin, eləcə də türk
dünyasının həyatında əlamətdar hadisələrdən
birinə çevrilmişdir. Belə ki, görüşdə
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv ölkələrin - Azərbaycan,
Türkiyə, Qazaxıstan və Qırğızıstan
respublikalarının gömrük xidməti nümayəndələri
iştirak etmişdir. Türkdilli dövlətlərin
gömrük xidməti rəhbərlərinin görüşündə
tərəflər gömrük işi sahəsində öz təcrübə
və yenilikləri ilə yaxından tanış olmuşlar.
Bu məqsədlə ticarət və sərhəd keçid
prosedurlarının sadələşdirilməsi ilə
bağlı layihələrin təqdimatı
keçirilmişdir. Görüşün sonunda isə
türkdilli dövlətlərin gömrük xidməti rəhbərləri
tərəfindən “Naxçıvan bəyannaməsi” qəbul
olunmuşdur.
Onu
da xatırladım ki, ötən il Naxçıvan Muxtar
Respublikasında gömrük sahəsində mühüm tədbirlərdən
biri də mayın 30-da Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə Naxçıvan Şəhər Gömrük
İdarəsinin inzibati binasının açılış
mərasimi olmuşdur. Mərasimdə dövlət
başçısına məlumat verilmişdir ki,
Naxçıvan Şəhər Gömrük İdarəsinin
inzibati binası ən müasir avadanlıqla təchiz
edilmişdir. Üçmərtəbəli binada xidməti
otaqlar, server və tədris otaqları, arxiv vardır.
Müşahidə otağında quraşdırılan 22 nəzarət
kamerası ilə eyni vaxtda müşahidə aparmaq
mümkündür. Binadakı iclas, konfrans və akt
zalları da müasir tələblər səviyyəsində
yaradılmışdır.
Sonda
bir daha vuğulamaq istərdim ki, ölkəmizdə müasir
tələblərə cavab verən gömrük sisteminin
yaradılması işi dövlət və hökumət tərəfindən
bu gün də dəstəklənir, gömrük sahəsində
əldə olunan nailiyyətlər layiqincə dəyərləndirilir.
Dövlət başçısının diqqət və
qayğısı nəticəsində vaxtaşırı
olaraq gömrük orqanlarının maddi-texniki və
intellektual bazasının möhkəmləndirilməsi, eləcə
də ölkə rəhbərliyi tərəfindən bir
sıra gömrük əməkdaşlarının xüsusi
təltiflərlə mükafatlandırılması dediklərimizə
əyani misaldır.
Bu
gün qürur hissi ilə qeyd edə bilərik ki, Prezident
İlham Əliyevin yürütdüyü
düşünülmüş,uğurlu daxili və xarici
siyasət nəticəsində Azərbaycan davamlı olaraq hərtərəfli
inkişafdadır və respublikamız nəinki region çərçivəsində,
eləcə də bütün dünyada sülh, sabitlik və
iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin
əsas təşəbbüskarı qismində
çıxış etməkdədir. Öz növbəsində,
əminliklə deyə bilərəm ki, Azərbaycan
Gömrük Xidməti gələcəkdə də ölkəmizin
iqtisadi inkişafına təkan verməklə ölkənin
iqtisadi qüdrətinin artırılmasında, əhalinin
sosial vəziyyətinin daha da
yaxşılaşdırılmasında, dövlət
başçısının həyata keçirdiyi siyasi
kursun reallaşmasında mühüm rol oynayacaq, gömrük
əməkdaşları bu vəzifələrin
reallığa çevrilməsinə önəmli töhfələr
verəcəklər. Dövlət Gömrük Komitəsinin rəhbərliyi
və kollektivi bundan sonra da müstəqil Azərbaycanımızın
beynəlxalq nüfuzunun daha da artırılması işində
yaxından iştirak edəcək, qarşıya qoyulan təxirəsalınmaz,
mühüm vəzifələrin müvəffəqiyyətlə
yerinə yetirilməsi üçün bütün qüvvə
və bacarığını əsirgəməyəcəkdir.
Aydın ƏLİYEV,
Dövlət Gömrük Komitəsinin
sədri,
gömrük xidməti general-leytenantı
Xalq qəzeti.- 2013.- 30 yanvar.- S.
3-4.